Kulis.az saytı şair İlqar İlkinlə yazar Şərif Ağayarın
ədəbi söhbətini təqdim edib. Söhbətin maraqlı olduğunu nəzərə alıb,
müsahibəni Axar.az oxucularının da ixtiyarına veririk:
- Xoş gördük, bəy! Necəsən?
- Həddindən artıq yaxşıyam... (Gülür)
- Bu cavabını ilk dəfə təxminən on il əvvəl eşitmişəm və
açığı çox xoşuma gəlib.
- (Yenə gülür) Bir dəfə rəhmətlik Böyükxan Pərviz bu
cavabıma görə məndən inciyibmiş. Elə bilibmiş ələ salıram onu.
Mənim də xəbərim yox. Təsadüfən onun yanında başqa birinə də bu cür
cavab verəndə anlayır ki, zarafatdır. Özü dedi mənə... Dedi,
hamıyla belə danışırsan? Dedim, ərk elədiyim adamlarla, hə.
- Niyə görünmürsən?
- İnan, yol gələ-gələ düşündüm ki, bunu sən də soruşacaqsan
məndən. Ona görə hazırlaşdım. İki-üç il olar, saytlardakı dostlar
dəvət edirlər ki, bir söhbətləşək. Ya yazı göndər-filan. Qaçmışam
həmişə. Amma, səmimi deyim, sən deyəndə həmin dəqiqə
razılaşdım.
- Zamanlamam doğru olub yəqin...
- Ola bilsin, içimdə bu hiss vardı ki, həqiqətən də arada
görünmək lazımdı. Amma əsas səbəb sənə və qələminə olan
hörmətimdir.
- Çox sağ ol, bəy. Qarşılıqlıdır...
- Bilirsən, indi çox adam cəmiyyət haqda haqlı-haqsız tənqidi
fikirlər yazır. Hətta barmaq silkələyir kiməsə. Belə imzalar həm də
cəmiyyəti sükunətdən çıxarır, hərəkətə gətirir. Elə mövzular var
ki, onu başqa adam yazsa qıcıq yarada bilər məndə, amma sən yazanda
rahatlıqla qəbul edirəm. Söz deməyə haqqı olan adamlar var.
- Məncə, onlardan biri də sənsən...
- Ədəbiyyat cəmiyyətdən ayrı bir sahə deyil. Onun tərkibindədir.
Bu gün bütün sənət sahələrində ən ciddi insanlar bir az kənarda
qalıblar. Əsl ədəbiyyat adamları bir boşluğun içərisindədir. Yaza
bilən az-çox bu boşluğu doldura bilir. Yazmayanınkı daha
dəhşətlidir. Həm də bu gün belə bir sual var: kimə və nə üçün
yazasan? Həm də, artıq on ildir ki, mən tamam başqa sahədə
çalışıram və sənə deyim bu başqa sahələrin adamları heç də yazar
əhlindən maraqsız deyil. Bəlkə daha maraqlı, daha zəngindir.
- Sirr deyilsə, harda işləyirsən?
- Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzində fəaliyyəti göstərirəm. QHT-dəyəm. Böyük layihələr həyata
keçiririk. Başqa sahələrin insanları çox maraqlıdır. Bu gün
gördüyüm işdən məmnunam. Ədəbiyyatda isə, hesab edirəm, əndazə
itib. Məsələn, bax sizin nəsil çox istedadlı idi. Bəlkə də hamıdan
çox. Amma dəqiq müşahidə aparanda görürsən ki, daşlar yerinə
oturmadı.
- Bir vaxtlar "Halal elə bu sevgini" adlı balaca, amma
çox maraqlı bir kitabın çıxmışdı, səni tanımayan yox idi. Sonra
kitab buraxmadın...
- Hə, buraxmadım. 24 yaşım vardı, 24 şeir çap eləmişdim.
- AYB-nin ən cavan üzvü kimi də yadımda
qalmısan...
- 22 yaşda qəbul olundum. O vaxt AYB-yə üzv olmaq ciddi hadisə
sayılırdı. Adamlar sevinirdilər. Sanki istedadları təsdiq olunurdu.
Deyəsən, o duyğu itib artıq.
- İtib hə...
- Çünki böyük bir axın oldu AYB-yə. Dəyərlər itdi və heç bir
maraq qalmadı.
- Haqsızlıqlar da çox oldu. Və bu haqsızlıqlara ilk
etiraz edən gənclərdən biri də sən idin.
- Həəə... (gülür). Mən ən çox yazıçılara prezident
təqaüdünün verilməsinin əleyhinə idim. Düzdü, indi, özüm də təqaüd
alıram. Sağ olsunlar... Amma o vaxt həqiqətən istəmirdim. Mərhum
prezident Heydər Əliyevin qəbulunda da dedim. Dedim, cənab
prezident, ədəbiyyata pul ayırmayın, onsuz da orda gənclərə
verməyəcəklər o puldan. O da güldü, dedi, yox, mən məşğul oluramsa,
çatdırılacaq.
- Sərəncamla verilən təqaüddən aldınız?
- Yox, almadım. Bu il Mədəniyyət və Turizm Nazirliyinin xətti
ilə siyahıya saldılar. Mən bu məsələyə şəxsi kontekstdən baxmırdım.
Zatən cəmi bir il verilir və yazıçının həyatında ciddi heç nə
dəyişmir. Səmimi deyim ki, AYB-yə kütləvi axın, incikliklər,
eybəcərliklər həm də o təqaüdlərdən bundan sonra başladı. Hətta
sonralar ən vacib tədbirlərdə belə AYB-yə gedə bilmirdim. Çünki
təqaüdə görə oranı kəsdirən, katiblərin qapısını çərçivədən çıxaran
adamlar var idi və bunların çoxu istedadsız adamlar idi. Baxıb
xəcalət çəkirdi adam, yazar olduğu üçün.
- Bir piket söhbətiniz də olmuşdu... AYB-nin balansında
olan obyektlərin satılmasına etiraz olaraq...
- O vaxtlar belə bir hadisə olmuşdu. Tam olaraq xatırlamıram.
Hardasa 15-20 gənc yazar toplaşıb qərara aldıq ki, sabah saat 12-də
AYB qarşısında piket edərək, bir çox məsələlərə etirazımızı
bildirək. Saat 12-yə qalmış gəldim, xeyli gözlədim, heç kəs yox
idi. Birdən rəhmətlik Arif Əmrahoğlu (AYB-nin gənclər üzrə katibi –
red.) eyvana çıxaraq məni yuxarı çağırdı. Dedi, nə gəzirsən?
Boynuma almadım. Məlum oldu ki, zəng edib ona hər şeyi deyiblər.
On-on beş dəqiqə söhbət elədi mənimlə, sonra dedi, çıx eyvandan
bax, gör, kimsə varmı? Həqiqətən heç kim yox idi. Boynuma aldım ki,
bu, mənim üçün gözəl bir dərs oldu.
- Məncə, sizi bir az da bu cür riyakarlıqlar
küsdürdü...
- Küsdürdü deməzdim. İndiki yaşımda o binanın qabağına
getməzdim. Çünki artıq məsələlərə daha geniş baxa bilirəm. Bəzi
şeylər düşündüyümüz kimi deyilmiş. Bəzi şeylər düzənlidir, amma biz
onu tərs görürük. O cür olması lazımdır. Mövlanədən soruşurlar: "Bu
qədər kitab oxudun, nəyi bildin?". Deyir, həddimi. Mən yerim
olmayan yerdə görünmürəm. Yazıram, ancaq çap olunmuram. Halbuki
kitab çap eləmək üçün çoxlu dəvətlər də gəlir. Bir nəfər məndən
soruşdu, niyə yazmırsan, dedim, yaza bilmirəm. Çünki, ətrafımız
yaza bildiyini düşünən adamlarla doludur. Amma sualın istehzasız
cavabı budur ki, yazdıran motiv yoxdur.
- Sonuncu dəfə harda çap olunmusuz?
- Mediaforumda bir layihədə şeirlərim gedib. Adamlar çox
tələsir. Biz ya çox gecikir, ya çox tələsirik. Bir də ki, əsl şeir
az yazılır əslində. Məsələn, Rəsul Rza çox gözəl şairdi. Amma onun
cild-cild kitablarını təkrar-təkrar çap eləmək nəyə lazımdı ki?
Yaxud Zəlimxan Yaqub...
- Elə Musa Yaqbun özü... Min səhifədən artıq şeir kitabı
çap edib. Halbuki onun çox gözəl şeirlərindən ibarət yığcam və
gözəl bir kitab hazırlamaq olar.
- Doğrudur...
- Gənc nəsil sizi tanımır...
- Gələn nəslin özündən böyükləri qəbul etməməyi çox normaldır.
Yaşlı nəsil təmkinli olmalıdır. Çünki bu etirazların çoxu
haqlıdır.
- Qəbul etmək deyil, tanımırlar sadəcə...
- Necə tanınmaq məsələsi də var axı. Qeyri-ciddi imicdə
görünməkdənsə, görünməmək daha yaxşıdır. Xüsusən efirdə bizim bir
çox ədəbiyyat adamları xırdalanıb getdilər. Azərbaycanda hər şeydən
danışan, hər şeyə fikir bildirən insanlar peyda olub. Bir yandan da
facebook... Mən bunu bacarmıram. Hər şeydən danışanda insan bitir.
Bir də tanınmaq, oxunmaq xatirinə erotika, açıq-saçıqlığa aludəlik
var son illər. Kitabın kim tərəfindən alınması da ciddi məsələdir.
Ədəbiyyatı şouya çevirmək olmaz. Bizdə düşüncə qısırlaşması gedir.
Düşüncəni qaldırmaq əvəzinə, onu əyləndirməklə məşğuluq. Cəmiyyət
getdikcə bayağılaşır.
- Kitab buraxmaq fikrin var?
- Buraxaram yəqin ki...
- Ədəbi mühiti izləyirsən?
- Yaxından. Gündə ən azı 4-5 saat oxuyuram. Kitab, qəzet-jurnal,
saytlar və s. Bir də istedadına bələd olduğum imzalar var ki,
mütəmadi oxuyuram.
- Söhbət üçün sağ ol. Məncə, hər şey yaxşı
olacaq.
- Əlbəttə. Mən ümidimi heç vaxt itirmirəm. Bayaq dediyim,
həddindən artıq yaxşıyam söhbətində özümə inam məsələsi də var.
İnanmağa çalışıram ki, belədir.