Şərurlu İsfəndiyar çoban deyil, ola bilməz, çünki çaban olması üçün bir çox çatışmazlığı var: çoban rüşvət almır, vermir, bir evi bir neçə adama satmır, tikdiyi binada lift qırılanda “150 kiloluq arvad minib, ona görə qırılıb” təfəkkürü ilə öz günahını başqasının üstünə atmaq və sadə insanları aşağılamaq dərəcəsində qırmızılıq etmir; çobanlıq asan peşə deyil və hər adam bacarmaz – nə əziyyətinə, nə də xüsusiyyətlərinə görə. Çobanlıq elm olmaya bilər, ancaq özlüyündə böyük ənənəsi, qaydaları, yaşam tərzi olan bir həyatdır. Bu ənənə və qaydaları, xüsusiyyətləri, hər heyvanın “dilini” bilməsən, bacarmazsan o işi.
Sadəcə, “Şərurlu İsfəndiyar” və yaxud “İsfəndiyar Axundov” yazıb, internetdə bir axtarış verin. Nələr çıxacaq, bilirsinizmi? “Yaşıllığa qənim kəsilən”, “ağacları məhv edən”, “mənzili bir neçə adama satan”, “bankdan götürdüyü krediti qaytarmadığı üçün məhkəməyə verilən” və s. və i.a.
Bunu heç bir çoban bacarmaz, etməz, edə bilməz!
Şərurlu İsfəndiyar həm də ona görə çoban ola bilməz ki, o, qoyun saxlamır, “alimlərlə çalışır”.
O ki qaldı yazıb-oxuya bilməməsinə, şişirtmədir: Azərbaycanda yazıb-oxuya bilməyən barmaqla sayılar. Yüksək ixtisaslı mütəxəssislərlə işləməsi üçün “İnturist”də yer götürə bilirsə, torpaq alıb, bina tikməyə başlayırsa – demək, əvvəlcədən kapitalı, arxası, əlaqələri, yeni terminlə desək, “menecerlik imkanları” olub və var. O “menecerlik imkanları” necə yaranıb? – bu, ayrı söhbətin mövzusudur.
Şərurlu İsfəndiyar Bezos deyil, Mask, Qeyts qətiyyən deyil, heç Koç və ya Sabançılarla da müqayisə oluna bilməz. Amma Azərbaycanda de-yure yox, de-fakto milyarderlər sırasındadır və onun “Ferbes”ə düşən azərbaycanlı milyarderlərlə müqayisə olunacaq var-dövlətə sahib olduğu haqda qeyri-rəsmi iddialar var.
Məsələnin mahiyyətinə gəldik: Şərurlu İsfəndiyarın – özünü çoban adlandıran bu şəxsin nəyi varsa, hər şeyinə görə bu xalqa, dövlətə, hökumətə borcludur. Çünki o, qeyri-adi istedadı ilə milyardlara sahib olmayıb, sadəcə, menecerlik edib və onun üçün açılan qapılardan keçib və ya keçirilib. Bəs, ona milyardlar qazandıran bu dövlətə minnətdarlığını necə bildirib?
Yenə axtarış veririk və bunlar çıxır: Şəhidlərimizin 40-ı çıxmamış edilən toy, milyonluq villa və avtomobillər və s. Bəs, Ordumuza hansı dəstəyi göstərib? Axı onun üstündə binalar ucaltdığı torpağı canı-qanı ilə qoruyan Ordumuz, əsgərimiz var!
Hansı əsgərimizə, qazimizə, zabitimizə ev, maşın bağışlayıb, neçə şəhid ailəsini himayəsinə götürüb?
Nə qədər axtarış verirsinizsə verin, bu barədə heç bir informasiya çıxmır!
Savadlı, yüksək təhsilli insanların – alimlərin xeyrini gördüyünü deyir. Bəs, gənclərin yüksək təhsil alması üçün hansı yatırımlar edib? Nə qədər gəncin xaricdə təhsil almasına dəstək olub? Bu millətdən qazandığı milyardlardan bu millətin gələcəyi üçün nə qədər xərcləyib?
Alimin elmindən bəhrələnən Şərurlu İsfəndiyar elmin inkişafı üçün neçə layihəni dəstəkləyib?
Şərurlu İsfəndiyar bu qədər var-dövlətlə ölkədən kənarda hansı layihələr icra edib? Yoxsa yalnız Yasamalda ağacların axırına çıxmaqla bir-birinin içində binalar ucaltmaqla milyardlarını artırmağa çalışıb?
Hanı bu milyardların imkan yaratdığı meqalayihələr?
...O video-müsahibəyə baxanda yalnız bir zadı düşündüm: lift qırıldığı üçün “150 kiloluq arvadı” qınayan Şərurlu İsfəndiyar güzgünün önündə özünə baxıbmı?