Əməkdar artist Naibə xanım
Allahverdiyevanın məni tamaşaya dəvət etməsi könlümcə idi. İlyas
Əfəndiyevə məxsus "Sarı köynək və Valehin nağılı" tamaşasını ikinci
dəfə idi ki, həvəslə izləyirdim. Birinci dəfə bu yay aylarına
tədadüf edirdi; tamaşa müəllifin yüz illiyinə həsr olunurdu. Zalda
əyləşən tamaşaçılar içində tanınmış teatr xadimləri, fəxri qonaqlar
çox idi. Elə bu günlərə təsadüf edən tamaşaya ikinci gedişimdə də
tamaşa anşlaqla keçdi. Gün ərzində üç tamaşa təhvil verən və xeyli
yorulan Naibə xanım məni evlərinə dəvət etdi. Tanınmış aktrisanın
evində bizi mehribanlıqla qızı Məryəm və Mikki adlı pikines cinsinə
məxsus balaca iti qarşıladı. Bir qədər havadan, tıxaclardan söhbət
etdikdən sonra ilk sualımı teatrdan başladım.
- Naibə xanım, cəmiyyətdə belə bir fikir formalaşıb ki,
teatrda tamaşalara gələn yoxdur. Artıq ikinci dəfə eyni tamaşaya
gəlirəm və anşlaqla qarşılaşıram. Ümumiyyətlə, bu tamaşa neçənci
dəfə oynanılır?
- Quruluşcu rejissor Bəhman Osmanovun rəhbərliyi ilə hazırlanan
tamaşa artıq onuncu dəfədir oynanılır və düz deyirsiniz; hər dəfə
də anşlaqla keçir. O ki qaldı tamaşaçının tamaşaya gəlməməsi
mövzusuna, onu deyim ki, teatr kütlə üçün deyil, teatr ziyalı
təbəqə üçündür. Teatr tamaşalarını ziyalı insanlar sevir; təbii ki,
Nizami, Haqverdiyev, Dostoyevski, Puşkin, Axundovun əsərlərini
oxumayan insan teatrın nə olduğunu bilmir! Onlar şou xarakterli
tamaşaları seçirlər. Teatr bu gün reklamsız tamaşaçı auditoriyası
toplayır. Biz bir tamaşanı yüz dəfə oynayırıq və hər dəfə zala ən
azından yüz əlli və ya iki yüzə yaxın tamaşaçı toplayırıq. İnanın
səmimiyyətimə, teatra tamaşaçıların gəlmədiyini iddia edən şəxslər
heç teatr qapısının hansı tərəfdən açıldığını bilmirlər.
- Fəaliyyətiniz boyu silinməz obrazlar yarada
bilmisiniz. Nə əcəb Xalq artisti adını almamısınız?
- Çox insan məndən bu suala cavab istəyir. Zarafat deyil; otuz
ilin aktrisasıyam! Hətta deyərdim ki, bu "ad" artıq gecikir.
Olduqca çətin və məsuliyyətli obrazlar yaratmışam (Naxçıvan dram
teatrında "Dədə Qorqud" əsərində Burlaxatun obrazı). 2000-ci ildə
duyğusal qələm sahibəsi Tamara xanım Vəliyevaya məxsus "Mənim ağ
göyərçinim" əsəri üzrə eyni adlı tamaşada ana obrazını
canlandırdım. Nazirlikdən tamaşaya baxış keçirildi və mən qısa
müddət ərzində Əməkdar artist adına layiq görüldüm. İstənilən
məclisdə məni Xalq artisti kimi təqdim edirlər, hər kəsin sevgisini
hiss edirəm. Mən kimlərəsə fəxri adlar təqdim edilməsinə qarşı
çıxış etmirəm və səviyyə baxımından özümü heç kəsdən aşağı hiss
emirəm; hətta bir çoxlarından üstünəm. Azərbaycanda üç-dörd hörmət
edilən aktrisa var ki, onlardan biri mənəm. Mən plastik aktrisayam;
istənilən obrazı yarada bilirəm; istər dramatik olsun, istər
komediya. Oynadığım hər bir obraza möhür vurmuşam. Sizin
fikrinizcə, daim səhnədə tamaşaçılar tərəfindən alqış, "bravo"
sədaları eşidən bir aktrisa üçün Xalq artisti adı layiq deyilmi?
Amma düşünürəm ki, tezliklə bu ada layiq görülərəm.
- Bir çox tanınmış insanlar dövlət tərəfindən evlə təmin
edilir, müküfatlara layiq görülür. Sizin də adınız varmı onların
sırasında?
- Doğrusu, heç kəsə müraciət etməmişəm evlə təmin olunmağımla
bağlı, lakin Prezident təqaüdü ilə mükafatlanmışam. Dövlət yaradıcı
insanlara xüsusi diqqət ayırır. Hələ zamanında ulu öndərimiz Heydər
Əliyev teatr haqqında deyərdi: "Görürsünüzmü səhnə nə qədər
insanların əyləşdiyi yerdən hündürdə quraşdırılıb? Deməli, sənət də
üstündür, zirvədədir!" Bu sözlər bir çoxlarına örnək olmalıdır.
Teatra, yaradıcılığa diqqət onun qoyduğu izlə bağlıdır. Və ona görə
də vəzifəsindən, sosial təbəqəsindən asılı olmayan insanlar sənətə
dəyər verməyi öyrənməlidirlər.
- Yaradıcılığınızın bir parçası olan kino sahəsində nə
kimi dəyişikliklər var? Yeni filmlərə, seriallara dəvət
alırsınızmı?
- Seriallara dost-tanışlar dəvət alır. Vallah, aktyorlara pul
verməmək üçün yoldan keçənin birini filmə çəkirlər və ya biz
peşəkar aktyorlara elə qonorar təkif edirlər ki, adam məbləği
yadına salanda utanır. Əgər serial və filmdə təmənnasız
çəkildiyimdə sənətimi təbliğ edə biləcəmsə, o zaman heç qonorar da
istəmərəm. Təsəvvürünüzə gətirin ki, benzindoldurma məntəqəsində
adi bir işçi mənə deyir: "Naibə xanım, mən sizin həmkarınızam, bu
yaxınlarda tanış rejissor serialda məni baş rola çəkib". Vallah, bu
biz peşəkar artyorlar üçün təhqirdir, mən aktrisa olduğum üçün
utanıram. Təbii ki, seriallar da keyfiyyətli çıkilmir, reklam
xatirinə yalandan bir-iki tanınmış aktyoru çəkirlər, vəssalam.
Hal-hazırda yerli kanallarımızıın birində yayımlanan Elçin
Cahangirlinin "Boyunbağı" serialında "qaraçı qadın" obrazını
canlandırıram.
- Tamaşaçılar tərəfindən ən çox sevilən obrazınız
hansıdır?
- Obrazlarım çoxdur və yer aldığım hər bir rolda tamaşaçı özünə
oxşar obraz axtarıb tapmağa çalışır. Misal üçün, 1995-ci ildə Suat
Dərvişin "Fosforlu Cevriyyə" əsərinə çəkilmiş televiziya
tamaşasında rol aldıqdan sonra mənə çoxlu məktublar gəldi. Qadın
təcridxanasında saxlanılan qadınlar mənə öz sevgilərini bildirir və
onların həyatlarını yaratdığımı yazırdılar.
- Bir qədər əvvəl "Boyunbağı" serialında qaraçı obrazını
yaratdığınızı söylədiniz. Fala baxan qaraçı obrazını o qədər
məharətlə canlandırmısınız ki, rejissorlar yenidən sizə bu obrazı
həvalə ediblər; hətta sizi tanımayan insan qaraçı olduğunuzu düşünə
bilər.
- Bu sözü mənə çoxu deyir. Hətta bir dəfə bir qaraçı yolda məni
görüb dedi: "Mən səni televizorda görmüşəm. Sən mənim qohumumsan".
Aktrisa istənilən obrazı yaratmağı bacarmalıdır; maska-obrazını
kənara atıb, ikinci dünyaya atılmalı, baş qəhrəmanının həyatını
yaşamalıdır. Təbii aktyoru hər kəs özünə doğma hesab edəcək.
- Bədii qiraətə yer ayırırsınızmı?
- Şeir vurğunuyam və sevdiyim şeirləri də tamaşaçılar qarşısında
söyləməyi sevirəm. Ən çox sevdiyim şeir isə Məmməd Arazın "Ey ilham
pərisi" şeiridir. Bəxtiyar Vavabzadənin "Bir salama dəymədi"
şeirini dəfələrlə televiziya verilişlərində səsləndirmişəm.
Rəhmətlik Yaşar Nuri bir dəfə mənim haqqımda hazırlanan verilişdə
dedi: "Mən Naibənin söylədiyi şeiri dinləyəndə ağladım. Onu hamı
komediya aktrisası kimi qəbul edir, amma Naibə dramatik obrazı da
gözəl yarada bilir".
- Naibə xanım, şəxsi həyatınızla bağlı heç bir yerdə
açıqlama verməməyinizin səbəbi nə və ya kimlə
bağlıdır?
- Heç nə ilə və ya heç kəslə bağlı deyil. Sadəcə olaraq, kifayət
qədər tanınmış insanlarıq, onsuz da göz qabağındayıq. Məşhur
insanlar şəxsi həyatlarını gizli saxlamalıdırlar. Hamı bir-birini
çox yaxşı tanıyır. Mənə gəlincə isə, onu deyə bilərəm ki,
rəfiqələrim, dostlarım çox azdır. İnsanlarla çox ünsiyyət edərək,
onları öz dünyama daxil etməkdən qorxuram. Ehtiyat edirəm ki, həmin
insanlar saflığımdan istifadə edərək aləmimə baş vurar və sonra da
məni rüsvay edər. Mən qızıma da hər zaman deyirəm: "İnsanın ən
böyük dostu onun anasıdır. Heç bir ana övladının pis gününü
istəməz!"
- Övladınız haqqında qeyd etdiniz. Peşənizi davam
etməyini istəmədiniz deyəsən. Bildiyim qədər, tam fərqli ixtsas
üzrə ali təhsilini davam etdirir.
- Ona baxmayaraq ki, Məryəm olduqca istedadlı qızdır, qızımın
heç vaxt aktrisa və ya müğənni olmasına razı olmamışam. Bizim
sənətimiz qəlizdir, kəşməkəşlidir. Ümumiyyətlə, tanınmış insanların
övladları çox əziyyət çəkirlər, onlar daim diqqət mərkəzindədirlər;
şəxsən mən tanınmış valideynin övladı olmaq istəməzdim.
- Cəlbedici xanımsınız və təbii ki, əks cinsin
nümayəndələri sizə qarşı biganə deyil. Elə isə niyə
tənhasınız?
- Təbii ki, istəməzdim tənha qalam. Tanrı insanları cüt yaradıb.
Tənhalıq insanlar üçün bir dərddir və xilas yalnız sevgidədir. Biz
müəyyən yaş dövründə olsaq da, məhəbbət ürəyimizdən silinmir; hətta
yaşlı insanların belə sevgiyə, məhəbbətə ehtiyacı var.
- Evinizdə çox əzizlədiyiniz pikinets cinsinə məxsus it
görürəm. Deyəsən heyvanlara xüsusi sevginiz var.
- Hə, onlar bəzi vəfasız insanlardan daha sədaqətlidirlər. Mikki
də ailəmizdə sevimli canlıdır. Onu çox sevirəm və düşünürəm ki,
sevgimizə, qayğımıza ehtiyacı var. Ümumiyyətlə, heyvanlara yazığım
gəlir. Onlar insana bəzi dırnaqarası dostlardan daha sadiq olurlar
- Mikki kimi.
- Gündə üç tamaşa təhvil verən aktrisa üçün ev işləri
görmək çətin olmur ki?
- Əlbəttə olur. Amma, inanın ki, ev işlərimi çatdırıram, qızım
da kömək edir. Qonşularımdan soruşurlar ki, bu Naibə xanım axşama
qədər o kanalda, bu tamaşada, o toyda, bu xınayaxdıdadır; bəs o
evdə iş görmür? Qonşularım da cavab verirlər ki: "Vallah, bütün
işlərini çatdırır. Qonşu olduğumuz üşün şahidik!"
- Xınayaxdılara dəvət aldığınızı eşitmişdim. Toy
məclislərinə dəvət alarkən hansı məbləğlə
kifayətlənirsiniz?
- Əslində, bu bir biznes sirridir. Amma onu da deyim ki,
razılaşmamız dəvət edən ev yiyəsi ilə danışıqlarımızdan asılıdır.
Elə insanlar olur ki, imkanları az olur, mən onları pərt etmirəm və
dəvətlərini qəbul edirəm. Hətta bir dəfə bir qız mənə zəng edib öz
xınayaxdısına dəvət etdi. Sən demə, qızın rəhmətə gedən anasının
əhdi olub ki, mən onun qızının xeyir işində iştirak edim. Məclisdə
qız məni qucaqlayaraq: "Sağ olun, mənə ana əvəzi oldunuz,
mənəviyyatınızı maddiyyatdan üstün tutdunuz", - dedi. Onu da qeyd
edim ki, belə hadisələrlə tez-tez qarşılaşıram.
- Naibə xanım, canlanıdırmadığınız hansı obrazı oynamaq
istərdiniz?
- İnandırım sizi ki, mən hələ istədiyim obrazı yarada
bilməmişəm. Hələ də axtarışdayam. İstəyirəm tam fərqli, tam öz
dünyama yaxın yeni bir obraz yaradım. İnşaallah, istədiyim obrazı
təcrübəli və peşəkar rejissorların dəvəti ilə canlandıraram və siz
o zaman "yeni" Naibə Allahverdiyevanı tanıyarsınız.