Bu müsahibədə Türkiyənin məşhur müğənnisi Əhməd Şəfəqi
bir ayrı yöndən tanıyacaqsınız.
Bəlkə də çoxlarınız bilmir ki, Əhməd Şəfəq həm də ədəbiyyatçı,
yazardır, vaxtaşırı olaraq ədəbi-ictimai publisist yazıları ilə
diqqət mərkəzinə gəlir.
Yəni Əhməd Şəfəq təkcə məşhur sənətçi deyil, həm də fikir,
düşüncə adamıdır, vətəndaşdır və onun vətəndaşlığının mənəvi
sərhədləri Altaylardan Balkanlara qədərdir…
Ziyalıların əksəriyyətinin düşüncəsinə fərdiyyətçilik
hakimdir
- Ədəbiyyat bir ziyalının ictimai fikri, cəmiyyətin ümumi
əhval-ruhiyyəsini öz əsərində əks etdirməsidir. Oxucuya öz
hekayəsini ən kiçik detallarına qədər anladanlar da var. Məsələn,
Orxan Pamuk belə edir. Düzdür, romanda ictimai ismarışlar da var.
Ancaq bu mesajlar yenə kosmopolitzmlə əlaqədardır.
Onun məqsədi cəmiyyətin ortaq dəyərlərini anlatmaq, müasir
dövrdə həmin dəyərlərin bərpası və gücləndirilməsi mövzusunda fərqi
təmin etmək deyil. Mənim fikrimcə, kosmolitizm bir ədəbiyyat
xəstəliyidir. Təəssüflə qeyd etməliyəm ki, Türkiyədə kosmopolitizm
adlanan bir ədəbiyyat nümunəsi var. Ziyalının özünü içində olduğu
cəmiyyətə aid hiss etməməsi kosmolitizmin əsas xüsusiyyətidir.
Bunu Azərbaycanda da görürəm. Ziyalıların əksəriyyətinin
düşüncəsinə fərdiyyətçilik, individualizm hakimdir. Lakin unutmaq
olmaz ki, bir millət yaşadığı zamandan asılı deyil. Keçmiş və
gələcəyin tərkibi olan maddi-mənəvi toplumdur. Ədəbiyyat isə günün
dəbindən ibarət deyil, xalqın keçmişinə də sahibdir.
Azərbaycan kimi dərin ədəbiyyat tarixinə malik bir atmosferdə bu
qədər individual əsər görmək, dünya ədəbiyyatına bənzəmək həvəsinin
bu qədər çox olması təəssüf doğurur. Doğrudur, Amerika həyat tərzi
individualizmi, kosmopolitizmi aşılayır. Ancaq dünya Amerikadan
ibarət deyil ki! Amerikanın söykənəcəyi tarix, adət-ənənə yoxdur.
Halbuki ədəbiyyat dediyimiz məhz bundan ibarətdir.
- Musiqi sahəsində də belədir?
- Musiqi sahəsində vəziyyət daha ağırdır. Musiqini ədəbiyyatdan
tamamilə qoparıblar. Musiqiçilər heç bir mənası olmayan sözlərə
yüksək ritmli mahnılar bəstələyirlər. Mənası olan əsərlər də yox
deyil. Amma musiqidəki vəziyyət ədəbiyyatdan çox fərqlidir. Çünki
ədəbiyyatın özünə aid bir dili, terminləri var. Mahnı isə daha çox
musiqidən asılı olduğu üçün, ya da belə zənn edildiyi üçün burada
vəziyyət sosial inkişafdan asılıdır.
Nəticədə dünyanın ən tanınmış bəstəkarları belə "Oynama
şıkıdım-şıkıdım" kimi mahnılar bəstələyə bilirlər. Mən onu deyə
bilərəm ki, individualizm həyatin bütün sahələrində olduğu kimi,
söz və sənət sahəsində də çox böyük təsir qüvvəsinə malikdir.
Sənəti seçilmişlər, elitarlar, ziyalılar yaradır
- Sənətin və sənətkarın sifarişçisi xalqdır. Bu mənada,
dedikləriniz toplumun istəyinə bağlı deyilmi?
- Sənət bəzən toplumun istəyinə bağlı ola bilir. Ancaq unutmayaq
ki, sənəti yaradan cəmiyyət deyil. Sənəti seçilmişlər, elitarlar,
ziyalılar yaradır. Onlar hər şeyi çoxluğun istəyinə bağlamamalıdır.
Məsələn, mən bəstələyərkən düşünürəm: bu bəstə məni kövrəldir, ya
yox?..
- Dedikləriniz assosiativ olaraq bir mükaliməni yenidən
aktuallaşdırdı: ədəbiyyatçı, musiqiçi əsərini özü üçün
yaratmalıdır? Sənət sənət üçündür?
- Əgər özünün bəyənmədiyi bir əsər yaradırsa, o, bir
satıcıdır.
- Satılmaq üçün çıxarmırsınızmı albomu?
- Elədir. Amma sənət Allahın verdiyi bir istedaddır. Tanrı hər
hansı sənət yaratmaq bacarığı veribsə, sən bunu etik və estetik
dəyərlər üzərində yaratmalısan.
- Amma oxucu, dinləyici onu istəmirsə...
- Hardan bilirsiz istəmədiyini?
- İnsanların daha çox məhz "Oynama şıkıdım"ları
dinləməsindən...
- Cəmiyyət sosial ictimai qruplardan təşkil olunub. Mənim şəhər
kənarında yaşayan, tarixi keçmişinə bağlı, ənənələri olan topluma
ünvanlanan əsərlərim var. Ancaq həm də şəhərdə yaşayan, sosial və
iqtisadi cəhətdən tam şəhərli olan dinləyicilərə hesablanan
musiqilərim də var.
Bizdə klassik türk musiqisi də var, türk pop və pop oranjiman
musiqiləri də. Bu musiqilərdən müxtəlif təbəqədən olan insanların
xoşu gəlir. Bütün bu kəsimlərin ortaq faydasını toplayan, bütün bu
toplumlara xitab edən bir janrım var mənim. Həyata olan baxışımda
da bütövlüyə olan marağım, bütövlüyü tamamlamaq arzum var.
Mahnılarımda da həmin bütövlük hissi yer alır. Ayrı-ayrı
qrupları bir araya gətirib millət formalaşdırmaq üçün göstərdiyim
həssaslığım mahnılarıma da sirayət edir. Burada müzakirə mövzusu
başqadır. Yəni sadəcə mahnını dinləyiciyə çatdırmaq üçün dinləyici
ilə arada yaratdığın bağ müzakirə olunmalıdır.
Hansı mahnı hansı qrupa hədəflənib? Mahnıların hansı topluma
hesablandığına baxmaq lazımdır. Siz bayağı musiqi ifaçılarının
adını daha çox hallandırarsınızsa, sabah-axşam ondan
danışarsınızsa, o vaxt reallığın nə olduğunu bilməzsiniz. Hardan
biləcəksiniz ki, onu toplum sevir, yoxsa yox.
Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə 100 il əvvəlki
köhnə fikirlər inkişaf modeli kimi təklif edilir
- Bayağı musiqilərin və onların müəlliflərinin
cəmiyyətdə daha tez məşhurlaşması, dinləyici auditoriyası
qazanmasına xeyli misallar çəkə bilərəm...
- Bu, bir ara bizdə də oldu. Bunu yuxarıdakılar istədilər və
onlar istədiyi müddətdə bu belə davam edəcək. Bunu toplum istəmədi
ki! Televiziyaların özünə aid bir strukturu var. Tamaşaçı,
dinləyici televiziyaları istədiyi şəklə sala bilməz, amma
televiziyalar tamaşaçının zövqünü formalaşdırar.
Televiziyaya olan marağı tamaşaçı qutusu kimi qiymətləndirmək
olmaz. Televiziya tamaşaçını formalaşdıran bir mexanizmin önəmli
strukturudur. Bir misal çəkim: Maşınla küçədə gedirik. Hərəkət
sıxlığı müşahidə edilməyən bir küçədə tıxac olduğunu görürük. Bunun
səbəbinin ya qəza, ya da hər hansı texniki nasazlıq olduğunu
düşünürük.
Axırda məlum olur ki, həqiqətən qəza olub. Ancaq qəzanın maşın
sıxlığına aidiyyəti yoxdur. Qəzaya uğrayan maşınlar artıq kənara
çəkilib. Ancaq digər maşınlar ona baxdığı üçün hərəkət ləngiyir.
İnsanlar döyüşə, qovğaya baxar. Amma televiziya maraq qutusu deyil
ki! Tamaşaçı televiziya xəbər aldığı, əyləndiyi bir yer, bir məktəb
olaraq görür. Televiziyanın kütlə üzərindəki təsirini unudub bunu
prodüserlərin, rejissorların ixtiyarına buraxsanız, onlar cəmiyyəti
istədiyi kimi şəkilləndirər və siz kənardan baxmaqdan başqa bir iş
görə bilməzsiniz.
Amerikalı yazıçı Neil Postmanın "Öldürən televiziya" əsərində
deyir ki, televiziyanı toplumu istədiyiniz şəkildə formalaşdırmaq
vasitəsi kimi istifadə etsəniz, buna nail ola bilərsiniz.
Televiziyanı öyrətmə, əyləndirmə, gerçəklikləri anlatma kimi
görsəniz, bunu da bacararsınız. Televiziya burada həm yaxşı, həm də
pisliyə səbəb ola bilər. Əvvəllər telekanallarda daha çox "reality"
deyilən, hətta çox iyrənc mövzular işlənirdi. Artıq çox maraq cəlb
etdiyi üçün belə mövzuları görə bilməzsiniz.
Bu bütün dövrlər üçün problemdir. Belə verilişlər varsa,
dövlətin təhlükəsizlik orqanları da özündən hesab soruşmalıdır.
Ailələrə yönələn verilişlər ailələri parçalayır. Deməli bunun
dövlətə birbaşa dəxli var. Çünki ailənin bütövlüyü millətin
bütövlüyüdür. Dünyada 2 cür toplum var. Biri Amerika və
İngiltərənin aid olduğu anqlosaksonlardır. Bu cəmiyyət oyunu,
rəqabəti sevir.
Qapalı yerlərdə xoruz döyüşdürür, qəfəs döyüşləri təşkil edir,
ya ölür, ya da öldürür. Bir də almanların üstünlük təşkil etdiyi
kontinental Avropa cəmiyyəti var. Onlar daha çox öz işini sevər. Bu
gün dünyada çoxluq Amerikanın liderliyi ilə anqlosakson və ya
anqloamerikan toplumlarıdır. Azərbaycan kimi inkişaf etməkdə olan
ölkələrə 100 il əvvəlki köhnə fikirlər inkişaf modeli kimi təklif
edilir. İctimai rəyin formalaşmasını da məhz bu baxımdan
dəyərləndirmək lazımdır.
- Türkiyədə də ailə mənəviyyatını zədələyən seriallar
var. Onların nüfuzu mənəviyyat aşılayan proqramlardan qat-qat
artıqdır...
- Türkiyədə bu toplumun yox, dövlətin və televiziyaların
günahıdı. Bir kənddə başqa əyləncəsi olmayan insan nə etməlidir?
Təbii ki, həmin televiziyalara baxır. Ancaq tarixi maraqlı
əhvalatlarla bəzəyib bir proqram hazırlamaq olar. Məsələn,
"Möhtəşəm yüz il" serialı çox önəmli, qiymətlidir.
Burada məhz anqlosakson məntiqi var. Görüntü ilə insanların
diqqətini bura çəkirlər. Ancaq ciddi səhvlər də var. Məsələn,
Osmanlı Hərəm sistemi elə qurulmuşdu ki, Hürrəmin Parqalı İbrahimlə
qarşılaşmasına imkan yox idi. Serialda bu cür qüsurlar var. Ancaq
məzmunca pis deyil.
- Bəs cəmiyyətin səviyyəsi vacib deyil?
- Cəmiyyətin səviyyəsi problem deyil. Problem varsa, bunun
səbəbi dövlətdədir.
Bütün dövlətlərin formalaşmasında ziyalıların mütləq rolu
var
- Axı, dövlət cəmiyyəti deyil, cəmiyyət dövləti idarə
etməlidir...
- İctimai rəyi formalaşdıran ziyalılardır. Ziyalılar göstərməli,
dövlət tənzimləməlidir. Misal göstərim: 1919-cu ildə Mustafa Kamal
ətrafında ziyalılar toplaşdı, cümhuriyyəti qurdular. Bütün
dövlətlərin formalaşmasında ziyalıların mütləq rolu var. Osmanlı
imperatorluğu necə quruldu?
Osman xanın qılıncı da vardı, fikirləri, ideya verənləri də.
Cəmiyyətin fikri ziyalıların, seçkinlərin təsiri ilə formalaşır.
Dövlət də atacağı addımları ziyalılar və seçkin insanların fikri
əsasında təyin edir. Almaniyada, yaxud Fransada ziyalılar hərəkat
başlada bilər.
- Bəs, Türk ziyalıları dünyada bir hərəkata başlaya
bilərmi?
- Çətindir. Lakin hesab edirəm ki, 20-ci əsrdə bu baş verdi.
Kant deyir ki, 1 dəfə baş verən yenə ola bilər. Amerikada
ziyalıların heç bir təsir qüvvəsi yoxdur. Amerikada ziyalılar
tamamilə dövlətə çalışırlar, cəmiyyət üzərində təsir qüvvəsinə
malik deyillər. Bu ölkədə cəmiyyət üzərində siyasətçilərin və iş
adamlarının daha çox təsir imkanı var.
Halbuki artıq 40 ilə yaxındır ki, Amerikanın yaşam tərzi inkişaf
etməkdə olan ölkələrə təlqin edilir. Ancaq tarixə baxanda görürsən
ki, bütün dövlətlərin formalaşmasında ziyalılar iştirak edib.
İngiltərə parlamentində 2 sinif - işçi və sənayeçi sinfi təmsil
olunurdu. Sənayeçilər işçi sinfi lehinə səs verəndə, Parlamentin
girişində qoyulan kassadan pul alırdılar. Demək, anqlosakson
siyasəti belə formalaşırdı. Ancaq türk, ya da başqa toplumlarda
belə olmayıb.
Əsərlərində oxucuya ümidsizlik aşılanır
- Ədəbiyyatdan başladıq. Bakıya gələndə kitabxanaları
gəzirsiz... Türkiyədə də kitabçılıqla maraqlanırsız.
Müşahidələriniz nədir?..
- Axır zamanlarda dünyada ən çox qazanan yazarlar Amerika yaşam
tərzi əsasında formalaşan yazarlardır. Məsələn, Çarlz Bukovski
şəxsi maraqlarını yazan bir adamdı. Özünə aid olanları qələmə alır.
Amerika bu tipləri qabağa çıxarır. İnsana sən dünyanın mərkəzisən,
səndən önəmlisi yoxdur – fikri aşılanır.
Türkiyədə də var belələri. Məsələn, Oğuz Atay nə olduğu başa
düşülməyən, məzmunsuz əsərlər yazır. Onun əsərlərində oxucuya
ümidsizlik aşılanır. Halbuki "yaradıcı təkamül" deyilən bir şey
var. Yazar nə qədər ağır maneələrlə də rastlaşsa, ortaya bir iradə
qoymalıdır.
- Azərbaycan və Türkiyədə yaradıcı təkamül
yoxdur?
- Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov öz dövrlərində bir
iradə qoydular. Cəlil Məmmədquluzadə cəmiyyətin qüsurlarını ortaya
çıxarırdı, Əli Bəy Hüseynzadə babalarının həyata keçirdiyi yaxşı
əməllərdən nümunə götürməyi məsləhət görürdü. Əli Bəy Hüseynzadə
görün nə deyir: "Türk qanlı, islam imanlı, firəng qiyafəli
olalım".
Başqa bir türk yazarları isə deyir: "Bizdən adam olmaz, biz
avropalı olmalıyıq". Həm Türkiyə, həm Azərbaycanda öz əsərində
eybəcərliyi də, çıxış yolunu da göstərən yazarlar var. Türkiyənin
bu məsələdə çox önəmli simaları var. Ancaq təəssüf ki, Amerika
təfəkkürü daha çox üstünlük təşkil edir.
Türkiyə Amerikanı sevmir
- Amerikanı niyə sevmirsiz?
- Amerikanı niyə sevim ki?
-Axı, Türkiyə Amerikanı sevir...
- Türkiyə Amerikanı sevmir. İctimai rəydə Amerika dünyada ən
sevilməyən ölkə kimi tanınır. Amerika dünyaya qan, barıt, od,
imperializm verir. Amerikanın dünyadakı marağı silah və dollar
üzərində dayanır. Ya silah satır, ya da dollar. Dünyanı idarə etmək
heç kimin həddi deyil. Ziya Göyalp 100 il əvvəl yazır: "Biz
türkçülər millətlərin birliyinin tərəfdarıyıq.
Ruslar bizim düşmənimizdir. Onlar imperializmdən əl çəksə,
dostumuz olar". Millətlər biri-birini sevməlidir. Bu səbəbdən BMT
quruldu. Bizim arzumuz millətlərin bərabərliyi və imperializmin yer
üzündən silinməsidir. Gerçək demokratiyanın qurulmasıdır. İndi
vəhşiliyin adını demokratiya qoyurlar.
- Millətlərin bərabərliyini qəbul etsək də, dünyanı dərk
etmək baxımından da, milli xüsusiyyətləri də eyni
deyillər...
- Təbii ki, millətlər milli xüsusiyyətləri ilə fərqlənir.
Məsələn, türklərin hərbi sahədə üstünlüklərini bütün dünya qəbul
edir. Dünyaya hərb tarixinə türkün hədiyyə etdiyi terminlər,
rütbələr var. Onbaşı, yüzbaşı, minbaşı türkün yaratdığı
rütbələrdir. İqtisadi cəhətdən isə ingilislər üstündür.
Millətlərin üstünlükləri onların yaşadığı ərazinin coğrafi
şərtlərindən asılı olaraq formalaşıb. İngilislər adada
yaşadıqlarından azadlıqlarına daha çox önəm verirlər. Bunlar
alğı-satqıya maraqlıdırlar. Millətlər arasında genetik
xüsusiyyətlərinə əsaslanan fərqlər də var. Məsələn, ənənələrinə
bağlı xalqlar üzərində antropoloji araşdırma aparılmır. Belə
araşdırmalar əsasən afrikalılar, yerlilər üzərində aparılır.
Çünki onlar daha az mədəniləşib. Millətlər mədəniləşdikcə
biri-birinə bənzəyirlər.
Dünyada homogen toplum yoxdur
- Ancaq millətlərin geni ilə onların nəyə qadir olduğunu
müəyyənləşdirmək olur, deyirlər...
- Mən inanmıram. Bütün genlər bir-birinə qarışıb. Dünyada
homogen toplum yoxdur.
- Genetik və etnik amil aparıcı deyildisə, Parqalı
İbrahim sultan ola bilərdimi?
- Osmanlılarda ola bilməzdi. Rum coğrafiyasında olardı.
- Ərdoğan da qeyri-türkdü...
- Onu deyə bilmərik. Ancaq milli məsələlərlə bağlı ictimai rəydə
öndə olan sənətçilər yoxdur. Bu səbəbdən əksəriyyəti Ərdoğanın
"kürd açılımı" kampaniyasına qoşuldu. Hətta Sezen Aksu çox böyük
dəstək verərək, bu kampaniyaya qoşulmayanlara "2 cahanda ləkəlidir"
dedi.
Bu qəbuledilən deyil. Çünki açılım Türkiyənin bütövlüyünü zərbə
altında qoyaraq, 1000 il boyunca Anadolu məkanında bərabər yaşayıb
eyni qibləyə doğru namaz qılıb, savaşlarda bərabər döyüşən
millətlərin içərisinə etnik ayrı-seçkilik sala biləcəyi fikrini də
ortaya qoydu.
- Bəs, mili məsələlərdə sənətçilər niyə
cəsarətsizdir?
- Türkiyədə sənətçilər bir çox məsələlərə şəxsi maraqları
çərçivəsində baxırlar. Peşəkarlığına zədə vurulmasından
qorxurlar.
- Niyə zərbə vurulur?
- Allahın mənə verdiyi istedadla mahnılarımı yazmağa davam
edirəm. Minlərcə insana çatdıra bilirəm. Ancaq daha geniş kütlələrə
çıxa bilmirəm. Çünki buna hansısa formada mane olurlar.
Bu, iqtidarın dəyişməsi deməkdir
- Amma pərəstişkarlar dinləyir... Buna ki mane ola
bilmirlər.
- Şübhəsiz. Qəbul etmək lazımdır ki, cəmiyyətin əksəriyyəti
tərəfindən qəbul edilməyən fikirləri azlığın qəbul etdirməsi
lazımdır. Azlıq bunu inanaraq edə bilər. Yəni, qərarlı və inamlı
şəkildə qəbul edərsə, cəmiyyət də həmin fikrə yönəlir.
İdealistlərin də elə fikirləri olub ki, cəmiyyət sonradan həmin
fikirlərə alışıb, qəbul edib.
Bunun üçün fikirlərin mənsub olduğu idealistlərin öndə olmaları,
təbliğ etməsi lazımdır. Mənim fikirlərmi dostlarım cəsarət
göstərib, müdafiə etsələr, cəmiyyət daha çox bilgi sahibi olar.
- Bəs, fikirlərini dəyişə bilərlərmi?
- Şübhəsiz, dəyişə bilərlər. Bu, iqtidarın dəyişməsi
deməkdir.
- İqtidar dəyişməsə də, hər hansı hərəkətə keçə
bilməzlər?
- Bu ehtimal zəifdir.
- Əhməd Şəfəqdən 1 deyil, 100 olsaydı, nə
olardı?
- Könül istəyər ki, çox olsun.
Kürdlər bizim insanlarımızdır
- Türkiyəyə kənardan baxanda elə görünür ki, türklər
digər millətlərdən asılıdır?
- Kənardan görünən fakt deyil. Kürdlər bizim insanlarımızdır.
Uzun illər bərabər yaşadıq. "Kürdlər bizimdir", ya da "kürdlər
bizim deyil" kimi yanaşma doğru deyil. 1974-cü ildə Kıprıs
hərəkatının önündə kürd könllülər növbə yaratmışdı. Amma indi
kürdləri türklərdən uzaqlaşdırmağa xidmət edən ictimai rəy
formalaşdırılır. Türkiyədə bu prosesi idarə edənlər var.
Onlar iddia edir ki, Türkiyə irqçi bir dövlətdir və kürdləri
assimilyasiya etmək istəyir. Problemin səbəbi məhz budur. Sonra
PKK-nı göstərib deyirlər ki, Türkiyədəki məzlum budur. Onlar da bu
iddianı təsdiq edir. Ondan sonra dövləti çağırırlar ki, gəlin,
danışaq, müzakirə etməsək, savaş olacaq. Bu dəfə 1000 il bərabər
yaşadığımız, qohum olduğumuz insanlara "siz kürd deyilsiniz,
türksünüz deyirlər.
"Açılım" kampaniyasının aktyorları "siz kürd deyilsiniz,
türksünüz" deyəndə onların ürəyi açılmır ki! Bir şeyi yaddan
çıxarmaq olmaz: 1921-ci ildə Ziya Göyalp Malta adasında sürgündə
olanda İstanbulda Əli Kamal bir yazı yazdı.
Göyalpa ünvanlanan o yazıda "Sən bir kürdsən, baş verənlərdən
sənə nə" deyilirdi. Bu yazıdan təsadüfən xəbər tutan Göyalp Xarici
İşlər nazirinə bir şeir yazdı. Sonradan işıq üzü görən şeir
möhtəşəm cavab oldu.
- Ziya Göyalp kimi kürd olaraq tanınan, əslində türk
olan nə qədər insan var?
- Çoxdur. Əslində əsas müzakirə mövzusu "Mən türk millətinə
mənsubam" deyib, 1974-cü ildə Kıprısda yunanlara qarşı döyüşən
kürdlərin düşmən elan edilməsidir?
Kürdün dərdi isə sadəcə insan kimi yaşamaqdır
- Diyarbəkirdə və Anadolu bölgəsində kürdlər çoxluqda
yox, azlıqdadır. Bəlkə bu səbəbdən də "türk açılım" burada
irəliləyə bilmir?
- Əsas səhv ondadır ki, kürdə "Sən Türkiyə Cümhuriyyətinin
vətəndaşı ola bilərsən, ancaq türk deyilsən" deyilir. Kürdün dərdi
isə sadəcə insan kimi yaşamaqdır. Adamın arzusu iqtisadi cəhətdən
inkişaf etmiş bir ərazidə yaşamaq, insan haqlarından istifadə etmək
idi.
Mustafa Kamal da deyir, Türkiyə Cümhuriyyətini quran xalqa türk
deyilir. Birlikdə bu dövləti qurduqsa, eyni Konstitusiya ətrafında
birləşdiksə, bu ölkənin xalqıyıq. Əslində görüləsi işlər var ki,
gecikmədən onları həyata keçirmək lazımdır.
Məsələn, xalqın təhsil almaq, səhiyyə xidmətlərindən istifadə
etmək hüquqlarını bərpa etmək və başqa sosial tədbirlər həyata
keçirmək lazımdır.
- Türkiyədə hər kəs türk milli kimliyi qazana
bilərmi?
- Türklər Osmanlıdan sonra "hakim millət" kimliyi aldı. Türklər
Osmanlı dövlətinə qədər də bu torpaqlarda vardı. Milli kimliyi
bəlli idi. Sadəcə, orada ayrı-ayrı türk dövlətləri vardı. Biz
mövqeyimizi həmin türk dövlətlərinin birinin lehinə, o birinin
əleyhinə qoyarıqsa, birini türk adlandırıb, digərinə yad adlar
verəriksə, o torpaqlara tarixi bağlılığı qoparmış olarıq.
Milli kimlik onsuz da bu torpaqlardan gəlir. Türk-kürd məsələsi
son 30 ildir başlayıb və 5-6 ildir ki, ən son həddə çatıb. Halbuki
indiyədək bu xalqların içərisindən biri o birisinin qapısını döyüb,
qız istəyəndə "türksən" və ya "kürdsən" bəhanəsi ilə rədd
edilməyiblər. Bu, ictimai rəyin formalaşdırdığı təfəkkürün
nəticəsidir.
Siyasi iqtidar dedi ki, millət 36 etnik qrupdan meydana gəlir.
Bu, düz deyil. Türk milləti deyiləndə, Anadoluda illərdir ki,
dövlət qurmuş, müasir dövrdə isə Cümhuriyyət quran xalq başa
düşülməlidir. Türklər, Asiyadan başlayaraq, böyük bir ərazidə
siyasi gücdür.
Soyqırıma məruz qalmısınız, ancaq erməni humanizmindən
danışırsınız
- Bu durumda ziyalıların öhdəsinə nə düşür?
- Ziyalıların, ədəbiyyatçıların milli gerçəkliklərini qəbul
etmələri və onu öz əsərlərində əks etdirmələri şərtdir. Bakıdan 1
kitab alıb oxudum. Əsərin sonunda qəhrəmanlardan biri erməni
olduğunu öyrənir.
Belə əsərlə beynəlxalq səviyyədə erməni lobbisinə uduzursunuz.
Torpaqlarının 20 faizi işğal olunub, soyqrıma məruz qalmısınız,
ancaq erməni humanizmindən danışırsınız.
- Yeri gəlmişkən, 2015-ci ildə "erməni soyqırımı"nın 100
ili tamam olur. Hər il aprel ayında türk olaraq özümüzü müdafiə
etməli oluruq...
- Hər il Amerikanın boynuna qoyduğu minnət var. Deyirlər ki,
təzyiqlərə baxmayaraq, bu məsələni qəbul etmirik. Nə edirlər,
etsinlər. Türk millətinin başına gələcək fəlakətlər məsələsində
ictimai rəy formalaşdırmalı, bu işi həyata keçirəcək qurum
yaratmalıyıq. Yəni ictimai rəyin formalaşdırılması prosesi bu
qurumdan tənzimlənməli, istiqamətləndirilməlidir.
Məsələn, mənim yazdığım kitabların ikisi roman olacaq. Hər 2
əsərim erməni məsələsi ilə bağlıdır. Birində 1915-ci il erməni
məsələsinin yarandığı, digəri 2015-ci il – başımıza gələcəklər
mövzusundadır.
- Bu qədər çabalar var. Bunun bir xeyri
olacaqmı?
- 1915-ci ili bir kənara qoyaq, dünya 1992-ci ildə baş verən
Xocalı soyqırımını görməzdən gəldi. Dünya, xüsusən, bu məsələlərdə
kar və kordur.
Almaniyada, İngiltərədə yaşasaydım...
- Yazarın, sənətçinin siyasətə qarışmasına münasibətiniz
necədi?
- Sənətçi siyasət aparmamalıdır, ancaq siyasətlə
maraqlanmalıdır. Siyasi mövzularda fikrini bildirəndə siyasət
həyata keçirmir ki, vətəndaşlıq mövqeyini bildirmiş olur.
- Sənətçi millət vəkili olursa, bundan sonra sənətini
atmalıdırmı?
- O, artıq sənətçi deyil. Çünki sənətin öz tələbi var: Sənət
bütövlük sevir. Almaniyada, İngiltərədə yaşasaydım, bu qədər qabağa
çıxmazdım. Türkiyədə yaşadığım və türk olduğum üçün proseslərin
gedişi buna məcbur edir.
- Yaradıcılığınızdan da danışaq bir az... Hansı
planlarınız var?
- 11-ci albomum hazırdır. Orada 14 mahnı toplanıb. Həmin
mahnıların əksəriyyətinin söz və musiqisi mənə aiddir. Bilirsiniz
ki, öz mahnılarımı səsləndirən sənətçiyəm. Konsertlərim davam
edir.
Dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında
Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə konsert
proqramım olacaq. Konsertə hazırlıqlar uzun müddətdir gedir.
Budəfəki repertuarıma yeni mahnılar daxil edilib (Aznews.az).