Yuxarı

R.Qaraca: “Azərbaycanda ədəbiyyat yoxdur”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu, ayrı söhbətin mövzusudur..."

Reputasiyası pozulmuş olan bir rəsmi yazıçı təşkilatı var

- Rasim bəy, sizcə, Azərbaycan ədəbiyyatında qruplaşmanın əsas səbəbi nədir?

- Zümrüd xanım, sualınızın tərkibində iki təsdiq var. Birincisi, Azərbaycanda ədəbiyyat var, ikincisi ədəbiyyatda qruplaşma var və sual bunların səbəbidir. Əvvəlcə onu deyim ki, Azərbaycanda ədəbiyyat yoxdur, yəni dünyada başa düşülən mənada ədəbiyyat yoxdur, burada ədəbiyyat imitatorları və çoxlu imitasiyalar var. Kiçik istisnalar xaricində bu, belədir, bunu mənim subyektiv fikrim kimi qəbul edə bilərsiniz. O ki qaldı ədəbiyyatdakı "qruplaşmalar"a, mən siyasətdən gələn, bir az da bizim leksikonumuzda kriminal məna çaları daşıyan bu termini qəbul etmirəm, çünki bu kəlmə hansısa bir "bütov"ü və ya "tam"ı ehtiva edir, yəni hansısa bir tam, kamil, bitkin bir ədəbiyyat quruluşu var və yerdə qalanlar fraksiyadır, "qruplaşma"dır. Halbuki belə deyil. Bəli, Sovetlərdən qalma, köhnəlmiş, qeyri-funksional, reputasiyası pozulmuş olan bir rəsmi yazıçı təşkilatı var, lakin, yeni gələn nəsillər bu eybəcərliyə qoşulmaq istəməyəndə buna "qruplaşma" demək ən az elə həmin köhnəliyi dəstəkləmək deməkdir. Əgər söhbət Yazarlar Ocağından gedirsə, bu bizim mədəniyyət tariximizdə yazıçıların ilk və hələlik son protest qrupudur. Belə götürəndə, ənənəsi olmayan bir hadisədir, müstəqilliyə, demokratiyaya uyğun olan və yaraşan bir hadisədir. Sizin kimi inqilabçı bir xanımın bunu bu cür dəyərləndirməsini istərdim.

Yenidən təşkilatlanmanın səbəbi nədir? Siz də bilirsiniz ki, Azərbaycan cəmiyyətinin ən böyük problemi, böyük hərflərlə, YALANdır. Hər şey süni, qondarma və saxtadır. Məgər sovet illərində yazılan bütün əsərlər yalanın tərənnümü deyildimi? Demək istəyirəm, bizdə yalanın böyük bir ənənəsi var və hesab edirəm, bu ənənə bir yerdə sona çatmalıdır. Təəssüf ki, bizim bir çox yeni nəsil yazarlarda belə bir inam var, guya həqiqət naminə yalanla əməkdaşlıq etmək olar. Amma bu, illüziyadır. Yalan həqiqət ərazilərini elə bu metodla istila edir. Təsadüfi deyil ki, Azad Yazarlar Ocağının 2003-cü ilin 16 oktyabrında qəbul edilmiş Manifestində belə bir maddə var: "Həqiqətə sədaqət bizim yeganə fəaliyyət meyarımızdır. Bu sənədi imzalamaqla biz, guya Xeyirin naminə Şərlə əməkdaşlığın mümkün olduğu xülyasına qarşı inamsızlığımızı ifadə edirik". Biz yazıçılar cəmiyyətimizin total yalana bürünməsinə, onun normaya çevrilməsinə qarşı mübarizə aparmalıyıq.

Adamın cavabına o zaman heyrət etmişdim

- Rasim bəy, mən qruplaşma deyəndə ədəbi qurumları nəzərdə tutmadım, o məsələyə sonra gələcəkdim. Daha aşağı səviyyədə olan, dostluqlar, yoldaşlıqları nəzərdə tutdum. Axı bu bir gercəkdir ki, ədəbiyyatda da kim kimin dostudursa, bir-biri haqqında təriflər yazır, düşməndirsə inkar edir. Bu psixologiyanı necə izah edirsiniz?

- Şəxsi münasibətlər, hər zaman və hər yerdə önəmlidir. Bir dəfə mən Almaniyada olarkən çox məşhur bir nəşriyyatın direktorundan soruşdum, bizim azərbaycanlı gənc yazarlar Avropada çap olunmaq istəyirlər, bunun yolu nədir? Adamın cavabına o zaman heyrət etmişdim: "Mən özüm də yazıçıyam və şəxsi müşahidəmə əsaslanıb deyə bilərəm ki, ən birinci şərt şəxsi münasibətlərin olmasıdır, naşirin yazıçını şəxsən tanıması çox vacibdir". Sizin sualınıza gəlincə, birmənalı cavab vermək çətindir. Gənc yazıçılar ruhən özlərinə yaxın olan istər yaşlı, istərsə yaşıd olduqları yazıçılarla təmas qurmaqdan çəkinməməlidirlər. Əks halda ayı meşədən küsüb, meşənin xəbəri yox, məsəli ortaya çıxacaq.

Bütün hallarda fərdi hadisə

- Ədəbiyyatda qurumların rolu sizcə, çoxmu vacibdir? Bir yazarın yaxşı yazması üçün onun hansı qurumdasa təmsil olunması vacibdir, yoxsa azad olması?

- Ədəbiyyat dərnəkləri hər zaman olub, dünyanın hər yerində, indi də var. Məşhur "Beynəlxalq Pen" təşkilatını misal göstərmək olar. Yazıçının hər hansı bir dərnəkdə olub-olmamasının onun yaxşı yazmasıyla əlaqəsi ola bilməz. Yaradıcılıq bütün hallarda fərdi hadisədir. Lakin Avropa maarifçilərindən gələn yazarın ictimai missiyası məsələsi var. Əlbəttə, yazıçı öz hücrəsinə çəkilib gözəl əsərlər yarada bilər, ancaq ictimai missiyası olan yazıçılara hər zaman üstünlük verilir. Xüsusən Azərbaycan kimi insan haqlarının təmin olunmadığı ölkələrdə yazıçının ictimai missiyasının olması xüsusi əhəmiyyət daşıyır. Bu cür yazıçıların birləşərək öz dərnəklərini yaratması da ən qanunauyğun haldır mənə görə...

O, ya öldürülür, ya həbsə atılır, ya da satın alınır

- Sizə yazarın azadlığı deyəndə nə nəzərdə tutulmalı, ümumiyyətlə, azadlıq sizə görə nədir? Düşünürsünüz ki, bu gün Azərbaycan yazarı azaddır? Təkcə siyasi baxımdan deyil, yanaşma və düşüncədəki azadlığı da nəzərdə tuturam...

- Mən yazıçının azadlığı deyəndə azad tənqid imkanlarının olmasını nəzərdə tuturam. Beynəlxalq prinsiplərlə "söz azadlığı" deyəndə nə nəzərdə tutulursa, onu nəzərdə tuturam. Biz özümüzdən yeni təriflər uydura bilmərik, söz azadlığı yayğın anlayış deyil, son dərəcə obyektiv anlayışdır. Avtoritar quruluşlarda yazıçının azadlığından danışmaq anlamsızdır. Belə quruluşlarda həqiqəti söyləyən yazıçı ilə davranmağın bir neçə üsulu var, o, ya öldürülür, ya həbsə atılır, ya şantaj edilir, ya da satın alınır. Ancaq azad söz olmadan, azad tənqid olmadan cəmiyyət inkişaf edə bilməz. Biz cəmiyyət həyatındakı bütün dəyişikliklərə görə cəsarətli qələm adamlarına borcluyuq. Mən cəsarətsiz olduqlarına görə heç kəsi qınamaq istəmirəm, zəiflik insan təbiətidir. Hətta satqınlara belə nifrətlə baxmıram. Ancaq zəiflər və satqınlar bir şeyi çox yaxşı bilməlidirlər; satılmayanlarla müqayisədə onlar heç nədirlər.

Allah bizdən uzaq məsafədə deyil

- Rasim bəy, Allahın varlığına inanırsınızmı? Əgər inansaydınız və ona məktub yazmaq imkanınız olsaydı nə yazardınız?

- Mən Mütləq Təfəkkürə inanıram. Haqqın nazilsə də, ancaq üzülməyəcəyinə, ictimaiyyətə açılan insanların kollektiv karma daşıyıcıları olduğuna, qüdsiyyətə, sevgiyə, dostluğa, əhdə, vəfaya inanıram. Allah bizdən uzaq məsafədə deyil, ona məktub yazmağa ehtiyac yoxdur, pıçıltılı bir səs yetər.

Bundan ötrü kənd futbolu inkişaf etməli

- Sizcə, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatının bir parçasına çevrilə bilməməsinin səbəbi nədir - istedadsızlıq, yoxsa reklamın düzgün qurulmaması?

- Dünyada tanınmaq və böyük yazıçıların yetişməsi sıradan bir problem deyil. Azərbaycanda mövcud olan indiki bürokratik sistemlə bu problemi həll etmək mümkün deyil mənə görə... Bir misalla fikrimi anlatmağa çalışacağam. Bir dəfə bir TV proqramda bizim bir xanım jurnalist Bakıya gəlmiş dünyaca məşhur futbolçuya belə bir sual vermişdi: "Sizcə, Azərbaycanda nə zaman dünya səviyyəli futbol olacaq?" Adam cavabında, bu, uzun prosesdir, bundan ötrü kənd futbolu inkişaf etməli, məktəb futbolu yaranmalı və s. işlər görülməlidir dedi. Təbii ki, futbolçuların tanışlıqla, adamın adamı prinsipi ilə və rüşvətlə seçilməsi məsələsini qonaq futbolçu dilə gətirmədi, ancaq bizdə durumun necə olduğu hamıya məlumdur. Məncə, Azərbaycan ədəbiyyatındakı vəziyyət də buna bənzərdir. Təhsil sistemi düzəlməli, dərsliklərə qondarma əsərlər deyil, həqiqətən ədəbi dəyəri olan əsərlər salınmalı, oxucular yetişməli və ədəbiyyatın aktuallaşdırılması üçün kompleks işlər görülməlidir. Nəşriyyat və kitab satışı şəbəkəsində olan problemlər aradan qaldırılmalıdır, habelə yazıçıların sosial rifahının yaxşılaşdırılması üçün işlər görülməlidir. Ümumən, bizdə ədəbiyyat məsələləri dövlət tərəfindən düzgün tənzimlənməməkdədir. Bu, ayrıca söhbətin mövzusudur.

Tarix
2013.10.30 / 15:19
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla