Ana səhifə Kult |
Ötən gün “Əli və Nino” kitab evindən kitab oğurlayanlarla bağlı DİN-in açıqlama və video yayması qəribə bir rezonans yaradıb. Kitab oğrularını qatı cinayətkarlar kimi təqdim edən DİN-i də, “Əli və Nino” kitab evini də hədəf seçən və əski xatirələrini paylaşan az olmadı.
DİN-in xəbəri və videonu yayandan sonra kitab oğrularının digər oğurluqları haqda məlumatlı olanlara səsləniş etməsini – yəni bu şəxslər haqda tam bir oğru kimi davranmalarını bir az “abartmalı” addım kimi qınamaq bəlkə də mümkündür. Ancaq fakt odur ki, oğurluq baş verib və oğurlanan əşyanın nə olmasının hüquq-mühafizə orqanları üçün heç bir əhəmiyyəti yoxdur. DİN öz işini görüb, bitdi!
“Əli və Nino” kitab evini qınayanlar da məsələyə əski xatirələrdən yanaşanda vacib bir məqamı unudurlar.
O xatirələri yaşayanlardan biri də mənəm və uşaqlığı sovet dövrünə düşənlərdən soruşuram: hansınız kitab mağazasından kitab oğurlamışınız? Kimsə satışda olan, əlinin çatdığı, pul verib ala biləcəyi kitabı oğurlayıbmı?
Sovet dövründə qəribə bir təsəvvür vardı, “kitab oğurluğu oğurluq sayılmır” deyirdilər. Bu isə elə-belə yaranmamışdı.
İnsanlar oxumaq, öyrənmək istəyirdi, kitab sənayesi isə arzuladığımız səviyyədə və yaxud tələblər səviyyəsində deyildi. Xüsusilə xarici ədəbiyyatı tapmaq müşkül məsələ idi. İnsanlar o kitabları əldə etmək üçün bəzən satış qiymətindən dəfələrlə artıq ödəyir, bəzən bir günlük alıb, gecə səhərə qədər oxuyub qaytarır, bəzən üzünü əllə çıxarır, bəzən də fürsət edib oğurlayırdılar. Ancaq kiminsə kitabxanasından və yaxud abunə olduqları kitabxanalardan... Heç xatırlamıram ki, kimsə satışda olan kitabı oğurlamağa cəhd edəydi.
Gənclərin oğurladıqları kitabların adları və qiymətləri də açıqlandı: Salman Rüşdünün “Gecə yarısı çocukları” və Oligeri Dantenin “İlahi komediya”sı.
Dante dünya ədəbiyyatı haqda müfəssəl təsəvvür üçün vacib yazarlardandır və onu oxumaq üçün “oğurlamağa” dəyər. Ancaq doğrudanmı gənclər Danteni oxumaq yanğısı ilə oğurlayıblar?
Quqlda bir axtarış verin: “pdf”indən səsləndirilməsinə, animasiyasına, filminə qədər, hər zad var. Əlbəttə, kitab formasında oxumağın zövqünü heç nə verə bilməz. Ancaq dəhşətli dərəcədə oxumaq istəyin varsa, “pdf”dən də istifadə edə bilərsən – bir az zəhmətə qatlaşmaq lazım gələcək.
Bir də niyə Anadolu türkcəsindəki tərcüməsi? Danteni Əliağa Kürçaylı əla tərcümə edib və əgər orijinalda oxumaq savadın yoxdursa, ən yaxşısı elə Kürçaylıdır.
Yeri gəlmişkən: İllər öncə Nizami müəllimin (Cəfərov) “Türk xalqları ədəbiyyatı”nı ha çalışdım, ala bilmədim, 4 cilddə idi və bahaydı. Bir gün getdim Nizami müəllimin qəbuluna (sevimli müəllimlərimizdən olub), özümü xatırlatdım, danışdıq-dərdləşdik və gəlişimin məqsədini dedim. “Ardımca gəl” deyib, şəxsən özü apardı kitabxanaya, “Nə istəyirsən, hansı kitabı oxumağı istəyirsən, götür” dedi.
Arxada dayanıb baxırdı, 7-8 kitab götürüb durdum. Ona tərəf çevriləndə güldü və dedi, axı, sənə dedim, ürəyin istəyənləri götür! Hansı kitaba gözüm sataşmış və utandığımdan götürməmişdimsə, demə, diqqət edirmiş, özü yaxınlaşdı və bütün gözüm tutan kitabları bir-bir özü yığıb mənə verdi – tam 37 kitab!
Arzusunda olub ala bilmədiyim, müəllifinə - tərcüməçisinə, tərtibçisinə - müraciət etdiklərim (əlbəttə, gənc vaxtlarda) az olmayıb və hamısında da gözlədiyimdən qat-qat artıq diqqət görmüşəm.
Müəllimlərimiz var, böyüklərimiz var – biz haçan oxumaq istədik, qapılarını döydük ki, bizə yardım etmədilər?
Bu epizodu ona görə xatırladıram ki, hətta o kitabları oxumaq arzusu ilə Nigar Köçərliyə müraciət etsəydilər, Nigar xanım onları özü hədiyyə edərdi, buna qəti şübhə etmirəm.
Oğurlamaq isə olmaz: oğurluq oğurluqdur – kitab, yaxud dövlət büdcəsi, heç bir fərqi yoxdur...
Tarix
2021.06.08 / 14:31
|
Müəllif
Şeyx Teymur
|