Yuxarı

“Elgizlə Zaurun verilişinə elə adamlar çıxıb danışır ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərimizdə keçirilən möhtəşəm muğam festivalı və müsabiqə ilə bağlı fikirlərini bizimlə bölüşən növbəti qonağımız yenə də məhz muğam ifaçısıdır. Bu zərif və eyni zamanda güclü səs diapazonuna malik xanımı artıq bir çox uğurlara imza atıb. Qonağımız Azərbaycan Dövlət Muğam teatrının solisti, Qırğızıstanda "İssıkkul", ölkəmizdə isə "Füzuli-500" müsabiqələrinin qalibi, Fransa Lion Konservatoriyasının "Muğam kursları və Ustad dərsləri" üzrə məzunu Sevinc Sarıyevadır.

Müsahibə zamanı ona ünvanladığım ilk gözlənilməz sualı təəccüblə qarşılasa da, əhvalını pozmadan təbəssümlə cavab verdi.

Sizi tanımırlar

- Sevinc xanım, uğurlarınıza baxmayaraq, çoxu sizi tanımır. Şöhrətdən uzaqda dayanmağı qərara almısınız, yoxsa şöhrət özü sizi qəbul etmir?

- Mənə elə gəlir ki, istənilən sahədə insan öncə xoşbəxtliyi tapmalıdır. İstər iş sahəsi olsun, istərsə də şəxsi həyat. Hər bir halda insan öz daxili rahatlığını qorumalı, ətrafında baş verən xoşagəlməz hadisə və narazılıqlardan uzaq durmalıdır.

- Düşünürsünüz ki, şöhrətli, daha çox tanınan insanların həyatı məhz xoşagəlməz hallardan ibarətdir?

- Xeyr, qətiyyən o fikirdə deyiləm. Amma gəlin açıq danışaq ki, bugünkü tanınmışlara əvvəlki həssaslıqla yanaşmırlar. Götürək elə televiziya kanallarında gedən verilişləri; bir çoxlarında böyük sənətkarları elə hala qoyurlar ki, vallah, adamda ancaq təəssüf hissi yaranır.

Qədir Rüstəmov klassiklərin kitablarını

- Bəlkə bir neçə faktı sadalayasınız?

- Mən bizim mərhum sənətkar-xanəndəmiz olan Qədir Rüstəmovun adını çəkə bilərəm. Bəlkə də çoxları bilmir, amma bu insanda olduqca geniş dünya görüşü və dərin təfəkkür var idi. Mən dəfələrlə onun klassik yazıçıların kitablarını oxuduğunun şahidi olmuşam. Əfsus ki, verilişlərin şit və mənasız reytinq "hoqqaları" ucbatından insanlar onu tamam başqa ampluada gördülər. O isə həmin "veriliş formatına" uyğun məcbur oldu ki, dəyişilərək, bəlkə də istəmədiyi zarafatları etsin ki, ətrafda bu cür maraq doğura bilsin.

- Yəni sənətkarların cəmiyyətə lazımi şəkildə təqdim edilməməsində verilişləri qınayırsınız?

- Əlbəttə. Mənim insanlar tərəfindən maraqla qarşılanmağım və daha çox tanınmağım üçün gərək çoxları kimi gecə-gündüz efirdə olum. Vallah, düz-əməlli veriliş də yoxdur ki, dəvətlərini qəbul edəsən. Bir-iki dəfə getdiyim verilişlərdə iştirakıma görə özümü danlayıram.

Aparıcı dedi ki, Elnur Hüseynovu pislə...

- Sizi qane etməyən məqamları bizə açıqlaya bilərsiznizmi?

- Böyük məmnuniyyətlə. Bu dediyiniz məqam mənim yaralı yerimdir elə. Bilirsiniz ki, indi əksər insanların baxdıqları verilişlər məhz dedi-qodu, ədəb-ərkandan kənar və səs-küydən ibarətdir. Kim ki bu ölçülərə cavab vermir, onlar mütləq kənarda qalır. İndi daha çox baxılan və danışılan verilişlərə qonaq və ekspert qismində elə adamlar gəlib adama ağıl verir ki, insan özünə nifrət edir.

Bu Elgiz və Zaurun verilişinə elə adamlar çıxıb əxlaq və ailəvi dəyərlərdən danışırlar, vallah özlərinin heç əxlaqı yerində deyil. Özü də elə bir veriliş olmur ki, orada hansısa tanınmış bir insan dəvət olunmasın. Hər dəfə də eyni mövzu, eyni biabırçılıq.

- Söylədiyiniz vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Əvvəllər güclü senzura vardı. İndi yoxdur deyə, hər kəs istədiyini eyləyir. Qarşısı alınmasa, daha çox rəzalətlə qarşılaşacağıq. Sizə heç bir yerdə söyləmədiyim bir hadisəni danışmaq istəyirəm. Adını çəkmək istəmədiyim bir aparıcı məni verilişinə dəvət edib nə desə yaxşıdır: "Çıx, efirdə Elnur Hüseynovu pislə. Tənqid et ki, nə üçün o Türkiyədə yarışmaya qatılıb", - və s. Mən əlbəttə ki, onun bu təklifi ilə razılaşmadım.

- Amma dünyanın bütün ölkələrində qalmaqal xarakterli, müəyyən kütlə tərəfindən maraqla qarşılana biləcək bu cür verilişlər var və bu hal onlara görə normal hesab edilir.

- Ola bilər, amma biz dünyanın bir parçası olsaq da, fərqliyik. Qarabağlı olduğum üçün deyil, azərbaycanlı olduğum üçün söyləyirəm, bizim Qarabağ boyda dərdimiz var. Uşaqlarımızı vətənpərvər, mərd böyütmək əvəzinə ruhlarını lazım olmayan səviyyəsiz proqramlarla korlamağa çalışırıq. Buna isə ən azından bir vətəndaş kimi haqqımız çatmır.

- Verilişlərin təkliflərini qəbul etmədiyinizi dediniz. Yəni bəyəndiyiniz bir veriliş və aparıcı yoxdurmu? Hansı verilişə dəvət alsanız iştirak edərsiniz?

- Əlbəttə ki, yaxşı verilişlər var. Misal üçün AzTV kanalı ilə yayımlanan ədəbi verilişlər çox xoşuma gəlir. Kamran Həsənli, Ceyran xanım və Səyyarə xanımın aparıcılıq qabiliyyətlərini və intellektual səviyyələrini bəyənirəm. Əgər onlardan təklif gəlsə, böyük məmnuniyyətlə razılaşaram.

"Ömürlük cəza"...

- Aparıcıların intellektual səviyyələrində maraqlısınız. Bəs xanəndələrimiz hansı intellekt dərəcəsinə cavab verir? Sevinc xanım, sonuncu dəfə nə zaman mütaliə etmisiniz və mümkündürsə, oxuduğunuz kitabın adını bizə açıqlayın.

- Kitab oxumağı çox sevirəm. Eyni vaxtda bir neçə kitab oxuyuram. Axırıncı dəfə Ramiz Rövşənin "Nəfəs" şeirlər kitabı və Vidadi Babanlının "Toy gecəsi" əsərini oxumuşam. Hazırda isə Vidadi Babanlının "Ömürlük cəza" romanını oxuyuram.

- Fevralın 13-ü Beynəlxalq Muğam mərkəzində solo konsertiniz oldu. Tədbirdə çıxış edən müəlliminiz Arif Babayevin söylədiklərini xatırlatmaq istərdim: "Vallah, mən özüm təəccüblənirəm ki, Sevinc bu zəngulələri haradan alır. Bu qədər ürək, bu qədər nəfəs onda haradandır görəsən?". Hələ bir zarafatla da: "Vallah, vaxtı ilə tələbəm olanda belə deyildi, amma indi səhərdən bəri burada qan eləyir", - dedi.

- (Gülür) Vallah, Allah vergisidir. Amma gərək insan o vergini də dəyərləndirə bilsin. Mən şəxsən gecə-gündüz öz üzərimdə çalışıram. Müntəzəm olaraq, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinskini dinləyirəm.

Builki muğam müsabiqəsinin iştirakçıları olduqca zəifdirlər

- Artıq ənənə halını alan növbəti muğam müsabiqəsi öz işinə başlayıb. Peşəkar xanəndə kimi builki ifaçılardan razısınızmı?

- Bəlkə də cavabımla çoxlarını məyus etmiş olacam, amma mən deyərdim ki, builki seçimlər uğursuz aparılıb. Müsabiqə iştirakçıları olduqca zəifdirlər.

- Bəs necə düşünürsünüz, müsabiqə hansı şəraitdə daha obyektiv aparılır? Əvvəl xalq seçimi ilə sms-məktub vasitəsi ilə keçirilərkən, yoxsa münsiflər heyəti tərəfindən iştirakçıların bal sistemi ilə qiymətləndirilmələri ilə?

- Əlbəttə ki, sms-lə olarkən daha şəffaf idi. İndi isə hər kəs öz tələbəsini irəli çəkir. Əvvəlki müsabiqələrdə biz İlkin, Babək, Təyyar kimi istedadlı gənc xanəndələri kəşf etmiş olduq. Müsabiqədə muğam savadı və nəfəsalma yollarını bilmək bacarığı əsas şərtlərdən biridir. Əfsuslar olsun ki, builki iştirakçıların oxu tərzi ürəkaçan deyil.

- Konsertinizlə bağlı bir məqama toxunmaq istəyirəm. Açığı, bir media işçisi və bu kimi tədbirlərdə kifayət qədər iştirak edən bir izləyici kimi açıq etiraf etmək istəyirəm ki, sizə hədiyyə edilən gül dəstələrinin çoxluğu məni valeh etdi. Zalda isə bir boş yer belə görmədim.

- Hə, bu sevgi və diqqətə görə bütün dinləyicilərimə təşəkkürümü bildirirəm. Əsas olaraq isə doğma Ağdamım və Mərzili camaatına çox sağ olun, deyirəm. Üç minə yaxın əhalisi olan bu böyük kəndin qırx beş alim ziyalısı var. Xeyir işləri də mənsiz keçmir.

- Sirr deyilsə, el şənliklərinə getdikdə, hansı məbləğlə razılaşırsınız?

- Sirr niyə olur ki? 500 manat da ala bilərəm, 300 də. Elə olub ki, ailə imkansız olub, toyunda təmənnasız iştirak etmişəm. Konsertimə təşrif buyuran insanların çoxu elə məhz həmin şəxslərdir.

- Bilmək istərdim ki, belə möhtəşəm konsertlərdən gəlir əldə edə bilirsinzmi?

- Xeyr. Heç bir gəlir olmur.

Maliyyə dəstəyim

- Maraqlıdır, maliyyə məsələləri kimin öhdəsinə düşür?

- Əlbəttə ki, konsertlərim təşkilatçıların yardımı və Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil edilir. Əsas maliyyə dəstəyini isə həyat yoldaşım göstərir.

- Sevinc xanımın yəni bu qədər imkanlı həyat yoldaşı var?

- (Gülür) Vallah, imkanlı deyəndə ki, kiçik ticarətlə məşğuldur, elə də imkanlı demək olmaz. Amma əslinə qalsa, öz gözəl xasiyyəti ilə olduqca zəngin insandır.

Həyat yoldaşımla dost olmuşuq

- Onun haqqında ürəkdolusu danışdınız. İstər-istəməz insanda maraq doğur ki, görəsən Sevinc Sarıyeva sevgi ilə ailə həyatı qurub? Yoxsa...

- Səmimi deyəcəm, çünki yalanı sevmirəm. Aramızda güclü dostluq olub. Və bu dostluq illər ərzində bağlılığa çevrilib. Açığı, anam ailə həyatı qurmağımıza narazı idi. O arzulayırdı ki, mən onun qohumlarından birini seçim.

- Ananızın istəyi ilə hansı səbəbdən razılaşmadınız?

- Doğrusu, qohum-əqrəbada könlümə yaxın olan bir insan olmayıb. Qohumluq əlaqələri başqa, ailə həyatı başqa. Ən əsası, düşünürdüm ki, birdən sənətdən ayırar məni. Mən gec ailə qurdum, amma həyat yoldaşımdan və ailəmdən çox razıyam. İzzət adlı bir oğlum böyüyür.

Yoldaşım maşın sürdüyü üçün

- Bu gün Azərbaycanda acı bir həqiqət hər kəsi sarsıdır; minlərlə ailə boşanır və bu qorxunc rəqəmlər get-gedə artır. Sevinc xanım bugünkü, xüsusən də gənc ailələrə üzünü tutub nə söyləmək istəyərdi?

- Gözəl sualdır. Ürəklə deyərdim ki, nümunəvi ailə sahibi olduğum üçün buna haqqım çatır. Mən sizə bir söz deyim: hazırda qadın və kişilərin əksəriyyəti cəmiyyətdə öz yerlərini "tanımır". Kişilər özlərini qadın kimi, qadınlar isə kişi kimi aparır. Elə bütün bəlalar da bundan sonra başlayır. Şəxsən mənim yoldaşım maşın sürür deyə, mən maşın sürməkdən imtina edirəm. Ona görə yox ki, istəmirəm, sadəcə olaraq, ona hörmətlə yanaşıram. Elə məsələlər var ki, orada kişilər üstündürlər. İstənilən ailədə söz-söhbət ola bilər. Amma ailəni qorumaq üçün həm ər, həm də xanım bir-birinə güzəşt etməlidirlər.

Bizim ailədə də o qədər söz olub ki, amma hər zaman çalışmışam ki, mehribanlıqla həll edim. Götürək elə adi ev işlərini, nə qədər yorğun və halsız olsam da, xörəyim vaxtlı-vaxtında hazır olur, səliqə- sahman da ki öz yerində.

- Bir çox tanınmış həmkarlarınız var ki, tələbələri müsabiqələrdə yüksək nəticələr əldə edir. Bəs Sevinc xanımın belə istedadlı tələbələri varmı?

- Əlbəttə var. Mən özüm Milli Konservatoriyada Arif Babayevin sinfində dərs almışam. Bu müddət ərzində o bizim gələcəyimizin illər sonra tələbələrimizin uğurlarında olduğunu vurğulayıb. Muğam sənəti irsən nəsildən-nəslə ötürülməli, hər müəllim öz tələbəsinə aşılamaladır. Başqa cür o qorunub saxlanıla bilməz.

Mənim tələbələrimə gəldikdə isə, daha çox ümid bəslədiyim Nisbət Sədrayevadır. O, hazırda xanəndə Zabit Nəbizadənin muğam sinfində dərs alır. Tanınmış tələbəm də var - Bahar Lətifqızı. Bahar el şənliklərinə çoxdan gedirdi, amma muğamın sirlərinə məhz mənim sayəmdə yiyələndi.

Amerika və Almaniyaya qastrollar...

- Sənətinizdə nə kimi yeniliklər gözlənilir?

- Bu ilin 28 may tarixində Almaniyaya, daha sonra isə Amerikaya qastrol səfərlərimiz var. Noyabr ayına imkanlaşdıra bilsək, yenidən bir solo- konsert keçirməyi planlaşdırıram.

- Bəzi yaradıcı insanlar var ki, əhval-ruhiyyələri bir balaca dəyişən kimi öz peşələrini qınayırlar, sənətə gəldikləri üçün peşmançılıq hissi keçirirlər. Sizdə də belə hallar olubmu?

- Xeyr, mən hər zaman Allahıma şükür etmişəm, yaxşı ki xanəndəyəm! Biz yeddi uşaq olmuşuq, atam rəhmətə gedib, illərlə əziyyətlə, kasıblıqla dolanmışıq. Əynimiz indi kürk görür, geyim-kecimimiz öz yerindədir, çörəyimizi qazana bilirik. İnsan üçün bundan başqa daha nə lazım ola bilər?

Dərdimi ürəyimin bir küncündə gizlədirəm

- Sevinc xanım sonda sizə öz təşəkkürümü bildirməklə yanaşı müsahibənin gedişi ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Və ənənəvi, sevimli sualımı ünvanlayıram: həyat özünü sizə hansı rəngdə təqdim edir?

- Sağ olun, Aynur xanım. Mən də sizə təşəkkür edirəm, xalqımızı azad və firavan görməyi arzu edirəm. Allah eləsin, növbəti müsahibəni məndən tezliklə cənnət Qarabağ diyarında götürəsiniz. Müsahibə olduqca maraqlı keçdi, heç ayrılmaq belə istəmirəm!

Rənglərlə bağlı onu deyə bilərəm ki, al-qırmızı rəngi çox sevirəm. Mən olduqca pozitiv insanam. İstənilən dərdi ürəyimin bir küncündə gizlədirəm ki, qarşı tərəfə mənfi təsir bağışlamayım; deyib-gülməyə çalışıram. Mənə görə bu həyatda var da, pul da ikinci, üçüncü yerlərdədir. Əsas insanlıqdır. O, tanrı tərəfindən bəxş edilən elə bir sərvətdir ki, itirildiyi zaman geri qaytarılmır. Çalışaq ki, insanlığımız itməsin.

Tarix
2015.04.05 / 09:00
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla