Yuxarı

“O yazıçı 6 avroya Parisdə ev ala bilər…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“O yazıçı 6 avroya Parisdə ev ala bilər…”

Onunla görüşümüz günəşli bir günə təsadüf etdi. Otağına daxil olanda bizə sağ tərəfdəki pəncərədən düşən günəş, sol tərəfdən isə kitabların sıra ilə düzülüşü şahidlik edirdi. Demək olar ki, günəşin işığı divarın bir küncündə özünə yer eləmiş ağ kaminin üstündə sıra ilə düzülən şəkillərə xüsusi gözəllik verirdi. Elə müsahibimizlə də balaca kaminnin fonunda söhbət etdik. Xalq yazıçısı ilə bir çox mövzulardan danışdıq. Ağlımda özünün də yazıçı olmasına baxmayaraq, Qabriel Qarsia Markesi sözün yaxşı mənasında qısqanması və ən əsası sevmədən yaza bilməməsi yaxşıca iz qoydu...

- Nobel mükafatı və nüfuzlu mükafatdan sonra yaranan problemlər! Şərqdə Nobel almaq üçün ədəbi mühit varmı?

- Bildiyimiz kimi, bu mükafatı hər il eyni yazıçı almır. Nüfuzlu mükafata hansısa şair, yazıçı, belə deyək də, Orxan Pamuk kimi insan ala bilir. Hansı əsər istedadlıdırsa, hansı əsər oxunursa, hansı əsəri Avropa qəbul edirsə, belə bir əsər mükafata layiq görülür. Bu nüfuzlu mükafatı almaq üçün şair və ya yazıçının kitabları başqa dillərə tərcümə edilməlidir, həmin yazıçı oxunmalıdır ki, o, Nobel mükafatına layiq görülsün.

Böyük mükafat!

- Orxan Pamukdan söz düşmüşkən, Türkiyəyə ilk Nobel mükafatı gətirən yazıçı bu mükafatdan sonra bir çox problemlərlə üzləşdi. Sizcə, qardaş ölkədə fikri təhrif olunan yazıçı o mükafatı "erməni soyqırımı" söhbətinə görə alıbmı?

- Yox, Orxan Pamuk belə deməyib. Mən onun özü ilə də bu haqda danışmışam. Pamuk deyib ki, araşdıraq. Bunu deyəndə bəzi adamlar düz qəbul eləmirlər. Təbii, müharibə olub, iki tərəfdən də adam ölüb. Çox adam başa düşmür, deyirlər, heç kəs ölməyib, öldürülməyib. Müharibə olub və hər iki tərəfdən insanlar ölüb. Mən başa düşürəm Orxan Pamuk bunu deyib, amma bəlkə də belə səviyyədə demək olmazdı. Amma təbii ki, o deyirdi, araşdıraq, dəqiqləşdirək. Ümumiyyətlə, hansısa bir ölkənin nümayəndəsi belə bir böyük mükafat alırsa, bu, millətin fəxridir...

Şərq və Qərb toqquşması

- Şərqin mənəvi-ruhani dəyərləri və Qərb. Hətta Qərb fəlsəfəsi ilə yaşayan, amma Şərq fəlsəfəsini yazan yazıçı Orxan Pamuk türk ədəbiyyatına nə verdi?

- Çox maraqlıdır. Orxan Pamuk bir türk yazıçısıdır. Amma bir türk yazıçısının fikri, ümumiyyətlə, Şərqlə Qərbin toqquşan baxışı – bu, çox qəribədir. İndi müsəlman ölkələrində yavaş-yavaş belə insanlar yetişir. Şərqdə yaşayır, Qərb düşüncəsini oxuyub qəbul edir və qəbul etdiyi fikirləri öz romanlarında əks etdirir. Mənim fikrimcə, bu, çox maraqlı sintezdir. Orxan Pamuk da türk olmasına baxmayaraq, Qərb mövqeyini qəbul edən, başa düşən bir insandır. Sizə deyim ki, belə sintezlərdən uğurlu ədəbiyyat yaranır və təbii ki, Pamuk bunların sırasındadır.

"Məsumiyyət muzeyi"

- Bu gün o muzeydə qorunub saxlanan sehirli əşyalar o günlərin canlı şahidləridir. "Məsumiyyət muzeyi" romanında Orxan Pamuk belə yazırdı. Yazıçının sevgi romanı dedikdə, nədənsə, "Məsumiyyət muzeyi" yada düşür. Dünyada ilk dəfə Nobel mükafatı alandan sonra romanı muzeyə çevirən yazıçı da məhz Orxan Pamuk olub. Bu romana və muzeyə münasibətiniz necədir?

...Fikirləşir və deyir:

- Çox gözəl! Ümumiyyətlə, yazıçı ədəbiyyatla bağlı muzey açırsa, bu, çox yaxşıdır. Bax, Londonda Şerlok Holmsun muzeyi var, minlərlə insan ora gəlir. Əslində, Şerlok Holms orada heç vaxt olmayıb. (Gülür) Amma oxucular onun evinə gəlirlər, baxırlar, görürlər necə yaşayıb, muzeydən kitablarını alırlar. Mən də istəyirdim belə bir Dronqo muzeyi açım. Bəlkə bir mənzil alaq, orada belə bir muzey yaradaq və uşaqları ədəbiyyata cəlb edək.

Altı avro və dünyaca məşhur olmaq

- Nobel mükafatından sonra yazıçı necə zəngin olur?

- Nobel mükafatında əsas pul deyil. Bilirsiniz, "Konkur" laureatını alanlar yalnız 50 frank alırdı və bu indiki pulla altı avro edir, amma "Konkur" mükafatı alan yazıçı həmin günün səhəri Parisdə ev ala bilər. Ona görə ki, elə mükafat alan günün sabahı həmin yazıçının kitabını çap eləməyə başlayırlar. Nobel mükafatı da belədir, pul verməsələr belə, desələr ki, sən Nobelə layiqsən və bütün dünya istəyəcək ki, qalibin mükafatını tərcümə eləyib kitablarını çap eləsin. Ona görə də pulları alan müəlliflər o pulu xeyriyyə işinə, muzeylərə sərf edirlər.

Dostuna görə Nobeldən imtina edənlər

- Bəzən Nobel mükafatını qəbul etməyənlər də olub…

- Təbii, olub. Kamyu və Sartra təklif edilib. Amma Sartr deyib ki, Mixail Şoloxov almasa, mən qəbul etməyəcəm. O vaxt orada sağçılar çoxluqda idilər və Sovet ölkələrindən yalnız disidentlərə verirdilər mükafatı. Pasterneka və başqalarına. Amma Sartr bunu deyəndən sonra Şoloxova da Nobel verildi. Doğurdan da dahiyanə əsər olan "Sakit Don"a görə. Amma dünyada çox məşhur insanlar olub ki, Jorj Simenon kimi, nədənsə Nobel ala bilməyiblər. İndi isə Akademiya solçu olub, axırıncı on beş ildə daha çox sosialistlərə, kommunistlərə verilir bu mukafat.

- Şəxsiyyət kimi yetişməsində müəlliminin rolu olan, Qərbin vicdan, haqq və ədalət möhrü olan nobelli fransız yazıçısı Albert Kamyunun dünya ədəbiyyatında yeri?

- Kamyu! Onu çox sevirəm... Hesab edirəm ki, bu, doğrudan da dahi yazıçıdır. Albert Kamyu XX əsrin ən böyük yazıçılarından birdir.

- Romana başladığı zaman kağız almağa pulu olmayan Qabriel Qarsia Markes. Əslində "Yüz illin tənhalığı" romanını yazmaq üçün xanımı Mersedesin bəxt üzüyünü sələmçiyə qoyan yazıçı bu romanı yazmaqla bəşəriyyətə nə verdi?

- ...Belə adlar! (fikirləşir) Bilirsiniz, o mənim sevdiyim yazıçıdır. Təəssüf edirəm ki, onunla bir dəfə görüşmək imkanı yarandığı halda görüşmədim. O mənim üçün o biri dünyadan gələn bir insandır. Bilirsiniz, əsl yazıçı dünyanı dəyişən insan olmalıdır. Markes Nizami, Füzuli, Tolstoy, Homer kimi birinci sıralarda dayanan böyük yazıçılardandır.

Bəlkə də qısqandım

- Çox böyük insandır, çox böyük vətəndaşdır. Onun bütün kitablarını oxumuşam. Mən o kitabı bir gecəyə oxudum. Hətta qısqandım. Belə yazmaq!!! İnsan belə yaza bilməzdi... Yalnız dahi insan belə kitab yaza bilər. Doğrudan da o dahidir!..

Fikrindən dönməyən yazıçı...

- Joze Saramaqoya Nobel mükafatı verilən illərdə Roma Papası İohan Pavel ikinci məktub yazmışdı ki, ona vermək olmaz, o kommunistdir, kəskin kommunistdir, kitabını heç bəyənmirəm. Buna baxmayaraq, ona Nobel verildi. Joze Saramaqo deyirmiş ki, mən hər şeydən - hətta puldan, mükafatdan imtina edərəm, amma öz fikrimdən dönmərəm. Mənim üçün əsl yazıçı öz fikrindən, mövqeyindən dönməyəndir.

Onu min ildən sonra da oxuyacaqlar...

- Sərxoş ata, xəstə ana yanında böyüyən, insan ruhunun dərin qatlarına səyahət etməyi bacaran Dostoyevski haqqında nə düşünürsünüz?

- Böyük pisixolojı ədəbiyyatın əsasını qoyan yazıçı məhz Dostoyevski olub. Mən həmişə cavanlara deyirəm, Dostoyevskinin bütün kitabları detektivdir. Amma baxın, bu, necə detektiv yazır ki, romanı ilk səhifələrini oxuyanda bilir ki, Raskolnikov altıncı, ya da yeddinci səhifədə bu qadını və onun bacısını öldürüb. Yazıçı faktları ilk səhifədə yazsa da, sonra niyə bu qadın öldürülüb, qətl hadisəsindən sonra insanın daxili dünyasını, çəkdiyi vicdan əzablarını açmağa çalışır. Bunu yalnız elə bir yazıçı yaza bilərdi ki, min illər sonra da onu oxuyacaqlar. Dostoyevski də min ildən sonra oxunacaq.

- Dostoyevski "Qumarbaz" romanını yazmaq üçün ruletka oyununun vətəninə qədər səyahət edir. Pis vərdişləri yazmaq üçün bir yazıçının bundan istifadə etməsi mütləqdir?

- (Gülür) O, doğrudan da qumarbaz olub, xeyli pul uduzduğu da olub. Təbii, yazıçı bildiyini yazanda bu, çox gözəl olur. Amma bilməyəndə də yazıçı yaza bilər. Məndən həmişə soruşurlar ki, sən üç-dörd kitabını qadın adından yazmısan (bunu mənə Solmaz İbrahimova deyib). Axırıncı kitabı sən yaza bilməzdin, onu yalnız bir qadının köməyi ilə yaza bilərdin. O qadın hissiyyatlarını sən kişi olaraq heç vaxt verə bilməzdin...

Özümü Tolstoyla müqayisə etmirəm

Onda mən ona deyirəm, Solmaz xanım, Lev Tolstoy "Hərb və sülh"də yazır ki, qadın necə doğub, axı o heç vaxt doğmayıb. (Gülür) Bəs Tolstoy bunu necə yazırdı? Təbii, mən özümü Tolstoyla müqayisə etmirəm. Yazıçı bu hissləri keçirib də yaza bilər. Düzü, o, bir tərfədən yaxşıdır ki, yazıçı bunu bilə, hiss eləyə, özü bu yolu keçə - necə ki, Dostoyevski keçib. O zaman daha yaxşı, dərindən hiss edib yazmaq olur.

- Borc içində yaşayan, qəlbində hər zaman sənət sevgisi olan və ən əsası öz xanımı ilə on beş il yazışdıqdan sonra evlənən Onore de Balzak. Bir xanım ancaq dahilərimi bu qədər gözləyə bilər?

- Bəli! Bəli... Niyə ancaq dahilər, adi insanlar da ola bilər. Pinolopa 20 il Odisseyi gözləmişdi. Bunu Homer yazmışdı. Xatırlayaq ki, insanlar müharibə vaxtdı altı, yeddi il gözləyirdilər. Yaxşı yaddımdadı, anamın qardaşı müharibədə itkin düşmüşdü, amma anası inanırdı ki, o, nə vaxtsa qayıdacaq və həsrətlə yolunu gözləyirdi. Və… 47-ci ildə, yəni altı ildən sonra o qayıtdı. Düzdü, ana məhəbbəti ilə qadın sevgisi eyni deyil, ümumiyyətlə insan sevəndə gözləyir. Yalnız dahilər sevmir, adi adamlar da sevir və bu sevgi-məhəbbət hər insanda ola bilər. Belə maraqlı hadisələr hər insanın başına gələ bilər. (gülür)

Qadınları sevməsəm, heç nə yaza bimərəm

- İstər yazıçı, istər rəssam, istər bəstəkar mütləq sevməlidir. Bu haqda Freyd düz demişdi: əgər məhəbbət, sevgi olmasa, sən heç nə yarada bilməyəcəksən. Yaxşı şeir, yaxşı roman... O gün ki yazıçı hiss eləsə a, qadınları sevmir, o gündən sonra heç nə yaza bilməyəcək. Mən sizi inandırıram... (Gülür) Bax, sizə açıq deyirəm, mən qadınları sevməsəm, heç nə yaza bilmərəm, bunu dəqiq bilirəm. Təbii ki, Freyd bunu düz deyib. Onun fikri ilə tam razıyam...

Tarix
2014.12.11 / 08:00
Müəllif
Nigar İsmayılqızı
Digər xəbərlər

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla