Yuxarı

“Atamın başına 25 min pul qoyulmuşdu” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Atamın başına 25 min pul qoyulmuşdu” - Foto

Əvvəli bu linklərdə:

Sovet qırıcısını Türkiyəyə qaçıran azərbaycanlı – Müsahibə

Sovet qırıcı təyyarəsini Türkiyəyə qaçıran azərbaycanlı – Müsahibə/II

Sovet uçağını qaçıranın oğlu danışdı - İnanılmaz tale/Foto

Zeynəb Xanlarova "vətən xaini" ilə KQB-dən gizli necə görüşüb - Foto

"Sovet qırıcısını qaçıran azərbaycanlı" yazımızın əks-sədası tez bir zamanda eşidildi. Qəhrəmanımızı – Məmməd Məmmədovu (Məhmət Altunbayı) tanıyanlar, haqqında bilgiləri olanlar bizimlə əlaqə yaratdı.

Məhmət bəyin hazırda İsveçrədə yaşayan türkiyəli xanımından – Məlahət xanımdan olan oğlu Oqtay Altunbay bizimlə əlaqə saxladı. Oxucularımız onunla etdiyimiz müsahibə ilə artıq tanışdır. İlk həyat yoldaşı azərbaycanlı Gülsüm xanımdan doğulan böyük oğlu dramaturq Oqtay Altunbayın izinə düşmüşük, onun axtarışına başlamışıq (xatırladaq ki, Məmməd Məmmədov hər iki oğluna eyni adı qoyub. Azərbaycanda olan oğlu atasının və qardaşının şərəfinə atasının türk soyadını özünə təxəllüs götürüb).

Onu da öyrəndik ki, Məhmət Altunbayın Tamella adında ilki olub ki, qəhrəmanımız rus rejminə etiraz olaraq ölkəni tərk etdikdən sonra kommunistlər yaş yarımlıq uşağı anasının əlindən alıb və həmin uşağın taleyi indiyə qədər heç kəsə məlum deyil.

Məhmət Altunbayın İsveçrədəki oğlu babası və nənəsi – Qaçaq İbrahim, Bəyim xanımdan bəhs edən əlyazmalarını bizə göndərib. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq həmin xatiratları türkcəmizə uyğunlaşdıraraq dərcə hazırladıq.

ÖLSƏM… OQTAY ELOĞLU…

Oqtay Altunbayın göndərdiyi xatirələr içərisində ən kövrəyi atasının ailəsindən ayrıldığı gecənin qələmə alındığı anlardır.

"Əvvəl yatağında mışıl-mışıl yatan oğlumu diqqətlə süzdüm. Bu, oğlumla son görüşümdü. Bir də görə biləcəmmi? Yanaqlarından öpdüm onu. Bu, son öpücüyümdü. Tanrı imkan verəcəkmi, bir də öpə biləcəmmi? Bilmirəm. Hətta balamın yanaqlarına damlayan bir neçə damla göz yaşım belə, bir daha balamın yanaqlarına damlamayacaqdı.

Arvadım göz yaşları içində dedi:

- Hələ heç oğluna ad da qoymayıbsan.

- Sağ qalsam oğlumun adı Oqtay, ölsəm Oqtay Eloglu olsun, - dedim.

Arvadım bir anda hıçqıra-hıçqıra ağlamağa başladı.

- Bu nə sözdü deyirsən? Ölsəm nə deməkdi? Yox, sənin başında mütləq bir fəlakət var. Kədərləndirməmək və qorxutmamaq üçün mənə heç bir şey demirsən. Hətta hərbi məktəbin rəhbərliyindən ayrıldığını belə, mənə deməyibsən, - deyərək hönkür-hönkür ağlayırdı.

Onu sakitləşdirmək üçün dayanmadan and-aman eləyirdim…"

QAÇAQ İBRAHİM

"Çar idarəsinin türkləri məhv etmək siyasətinə və ardıcıl olaraq sürətlə Qafqaz ermənilərini türklərin əleyhinə qaldırmasına baxmayaraq, həyətimizdə nisbətən sakit bir həyat yaşadığımızı xatırlayıram. Atam mərd, cəsur və olduqca mərhəmətli bir adam idi. Onun tez-tez qoyun, keçi və hətta gənc danaları kəsdirərək yoxsul kəndlilərə payladığını anam bizə həmişə danışardı. Rus çarlarının, ibliscəsinə saldıqları intriqalar, qarşıdurmalar Azərbaycanda minlərlə türk və erməni qanının axmasına səbəb olmuşdu. Rus çarının və onun yerlərdəki məmurlarının Azərbaycanda tətbiq etdiyi zülmə dözməyən yüzlərlə azadlıq aşiqi olan azəri fədailəri silahlanaraq dağlara, meşələrə çəkilmişdilər. Atam da onlardan biri idi. O, da dağlara çəkilmiş, yüzlərlə azadlıq istəyinə qovuşmaq istəyən insana başçılıq etmişdi. Atamın çar rejiminə qarşı apardığı azadlıq mübarizəsi qısa bir zamanda Azərbaycanın geniş bir sahəsinə yayılmışdı. Rus qubernatoru atamın ölüsünü və ya dirisini gətirənə 25.000 rubl mükafat vəd etmişdi. Lakin çar rejiminə qarşı daim kin bəsləyən azadlıq, özgürlük aşiqi olan Azərbaycan kəndlisi, atamı heç bir zaman düşmənin əlinə verməyi ağlından keçirməmişdi. Atam yerlilərinin, xüsusilə kəndlilərin nəzərində, milli qəhrəman idi. O, "Qaçaq İbrahim" (azərbaycanlılar mücahidlərinə Qaçaq deyərlər!) adı ilə o dərəcədə geniş bir şöhrətə sahib idi. Çar idarəsindən zərər görən kəndlilər, düşməndən intiqam almaq üçün atamı dağlarda, meşələrdə axtarıb tapar, onun qaçaq dəstəsinə qoşular, yaxud şikayətlərini edər, ondan kömək umardılar.

Atamın evimizə çox az gəldiyini xatırlayıram. Hətta, bəzən aylarla onun üzünü görə bilməzdik. Yazıq anam yazın aylı, qışın isə dondurucu, uzun və darıxdırıcı gecələrini daim atamın yolunu gözləməklə keçirərdi. Bu bitməyən intizar gecələrində anamın hıçqırıqlarlarına, ağlar səsinə yuxudan oyandığımız zamanları xatırlayıram. Evimizdə anamdan başqa üç qardaş idik. Lakin heç birimiz anamızın dərdlərinə ortaq olacaq və ya onun göz yaşlarının səbəbini anlayacaq yaşda deyildik. Biz də atamızı gözləyirdik, amma indi anlayıram ki, bu intizar anamızın intizarı kimi deyilmiş…"

ANAM – GÖZƏL BƏYİM XANIM…

Məhmət bəyin xatiratlarının anası haqda bəhs edilən bölümündə də kövrək hisslər, nisgil dolu anlar ürəkağrıdıcı ifadələrlə çatdırılır. Həmin bölmədən bizə ünvanlanan hissəni olduğu kimi yayınlayırıq:

"Mən, Şimal qasırğalarının Azərbaycana ölüm saçan uğultuları arasında, azadlıqdan məhrum olan bir ölkədə doğulmuşam. Doğum tariximi düzgün olaraq bilmirəm. Lakin anam izah edərdi ki, soyuq bir gecədə, kəndlilər kənd meydanında güllələndiyi gecə dünyaya gəlmişəm. Demək, acı taleyim dünyaya gəldiyim gecə alnıma yazılıblmış.

1931-ci ildə Rafa (İşçi) Fakültəsini (Fəhlə - işçi məktəbi) bitirib, Bakı Hava Qüvvələri Məktəbinə girə bilmək üçün tibbi müayinədən keçərkən, həkimlər dişimə baxdılar. Və mənim 18 yaşımda olduğumu söylədilər.

Anam Bəyim xanım, fidan boylu, narın – zərif quruluşlu, olduqca gözəl, lakin talesiz bir qadın idi. Uşaqlarının yaşlarını da bayramlara, ya şiddətli qışa və ya kəndimizdə üryan edən böyük qırğın hadisələrinə görə hesablayardı. Anamın bu hesablarına atam daim qəhqəhələrlə gülərdi. Atam o zaman əkinçi olmasına baxmayaraq, zamanının oxumuşlarından sayılardı.

Azərbaycan tarixində olduqca əhəmiyyətli bir yeri olan Gəncə şəhərinin 55-60 km şimal şərqindəki Qara Musalı kəndində yaşayırdıq. İkimərtəbəli evimiz, olduqca geniş bağ sahəmiz, sayı bir neçə yüzü aşan at ilxımız, inəklərimiz, camış və qoyunlarımız vardı. Evimiz, meyvə ağaclarının ortasında, kəndin ən şirin, ən gözəgəlimli evi idi. Leninçilər bizim kəndimizi işğal və talan etdikləri zaman anam 29 yaşında gənc və gözəl bir qadın idi. Kənddə anama "gözəl Bəyim" deyə ad qoymuşdular".

Məhmət Altunbayın xatirələrini əldə etdikcə dərc edəcəyik…

Tarix
2014.06.18 / 10:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla