Yuxarı

Sən mənim məsumiyyətimsən...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sən mənim məsumiyyətimsən...

Sən mənim məsumiyyətimsən...
(Esse)

Hamı zənn edir ki, Sən göydəsən... Amma mən səni göyə açılmış ovuclarımın içində, damarlarımdakı qanda, atan qəlbimdə hiss etdikcə anladım… anladım ki, Sən mənim məsumiyyətimsən...

İnsan məsumiyyəti ilə dünyanı və gözəlliyi, qəlbini yaralayan hər kəsi xilas etmək, qurbanlıq olanların yaralarını sarmaq istədi. Əvəzində özü qurbanlıq olub yaralandı.

İnsanın içdiyi südmü acı, yoxsa həyat?! İnsan bu dünyanın harasındadır, artıq bilmir. Amma onun mərkəzinə daima birini və ya birilərini qoymağa can atır. Sonra baxır ki, o "biriləri" dediyi heç küncə də layiq deyilmiş.

***

Bu dünyada SƏN, tək Sənsən ki, uşaqlıqdan, kimsəylə danışa bilməyəndə belə İnsan Səninlə danışır. Rəsmiyyətsiz, səmimi... Kiminlə danışdısa İnsan, qarşısındakı özünü böyük bildi, ona "Siz" deyə müraciət etməsini istədi. Amma Sən daima "sən" oldun. Təkəbbürsüz, iddiasız...

***

…İnsan bu dünyada yaşaya bilmədi. Fəlsəfə uydurdu, sonra şeir, yox, özünü tapa bilmədi, daha böyük romanlara yol aldı, amma nə etdisə, tablolar çəkib özünü rahatlatmaq istəsə də, yaşaya bilmədi ki, bilmədi.
İnsan bunların axtarışındaykən, zənginliklər qazandı, varidata sahibləndi, hakimiyyət qurub diktator oldu və başı sözə qarısmış, axtarışdan yorulmuş İnsanın zəif halından yararlanıb onun üzərində hökmranlığı ələ aldı.
İnsan yaşamadı, sancı çəkdi, çünki bu dünyada ölümün varlığını unutdurmayanların mövcudluğu vacib idi...
... insansa yaşadı, əyləndi, dünyanı günahla yüklədi...

Yaşamaq - ölümü dünyaya gətirmək üçün sancı çəkməkdir.

Bunu İnsan etdi...
Yaşamaq – yer kürəsini günahla yükləməkdir...
Bunu da insan etdi...

***

Əslində İnsan Səndən nəsə istəmədi heç zaman... Sənə yalvarmadı. Sadəcə, səninlə danışdı... Çünki insanlarla danışmaq ona çətin gəldi, çünki insanlığın dili riyadır, o bu dili öyrənmək istəmədi.

Saxtadır. Bu dildən də anlaya bilmədi.
Güclü olsunmu?! Amma o güc İnsanı həyatın incəliklərini yaşamaqdan uzaq salmazmı?
Bir kəpənəyin uçuşunu izləyə bilmək...
Bir çiçəyin qönçələndiyini...
Bir pərvazın qanadlandığını...
Dənizin batan günəş altında mürgülədiyini...

Yeni dünyaya göz açmış körpənin kiçik əlləri ilə həyata tutunduğunu...

Artıq dünyadan köçməyi gözə almış bur qocanın gülüşündəki ümidsizliyi...

Bir gəncin gözlərindəki arzuların ürkəkliyini...

Daha nələrisə... görməyinə mane olmazmı bu güc!?

Güc - mərhəmətlə birləşməyib axı, zalımlıqla əlbir olub. Gücün mərhəməti yoxdur daha... Zalımlıq gücü özünə əsir edib... Bu üzdən də İnsan güclü olmaqdan qorxur.

Təbəssümün irişməyə...
Səmimiliyin riyaya…
Dürüstlüyün yalana...
Sevginin əxlaqsızlığa...
Fədakarlığın harınlığa...
Saflığın oyunbazlığa...
…qurban getməsi...

***

Və həqiqətlərin sıfırlanmasını yaşadı İnsan... Yeni həqiqətlər yaratmağın vacibliyini anladı. Amma qorxdu, çünki qəzəbli idi.

Qəzəblə həqiqət bir araya sığmaz çünki... Qorxdu və həqiqət yarada bilmədi, bu üzdən də həqiqətsiz qaldı. Sonra yalanları özünün həqiqətinə çevirdi.

Sonra anladı ki, sevgi insanlığın əməlindən utanır. Üzünü Sənin mahiyyətin olan sevgiyə tutdu və dedi ki..
Sevgi! Sən sənin yoxluğundan şikayətlənənlərin dediklərindən utanma! Səni anlıq sevdalara dəyişib, tükədənlər utansın!

***

Səninlə birləşib ruhunu Sənə təslim etmək istədi, yaşamaqdan yoruldu. Sənin verdiyini bəzən üsyan edib üzünə çırpdı. Sən də bu üsyanın qarşısını "günah" deyib almaq istədin.

İnsan Sənləşə də bilmədi. Qəlbindəki sınıqlıq buna əngəl oldu... Amma ümidini də itirmir və Səninlə danışır arabir... Gileylənir, gah asiləşir, gah da barışır Səninlə...

Dayanmadan bir həzin pıçıltı qulağında nəğmə kimi səslənir ki,... Yenilən!

Amma yeniliklər də yeni əzaba yürümək deyilmi?

Tarix
2014.01.16 / 08:30
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla