Bir şair vardı...
Ömrü boyu tufan əydi, su yardı...
Xətainin qılıncını suvardı - Məmməd Araz karandaşı
göyərdi...
O, bu karandaşla bir xətt çəkdi - "Vətən daşı olmayandan -
olmaz ölkə vətəndaşı" patriot-portreti yaratdı. Can kətanına iki
cızıq atdı - "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında
bitərdim!" avtoportreti donatdı. Üçüncü çaba-çəkimində - "Ey dəvə
yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam
çiçək, bir də öpüm telindən..." peyzaj-triptixi boy
atdı...
Ataların "say cızığı"ndan - "üç"dən çıxmamaq üçün üslub havasını
dəyişmək gərək. Dəyişib çıxmasam, bu ümumədəb ədibinin, ümummilli
söz ozanının, büsbütün ata salğarlı, ana dilli karandaş yiyəsinin
ümummüsəlman, ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, cisminə
"Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdir yazanım!"
dedirdilən çağlarda "Azərbaycan!" deyiləndə ayağa dur ki, ana
yurdun ürəyinə toxuna bilər!" söyləyirdi. "İti bazarında atından
baha - Mən belə dünyanın nəyindən küsüm?!" hayqırırdı. "Bir ağılın
budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır"
rəsmləyirdi.
O karandaşın yaratdığı yüzlərlə major "tablo"dan bir
minorlusu:
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər...
Bu axşam... Özümdə yoxam bu axşam,
Ağlı kəsilməmiş kəsilmiş başam...
"Kriminal"? "Tragizm"? Yox, məntiqi bir sillagizm! Guya, heç nə
yaza bilmədiyinə acıyıb, ilham pərisini imdada çağıran şair bunun
səbəbini bir alimə (Xudu Məmmədova) ithaf etdiyi beşxətli tabloda
belə rəsmləyib:
Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içiboş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək -
Sən kimə gərəksən, mən kimə gərək?..
İndilər ürəyimizə batman-batman fəxarətlər gətirən müstəqil
ölkəmizin o çağlarkı ağırlığı, ağrıları elələrinin çiyinlərində,
ürəklərində dövr-qövr edirdi. Dillərdə bu alovlu şairin "Gözünü
sıx, hansı daşda su yansa, O daş altda Məmməd Araz yaşayır" kimi
poetik-idiomatik "nekroloq"ları dolaşır, məclis-mərəkələrdə o
alim-ziyalının "Adətən ev-eşikdə nə çatmazsa, nədən çox
danışılarsa, uşaq ondan istəyər; bir gün oğlum mənə qayıtdı ki,
ata, mənə Vətən al..." kimi xısıntı postulatları gəzirdi...
Hərdən mənə elə gəlir ki, 1933-cü il 14 oktyabr doğumlu Məmməd Araz
bizim eradan əvvəl və ya ən azı, orta əsrlərdə doğulub. "Danış
görək, a daş qardaş" kimi "daş dövrü" dialoqları, "Ey daşlaşan,
torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!"
xitabları edən Məmməd Araz!
Bəs, sənə necə gəlir, sayın oxucu? Mənim kimi təəccüblənəniniz
də varmı ki, bu böyüklükdə fikir, düşüncə, hisslər sahibi "Kəndim,
balacasan, çox balacasan" dediyi o yurda, müəllim işlədiyi vaxtlar
o kəndin bapbalaca sinif otaqlarına necə sığıb? Belə bir "dosye"dən
xəbərdar olanınız da varmı ki, "Stalinin gədəsi" Mikoyanının
xristian ərköyünlü oğlu "...o, "gəncləri Nərimanovlaşdırmaq"
ideyası ilə yaşayır" damğalı hədə-qorxuları, təsir-təzyiqlərilə bu
cavan şairi illər xəstəsi etdi. Fərqindəsizmi, ömrü uzunu öz
əsgər-misraları ilə azadlıq mücadiləmiz üçün ərəfə ordusu
yaradanlarımızdan biri olmuş bu şairin ideoloji-bioloji əzablardan
solmuş gözləri milli istiqlal mübarizəmiz zamanı necə
parlayırdı!
Bayaqdan... yuxarıda misal gətirdiyim "Nə qədər ki, öz əlimdir
yazanım" misrasıyla bağlı nəm çəkirəm. Belə ki, indi mənim də
yazanım öz əlimdir, amma çox duyğunu hamıdan öncə, hər kəsdən incə
duymuş, saymaqda mahir fələyin hesabından yayınanları da öz fəhmi
ilə xalqın poetik zövq bankına saymış Məmməd Araz misralarının
iştirakı olmadan yaza bilmirəm...
"Dünya...
...mənim, dünya sənin, dünya heç kimin". Düzdür, dünya heç
kimin. Amma bəs... sənin də? Yox, dünya sənin, Məmməd Araz! Hər
şeyi duya-duya, saya-saya - hələ ömrünün sonuna neçə illər
qalmışdan "Bu da belə bir ömürdü - yaşadım..." deyə, bu dünyasına
"xitam" verib, bütün gələcəklərə addımlayan Məmməd Araz! Ümummilli
könlümüzdə vahid, hər könüldə ayrıca-alayıca Məmməd Araz!
O zamanmı bitdi bizim dilimizin
"sənin"-"mənim" qabarı da,
O zamanmı bitdi bizim dilimizin
"haralısan" damarı da?!
Bəli, bu qədər bütöv Azərbaycançı, din-imançı, türk-turançı
misralar müəllifini "mənim"-"sənin"səmək hər şeydən agah və arif
olmayanlar yanında şərhə-bəyana gəlməsə də, hər kəsin ayrıca bir
Məmməd Arazı var...
"Sənin-mənim qabarı", "haralısan damarı" sözlərindən ayıb olsa da
-
Mənim Məmməd Arazım...
Mən onu 60-cı illərin sonlarında - doğulduğum Arazboyu rayonda
bünövrəsi yenicə qoyulan "Arazstroy" tikintisi ərəfəsində oxuduğum
"Araz axır" kitabından tanımağa başlamışam. Ötən əsrin iyirminci
illərində bolşevik-sovet qəddarlığından qaçaq düşüb Arazın o tayına
keçənlərini ağlayan, həmin tikinti ilə ilgili Araz çayı üstdə bərq
vuran Sovet-İran işıqlarına baxıb ümidlənən nənələrimizə o kitabdan
oxuyanda ki;
İşıqlar da bir-birinə
Yaxın yadlar olacaqlar...
İşıqlar da ayrılığa öyrəşəcək,
Yükünü çək, dəvə qardaş,
yükünü çək... -
o qarıların yanaqlarından ata, qardaş, ər, oğul nisgilli göz
yaşları süzülürdü...
Bir müddət keçmiş hamımızın payı olan paytaxtımıza gəldim, sözünə
çoxdan bələd və vurğun olduğum bu şairin özüylə də tanış oldum.
Bir əqidə dostumla hər Novruz bayramında onu ziyarətə gedər,
şeirlərilə nəfəs aldığımızı bildirər, haqq-halal təriflərlə öyər,
titrəyən əllərinə, "arana-dağa" düşüncələrinə, milli azadlıq
arzu-istəklərinə sığal çəkməyə çalışardıq. Bu gedişlərimizin
birində soruşdum ki, niyə "Yer üzünün Qarabağ düzü", "Kür Salyana
qovuşur" kimi publisistik yazılarına ara verib? Bizə bir dəftərçə
göstərib: "Bu səpkidə əlliyə qədər mövzu gözaltılamışdım... - dedi
və qırıq-qırıq əlavə etdi: - ...amma, heyf, bu "ali" xəstəlik..."
Dedim, Məmməd müəllim, nə etməli, görünür, "ali" xəstəliklər də
özünə ali canlar arzulayır... Ki, o xəstəlik çoxlarından eşitdiyi
"heyf, ey eyş-işrətli dövranlarım!" kimi sızıltılar əvəzinə,
bir-iki adam balasından da "heyf, ey görə bilmədiyim işlər,
yazmadığım mövzular!" sayaq qızıltılar eşitsin...
Sənin Məmməd Arazın...
Bu "sən" ki var, - o qədərsən ki! Minlərlə, milyonlarlasan...
İndi mən hansınıza dilmanclıq edim? Qoy sənin Məmməd Arazından bəhs
edim, rəhmətlik Mirzə Dəmirli! Bir gün, "dahi"liyi yalnız "böyük
qardaş"larımız arasında axtaran bir neçə tələbə yoldaşımıza dediyim
bir fikri əlçalma ilə dəstəkləyən qubalı Mirzə! O fikir isə bu:
"Yadda saxlayın, indi bizim yanımızdan otuz beş yaşlı bir dahi
ötüb-keçdi..." Hələ onun "Məndən ötdü, qardaşıma dəydi..." şeiri
"Azərbaycan" jurnalında çap olunan günün sabahısı şadlığından
yataqxanada yekə bir qazan asıb, Vətənə, millətə dəxli olan
tələbələri başına yığmağın! O şeiri xüsusi bir məhəbbət və
bəlağətlə oxuyub, o tay-bu tay Azərbaycanın artıq bu poetik
"qərar"-möhürlə birləşdiyini söylədin. Sonra əslən o taylı tələbə
yoldaşımız Rəhim Huşiməndinin "Mirzə, əgər Azərbaycan reallıqda da
birləşsə, neylərsən" sualını nağıllardakı (su verməsi üçün hər dəfə
bir gözəl istəyən) əjdaha epizodu ilə cavablandırdın. "Özümü o
əjdahanın bir günlük övnəsi kimi - Araza atıb qurban gedərəm!" -
dedin.
Onun Məmməd Arazı...
"O" da çoxdu, sevənləri sayagəlməz Məmməd Araz! Sənin 25
kitabının 5 min 5 yüz səhifəsindəki hərf-işarələrdən də çox.
Onların yolu dağa-daşa düşəndə çox vədə sənin dilinlə danışırlar:
"Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, sıxdın daha
əlimdən, Balam çiçək, bir də öpüm telindən, Salamat qal,
salamat..." deyirlər. Elə ki bir kədər üz verdi, bəzən elə sənin
kimi: "Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını
gər; Bu axşam sahibi ölmüş bir tacam, Kimsə istəməyən bir
ehtiyacam" - duyğularıyla azaylanırlar...
...Və bütöv Vətən Məmməd Arazı!
Azərbaycan - mayası nur,
qayəsi nur ki,
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" - deyiləndə
ayağa dur ki -
Ana yurdun ürəyinə
toxuna bilər...
Salamat yat, salamat...
Bu dünyandan arxayın ol, o dünyandan muğayat...
Bu sözlərim çox yava-havalı səslənir, şair, - özüm də bunun
fərqində! Lap sənin "qədim tarix dərəsində"kilərə ("məndən ötdü"
demişlərimizə) hayqırdığın "Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram!" hökmünə bənzəyir. Obrazlarına
bənzər söz demək isə çox çətin! Məsələn; "Nazim qırx il, qırx il
dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı, Bəs ondan
şairə nə çatdı? - Bir ovuc torpaq! O da ki, qəbrinə qismət oldu!
Eşidirsənmi, Anadolu? Qəbrinə qismət oldu..."
... Bu "qəbir" sözü bu yazımı nöqtələməyə qüvvət kimi gəldi,
deyəsən. Əlimdəki "yarım şahılıq" bu qələm doqquz il öncəyədək
dövrümüzün "canlı poetik fikir şahı"nın uyuduğu Fəxri xiyabana
doğru xəyallandırır məni. Özü də "Sıx gözünü, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır" misralarının sarbanlığı ilə. Orada
isə kağız-qələmlik bir iş yox. Orada söz gözündür. Göz və...
müasirlərinin lap axırıncı misranın ilk ifadəsini ustalıqla
dəyişib, sinə daşı üstünə yazdırdıqları bir söz: "Bu daş altda
Məmməd Araz yaşayır..."
Yəni, başlıqda "Bir şair vardı" yazmağıma bənd olmamalı; bu şair
var və həmkar sələfi - nakam Mikayıl Müşfiq demişkən, "kainat
olduqca" olacaq...