AYB katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidlə axır ki söhbətimiz alındı. AYB katibi
ilə bir-neçə dəfə zəngləşsək də, işinin çox olması, qocaman
yazarlarımızın yubiley tədbirləri, anım günləri görüşümüzün baş
tutmasına mane olurdu.
Vədələşdiyimiz görüşə gedərkən diqqətimi AYB-nin qarşı
tərəfində, Sahil parkında toplaşan gənclər çəkir. Tələbədirlər.
Yaxınlaşıb bir neçəsindən müsahibim haqda soruşuram. Tanıdıqlarını,
şair olduğunu deyirlər. Gənclərdən biri daha uzağa gedir:
- Televiziyada görmüşəm, həm də haranınsa katibidir.
Dostu düzəliş verir:
- AYB-nin katibidir, qəzet redaktorudur...
Birliyin pilləkənlərində "Ulduz" jurnalının baş yazarı, şair
Qulu Ağsəslə qarşılaşırıq, səmimi görüşdən sonra, sən Rəşad Məcidə
hansı sualı verməmi istərdin, deyə soruşuram.
Qulu:
- Ondan soruş, qoy səmimi olsun, de ki, Qulu yaxşı oğlandır,
yoxsa sən?
Rəşad bəy iş yerində Azərbaycan Yazıçılar Birliyindəki
kabinetində idi. Salamlaşdıq. Layihələrimizlə tanışdır. İzlədiyini
deyir:
- Xatirə Rəhimbəyli ilə də müsahibəni oxumuşam.
- Rəşad müəllim, AYB-nin qarşısında haqqınızda bir iki
adamdan soruşdum, "tanıyırsızmı, necə adamdır?" - dedim, heç kim
mənfi fikir söyləmədi.
- Ürəyindən keçirdi ki, danışsınlar? – reaksiyasının zarafat,
yaxud ciddi olduğunu sezmədim.
İsminin "silahı" şaqqıldayır, şəkillərimizi çəkir. Diktofon da
səsimizi "canına hopdurur".
- Ənənəvi sualdan başlayaq, necəsiz?
Müsahibimin əhval-ruhiyyəsi çox yüksəkdir. Elə cavabında da
deyir:
- Normalam. Dünən daha yaxşı idim. Dünən Heydər Əliyev
Mərkəzində Türkiyənin mədəniyyət günləri keçirildi. Orda idim,
xeyli doğma insanları gördüm. Ovqatım yaxşı idi. Bu gün də, hər
halda havanın belə tutqun olmasına baxmayaraq, yaxşıyam.
- Ovqatınızın yüksək olması doğma insanları görməkdən
irəli gəlirdi?
- Həm də mədəniyyət günlərinin keçirilməsinə görə; çox təsirli
hadisəydi, eyni zamanda doğma adamlarla bir olmaq xoş idi.
Hamıya yaxşı olmaq lazım deyil
- Müxtəlif zamanlarda, elə indi də haqqınızda ikili
fikirdə olublar. Bu fikirləri elə insanlar deyib ki, vaxtı ilə
sizin onlara xeyriniz dəyib, onlara güvənmisiz, ətrafınızda
olublar.
- Əvvəllər bəlkə də buna təəccüblənərdim. Hər zaman hamıya yaxşı
olmaq lazımdı, fikirləşmişdim. Amma bir tərəfdən də görürəm ki,
buna güc çatan deyil. Sonradan gəldiyim qənaətim bu oldu ki,
ümumiyyətlə, hamıya yaxşı olmaq heç lazım da deyil.
- Necə bilirsiz, uzaqgörən adamsız?
- Adamları tanıya bilirəm...
- Dəstək olduğunuz, əlindən tutub diqqət etdiyiniz,
istedadına güvəndiyiniz adamlar idi sizə asi olanlar.
- Məndən bu sualı bir iki nəfər də soruşub ki, haradan hiss
edirsən bu gənclərin istedadlı olduğunu? Mən qəzetə gələn,
Yazıçılar Birliyində olan gənclərə də ən adi suallar verirəm,
intuisiyasına, yumoruna bələd oluram. Diqqət eləyirəm onlarda olan
istedad işartısına. Gənclərdə özünəgüvən yaradıram, bu, effekt
verir. Amma sonra birdən-birə onların hallanmağı, havalanmağı,
ulduz xəstəliyinə tutulması baş verdikdə, buna təəssüflənirəm.
Artıq buna da adi hal kimi baxıram. Fikirləşirəm ki, zamanın
işidir.
Atam şeir yazmağıma ciddi baxmırdı
- 1988-ci ildə BDU-un jurnalistika fakültəsini
bitirmisiz. Jurnalistika sizi ilk dəfədən özünə çəkmişdi, yoxsa
başqa ixtisas sahibi olmaq istəyiniz alınmayanda "qələmə
sarıldız"?
- Mən orta məktəbdə oxuyandan şeir yazırdım. Amma valideynlərim
iqtisadiyyat üzrə oxumağımı istəyirdi. Atam şeir yazmağıma ciddi
baxmırdı. Bir dəfə atamla rayondan Yevlaxa gedənə qədər 3 saat
əzbərdən şeir dedim. Təəccübləndi. Fikri dəyişdi. Atamın dostu var
idi, bir dəfə məni Hüseyn Arifin yanına apardı. Hiss elədim ki,
Hüseyn Arif mənə əvvəlcə yüngülvari, ötəri qulaq asdı. Bir neçə
şeir dedikdən sonra şeirləri yenidən oxumağımı istədi. Oxudum.
Bəyəndiyinə görə mənə "uğurlu yol" yazdı - 1981-ci ildə. Bu, elə
bil mənim taleyimi müəyyənləşdirdi. Amma mən istəyirdim
universitetin filologiya fakültəsinə qəbul olam. Olmadıqda,
jurnalistika fakültəsinə qəbul oldum. Qiyabi oxudum jurnalistikanı.
Sonra ədəbiyyat adamlari ilə tanış oldum. Aqil Abbasla tanışlıq,
dostluq mənə böyük kömək oldu. Onunla "Azneft" çayxanasına getdik.
Orda tanınmış ədəbiyyat adamları ilə görüşdük. O vaxtın ədəbi
üsyankar mühitinin hamısı bura toplaşardı. 26 yaşım olanda Aydın
Məmmədov məni tərcümə mərkəzinin sədr müavini kimi dəvət elədi.
Arzularım gerçəkləşməyib
- Yəqin o tanışlıqlar sizdə ədəbi aləmdə tanınmaq,
jurnalist kimi görünmək məşhur olmaq arzusunu daha da gücləndirdi.
Arzularınızın yolçuluğunda hansısa gerçekləşməyən arzunuz
oldumu?
- Mən ədəbiyyat sahəsində, jurnalistikada olduğum vaxt fikrim
qəzet baş redaktoru olmaq, Yazıçılar Birliyinin katibi olmaq idisə,
mənim bu arzularım gerçəkləşib. Amma ən böyük arzularım vətənlə,
xalqla bağlıdır, təəssüf ki, onlar gerçəkləşməyib. Qarabağı
işğaldan azad edək, mən Şuşaya, Laçına gedə bilim, bu cür böyük
arzularım var, bax onları gerçəkləşməyən arzularım hesab etmək
olar.
Anar müəllimdən çox şey öyrənmişəm
- AYB-nin arxada qalan qurultayından qabaq ədəbi cameədə
söz gəzirdi ki, yazarlar arasında müxtəlif qruplaşma yaranıb və siz
də həmin qruplaşmalardan birinin başında durursuz. AYB sədrliyi
uğrunda gizlin-açıq mübarizə...
- Deyim ki, heç bir qruplaşma olmayıb və mən də bu qruplaşmanın
başında durmamışam. Ola bilsin ki, bu kimlərinsə arzusu olsun. Amma
mənim yox. Həmişə demişəm, mənim Yazıçılar Birliyinə gəlməmin
səbəbkarı Anar müəllim olub. Anar müəllimin yaradıcılığına, özünə
böyük hörmətim var, mən bu Birlikdə işlədiyim müddətdə Anar
müəllimdən çox şey öyrənmişəm. Həmişə demişəm ki, Birliyin sədri
kimi Anar müəllimi görürəm və o da sədr olaraq öz vəzifəsini
ləyaqətlə yerinə yetirir.
AYB-nin sədri olsaydım
- Təsəvvür eləyək ki, Anar müəllim namizədliyini
verməmişdi və olmayan qruplaşmanın dəstəyi ilə siz sədr olurduz.
Belə halda hansı islahatları aparar, nə edərdiz?
- Dedim axı, mənim elə fikrim olmayıb. Əgər olsaydım belə,
sözümü demişdim: "Ulduz" jurnalına Qulu Ağsəsi redaktor qoyardım.
Anar müəllim elə də elədi. Həmişə demişdim ki, İlqar Fəhmi katib
ola bilər, Anar müəllim bu məsələdə də elə etdi. Anar müəllimlə
ədəbiyyata, dünyaya baxışımızda ortaq fikirlərimiz, baxışlarımız
var. Əgər sədr olsaydım, Anar müəllimin elədiklərini eləyərdim.
"Ədəbiyyat qəzeti"nin zəif çıxmasını qeyd etmişəm. Bu, həqiqətən də
belə idi.
- Bilirsiz, AYB-nin bütün orqanları əslində eyni cür
dərc olunurdu. Eyni müəlliflər idi. Mən bir dəfə qəzetin əvvəlki –
80-ci illərdəki saylarına baxdım. Müqayisə üçün. Aydın oldu ki,
əvvəllər daha zəif yazılar dərc olunardı, nəinki sonralar. Amma o
zamanlar qəzet yüksək tirajla çıxırdı.
- Əvvəllər nostalji də vardı. Oxucular hər həftə 5-ci günlər
"Ədəbiyyat qəzeti"ndə yeni nəfəs görürdülər. O dövr həm də qəzetlər
az idi. Sözsüz ki, müstəqillik dönəmində dərc olunan ədəbi
materiallar o zaman dərc oluna bilməzdi.
Elçin redaktorluğu vaxtı nə isə etmək
istədi
- Bəzi müəlliflər isə bilərəkdən bu qəzetə yazılarını
vermirdi, zəifdir, deyirdilər, amma özlərinin güclü bildikləri
yazıları verib də qəzetin səviyyəsini qaldırmaq da
istəmirdilər...
- Onu müəlliflər etməməli idi ki. Redaktorlar etməlidir.
Redaktor xarakteri fərqli xarakterdir. Redaktor qəzetdə öz
baxışlarından fərqli baxışları da dərc eləməlidir. Genişlik
olmalıdır. "525-ci qəzet"də ədəbiyyat nümunələri dərc eləyəndə
xeyli insan bizi qınadı. İndiki zamanda ədəbiyyat dərc eləməzlər,
dedilər. Amma biz xeyli sayda ziyalının diqqətini qəzetə cəlb
elədik. Amma Ayaz Vəfalı deyirdi ki, material yoxdur. Çalışmaq
lazım idi. Ona görə də "Ədəbiyyat qəzeti" bu gündə idi. Qəzet özünü
müəlliflərə öz qəzeti, öz yerləri kimi mənimsədə bilmədi.
"Ədəbiyyat qəzeti" heç vaxt "525-ci qəzet"in şənbə sayına çata
bilmədi. Elçin Hüseynbəyli redaktorluğu vaxtı nə isə etmək
istədi... İndi baş redaktor əvəzi Azər Turandır, görək də... Hər
halda yaxşılığa doğru nə isə edilməlidir.
Yazıçılığı tamam başqa həyat tərzi kimi
görürəm
- Sizin yaşıdınız olan yazarlardan biri haqqınızda belə
bir ifadə işlətmişdi: Rəşad Məcidin şairliyini yazıçılığından,
qəzet redaktorluğunu isə hər ikisindən üstün tuturam. Bəs siz
özünüz?
- Mən də redaktorluğumu üstün tutaram. Son 22 ildə mənim əsas
gücüm, enerjim qəzetə sərf olunub. Şairliyi, yazıçılığı tamam başqa
həyat tərzi kimi görürəm. 1987-ci illərdə düşünürdüm ki, stabil bir
həyat tərzi keçirərəm. Amma 88-ci illərdəki hadisələrdə fevral
ayındakı qığılcımları gördüm. Dağlıq Qarabağdan gələn
azərbaycanlıları gördüm, yeni bir dövr başlayırdı. O yeni dövr məni
jurnalistikaya apardı və şairlikdən də, yaradıcılığdan da xeyli
uzaqlaşdım. Düzdür, şeirlər silsiləm oldu. Amma yenə də buna
baxmayaraq, mən özümü redaktor, jurnalist kimi daha üstün tuturam.
Hərdən buna təəssüf edirəm, özümü ədəbiyyatda, poeziyada başqa cür
realizə eləyərdim.
Təbrizdən ötrü darıxıram
- Rəşad müəllim, sizin bir şerilər kitabınız çıxmışdı.
"Hələ ki vaxt var" . Bu kitabdan sonra sizi şeirdə bir müddət
görmədik. Jurnalistika mane oldu, yoxsa ilham pərisi yoxa
çıxdı?
- Mən şeiri təbiət hadisəsi sayıram, heç vaxt oturub, məsələn,
qalstuk taxıb, kostyum geyinib iş prosesi kimi, oturub şeir
yazacam, deyə baxmıram. Nəsrdə olar. Orxan Pamuk demiş, yazıçılıq
iynə ilə quyu qazmaqdır. Amma 1996-cı ildə "Roman" adında şeirlər
silsiləm yazıldı. Mən onu 2004-ə qədər çap eləmədim. 1996-dan sonra
ümumiyyətlə heç şeir yazmamışdım. Bayaq arzulardan dediz, mənim lap
çoxdan Təbrizi görmək, Azərbaycanı bütöv görmək arzum olub. Bax, bu
arzu hələ də qalmaqdadır. Bu yaxınlarda Təbrizdə olduq. 4 gün
qaldım orda. Amma neçə aydır gəlmişəm, Təbrizi gözlərimin önündən
çəkilməz görürəm. Təbrizdən ötrü darıxıram.
- Heç sizə deyiblərmi ki, kobud adama
oxşayırsız?
- Mənim dostlarım mənə deyirlər ki, Rəşad, sən gülməsən, səninlə
kimsə cəsarət edib danışmaz. Sifətdən qəddar, əzazil adama
oxşayırsan. Amma yaxından tanış olan adamlar görür ki, bu, səhv
qənaətdir. Bəlkə də mənə sərf eləyir elə o cür olmaq. Amma əslində
belə deyil. Bir dəfə dostlarımdan biri yadıma saldı ki, bir uşaq
yanırdı, sən heç nəyə fikir vermədən əynində çox bahalı olan
plaşını çıxarıb uşağa bürüdün, onu ölümdən xilas etdin...
Yaltaqları tanıyıram
- Yazıçılar Birliyinin elə üzvləri var ki, üzlüdür.
İşlərini aşırmaq üçün dəfələrlə bir qapını döyər, alınmadıqda
qeybət qırar. Siz belə insanları necə yaxın buraxırsız? Deyirdiz
ki, adamları tanıya bilirəm...
- Hə, elə adamlar çox olub, gəliblər-gediblər. Bayaq dediyim
kimi, mən insanları, saxtakarları, yaltaqları tanıyıram. Məmməd
Arazın bir şeiri var:
Sonralar anladım, xeyli sonralar
Cibə girən olur gözə girənlər.
Gözə girənləri ayırd edə bilirəm. Tədbirlərdə, yığıncaqlarda
susdururam. İnsanlarda naxələflik görəndən sonra mərdliyə üstünlük
verirəm. Mən istedadlı adama köməyimi əsirgəmirəm. Amma onun
əvəzinə hər şeyi edə bilmərəm ki.
Əflatun Amaşovun mənim haqda yazdıqları
- Sizin 50 yaşınız ərəfəsində haqqınızda çox yazılar
yazıldı. Necə düşünürsüz, siz AYB-nin katibi olmasaydız haqqınızda
bu qədər yazılardımı?
- Məncə, hə. O yazıların çoxu "525-ci qəzet"in baş redaktoru
haqda yazılıb. Məsələn, məni təəccübləndirən yazılar da oldu. İsa
Həbibbəyli mənim haqda 50 səhifədən artıq bir yazı yazdı. Onun bir
hissəsi "Ədəbiyyat qəzeti"ndə çap olundu. Bu yaxınlarda Azərbaycan
jurnalında bütöv halda dərc olunacaq. Mən indi də istedadlı
insanların uğuruna kövrəlirəm. Natiq Məmmədlinin, Əflatun Amaşovun
mənim haqda yazdıqları yazıya da kövrəlmişəm.
İynələmək imkanı məndə daha çox olub
- Bir vaxtlar, "Rəşad Məcid ona görə bəzi gənc yazarlar
haqda xoş sözlər deyir, onlara pul xərcləyir ki, onların hədəfinə
tuş gəlməkdən çəkinir, özünü siğortalayır", dedilər.
- Əksinə, mən qəzet redaktoruyam, iynələmək imkanı məndə daha
çox olub, onlarınsa imkanı olmayıb. Yaradıcı adamlarla
oturub-durmaq, onlarla ünsiyyətdə olmaq mənim cavanlıqdan bəri olan
xasiyyətimdir. Hələ 20 yaşım olanda Anar müəllimlə, Yusif
Səmədoğlu, Ramiz Rövşən, Zakir Fəxri və başqaları ilə
oturub-durmuşam, olub ki "şot" da vermişəm. Mən gənc olanda yaşlı
nəsillə dostluq etdiyim kimi, indi özüm gənclərlə oturub-durmuşam.
İstedadlı gənclər olanda onlara kömək eləmişəm. İndi içkini,
yığıncaqları azaltmışam, amma mətbuatla bağlı tədbirlərə
gedirəm.
Mənə bir "paçka şirvan" verdilər
- Siz dediz ki, 20 yaşlarında Anar, Yusif Səmədoglu və
digərlərilə süfrə arxasında oturmusuz. Ola bilərmi ki, Anar müəllim
sizinlə kəsdiyi çörəyə dəyər verib, sizi katib kimi işə dəvət
etsin?
- Yox, mənə elə gəlir ki, o məsələdə əsas rol qəzetin rolu idi.
Mənə o vaxt deyəndə, təklif ediləndə təəccübləndim. Qəzet 2004-cü
ildən ədəbiyyata böyük yer verdi. Anar müəllimin yazılarını çap
edirdik. Hətta 2002-ci ildə Yazıçılar Birliyinin "Sözün sorağı"
adında mükafatı var idi, ən çox ədəbiyyatı təbliğ eləyən qəzetə
verirdilər. O vaxtın pulu il mənə bir "paçka şirvan" verdilər. O
zaman dedim ki, qəzetimizə verilən pullar içərisində bu pul ən
bərəkətlisi və halalıdır.
Sonda Rəşad Məcidə Qulu Ağsəsin ona ünvanladığı sualı
verirəm. Gülümsəyir:
- Qulunun Rəşad Məcid olmağına hələ çox var. Ona məsləhətlərimi
verirəm. Amma mən onun istedadına, bacarığına inanıram, bilirdim
ki, Qulu qəşəng jurnal çıxardacaq, çıxartdı da.