Bəzən jurnalistlərlə sənət
adamları arasında konflikt yaranır. Jurnalistlərin verdiyi xəbərlər
böyük səs-küyə səbəb olur. Axar.az bu mövzu çərçivəsində
jurnalistlərə belə bir sual ünvanlayıb:
"Jurnalistika fəaliyyətiniz müddətində hansı yazınız sənətçilər
tərəfindən hədə ilə qarşılanıb və hansı sənətçi sizi məhkəməyə
verəcəyini deyib?"
Ölkə.az-ın müxbiri İntiqam Valehoğlu belə bir hadisə ilə
bir dəfə üzləşdiyini bildirib:
"12 ildir jurnalistikadayam. Bu müddətdə cəmi bir dəfə məhkəməyə
verilmişəm. Bu haqda ətraflı danışmağa lüzum yoxdur. Çünki o zaman
bu söhbət çox böyüdü. Əməkdar artist Mətanət İsgəndərlinin məni
məhkəməyə verməsini nəzərdə tuturam. Sonda bir sıra ziyalıların və
media nümayəndələrinin tövsiyəsi ilə barışıq oldu.
Hədə-qorxular da olub. Amma onlardan bəziləri ilə sonradan
dostlaşmışıq. Məsələn, bir dəfə əməkdar artist Cavanşir Məmmədovla
bağlı yazdığım yazı xoşuna gəlməmişdi. Buna görə məni çox hədələdi.
Həm də açıq hədələr – belə elətdirərəm, elə elətdirərəm. Sonra
durdu gəldi redaksiyaya. Oturduq, danışdıq və məsələni yoluna
qoyduq. Hazırda Cavanşir Məmmədov ünsiyyətim yaxşı olan azsaylı
sənətçilərdəndir".
Big.az-ın baş redaktoru Əfruzə Ağayeva belə hadisələrlə
tez-tez qarşılaşdığını deyib:
"Hələ ki, məhkəməyə verən olmayıb, amma hədələr çox olub.
Önəmsəməmişəm, çünki əlimdə mənbə olmadan heç bir xəbəri
yazmamışam. Əməkdar artist Elza Seyidcahan, müğənni Səidə Dadaşova
və başqa müğənnilərin hədələri olub, ancaq sonra anlaşmışıq".
Axşam.az-ın əməkdaşı Sərvər Mehdiyev bu kimi hadisələrin
baş verməsində jurnalistlərin də rolunun olduğunu
vurğulayıb:
"Bu, jurnalistin özündən də asılıdır. Əgər müğənni dediyi nəyisə
təkzib edirsə, jurnalistin buna qarşı sübutu olmalıdır. Bəzən
jurnalistlər müğənnilərin dediklərini düzgün formada yazmırlar,
təhrif edirlər və haqsız duruma düşürlər. Mənim başıma belə bir şey
gəlməyib, çünki deyiləni olduğu kimi yazıram və mübahisəli
açıqlamalarda səsyazmadan istifadə edirəm. Ümid edirəm ki, bundan
sonra anlaşılmazlıq olmaz".
Geccə.az-ın baş redaktoru Zəminə Rüstəmova incikliyə yol
verməməyə çalışdığını bildirib:
"Məhkəmə olmayıb, adi inciklik olub. Yadıma gəlir, mən "Ayna"
qəzetində işləyən zaman Aygün xanım İlhamə Quliyeva haqda müsahibə
vermişdi. Buna görə də İlhamə Quliyeva məndən incimişdi. Çünki
Aygün xanımla İlhamə Quliyeva küsülü idi. Orada şəxsi yanaşmaydı,
jurnalist müdaxiləsi deyildi. Sadəcə, yüngül bir inciklik idi,
keçdi getdi. Mənümumiyyətlə qərəzli, mənbəyi olmayan informasiyalar
yazmıram ki, məhkəməyə gətirib çıxarsın. Birinci öz qələmimə hörmət
edirəm və eyni zamanda haqqında yazdığım insanlara hörmət edirəm
ki, şəxsiyyətlərinə toxunmayım".