Bu başlığı bir anlıq o səhnəni təsəvvür edib, o
"dəhşəti" yaşamağınız üçün yazdım. Bəli, Azərbaycanda hər hansı
valideynin teatra gedib qızının oynadığı 18+ tamaşaya baxa biləcəyi
ehtimalını bizim beyinimiz qəbul edə bilmir. Elə valideyn
tanımırıq, yaxın gələcəkdə də ola biləcəyi mümkün
deyil.
Həftəsonunu xüsusi istirahət mərkəzlərinə getmədən də normal
istirahət etmək olar. Elə şəhərin mərkəzində dostlarla yığılışıb
teatra, filmə gedə bilsən, sonrasında da bir rahat kafedə oturub
çay, qəhvə içib dərdləşib-söhbətləşməyə imkan tapsan - olar sənin
gözəl bazar istirahətin.
Bu həftəsonunu teatrda keçirdik, iyulun 25 və 26-sı, saat
19:00-da ODA teatrında baş rollarını fransız aktrisa Elza Furtado
və azərbaycanlı aktyor Elmin Bədəlovun oynadığı "MimOda"
tamaşasının premyerası oldu. "MimOda" tamaşası müstəqil Azərbaycan
teatr səhnəsində ilk dəfə oynanılan 18+ tragikomediyadır. Fransız
aktrisa azərbaycanca yaxşı bilmədiyi üçün tamaşanın pantomim
janrında olacağı əvvəlcədən hamımıza bəlli idi. Doğrusu, uzun
müddətdir getmirdim ODA-ya, küçələri qarışdırdım deyə bir az
həyəcanlansam da, vaxtında tapa bildim. Əks tərəfdəki küçədə yolda
oturub nərd atan dayılardan biri güc-bəla ilə izah etdi mənə yeri,
təbii ki, o məkanda yerləşən obyektin teatr olduğundan, tamaşa
göstərdikləridən xəbərsiz...
Tamaşanın başlamağına bir neçə dəqiqə qalmışdı. Teatrın həyətinə
girib Elmin, dostları ilə salamlaşdım. 10 manat verib biletimi
aldım, keçib foyedə oturdum. Bir az sonra teatrdan anlayışları
olduğu söhbətlərindən hiss olunan iki bəy gəlib qarşı tərəfdəki
divanda əyləşdi, daha sonra iki fransız xanım gəldi. Tamaşaçıların
yarısı da teatrın - 7-8 nəfərin güclə sığdığı - həyətində
gözləyirdi. 2-3 dəqiqə sonra Ayaz Salayev gəldi, tənginəfəs idi,
köynəyinin tər olması da gecikməmək üçün qaça-qaça gəldiyini
göstərirdi, amma bütün hallarda tamaşanın başlamalı olduğu vaxtdan
bir neçə dəqiqə keçmişdi.
Və bir az keçməmiş Aynur Zərrintac tamaşaçıları zala dəvət etdi.
Deyəsən, tamaşanın bir neçə dəqiqə gecikməsinə səbəb elə Ayaz
Salayevi gözləmək olmuşdu. Zalda 20-25 nəfər vardı, gözlədiyimin
əksinə, demək olar ki, hamısı daha ciddi, teatrdan, tamaşadan,
sənətdən anlayışı olan adamlardı.
İşıqlar söndü, nəfəslər tutuldu, fransız qonaqları çıxmaqla
bütün azərbaycanlı tamaşaçıların səhnədə ilk dəfə baxacağı 18+
tamaşa başladı. Səhnənin önünə ağ pərdə çəkilmişdi, içəridə qorxulu
yuxu görüb oyanmağa çalışan bir kişi silueti, fonda da bəyaz
işıq... Daha sonra sevişmək istəyən kişiyə müqavimət göstərən
qadın, dava-dalaş və səssizlik... İşıq söndü. İşıq yenidən yananda
səhnə və zal arasındakı pərdə götürülmüşdü.
Əlində gecə lampası olan kloun geyimli dəli kişi çıxır səhnəyə.
Möhkəm-möhkəm tutub yerə-göyə sığdırmadığı gecə lampasını
oxşamaqdan doymur. Görünən o ki, həyatında itirmədiyi bircə odur.
Səhnəni o baş-bu başa qaçıb gülüb əylənəndən sonra səhnənin
arxasına keçir. Bu dəfə səhnəyə əlində çamadanları olan,
pal-paltarını götürüb getmək və getməmək tərəddüdü içində küçələri
dolaşan qadın çıxır. Qadının tez-tez öskürməsi xəstə olduğunu
göstərir. Olduğu məkanı vağzal da təsəvvür etmək olar. Fransız qızı
Elzanın teatra yad olmadığı ilk baxışdan hiss olunur. Qadının
kədərli və çarəsiz olduğu görünür, bir az keçməmiş kloun, dəli, siz
necə təsəvvür edirsinizsə, elə olan kişiylə rastlaşır. Təsadüfən
toqquşurlar, qadının əlindəki çanta düşür, hər ikisi həyəcanlanır.
Eşqin ilkin əlaməti hiss olunur; bir-birinə utancaq baxışlarla
baxıb gülümsəyirlər. Çılğın rəqslər oynanılır səhnədə, ehtiraslı
münasibət, yaxınlaşma baş tutur və sevgi yaşanmağa başlanır...
Zalda səssizlikdi, tamaşaçıların nəfəs alış-verişləri belə
duyulmur.
Neorealizm janrında hazırlanan tamaşa küçədə rastlaşan iki
fərqli insanın tanışlıq, ailə həyatı və ayrılığından bəhs edir.
Məncə, tamaşanın əsas məqsədi insanlara ayrılığın necə dəhşətli
olduğunu göstərmək, əlimizdə olanların qiymətini vaxtında bilməyi,
heç gözləmədiyimiz halda əbədi ayrılığa məhkum ola biləcəyimizi
izah etmək idi. Ayrılıq və ölümü çox oxşar hisslərlə qarşılayır
aşiqlər. Amma ölüm, sağ olub ayrı yaşamaqdan milyon dəfə
dəhşətlidir. Sevdiyini bir də heç vaxt görməmə, səsini eşitməmə,
dilindən adını duymama ehtimalı belə adamı çılğına döndürür.
İnkaredilməz faktdır ki, ayrılıqların ən dəhşətlisi sevdiyindən
ölümlə ayrılanların payına düşür...
İşıqlar sönür, alqışlar səslənir. İşıqlar yenidən yanır və
səhnəyə aktyorlar çıxırlar. Tamaşaçılar arasında fransızların da
olduğunu nəzərə alan Aynur Zərrintac fikirlərini həm azərbaycanca,
həm də fransızca çatdırmağa çalışır, Elzanın tamaşanın bir neçə
yerində əlində olan çamadanı götürərək sözə başlayır:
"Bəzən həyatımız bu çamadan kimi əlimizə verilir və biz ona
toxunmağa, açıb baxmağa qorxuruq. Bu gün bu kiçik, zorla, amma
sevgi ilə, ürəklə saxladığımız teatrda biz sizə real həyatı
göstərdik".
Güc-bəla ilə də olsa tamaşaçılar arasında fransız qonaqlara
Aynurun nə demək istədiyini anlada bilən oldu. Günün ən maraqlı
hadisəsi yəqin ki, tamaşaçılar arasında 18+ tamaşada rol alan
fransız xanım Elzanın valideynlərinin də iştirakı idi. Elzanın
atasının da adından danışan anası çox həyəcanlı olduqlarını və
qızları ilə fəxr etdiklərini dedilər. Bu çox ayrı yazının mövzusu
olsa da deyim ki, standart Azərbaycan insanının beyini bu cür
hadisəni qəbul etməz. Bir azərbaycanlı valideyn qızını ən adi
rollarda belə teatr səhnəsində görməyə yeni-yeni alışır, o ki qala
18+ tamaşa oynamasına icazə verə...
Ayaz Salayev tamaşa haqqında bunları dedi:
"Mən çox xoşbəxtəm ki, bu cür tamaşa var, bu cür teatr var. Mən
tamaşada göz yaşlarımı saxlaya bilmədim. Nə yaxşı ki, belə bir
teatrı tanıdım, onlarla dost oldum. Çox yaxşı tamaşa idi. Xüsusən
də hər şeyin real olması insana təsir edirdi. Buna görə hər
birinizə təşəkkür edirəm! Mənim üçün son dərəcə sevindirici hal
oldu ki, müstəqil teatrların ənənəsi davam edir. Bu müstəqil teatr
ənənəsinin ölməməsi məni həqiqətən çox həyəcanlandırdı. Bu ölməz
bir şeydir. Baxmayaraq ki, hər şey şərti idi, amma tamaşa çox
təsirli idi, emosiyalar çox təbii idi. Kişi və qadın arasında olan
münasibətlərin ən dərin məğzini açdılar bizim üçün".