(Hekayə)
Atam müəllim idi. Aylıq
məvacibi gündəlik çörəkpuluna güclə çatırdı. Ailədə üç uşaq idik.
Böyük qardaşım, bacım və mən.
Onlar ali məktəbdə oxuyurdular. Mən isə doqquzuncu sinfə
gedirdim. Mənimlə eyni sinifdə İlqar adlı oğlan da oxuyurdu.
İmkanlı ailədən idi. Amma özü çox sadə, gülərüz biri kimi
tanınırdı.
İlqar mənimlə dostluq edirdi. Amma onun atası həmişə
dostluğumuza mane olmağa çalışırdı. Dəfələrlə İlqara: "Özün
səviyyəli uşaqlarla dostluq et. Bundan sənə dost olmaz", -
demişdi.
Günlərin birində İlqarın ad günü idi. Mən bir qol saatı alaraq
İlqargilə getdim. Qapının zəngini basdım. Tərslikdən qapını İlqarın
açdı. Salam verib içəri daxil olmaq istəsəm də, o, məni evlərinə
buraxmadı: "İlqar sənin tayın deyil, get tayını tap!"
Bu hadisədən sonra İlqar dəfələrlə məndən üzr istəsə də ona
yaxınlaşmır, həmişə uzaq gəzməyə çalışırdım.
Aradan bir neçə ay keçmişdi. Yay tətili idi. Ailəmə kömək etmək
üçün yaxınlıqdakı şadlıq evlərindən birində ofisiant işləyirdim.
Həmin günlərin birində gecədən xeyli keçmiş işdən evə gəlirdim.
Maşın dayanacağının yanından keçərkən qulağıma inilti səsi gəldi.
Qaçaraq səs gələn tərəfə gedəndə bir kişinin huşsuz vəziyyətdə
yerdə inildədiyini gördüm. Adamın üzü-gözü qan içində idi, sifəti
demək olar ki, görünmürdü. Cəld təcili tibbi yardıma zəng vurub
gördüklərimi danışdım və ünvanı dedim. Qısa vaxt ərzində təcili
yardım maşını hadisə yerinə gəldi və xəstə ilə məni xəstəxanaya
apardı. Dərhal əməliyyat otağına aparılan xəstənin yaxınları gələnə
qədər mən də gözləmək qərarına gəldim. Əməliyyat otağından çıxan
həkim xəstəyə təcili qan lazım olduğunu, lakin heç kimin qan
qrupunun ona uyğun gəlmədiyini bildirdi. Mən dərhal şəxsiyyət
vəsiqəmi həkimə təqdim edib mənim də qanımı yoxlamasını xahiş
etdim. Həkim qan qrupumu müəyyənləşdirib təcili qan verməmi istədi.
Otağa keçib lazımi miqdarda qan verdim.
Bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı və müstəniq olduğunu
bildirdi. İzahatım alındıqdan sonra sabah valideyinlərimlə polis
şöbəsinə gəlməli olduğumu dedi. Evə səhərə yaxın gəldim. Yorğunluq
və qanvermə nəticəsində başım gicəllənirdi. Özümü zorla çarpayının
üstünə atdım və həmin an da yuxuya getdim. Günorta anamın səsi məni
oyatdı:
- Gecə harada olmusan? Atanla səni polisə çağırırlar.
Mən gecə başıma gələnləri valideyinlərimə danışdım. Onlar mənim
hərəkətimdən razı qalmışdılar.
Yemək yeyəndən sonra atamla polis şöbəsinə getdik. Yorğunluq və
başgicəllənməsi özünü göstərirdi. Bizi dünənki müstəntiq qarşıladı
və sorğu-suala tutdu. Məndən gecə saat ikidə nə üçün küçədə
olduğumu soruşdu. Mən isə toy qurtardıqdan sonra mərasim zalında
səliqə-sahman yaratdığımız üçün işdən gec çıxdığımı dedim.
Müstəntiqin yerli-yersiz sualları bizi özümüzdən çıxartsa da,
səbirli olmağa çalışırdıq. İş o yerə çatmışdı ki, az qalsın axşam
etdiyimə görə peşman olum. Axı, mən cinayət etməmişdim, bir nəfərin
həyatını xilas etmişdim.
Uzun çək-çevirdən sonra bizi evə buraxdı, amma şərtlə:
- Çağıranda gələrsiniz!.
Evə gəldik. Bir neçə gündən sonra həkimdən zəng gəldi. O məndən
xəstəxanaya gəlməyimi xahiş elədi. Xəstəxanaya getdim:
- Belə olmaz, xilaskar, heç gəlib xəstənin halını soruşmursan.
Xəstə öz xilaskarını görmək istəyir, palatada səni gözləyir, -
dedi.
Mən müstəntiqlə olan söhbətimizi ona danışdım. O dedi:
- Narahat olma, Qurban müəllimə deyərəm, yoluna qoyar.
Ondan palatanın nömrəsini öyrənib xəstənin yanına tələsdim.
Palataya daxil olarkən çarpayıda başı və üzü sarıqlı bir nəfərin
uzandığını gördüm. İlqarla anası da burada idilər. Mən İlqardan
burada nə etdiklərini soruşmaq istədikdə çarpayıdakı şəxs xırıltılı
səslə üstümə qışqıraraq:
- Ay uşaq, sənə neçə dəfə demişəm ki, İlqara yaxınlaşma?! Adama
sözü neçə dəfə deyərlər? - dedi.
Mən geri dönüb palatadan çıxmaq istərkən həkimlə toqquşdum. O
xəstəyə:
- Qurban müəllim, sizin xilaskarınız baxın bu yeniyetmə
oğlandır. Hətta o öz qanını da sizdən əsirgəmədi, - dedi.
Palataya sükut çökdü. İlqar ayağa durub yaxına gələrək məni
qucaqlayıb qürurla yanımda dayandı. O sanki atasına "sən səhvsən"
deyirdi. Atasını qəhər boğdu. Qısa sükutdan sonra Qurban müəllim
ağlaya-ağlaya dedi:
- Oğlum, məni bağışla. Mən səhv etmişəm, günahkaram.
İlqarla anasının gözü məndə idi. Mən Qurban əmiyə tərəf gedib,
əlini qaldırdım və dodaqlarıma tərəf apardım…