Hərdən tarixi faktlar haqqında o qədər fərqli yanaşmalar
ortaya atılır, bir-birini təkzib edən fikirlər bildirilir ki, az
qalır həqiqəti üzə çıxarmaq üçün özün sehirli bir xalça tapıb,
üstündə keçmişə uçasan.
Çox da uzağa getmək istəmirəm. Məsələn, son üç ildə Şah İsmayıl
və Sultan Süleymanın münasibətləri ilə bağlı gedən mübahisələr hələ
də səngimək bilmir. Elə Şah İsmayılın babası Şeyx Cüneydin
cənazəsinin harada basdırılması məsələsi də mübahisə predmetidir.
Bəzi mənbələrdə Şirvana hücumu zamanı həlak olmuş bu tarixi
şəxsiyyətin cənazəsinin Qusarın Həzrə kəndində dəfn olunması
bildirilsə də, sonralar onun başqa yerə köçürüldüyü deyilir. Amma,
təbii ki, həmvətənlərimiz və xarici turistlər Şeyxin qəbrini
ziyarət etmək üçün Həzrəyə üz tuturlar.
***
Bir qrup tarixçi ilə Qusara yollanırıq. Havanın isti olması yol
yorğunluğumuzu bir qədər artırsa da, türbəyə çatar-çatmaz hər şey
unuduldu. Paytaxtın bürküsündən xeyli uzaqlaşmağımıza baxmayaraq,
Qusarın sərin havası ciyərlərimizə dolmadı, amma əvəzində türbənin
ətrafındakı qəribə, qeyri-adi xoş ab-hava könlümüzü-gözümüzü
oxşadı. Öz adımdan deyim ki, ziyarətgah kimi getdiyim yerlərin heç
də hamısında belə xoş ovqatda olmuram.
İçəri daxil olduq. Məzarın üstünün xalça ilə örtülməsinə
təəssüfləndim; burada uyuyan şəxs haqqında məlumat, güman ki, elə
başdaşının üzərində olacaqdı. Bugünlərdə övliya sayılan adamlardan
birinin məqbərəsini ziyarət edərkən, onun ulu babasından tutmuş
kötükcələrinə qədər - hər birinin şəkillərinin ziyarətgahın
divarlarından asıldığını xatırladım. Amma biz burada, tarixi
şəxsiyyətlərimizdən biri olan Şeyx Cüneydin nəinki özünə, heç tarix
yazmış nəvələrinə - Şah İsmayıl Xətaiyə, Şah Abbasa aid bircə
nişanəyə belə rast gəlmədik. Ayaq basdığımız torpaqdan tutmuş,
aldığımız havaya qədər - hər şey sanki nəsə deyirdi bizə. Hətta iri
budaqlarından biri qurumuş, niyyət edilərək hər yerindən bir parça
əsgi, ip, sap asılmış qoca çinar da, həyətdəki köhnə məzarlıqdakı
başdaşıları da danışırdı. Bircə rütubətdən nəm çəkmiş tavan və
divarlar adamın üstünə gəlirdi.
Qapıdan çıxıb dar, yarıqaranlıq pillələrlə ikinci mərtəbədəki
hücrəyə qalxdıq.
***
1447-1460-cı illərdə yaşamış Şeyx Cüneyd Səfəvilər təriqətinin
başçısı İbrahim vəfat edəndən sonra atasının yerinə keçir.
Xatırladım ki, Cüneydin oğlu Şeyx Heydər Şah İsmayıl Xətainin atası
idi.
XV əsrin əvvəllərində Azərbaycan ərazisində, Kür çayının
cənubunda Qaraqoyunlu, şimalında isə Şirvanşahlar dövləti mövcud
idi. Səfəvilərin idarə etdikləri müstəqil Ərdəbil şeyxliyi isə
əvvəllər ruhani hakimiyyətə nəzarət etsə də, sonradan siyasi
iddialar etməyə başlayır. Bu vaxta qədər Ərdəbil şeyxləri siyasətlə
maraqlanmaz, yalnız dini işlərlə məşğul olardılar. Lakin Cüneydin
məqsədi dövlət qurmaq idi. Beləliklə də o, ətrafında toplanan
müridləri silahlandıraraq müharibəyə hazırlaşır. Şeyx Cüneyd XV
əsrin ikinci yarısında Qaraqoyunlu dövlətinin tənəzzül etməsindən
istifadə edərək, çərkəzlərlə müharibə etmək bəhanəsi ilə öz
qoşununu Şirvana yeritmək qərarına gəlir.
Şirvanşah I Xəlilullah Qaraqoyunlu hökmdarı Cahanşahla Şeyx
Cüneydə qarşı ittifaqa girir. 1460-cı ildə Samur çayı sahilində baş
vermiş döyüşdə Şeyx Cüneydin ordusu məğlub edilir, özü isə
öldürülür və yaxınlıqdakı Həzrə kəndində dəfn edilir.
Diqqət çəkən məqamlardan biri də Cüneydin ölümü ilə bağlı
müxtəlif versiyaların səslənməsidir. Məsələn, bəzi mənbələrdə Şeyx
Cüneydin əsir alınaraq Şirvanşahın əmri ilə edam olunduğu deyilir.
Başqa mənbələrə görə isə o, döyüş meydanında oxla vurularaq
öldürülüb.
Digər bir mənbədə isə deyilir ki, Cüneydin müridləri onun
meyitini Samurun sağ sahilinə keçirərək, Gülxan kəndində (indiki
Qusar rayonunun Həzrə kəndi) dəfn ediblər.
Səslənən mülahizələrdən biri də Şeyxin öz vəsiyyətinə əsasən
məqbərə tikilən yerdə dəfn edilməsidir. Guya Samux çayının
sahilindəki Qıpçaq adlanan yerdə Şirvanşahla döyüşdə yaralanan Şeyx
Cüneyd öləcəyini bilərək vəsiyyət edir ki, onu bir dəvəyə
mindirsinlər və dəvə harada dayansa, qəbrini də orada qazsınlar.
Şeyxin mindiyi dəvə indiki türbənin yerləşdiyi ərazidə üç dəfə
dövrə vuraraq dayanır. Beləliklə, Cüneyd həmin yerdə dəfn
olunur.
***
Bəs dövlət yaratmaq arzusunda olan Şeyx Cüneyd bunun üçün hansı
addımları atır? Şiə təriqətinə qulluq edən Qaraqoyunlu hökmdarı
Cahanşah Şeyx Cüneydin əmisi Şeyx Cəfərə müraciət edərək Cüneydin
Azərbaycandan çıxmasına kömək edir. Beləliklə, Şeyx Cüneyd
Anadoluya gələrək oradakı türkmanlar arasında apardığı təbliğatdan
sonra özünə xeyli mürid qazanır və Qaraman Bəyliyinə keçir. Qaraman
bəyi onun tutulması barədə əmr verir. Məmlük dövlətinə sığınan Şeyx
Cüneyd şiə təbliğatı apardığından, Məmlük sultanının üzərinə qoşun
göndərir, lakin döyüşdə məğlub olaraq Anadoluya qaçır.
Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı zəbt etmək
fikrinə düşür. O, səfərləri boyu müxtəlif ölkələrdən başına
yığışmış on min tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar
taxtına sahib olmaq üçün Şirvana basqın edir. Şirvandakı şiə
tərəfdarları da ona qoşulurlar. Bu, Çərkəzlərlə dini müharibəyə
başlamağa bəhanə olur. Şeyx Cüneydin niyyətini duyan Xəlilullah
Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onun qabağına
çıxır. 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndinin
yaxınlığında baş verən vuruşmada Cüneyd öldürülür.
***
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti
Kərəm Məmmədov yolboyu Şeyx Cüneyd haqqında bildiklərini bizimlə
paylaşdı:
- Azərbaycan dövlətçiliyi baxımından gənclərin bura tez-tez
gəlməsi yaxşı olardı. Tarixi şəxsiyyətlərimizi tanımalıyıq. Bəzən
deyirlər ki, Cüneydin cənazəsini aparıblar. Elə deyil. Onun məzarı
elə bizim ziyarət etdiyimiz yerdədir...
Kərəm müəllim deyir ki, Səfəvilər haqqında yazılan hədyanlara,
Şah İsmayıla və Şah Abbasa qarşı aparılan əks-təbliğat
kampaniyalarına görə təəssüf edir və Şeyx Cüneydin dövlət yaratmaq
istədiyi ərəfədə Azərbaycandakı siyasi vəziyyətə aydınlıq
gətirir:
- 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Bu zaman
Azərbaycanda əsas rəqib Teymurilər dövləti idi. Əmir Teymurun
ölümündən sonra Azərbaycan dövlətlərinin içərisində də bir təlatüm
başlayır. Rəsmi olaraq Azərbaycanın cənub hissəsi o zaman
Cəlairilər dövlətinə tabe idi. Kürdən şimaldakı torpaqlarda
Şirvanşahlar və Şəki dövlətləri, qərbdə - bugünkü Doğu Anadolu
tərəfdə isə Qaraqoyunlu və Ağqoyunlu bəylikləri mövcud idi. Belə
bir feodal pərakəndəlik zamanı qazanan Qaraqoyunlu Qara Yusif olur.
Əvvəlcə dalbadal 1406-1408-ci illərdəki döyüşlərdə qələbə çalaraq
Teymuriləri ölkədən çıxarır. 1410-cu ildə Cəlairilərin
hakimiyyətinə son qoyur. Təbii ki, Qaraqoyunluların apardığı
birləşdirmə siyasəti öz müstəqilliyini qoruyub-saxlamaq istəyən
Şirvan şahının xoşuna gəlmirdi. Buna görə də Şirvanşah İbrahim Şəki
hakimi Seyid Əhməd və Kartli-Kaxet çarlıqları ilə birləşərək, Qara
Yusifə qarşı çıxır. 1412-ci ilin oktyabr ayında Kür çayı
sahilindəki döyüşdə Qara Yusifin qüvvələri müttəfiqləri darmadağın
edir və əsir götürür. Seyid Əhməd və gürcü hökmdarı Konstantin
gürcü silahdaşları ilə birgə edam edilir. Şirvanşah İbrahim isə
1500 İraq tüməni bac verəndən sonra azad edilir.
***
XV-XVI əsrlərə aid olan məzarlığın qədim başdaşılarındakı
yazıların üzərində barmaqlarını gəzdirdikcə, adama elə gəlir ki,
əsrdən-əsrə keçən tarixin məzarlıqda "yaşayan" parçaları sanki açıq
səmanın altında yağışla yuyulub axacaq, gün istisindən buxarlanıb
yoxa çıxacaq. Qədim başdaşılarının üzərindəki bu yazıları qorumaq
üçün hələ də nəsə etmək gec deyil. Tarixçilər gah bir, gah digər
başdaşının ətrafında fikir mübadiləsi aparırdılar. Deyilənə görə,
hündür başdaşılı qəbirlər hansısa vəzifə sahiblərinə, mötəbər din
adamlarına məxsusdur. Bunu daşların üzərinə həkk olunan rəsmlər
deyirdi. Məsələ burasındadır ki, üzərində dəvə və döyüş sursatları
əks olunan başdaşıları döyüşçüyə, əsa, əba, təsbeh və digər
aksesuarlar həkk edilən başdaşıları isə sayılıb-seçilən din
xadimlərinə məxsusdur. Balaca daşların altında körpələrin uyuduğu
qənaətinə gəlmişdim. Sən demə, onlar, döyüşdə şəhid olmuş
əsgərlərin məzarlarıymış.
***
Üstü böyük bir gümbəzlə örtülmüş türbənin qərb qapısı üzərində
ərəb dilində həkk olunmuş yeddi sətirdən ibarət kitabə var.
Kitabədə onu oxuyan hər kəsdən məqbərədə uyuyan şəxsə Allahdan
rəhmət diləməsi istənilir, peyğəmbərlərə belə qalmayan dünyanın
faniliyindən söz açılır, məzəmmət və inciklikdən uzaq durmaq,
xeyirxah əməl sahibi olmaq tövsiyə olunur:
"Ey bu kitabəyə baxan, Kitabənin və onun sahibinin
bağışlanmasını Allahdan dilə".
Aydın Yol