Yuxarı

Köhnəqala: “Bakı başdan-ayağa əsəbdir” – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köhnəqala: “Bakı başdan-ayağa əsəbdir” – Foto

Tovuz səfərimin ən maraqlı məqamı Murad Köhnəqala ilə görüşüm oldu desəm, yanlış olmaz. Onunla qabaqcadan zəngləşmişdik. Görüşəcəkdik. Səsində bir gümrahlıq vardı, "gözləyirəm" - demişdi və bir gün keçməmiş özü zəng etdi:

- Hələ gəlməmisən?

Beləliklə, ölkə faşizm üzərində qələbəni qeyd edib, səhəri Gül bayramının ətrinə bürünəndə mən artıq Tovuzda idim. Dağların yamacı boyu səpələnmiş yaşıl otların, yarpaqlarını körpə əli kimi açan ağacların ətrini ciyərlərimə çəkirdim. Murad Köhnəqala ilə günorta saatlarında görüşdüm. Zəngimə, "köhnə xəstəxana tərəfdəki "909" marketin qarşısına gəl", - dedi. Gəldim. Murad əlində bir karton qutu, böyük həyəti yaşıllığa bürünmüş xəstəxananın darvazasından küçəyə çıxdı. Qutunun içi göy otla dolu idi. Görüşüb öpüşdük. Otlara işarə ilə "bunları həyətdə saxladığım cücələrə yığmışam, getdik!" - dedi.

Onun kirayələdiyi həyət evinə gəldik. İri, səliqəli həyətdə ikimərtəbəli ev iki ailə üçün nəzərdə tutulub. Birinci mərtəbədə hərbçi ailəsi, ikincidə isə Muradgil yaşayır. Xanımı, yazar Şəlalə xanım da evdədir. Həyətdə səliqə ilə çəpərə alınmış hinin qarşısında 10-15 yeməli çolpa gəzişir.

Yuxarı qalxırıq. Murad məni xanımı ilə tanış edir:

-Tanıyırdın Şəlalə xanımı?

- Hə indi görürəm ki, tanıyırmışam. Amma haqqınızda çox yazıldı, bəhs edildi, fikirləşirdim, görəsən bu xanım kimdir?

İkimərtəbəli evin aynabəndində qaz sobası, divan, jurnal masası, küncdə divarboyu çarpayı və çarpayıya yaxın stolun üstündə iki noutbuk üz-üzə qoyulub. Stolun üstündə kitab, dərgi və daha nələrsə də var.

Şəlalə xanım anındaca çay tədarükü görür. Murad gözümə bir az sınıxmış kimi dəysə də, həmişəki kimi dinamik idi. Fikrimdə tutduğum müsahibə üçün onu sorğu-suala tuturam.

Bakı başdan-ayağa əsəbdir

- Murad, necədir burda? Gözdən, könüldən uzaq bu hücrə ürəyincədirmi?

- Ürəyimcə deyəndə ki, birincisi, doğma rayonumuzdu, arada kəndə gedib anama dəyə bilirəm. Bilirsən də-ə, Bakı başdan-ayağa əsəbdir. Bizim üçün şəhər bahaçılığında yaşamaq çox çətin idi. Təsəvvür elə, 500 manat maaş alırsan, kirayə, dolanışıq, uşaqlarıma yardım... Yəni maddi sıxıntılar rayon mühitində daha azdır.

Mən sizdən yox, ananızdan ayrılmışam

- Bəs uşaqlarınla əlaqə saxlayırsanmı?

- Telefon vasitəsilə oğlumla əlaqə saxlayıram. Anası uşaqlarla görüşməyimə imkan vermir. Övladlarıma dəfələrlə demişəm, mən sizdən yox, ananızdan ayrılmışam. Əlbəttə, valideynlərin ayrılması uşaqlara həmişə pis təsir edir. Lakin başqa seçimim yox idi, ölüb-öldürməyə aparan münaqişələrə son qoymağın ən düzgün yolu budur.

- Uşaqlardan ali məktəbdə oxuyanı varmı?

- Qızım universitetin birinci kursunda oxuyur, oğlum isə doqquzuncu sinfi bitirib, kollecə daxil olub. Tez-tez görüşməsək də, daim nəzarətimdədirlər.

- Murad, bəs Şəlalə xanımla necə dolanırsan?

- Qoy, bu söhbətə bir az irəlidən başlayım. Əksəriyyətimizdə olduğu kimi, mənim də ilk evliliyim mental ənənələr üzərində qurulmuşdu. Uzun müddət Rusiyada yaşadıqdan sonra kəndimizə qayıtdım. Burda anamın oğul evləndirib, gəlin gətirmək sevdasını reallaşdırmaq məcburiyyətində qaldım. Dost-tanış, qohum-əqrəba üstümə tökülmüşdü ki, mütləq evlənməlisən. Bir şeyi də deyim, mən gəncliyimi Rusiyada keçirdiyim üçün Azərbaycan cəmiyyətini, mentalitetini o qədər yaxşı bilmirdim. Düşünürdüm ki, evlənərəm, xasiyyətimiz tutmaz, ayrılarıq. Beləcə, üzünü iki gün əvvəl gördüyüm bir qızla evləndim. Sən demə, hər parovozun arxasında dartacağı onlarla vaqon olduğu kimi, bizdə ailə quran insanların da hər birinin arxasında o vaqonlar ağırlığında adət-ənənə, qohum-əqrəba zəhmi, cəmiyyət basqısı, həyatı zəhərləyən mentalitet qanunları varmış.
Amma Şəlalə ilə birliyimizin arxasında sevgi və qarşılıqlı anlaşmadan başqa heç nə durmur. Nə ağ gəlinlik, nə vağzalı, nə nişan üzüyü, nə cehiz, nə toy-nişan, nə də "Qudalar" oyun havası! O, ağırlıq gətirən bütün bu lazımsız şeyləri həyatından redaktə etdiyi üçün biz birlikdəyik. Eyni estetik düşüncə, dünyagörüşü, həyat tərzi bizi birləşdirir.

"İntelligent"i necə kəsib yemək olar?

- Bəs burada nə işlə məşğulsunuz?

- Bildiyin kimi, mən lent.az saytında müxtəlif proyektlərlə çıxış edirəm. İndiki rubrikamın adı "Əyalətdə kim var, kim yox" adlanır. Biz bu proyekt çərçivəsində rayonlarda yaşayan maraqlı insanlar və tarixi abidələr haqqında yazılar hazırlayırıq. "Biz" ona görə deyirəm ki, bu işdə Şəlalə mənə kömək edir. Fotolar çəkmək, süjetlər yazmaq, redaktə, yeni ideyalar və s.

- Həyətdəki cücələr şəhər mühitini unutdurmaq üçündür, yoxsa?

- Biz bütün günü gördüyün bu noutbukların arxasında olur, yazı-pozudan sonra internetə ilişib qalırdıq. Şəlalə dedi ki, internetdən qopmağın bir yolu var, o da təbiətlə daha çox ünsiyyətdə olmaqdır. Ya həyətdə toyuq-cücə saxlamalı, ya da dirrik əkməliyik. Bunları eləsək, məcburən internetdən tez-tez qopub həyətə düşəcəyik. Bu ideyanı çox bəyəndim. Bazara gedib, on beş dənə bəzəkli cücə seçdik. İndi bilirəm ki, insanı robotlaşdıran virtual aləmdən can qurtarmağın ən yaxşı yolu təbiətlə, canlılarla ünsiyyət imiş.

Artıq cücələr böyüyüb, tam yeməli vaxtlarıdır, di gəl ki, Şəlalə bunların hərəsinə bir ad qoyub, əzizləyir. Ona görə heç birini kəsə bilmirəm. "Ponpulu", "Turac", "Yumrubaş", "İntelligent"...

Gülür. Zarafatından qalmır. Muradı tanıyanlar yaxşı bilir, o, güclü yumoristdir. Amma bu dəfə, deyəsən, zarafat eləmir:

- Şəlalə ət yemir. Vegetariandır. Mən də arağı atmışam, siqaret çəkmirəm. Mal-qoyun ətindən imtina etmişəm. Yalnız quş əti və balıq yeyə bilirəm.

Bizim birliyimizi maddiyyata daha çox bağlayırlar

- Murad, haqqınızda çox sözlər danışıldı. Hətta dedilər ki, Şəlalə imkanlı qadındır, özünün şəxsi nəşriyyatı var, pul qazanır və sən də buna görə onunla ailə həyatı qurmusan.

Gülür. Şəlalə xanım da üzünə təbəssüm qondurur. Deyəsən, haqlarında bəhs olunanları çox eşidiblər, bunu isə ilk dəfədir. Elə Murad da belə deyir:

- Arxamızca o qədər danışıb söz qoşublar ki... Doğrusu, haqqımızda çox şayiələr yayılır, amma bunu ilk dəfədir eşidirik.

Bayaq dediyim kimi, bizi yalnız mənəviyyat birləşdirir. Aramızda böyük yaş fərqi olduğu üçün bizim birliyimizi maddiyyata daha çox bağlayırlar. Aramızda olan sevgiyə heç kim inanmaq istəmir. Ya deyirlər, Murad varlanıb, ya da Şəlalə imkanlı ailədəndir. Cəmiyyət o qədər sevgisiz yaşayır ki, mənəvi deqradasiya elə bir zirvəyə çatıb ki, bu dəyərlər insanlar tərəfindən sanki unudulub, inanılmaz olub. Real həyatda gördükləri sevgiyə inanmır, maneə olur, serialda gördüklərinə isə göz yaşı axıdırlar.

Yenə deyirəm, bizi mənəviyyat deyil, var-dövlət birləşdirsəydi, Şəlalə xanım hər halda üç manatlıq sırğa, beş manatlıq boyunbağı taxmazdı. Bizim üçün bu, bahalı zinət əşyalarından daha estetikdir.

Söhbətimizə qulaq asan Şəlaləyə tərəf çevrilirəm. Murad bəylə necə tanış olduqlarını soruşuram.

- Şəlalə xanım, Muradı başa düşmək olardı, kişidir, cavan bir xanımla macəra yaşamaq istəyi də ola bilərdi, sizdə ona necə inam yarandı?

Şəlalə:

- Anam kitabxana işçisi olduğuna görə gözümü açandan evimizdə daim dəyişən kitab, qəzet, jurnal görmüşəm. Məktəbli vaxtlarımdan Bakıdan gələn qəzetləri oxuyurdum. Murad Köhnəqala imzasını hələ o zamanlar tanımışam. Sonradan Feysbukda onun profilinə rast gəldim. Dostlaşdıq və yazışmağa başladıq. Əlçatmaz, tanınmış bir yazıçı ilə həmsöhbət olmaq mənim üçün böyük şərəf idi. Universitetdə sessiyalarım başlayanda Bakıya gəldim və sevimli yazarımla əyani görüşmək imkanım oldu. Bu, ilk öncə sıradan bir yazıçı və oxucu görüşü olsa da, sonralar başqa istiqamət almağa başladı. Getdikcə daha sıx görüşməyə və birlikdə olmağa ehtiyac duyduq. Sonrası da məlumdur...

Bir də ki, biz sevgili olanda, bir-birimizin boynuna şərt, tələb, minnət-filan qoymamışıq. Belə şeyləri təhqir sayıram. Bizim münasibətlərimiz baş tutmaya da bilərdi və yenə dost olaraq qalacaqdıq. İndi də həmin mövqedəyəm.

Danışığına ara verir və qalxıb çayımızı təzələyir. Mən öz təşəkkürümü bildirirəm.

Çoxları elə bilir ki...

- Yaxşı, bu dostluğun, yazışmanın başqa sonu da ola bilərdi. Axı, Murad bir neçə dəfə Feysbuk danışıqlarını ictimailəşdirib, mediada dərc etdirib.

Burada Murad təzədən söhbətə qarışır:

- Bildim hansı yazışmanı nəzərdə tutursan. O Feysbuk romanını yazışdığım adamın razılığı ilə dərc etmişəm, özü də Şəlalə redaktə eləyirdi həmin yazışmanı. Məqsəd isə Azərbaycan mühitində gənc bir qızın sıxıntılarını, həyəcanlarını, cəmiyyətin qadına qarşı qəddar davranışlarını və digər problemləri ictimai müstəviyə çıxarmaq idi.

Şəlalə xanım söhbətə müdaxilə edir:

- Çoxları elə bilir, həmin romanın digər müəllifi mənəm. Elə deyil. Murad bəylə müştərək roman yazan xanım üzə çıxmaq istəmədi, biz də onun qərarına hörmətlə yanaşdıq.

Yeri gəlmişkən, müəyyən səbəblərdən o romanın çapını yarımçıq dayandırmışıq.

Təkcə Muradla bağlı deyil...

- Şəlalə xanım, belə çıxır ki, sizin "ağ atlı oğlanınız" Murad imiş.

- Mənim xəyalımda heç zaman "ağ atlı oğlan" obrazı olmayıb. Özümə yad saydığım, qəbul etmədiyim kütləvi adət-ənənədən qaçmışam. Həm də bu, təkcə Muradla bağlı deyil, ona rast gələnə qədər dünyagörüşüm artıq formalaşmışdı.

- Deyirsiniz, münasibətləriniz gizli idi. Bəs necə oldu bilindi?

Murad yenə söhbətə qoşulur:

- Evdə kompüterim açıq qalıb, qızım Feysbuk səhifəmə girib yazışmalarımızı oxumuşdu. Ondan sonra qiyamət qopdu. Hər şeyi sakitliklə, soyuq başla yoluna qoymaq istəsək də, alınmadı...

Şəlalə:

- Bilirsiniz, bizdə normal ailə qurma, ayrılma, boşanma mədəniyyəti hələ formalaşmayıb. Bir-birini tanımayan iki nəfəri qohum-qonşu yığılıb evləndirir, aradan bir müddət keçəndən sonra həmin cütlük anlayır ki, bunlar tamamilə yad adamlardı. Ər dağdan danışır, arvad bağdan, ər roka qulaq asır, arvad muğama və s. Ən pisi isə budur ki, həmin iki nəfər biri-birinə nifrət edə-edə, bir dam altda yaşamağa, ər-arvad rolunu oynamağa məhkumdur. Son illər ailədaxili zorakılığın artması, qadınların döyülərək öldürülməsi də bu səbəbdəndir. Belə problemlərin sivil çözüm yolları var. Ailə qurmazdan öncə qarşı tərəfi yaxşı tanımaq, ailə qurduqdan sonra xasiyyət tutuşmazsa, normal qaydada ayrılmaq, uşaqlardan alət kimi istifadə etməmək, uşaqların bu və ya digər formada hər iki valideynlə yaşamasını təmin etmək və s.

Avropa ölkələrində, eləcə də, Rusiyanın özündə bu problemlər çoxdan yoluna qoyulsa da, bizdə bu, mümkün olmur. Hər hansı bir səbəbdən boşanan ər-arvad dərhal qəddar düşmənə çevrilirlər. Bütün bunlardan ən çox ziyan çəkən tərəf isə uşaqlar olur. Bu mənada, Azərbaycanda minlərlə ailədə vəziyyət bu qədər faciəvidir.

Muradın balalarına...

- Şəlalə xanım, Muradın ailəsinin münasibəti aydın oldu, bəs sizin valideynləriniz bu addımınızı necə qarşıladı?

- Valideynlərim məni yaxşı tanıdıqları üçün Murad bəylə ailə qurmağımı çox da isterik qarşılamadılar. Anama dedim ki, xoşbəxt olmağımı istəyirsənsə, mənə mane olma. Qoy sevdiyim, məni başa düşən adamın yanında olum. Belə daha yaxşıdır. Nəinki sevmədiyim bir insanın yanında olub, onun da həyatını korlamağım. Mən Muradın balalarına öz övladlarım kimi münasibət bəsləyirəm. Çox istərdim, onlar atalarını başa düşsünlər, daim yanına gəlib-getsinlər...

Üzümü Murada tuturam:

- Bir az da mütaliədən, yaradıcılıqdan danışaq. Son vaxtlar nə yazırsan, nə oxuyursan?

- Bir neçə kitabım çapa hazır vəziyyətdədir. Şeirlər, satirik hekayələr, uşaqlar üçün yazdığım povest və hekayələr. "Beş ay İsveç düşərgəsində" adlı avtobioqrafik romanım artıq bitmək üzrədir. Bunların hər birini kitab halında çap etdirmək fikrindəyəm.

Oxumağa gəldikdə isə etiraf edim ki, mütaliədə mən çox vasvasıyam. Yəni əlinə keçəni gözünə təpənlərdən deyiləm. Bu mənada yapon ədəbiyyatı və mədəniyyətini estetik görüşlərimə və həyat tərzimə daha doğma sayıram. Yapon yazıçı və şairlər öz yaradıcılıqlarında əsasən, təbiətlə qaynayıb-qarışmaq fəlsəfəsinə üstünlük verirlər. Onların yaradıcılığına adı çəkilməyən hansısa fövqəlqüvvə sanki nəzarət edir. Bu fövqəlqüvvə isə bizim şairlərin gen-bol işlətdiyi "ilahi!" xitabı yox, daxili saflıq və vicdandır. Məsələn, XVII əsrdə yaşamış məşhur yapon şairi Basyö imperator tərəfindən ən yüksək mükafata layiq görülsə də, əlli illik ömrünün yarısını dilənçi qiyafəsində səyahətə həsr etmişdi. Bir haykusunu xatırlayaq:

"artıq payızın sonudur,
ancaq yaşıl mandarin
gələcəyə necə inamlıdır..."

Fikir verin, şair təbiətə necə qarışır, bitkinin yerinə necə düşünə bilir, bu qədər real və incə! Və hamı bilir ki, o, yalan danışmır, bu hissində nə qədər təbiidir. Bayaq dediyim vicdanın nəzarəti bax budur. Yaxud Takuboko adlı bir şair belə bir mənzərə çəkir:

"yaz axşamıdır
qarşıdan bir qoca gəlir
atamdır..."

Gör, sadə bir epizodu necə təsirli verə bilir.

Qoy Sayqödən də birini deyim:

"İtin həyatını bölüşdüm
yanında uzanıb
günəşdə qızındım..."

Bax burada, "it kimi uzandım" demir, "itin həyatını bölüşdüm", "itin həyatına şərik oldum" deyir və haradasa özünü ona borclu bilir.

Yapon nasirlərindən ən çox sevdiyim Akutaqava, Kenzaburo Oe, Yasunari Kavabata, Kobe Abedir.

Kobe Abenin "Qumluqda qadın" əsərini tələbəlikdə oxumuşdum. Dostuma dedim ki, bu kitabı oxusan, dişlərinin arasında qum xırçıldayacaq. Bu qədər real! "Yad sifət" əsərini son vaxtlarda oxudum. Orada bir yerdə deyilir ki, kimdənsə heyf almağın ən yaxşı üsulu sağlam qalmaqdır. 2005-ci ildə Nobel almış ingilis yazıçı Harld Pinterin "Otaq", "Mətbəx lifti" adlı pyeslərini oxumuşam. Çox maraqlı yazıçıdır. Deyim ki, yapon filmlərini çox sevirəm. Kurasavanın bütün filmlərini şedevr sayıram.

Musiqi zövqümə gəldikdə isə dağıdıcı roku çox sevirəm, metallikanı, "Megadeath"i, solçu olduğuna baxmayaraq Ramşteyni dinləməyə üstünlük verirəm.

TV verilişlərindən isə rusların satirik və intellektual proqramlarını izləyirəm. "Çto? Qde? Koqda?", "Breyn - Rinq", "Projektorperesxilton", "Komedi Klab" və s.

Söhbətimizin sonlarında Murad kompüterin arxasına keçir:

- Bir bax, necə maraqlı insanlar var rayonda. Bax bu adam evini siqaret qutuları ilə oboylayıb, gör necə gözəldir, - deyib son işlərini göstərir. Burda isə qədim Göytəpə yaşayış məskənindəyik. (fotoları göstərir). Şəlalə çəkib şəkilləri, oradan da yazı hazırlamışdıq.

Həyətə düşürük. Murad həyətdə quraşdırdığı turnikə atılıb bir neçə dəfə dartındıqdan sonra deyir:

- Hara gedirəmsə, turnik düzəldirəm, uşaqlıqdan turnikdə məşq etməyi sevirəm.

Şəlalə xanımla sağollaşıb Muradla şəhərə çıxırıq. Tovuz rayon İcra Hakimiyyətinin qarşısında şair dostumuz Elxan Zal və jurnalist Nəsimi Tovuzlu ilə görüşəcəyik...

Tarix
2015.05.31 / 09:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla