Yuxarı

Kamal Abdulladan yeni hekayə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

QAR

Əbdürrəhimbəy Haqverdiyevin xatirəsinə

Qış qurtardı, yaz gəldi, qar yenə yağmadı ki, yağmadı. Həsən əmi qışdan bəri elə hey deyinib durmuşdu:

– Qar hökmən yağmalıdı. Adamın gözü qar görməlidi. Yoxsa olmaz.

– Həsən əmi, ay Həsən əmi, qar yağacaq? – Həyətdə gözlərindən cin çıxan qonşu uşaqlar yaşı ötmüş, dizləri taqətini, gözləri itiliyini itirmiş bu qoca kişinin arxasınca gülüşə-gülüşə qaçaraq həmişəki suallarını yağdırdılar.

– Yağacaq, hökmən yağacaq… Keçən il də yağmadı. Bu il hökmən yağacaq.

Dodaqaltı, öz-özü ilə danışa-danışa Həsən əmi həyəti keçib küçəyə çıxdı, dalına düşüb qaçışan uşaqları o dəqiqə unudaraq, üz tutdu yaxınlıqdakı məhlə bazarının içindəki balaca, rahat, söz-söhbətli çayxanaya. Bu çayxana ona ikinci evi kimydi.

Yol boyu rast gəldiyi adamlar, tanıdı, tanımadı, saxlayıb eyni sualı Həsən əmiyə verir, eyni arxayın və ümidli cavabı da ondan alırdı:

Qar yağacaq, Həsən əmi?

– Yağacaq, mütləq yağacaq, get, xətircəm ol…

Eyni sual və eyni cavab artıq nə zamandan bəri hər gün, hər saat beləcə təkrar olurdu. Amma bu, Həsən əmini qətiyyən hövsələdən çıxarmır və Həsən əminin təmkinini zərrəcə pozmurdu. Hər dəfə cavab verməzdən əvvəl Həsən əmi gözucu da olsa, üzüyuxarı – göyə tərəf diqqətli bir baxış atır, bununla verdiyi cavabın doğru-dürüstlüyünü sanki isbat etmiş olurdu.

Çayxanada Həsən əminin öz məxsusi yeri var idi. Keçib asta-asta öz yerinə əyləşər, armudu stəkanda qabağına gələn çayın isti-soyuqluğunu dodağı ilə yoxlayandan sonra nəlbəkiyə qaytarıb qoyar, bundan sonra başını qaldırıb ətrafına nəzər salardı.

– Salam, Həsən əmi.

– Həsən əmi, necəsən?

– Qar yağacaq, Həsən əmi?

Həsən əmi ordan-burdan ona ünvanlanan bu "qar yağacaq" sualından qətiyyən inciməzdi. Eyni sualı ona dörd tərəfdən yağdıranlar, bəlkə, bunu bilmirdilər ki, gün ərzində Həsən əmi artıq yüz dəfə, min dəfə bu suala eyni cavabı verib. Bunu bilmədiyindən hər soruşan sualını təzə sual kimi soruşurdu. Qarın yağıb-yağmayacağı məsələsi Həsən əminin gözə görükməsilə, demək olar ki, eyni vaxtda adamların beyninə girir, onları düşündürməyə başlayırdı. Başqa bir vaxt "qar" söhbəti heç kimi maraqlandırmırdı. Uzun illər bu belə olmuşdu, bu gün də beləydi.

Onu da demək lazımdır ki, bu şəhərə artıq beş il olardı ki, qar yağmaq bilmirdi. Soyuq, şaxta düşürdü, tufan qopurdu, hətta ağacları kökündən qoparan küləklər əsirdi, amma qar… qar yağmırdı. Həsən əminin "yağacaq, qar hökmən yağacaq" sözlərinin hər biri kompasını itirib okeanda azmış gəmilər kimi öz sahilini axtara-axtara qalmış və vurnuxurdu. Bu sözlər qarı yağmayan qışdan üstü-başı tərtəmiz çıxıb isti yay günlərinədək gəlib özünü çatdırırdı. Adamlar öz həmişəki suallarını artıq təkcə qışda yox, yayda da verməyə başlamışdılar. Onları, bəlkə də, başa düşmək olardı. Beş il qar üzü görməmək asan məsələ deyildi. Bu adamlar elə bil çox vacib nəyisə salıb qeyb eləmişdilər. Nəfəsləri kəsilə-kəsilə qalmış, ciyər dolusu havanı içlərinə çəkə bilmirdilər. Gözləri yorğun və mənadan xali baxışların qəbristanlığına dönmüşdü. Səbəbsiz-filan hamı kəmfürsət olmuşdu, boş-boşuna darıxır, boş-boşuna hövsələdən çıxır, bircə anın içində sir-sifətlər qapqara qaralır, adamlar bir-birini acılayır, heç nədən bir-birini günahlandırırdılar.

...Çayxana isti yaz günləri adətən necə olurdusa, indi də eləydi – tünlükdən və tər iyindən baş gicəllənirdi.

Tər tökə-tökə qaynar çayını püfləyib içən Qəddar ləqəbli Malik Həsən əminin çayxanaya daxil olduğunu görüb nifrətini, kinini qətiyyən gizlətmədi. Bir qədər əvvəlki söhbəti bir daha təzələdi:

– Bax, budu, özü də gəldi. Düz demirəmmi, ay camaat, nə qədər olar bu milləti aldatmaq? "Qar yağacaq, qar yağacaq" deyib illərlə hamıya ümid verdi, uşaq kimi baş aldatdı. Beş ildi, beş ildi, qar üzünə həsrət qalmışıq, a kişilər…

– Keçən il də ha dedi, yağacaq, yağmadı. Mən isə ona inanmışdım. – Qəddar Malikin ittihamına Cin Şamil də qoşuldu. Elə bil ağız bahəm eləmişdilər.

– Bu il də yağmadı… Amma vəd eləmişdi. – Bu isə artıq Mirzə Kamranın qəmgin səsi idi.

– Ələ salıb bu adam bizi… – Bu sözləri dodaqaltı Həsən əminin yaxını sayılan Hacı Həmdulla dedi, amma elə dedi ki, heç kim eşitmədi, bircə Həsən əmidən başqa. Bu sözləri eşitcək Həsən əminin qəddi əyildi.

Həsən əmi elə bu cür qəddi əyilmiş keçib öz yerinə əyləşdi. Yan-yörəsindəki adamların belə donquldanması, əlbəttə ki, əhvalını pozmuşdu. Amma halını biruzə vermədi. Əli ilə işarə edib çayını istədi. Çay gəldi.

Həsən əmi çaydan bir qurtum ancaq ala bildı. Qəddar Malikin səsi yenə qəzəblə guruldadı:

– Yağacaq bu andıra qalmış qar, ya ki, yağmayacaq? Bunu bizə bir adam, nəhayət, doğru-dürüst deyə biləcək, ya yox?.. Biz nə vaxta qədər yalançı münəccimlərə inanıb qalacağıq?..– Qəddar Malik heç cür sakitləşmək istəmirdi.

– Oğul, Malik, qar qışda yağar, yayda qar yağmaz… – Molla Güləli ki, Həsən əminin yavuqluğunda o da öz yerində oturub çayını içirdi, işə müdaxilə etmək istədi. İstədi, adamların hirsini yumşaltsın, onun üçün dediklərini mümkün qədərincə yumşaq səslə, vird edirmiş kimi deməyə başladı. – Bu sualları indi verməzlər. Fəsil bahar, yaz fəslidir, oğul. Çiçəklər açan, quşlar cəh-cəh vuran, ağaclar meyvələnən fəsildir. İnşallah, qış gələr, o zaman bu barədə danışarıq. Xudavəndi-aləm əgər istərsə, qar yağacaqdır, əgər istəməzsə… o zaman daha nə etmək olar – kim nə deyir, desin, qar yağmayacaq.

Molla Güləli Həsən əmiyə ötəri bir nəzər salıb başı ilə işarə elədi, yəni, "işin yoxdu, deyib-deyib sakitləşəcəklər, yetər ki, sən danışma…"

Həsən əmi Molla Güləinin bu işarətini nəzərə almadı. Elə bil, inada düşmüşdü:

– Yağacaq, mütləq qar yağacaq, – dedi. – Adamın gözü gərəkdir ki, qarı görsün.

Həsən əminin sakit bir tövrlə dediyi bu sözlər çayxanadakıları lap hövsələdən çıxartdı.

– Necə yağacaq? Nə zaman yağacaq? Günəş adamın, az qalır, beynini əritsin. Sən bizi, əlbəttə ki, ələ salmısan.

Həsən əminin rəngi mizin üstündəki süfrə kimi tamamən ağarmışdı. Ürəyinin səsini qulaqlarında eşidirdi. Amma yenə özünü o yerə qoymadı, təmkinini pozmamağa çalışdı:

– Yağacaq. Mütləqa yağacaq. İnan buna. – Titrək səsi dodaqlarının ucuna güclə gəlib çatdı.

– Nə zaman? Zamanını söylə! Bu saat söyləyəcəksən!

Adamlar yerlərindən qalxıb Həsən əminin oturduğu mizi dövrəyə aldılar. Hamısının üz-gözündən yuxulu hiddət tökülürdü.

– Yağacaq…

– Bax, deyirəm, sabah qar yağmasa, sən bir də buralara gəlmə. Eşitdin? Yoxsa… yoxsa səni doğulmağına peşman edərəm, bəlli bil. Eşitdin, nə dedim mən? – Qəddar Malikin üzü-gözü nifrətdən əyildi. Əl atıb Həsən əminin hülqumundan yapışmaq istədi, çəkdilər apardılar bir tərəfə.

– Eşitdim… – Həsən əmi başını aşağı dikib xeyli yavaşdan və titrək bir səslə cavab verdi.

Həsən əmi ürəyi əsə-əsə evinə sarı gedirdi. Kişi həqqən bərk qorxmuşdu. Bayaq çayxanada bu qədər adamın ona bu cürə kin-küdurət yağdırması, hələ Qəddar Malikin ona əl qaldırması, boğazlamağa çalışması Həsən əmini əməlli-başlı çaşdırmışdı. Gedə-gedə hərdənbir başını qaldırıb ucsuz-bucaqsız, müdhiş rənglərə boyanmaqda olan göy üzünə nəzər salır, bu zaman dodaqaltı öz-özünə nə isə mızıldanır, elə bil dua edirdi.

Həyət uşaqları hələ də qışqırışa-qışqırışa ora-bura qaçmaqdaydılar. Onun gəlişindən xəbər tutmadılar, yoxsa soruşacaqdılar:

– Həsən əmi, Həsən əmi, qar yağacaq?

Həsən əmi də gündən qaralmış boynunun tərini dəsmalla silə-silə cavab verəcəkdi:

– Yağacaq. Hökmən yağacaq.

Həsən əminin halı heç yaxşı deyildi. Evə keçib birtəhər özünü yorğan-döşəyə saldı. Tir-tir titrədir, sonra da tərləyirdi. Daxmasının yeganə pəncərəsindən günəş işığı yavaş-yavaş çəkilib getməkdə idi. Həsən əminin baxışları sonuncu günəş şüasına ilişib ondan bərk-bərk yapışdı.

...Yaz günəşinin son şüasının pəncərədən çəkilməyilə yekə-yekə, ağappaq qar lopalarının şəhərə yağmağı, demək olar ki, eyni vaxtda baş verdi. Qar lopaları, elə bil, çətir açıb torpağa doğru ahəstə-ahəstə uçuşurdular. Havada asudəlik, azadlıq, dinclik və əmin-amanlıq qoxusu var idi. Az bir zaman içində qar hər tərəfi dümağ rəngə bürüdü. Şəhər əməlli-başlı qaldı qarın altında.

Üç gündən sonra çayxanada rəng-rufları sapsağlam, əhvalları şad-xürrəm oturub çay içənlərdən kimsə birdən xatırladı ki, qar yağdığı gündən Həsən əminin ayağı bura dəyməyib. Beş-altı kişi, başda Molla Güləli, durub getdilər Həsən əminin evinin qabağına. Həyətdə qartopu oynayan uşaqlar şəhərə qar yağandan bəri Həsən əmini görmədiklərini bunlara söylədi.

Bu adamlar üstünü yarısınacan qar basmış taxta qapını bir xeyli döydülərsə də, içəridən səs-soraq gəlmədi. Bunlar qapını döydükcə Qəddar Malik qapının kandarına çöküb hönkür-hönkür ağladı.

Kult.az

Tarix
2015.01.07 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla