Güneydən olanlar
Bu sözlərin müəllifi indi Türkiyənin Ankara şəhərindən yaşayan,
Azəbaycanın güneyindən olan heykəltaraş Cavad Bezergenlidir. Cavad
vətəninin hər iki tərəfində özünü realizə edə billmədiyindən
Türkiyəyə sığınıb və oranı ikinci vətəni hesab edir.
- Cavad
bəy, niyə Türkiyəyə yerləşdiniz, məgər İranda yaradıcılıqla məşğul
olmaq mümkün deyildi?
- İranda yaradıcılıq var, ancaq orda vizual sənətə ya islami, ya
da İrançılıq yönündən dəyər verilir. Yəni bir sənətçidən İslami
düşüncəni sərgiləməsi açıq tələb olunmasa da, üslubu İslami
olmalıdır. Ya da bir İran qəhrəmanının abidəsini düzəltmək üçün
heykəltəraşa əngəl olacaq heç bir şey yoxdur, amma orda yaşayan
başqa millətləri təmsil edəcək hər hansı əsəri yaratmaq üçün
hakimiyyətlə qarşı-qarşıya gəlib mücadilə etmək lazımdır. Amma
burda ən azı insanın düşüncəsini bəyənməsələr də, ona qarşı da
çıxmırlar.
- Türkiyədə necə, istədiyiniz kimi rahat şəkildə işləyə,
özünüzü realizə edə bilirsinizmi?
- Burda qərib olduğumuz üçün bir çox sıxıntıyla
qarşılaşırıq. Vətəndaş olmadığımıza görə sığortalı işdə çalışa
bilmirik. Hətta bəzən çalışdığımız işdə pulumuzu ala bilmirik. Bu
ölkədə sənətə, ən azından heykəl sənətinə yanaşma fərqlidir. Təbii
ki, burda millətin neçə yüz illər yaşadığı
siyasi-sosioloji-ekonomik və kültürəl sıxıntılar bunu zəruri edib.
Sənəti ortaya çıxaran ən önəmli səbəblərdən biri toplumda yaşanan
sıxıntılardır. Məncə, hər dönəmin özünə aid sıxıntıları,
əhvali-ruhiyyəsi, arzuları olur. Tarix belə yaranır və hər şey də
sənətə yansıyır. Türkiyə çox böyük potensiala sahib olmasına rəğmən
real sənətdə gərəkdiyi yerdə deyil. Amma nə olursa-olsun burda
sənət üzərində çalışmaq İrandan daha rahatdır. Ən azı insan
istədiyini işləyə bilir. Düzdür, sənətlə məşğul olan insan işlərini
sata, sənətdən pul qazana bilmir, amma əsas odur ki, burda sənətə
basqı yoxdur.
- Əsərləriniz maraq çəkirmi, yoxsa bir güneyli kimi
Türkiyə mühitində üzə çıxmaq, özünü təsdiq etmək
çətindir?
- Mən Güney Azərbaycanda şəhərsalma sahəsində çalışmamışam, daha
çox miniatür və Universitet tələbələrinin layihələri üzərində
çalışırdım. Ölkədən çıxmaq məcburiyyətində qaldım. Samsunda bir
firmayla işə başladım. İlk öncə biz otellərdə, evlərdə və dövlət
binaları üzərində heykəllərin işlənməsi işinə başladıq və çox qısa
zamanda tanındıq. Samsun Təkkə Köy və Ladik bələdiyyələrindən 2.5
metrdən uca olan heykəl sifarişləri aldıq. İşlədiyimiz heykəllərin
hamısı böyük həcmdə olmasına rəğmən, çox rahat satıla bildilər. Mən
öz ideyalarımı asanlıqla reallaşdırıb həm öz sənətimi inkişaf
etdirə, həm də pul qazana bilərdim. Amma dediyim kimi, biz burda
vətəndaşlıq ala bilmədiyimizə görə çalışdığımızın qarşılığında da
məvacib ala bilmirk. Bu üzdən də Samsundan ayrılmaq məcburiyyətində
qaldım.
- Sizin də dediyinizdən belə bəlli oldu ki, güneydən
olan soydaşlarımızın Türkiyədə işləməsi, yerləşməsi ilə bağlı
problemlər var. Heç düşündünüzmü, niyə Azərbaycanın qüzeyində
yerləşib rahat şəkildə işləyə bilmirsiniz?
- Təbii ki, Quzey Azərbaycan bizim üçün daha
uyğundu və orda yaşayıb işləməyin ayrı ləzzəti var. Ora bizim ana
yurdumuzun bir parçasıdır, həm də heykəltaraşlıq Azərbaycanda daha
güclüdür. Amma biz Quzey Azərbaycana yerləşmək üçün daha çox
mücadilə etməliyik, orda 3 aydan bir viza pulu ödənməlidir. Qüzey
Azərbaycanda bu Türkiyədəkindən qat-qat çox xərc tələb edir. Eyni
zamanda orda iş və ya təhsil oturum izni almaq üçün çox pul və
enerji sərf etmək gərəkdir. Amma burada ən azından oturum almaq
rahatdır və viza pulu ödəmirik. Mən də istərdim ki, Bakıda və ya
Quzeyin hər hansı başqa yerində yaşayım, çalışım və hayatımı davam
etdirim. Kaş ki, olsaydı… Amma nə yazıq ki, olmur.
- Türkiyədə qalacaqsınız, yoxsa Avropaya getmək fikriniz
var?
- Mənim vəziyyətim fərqli olduğu üçün daha Güney Azərbaycana
dönə bilmərəm və rəsmi prosedura görə bura mənim ikinci vətənim
sayılır. Amma düşünürəm ki, bir müddətdən sonra burdan da çıxmaq
məcburiyyətində qalacağam. Dediyim ki, ilk getmək istədiyim yer
Azərbaycanın qüzeyidir, amma bilirəm ki, bu arzum da
gerçəkləməyəcək.