Böyük ad-san qazanan, kitablarının satış sayı
milyonlarla ölçülən amerikalı yazıçı Stiven Kinq özü öz axsaq
ayaqları ilə (15 il öncə, yol qırağı ilə gəzinən yazıçını maşın
vuran gündən o, ayaqlarını çəkir!) Bakıya gəlib çıxıb! Ancaq
yazıqlar olsun, onu qarşılamağa bir kimsə də çıxmayıb! Şaşırmayın,
bir az dözümlü olub ardını oxuyun, onda nədən belə dediyimi də
biləcəksiniz...
Söz var, deyərlər, sənə elə bir gizlinimi açacağam, bunu heç
qardaş-qardaşa ürək qızdırıb deməz. Kazım Səlimovun çevirməsində
Stiven Kinqin "Yazı sənəti" kitabını oxuyanda bu deyimi xatırladım
(Stiven Kinq Yazı sənəti. "Elm-təhsil" nəşriyyatı,
Bakı-1915). Nə demək istədiyimin bir az da yaxşı
anlaşılması üçün sizlərə bir olayı da danışım: "XX yüzilliyin
başlanğıcında Bakıda, yanılmıramsa, Hacı Fərəc adında çox usta bir
tarçalan olub, bu adam öz sənətini öyrətməkdə çox qısqanc biri
imiş, deyilənə görə, el yığıncaqlarında, "barmaqlarını
oğurlamasınlar" deyə, üzü divara oturub çalarmış". Sənətdə
qısqanclığın və gözügötürməzliyin ən parlaq örnəklərindən biri kimi
Motsart-Salyeri qarşıdurmasını da eşitmiş olarsınız. Sözüm kiminsə
könlünə toxunmasın, ancaq bu dediyim örnəklərlə sizə nəyi aşılamaq
istədiyimi yuxarıda adını çəkdiyim kitabı oxumadan yetərincə anlaya
bilməyəcəksiniz. Doğrudan da, təkdənbir yaradıcı insan Stiven
Kinqin bu kitabda elədiyi kimi: ürəyiaçıqlıqla, yorulmaq nə
olduğunu bilmədən, bezib-usanmadan, yaradıcılığın gizlinlərini, bu
işin incəliklərini belə danışa bilər və məncə, çoxlarının belə
gizlinlərini qırxqıfıl arxasında qoruyub saxladıqları, necə
deyərlər, "pambığı sandıqda gizlətdikləri" yerdə, "ürəyini süfrə
kimi açıb" oxucunu belə gen-bol qonaqlamaq bu yaradıcı insanın
mənəvi baxımdan çox yüksəklərdə dayandığından da soraq
verməkdədir.
Böyük ingilis riyaziyyatçısı və filosofu Bertran Rasselin belə
bir deyimi var: "Biz məktəblərin daha yüksək təhsil verməsinə
çalışa və bu yolda böyük uğurlar qazana bilərik, ancaq ha çalışsaq
da, Eynşteynlər yetirə biləcək məktəblər yarada bilmərik". Deməyim
odur, Stiven Kinqin "Yazı sənəti" kitabını oxuyub öyrənən hər bir
kəsin yazıçı ola biləcəyinə inanmaq bayağılığa qapılmaq olardı.
Ancaq istər yaradıcılıq vergisi olan insanların, istərsə də duyğulu
oxucuların bu kitabdan oxuyub-öyrənə biləcəyi çox nəsnələr vardır.
Ən başlıcası, bu yaradıcı insan – əsərlərinin çapolunma sayı
milyonlarla ölçülən bir yazıçı olaraq – sizi özünə qoşulmağa
çağırır, özünü sizdən yuxarı tutmur, hər birinizin söz demək,
sözdən nəsə qurub yaratmaq bacarığınızın olduğunu açıqlayır, sizi
buna inandırmağa çalışır. Soruşa bilərsiniz: bu Stiven Kinqin
işi-gücümü qurtarıb, yoxsa ağlımı çaşıb belə, "açıb sandığı, töküb
pambığı"? Yox, bir də yox! Bu kişi özünə yoldaş axtarır (cəhənnəmə
yox!), yaxşı yazıçılığın və yaxşı oxuculuğun yaşamasını istəyir,
ədəbiyyat adlı ortamın genişlənməsini və onun insanlığın qulluğunda
biraz da yaxşı dayana bilməsini istəyir. Özü də Stiven Kinqin
burada yazı sənəti ilə bağlı ortaya qoyduğu meyarlar sizi qrafoman
olmaqdan da çəkindirir: ya ürəyinin, intellektinin səsinə qulaq
asıb dəyərli nəsə yazacaqsan, ya da susacaqsan, ancaq hər bir
halda, istər ürəyində saxladığın, istərsə də publikaya çatdırdığın
sözlərində özün olacaqsan, qondarmaçılıqdan, özünü uydurmaqdan,
şişirdib gözə soxmaqdan uzaq duracaqsan, yəni yazmağı bacarmasan
da, onun nə demək olduğunu öyrənəcəksən, ən azından, yaxşı bir
oxucu ola biləcəksən!
Bildiyimə görə, Kazım müəllim 30 ildən çoxdur, ingilis dilində
danışır, oxuyub-yazır və uzun illər boyunca, ingilisdilli ortamda
işləmiş, ingilis dilli insanlarla canlı ünsiyyətdə olub. Üstəlik,
ana dili ilə bağlı gözəl dil duyumu olan, Azərbaycan və dünya
ədəbiyyatının sanballı əsərləri ilə tanış olan bir aydınımızdır.
Bütün bunlara görə də onun "Yazı sənəti" kitabını anadilli
oxucularımıza çatdırmaq seçiminin yerində olduğunu düşünürəm, yəni
o bacardığı bir işin qulpundan yapışıb, üstəlik – bunu isə kitabı
oxuduğuma görə deyirəm – bu kitabın çevirməsi, məncə, uğurlu
alınıb. Düzdür, Kazım müəllimin bu çevirməsində yanlışlıqlar da
axtarıb tapmaq olar, ancaq mənə elə gəlir, onların "xüsusi çəkisi"
görülən işi korlamayacaq qədər azdır.
Ancaq düz deyirlərmiş, sən saydığını say, gör hələ fələk nə
sayır. Bu yaxınlarda Kazım müəllimlə FB-də danışarkən kitabın necə
yayılması ilə maraqlandım və soruşmağıma peşman oldum. Sən demə,
belə bir dəyərli kitab satılmır, onu dükanların rəflərində toz
basır. Bu anda istər-istəməz şüuraltımızda qalmış, sovet dönəminin
qalıqlarına bürünmüş bir narahatlıq baş qaldırıb soruşur: Bəs
əlaqədar təşkilatlar hara baxır? A kişilər, sizlər demirdinizmi,
yad dillərdən ana dilimizə birbaşa çevirə bilən dilmanclarımız
çatışmır? Budur, baxın, birisi, heç bir qazanc güdmədən, umacaqsız,
belə gözəl bir kitabı dilimizə çevirib, öz cibinin pulu ilə çap
elətdiribdir, yoxsa, düşünürsünüz, borca girib çap elətdirdiyi bu
kitabı gətirib sizlərə pulsuz bağışlamalıdır da?
Stiven Kinqi oxumazdan öncə, Vikipedini açıb onunla bağlı bir az
da geniş bilgi almaq istədim. Vikipedinin rusca variantında onun
ömür yolu ilə bağlı geniş oxudum və bu yazıçının rusca çap olunan
kitabları ilə maraqlandım, nə gizlədim, Stiven Kinqin rusca nəşr
olunan əsərlərini sayıb qurtara bilmədim. Sonra türkcə Vikipediyə
üz tutdum, burada da yazıçının sayı onlarla ölçülən kitabının
yayımlandığını öyrəndim. Sonda Azərbaycan türkcəsindəki Vikipedidə
ruscadan götürüldüyü bilinən qısa bir bilgi olduğunu gördüm və...
ədəbiyyat göstəricisində Stiven Kinqin rusca çap olunan əsərlərinə
keçid qoyulduğunu görüb bərk utandım!