Hollivud ulduzu, amerikan aktyor və döyüş növləri ustası
Çak Norris Bakıya gəlir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Sudo döyüş növləri
cəmiyyətinin sədri, çun-kuk-do Azərbaycan nümayəndəliyinin və
peşəkar karate-do təşkilatının rəhbəri Sabir Süleyman verib.
Apasport-a açıqlama verən Sabir Süleyman tanınmış kinoaktyor Çak
Norrislə görüşündən də danışıb. Samir Süleyman bildirib ki, Norris
dağ keçisi ovlamağı çox xoşlayır:
"Çak Norris ilə yanaşı, iki qardaşı, anası və həyat yoldaşı ilə
görüşlərim olub. Süfrə arxasında söhbət edirdik. Daha çox
Azərbaycan və bu ölkənin idmanı barədə danışdıq, onları ətraflı
məlumatlandırdım. Təəssüf ki, ölkəmiz ABŞ-da çox az tanınır. Bunu
görüşlərim zamanı hiss etdim. Çak Norrisin qardaşlarından Ken
Qallaher ABŞ Döyüş Növləri Federasiyasının (UFAF) prezidenti, digər
qardaşı isə Aron Norrisdi. Ov həvəskarıdır. Mən də ona Azərbaycanda
ov üçün gözəl yerlər olduğunu dedim və ölkəmizə dəvət etdim. Çak
Norris gələn ilin sentyabrında bura gəlməyə söz verdi. Düşünürəm
ki, buranı görsə, film də çəkdirər.
Xüsusən də, Babadağ ətəyində ekstrim yerlər var. Çak Norris
keçən il bizi bir tədbirə dəvət etsə də, iştirak edə bilməmişdik.
Bu il Qafqaz regionu, Orta Asiya və Postsovet ölkələri adından
yalnız Azərbaycan nümayəndəsi dəvət almışdı ki, o da mən idim. Bu
da onunla bağlıdı ki, biz çun-kuk-do döyüş növünü Azərbaycanda
təmsil edirik".
Xatırladaq ki, əsl adı Karlos Rey Norris olan Çak Norris 1940-cı
ildə ABŞ-ın Oklahoma ştatının Rayan şəhərciyində doğulub. Aktyor 5
uşaq atasıdır. Aktyora məşhurluq gətirən filmlər arasında
"Prezidentin adamı", "Əjdahanın qayıdışı", "Müəllim-tələbə", "Yaxşı
oğlanlar qara geyinir" kimi filmlərin adını çəkmək olar.