Mariya İqnatyevna Zakrevskaya-Benkendorf-Budberq heç
şübhəsiz ki, dövrünün ən müstəsna qadınlarından biri
idi
O, sanki bir deyil, bir neçə həyat yaşayıb. Rus diplomatının
arvadı, Britaniya səfirinin sevgilisi, ingilis fantast yazarının
rəfiqi, proletar yazıçısının köməkçisi...
İnsanları cəlb etmək və onların taleyinə təsir göstərmək
xüsusiyyətinə görə onu rus Miledisi və qırmızı Mata Hari
adlandırırdılar. Onun maqnetizmi – qeyri-adi ağılla möhkəm xarakter
və nadir füsünkarlığın qaynayıb çulğaşmasından ibarət idi.
Aleksandr Blok ona şeir, Maksim Qorki roman həsr etmiş, İosif
Stalin isə günlərin birində çiçək bağışlamışdı.
19 yaşlı cazibədar qız
Mariya İqnatyevna 1892-ci ildə Sankt-Peterburqda Senatın
ober-prokuroru İqnatiya Platonoviç Zakrevskinin ailəsində anadan
olub. İngilis dilini dərindən öyrənmək üçün valideynləri institutu
bitirdikdən sonra onu Londona yollayırlar. 19 yaşlı cazibədar qız
burada estoniyalı zadəgan, rus səfirliyinin məmuru İvan
Benkendorfla tanış olur və tezliklə ona ərə gedir.
Gənc ər-arvad diplomatlara xas adi kübar həyat tərzi
keçirirdilər. Çoxlu maraqlı tanışları var idi. Onlardan ən
məşhurları yazıçı Gerbert Uells və diplomat Bryüs Lokkart idi.
Dostların hər ikisinə də Mariyanın taleyində xüsusi rol oynamaq
nəsib olacaqdı.
Bir ildən sonra Benkendorfu Almaniyadakı rus səfirliyinə
göndərirlər və gənc cütlük Berlinə köçür. İki ildən sonra isə
birinci dünya savaşı başlayır və Mariya əri ilə birlikdə
Sankt-Peterburqa qayıdır. 1917-ci ildə şəhər inqilabi hadisələrin
mərkəzinə çevriləndə əri azyaşlı uşaqlarını da götürüb Estoniyadakı
dədə-baba malikanələrinə gedir. Mariyanın isə anası xəstə
olduğundan Peterburqda qalmalı olur və çox tezliklə dəhşətli bir
xəbər alır: əri qətlə yetirilmiş, malikanə qarət edilmiş, uşaqları
isə qonşulara sığınmışdı. Estoniya ilə əlaqələr kəsilmişdi, bu
torpaqları işğal edən alman qoşunları Petroqrada doğru
irəliləyirdi. Mariya heç cür bir yol tapıb uşaqlarının yanına gedə
bilmirdi. Həmin dönəmlərdə vəziyyəti olduqca çətin idi: yaşayış
üçün bütün vasitələrdən, hətta mənzildən də məhrum olmuşdu.
Köhnə tanışlıq təzələnir
Londondan olan köhnə rəfiqəsi, ingilis səfirinin qızı dadına
çatır. Mariya tez-tez onun evində olur və həmişə də burada
rastlaşdığı, o vaxtlar Rusiyadakı ingilis diplomatik heyətinin
rəhbəri Bryüs Lokkartla tanışlığını təzələyir. Lokkart gündəliyində
yazırdı: "Bu gün Muranı (yaxınları Mariyanı belə adlandırıdılar)
gördüm... Həyatın əzab-əziyyətlərinə mətanətlə dözür, bu isə hər
cür qorxu və həyəcandan tam uzaq olmaq deməkdir".
Mura və Lokkart bir-birilərinə dəlicəinə aşiq olurlar.
Petroqradın inqilabi əhvali-ruhiyyəsi, hər gün üzləşdikləri
təhlükələr onların hislərini daha da alovlandırır və birgə
keçirdikləri hər dəqiqənin dəyərini artırırdı.
1918-ci ilin martında sovet hökuməti Moskvaya köçür, ingilis
missiyası da oraya yollanır. Bir müddət sonra Mariya Lokkartın
Moskvadakı mənzilində yerləşir. "Muranın həyat eşqi münasibətdə
olduğu hər kəsi heyran qoyur. O - əsilzadədir və mən onun şəxsində
füsunkar bir qadın görürəm", - Lokkart gündəliyində yazırdı.
Bu arada Rusiyada siyasi durum daha da gərginləşir, vətəndaş
müharibəsi alovlanır. Lokkartın vasitəsi ilə pul axını ağ
generallara və bir çox antisovet aksiyaların təşkilatçısı eser
Boris Savinkova ötürülür. 3 sentyabr 1918-ci ildə isə "İzvestiya"
qəzetində "üç səfirin" Sovet hökumətinə qarşı sui-qəsdinin ifşa
olunması haqqında məlumat verilir. Sui-qəsdin əsas təşkilatçısı
kimi isə Britaniya diplomatik heyətinin rəhbəri Robert Bryüs
Lokkart ittiham olunurdu. Gecə Lokkartı aparmağa gəlirlər, Mariyanı
da onunla bərabər götürürlər. İngilis diplomatının taleyi inqilabi
tirbunalın qərarından asılı olur. Aydın idi ki, hökm sərt olacaqdı.
Ancaq nə isə anlaşılmaz olaylar baş verir. Bir həftədən sonra
Mariyanı azad edirlər, eyni zamanda hər gün Lokkarta baş çəkməsinə,
ona pal-paltar, kitablar gətirməsinə, hətta onunla təklikdə
qalmasıına da icazə verirlər. O, Lokkartı sakitləşdirməyə, işlərin
yaxşı sonluqla bitəcəyinə inandırmağa çalışırdı.
ÇK-nın gizli casusu
Onun xarakterindəki ən yüksək keyfiyyətlərdən biri çətin anlarda
yaxınlarına dəstək ola bilmək idi. Odur ki, yanında kişilər həmişə
özlərini güvənli hiss edirdilər. Və Lokkartla da, doğrudan da
ağlagəlməz bir hal baş verdi: Lokkartı iki günə Rusiyanı tərk etmək
tələbi ilə azad etdilər. Sonradan aydın olduğu kimi, inqilabi
tribunal qiyabi güllələnmə (müttəhim artıq vətəninə qayıtdıqdan
sonrra) hökmü çıxartmışdı. Mariya taleyin onları bir daha heç vaxt
görüşdürməyəcəyini ağlına belə gətirmədən Lokkartla həmişəlik
vidalaşır.
Bundan sonra Mariyanın ardınca cürbəcür şayiələr dalğası
dolaşmağa başlayır. Deyirdilər ki, o, qırmızı terrorun tüğyan
etdiyi bir vaxtda repressiyadan yalnız qadın "hiyləgərliyi"
sayəsində xilas ola bilib: HİK-in başçısı Yakov Petere gözəl cinsə
qarşı çox həssas idi. Görünür, Maksim Qorki də bu söz-söhbətlərdən
xəbərdar idi: 1923-cü ildə o, qrafinya ilə yaxınlıq etmək arzusunda
olan çekist haqqında "Xülya" hekayəsini yazmışdı...
Başqa bir versiyaya görə, Mariya ÇK-nın gizli fəaliyyət göstərən
agenti idi. Sonralar Petere öz xatirələrində qrafinya
Zakrevskaya-Benkendorfu Almaniyanın gizli agenti adlandırırdı. Bu
fikirlərdə nəyin doğru, nəyin yalan olduğu indiyədək məlum deyil.
Peterenin özü isə 1938-ci ildə güllələnmişdi.
Mariyanın həyatındakı qara zolaq, demək olar ki, bir il, yaxın
tanışı Korney Çukovski onu Qorkinin Petroqradda yaratdığı
"Vsemirnaya literatura" ("Dünya ədəbiyyatı") nəşriyyatında
tərcüməçi kimi işə düzəldənədək davam etdi. Mariya üç dil - alman,
ingilis və fransız dillərini kamil şəkildə bilirdi, sonradan isə
cəmi üçcə ayın içində italyan dilini də öyrənmişdi.
Petroqrada köçən Mariya qızlıq familiyasına vəsiqə və ərzaq
kartı alır. O, əvvəlki tək valehedici idi. Gözəlliyini və
özünəməxsus əsilzadəlik lətafətini, çox güman ki, ulu nənəsi Moskva
general-qubernatorunun arvadı, gözəlliyi ilə Puşkinin özünü belə
heyran qoyan Aqrafena Zakrevskayadan əxz etmişdi. Puşkin ona iki
şeir – "Portret" və "Sirdaş" - həsr edib.
Böyük yazıçının himayəsində
1919-cu ilin yayında Mariya Qorkinin Kronverksk bulvarındakı
evində görünməyə başlayır, tərcümə işində yazıçıya kömək edir,
payızda isə Aleksey Maksimoviçin xahişi ilə onun mənzilinə köçür və
bütün ev işlərini öz əlinə alaraq evdə hamının ehtiyac duyduğu
şəxsə çevrilir. Qorkinin oğlu Maksim evdəki bu dəyişikliyi hiss
edərək zarafatla yazmışdı: "Zavxoz" gəldi – "besxoz" bitdi.
(Təsərrüfat müdiri gəldi, təsərrüfatsızlığa son qoyuldu).
Mariya səhər açılandan Qorkinin aldığı məktub və teleqramları
oxuyur, qovluqlara paylaşdırır, məktubları, məqalələri tərcümə və
çap edirdi. O, diqqətlə dinləməyi bacarırdı, hər bir məsələ
barəsində özünün müstəqil fikri var idi, ən müxtəlif məsələlərə –
siyasət, poeziya, musiqi və ya ədəbiiyyata dair dəyərli məsləhətlər
verə bilirdi.
Bir dəfə Qorkinin mənzilində Mariya İqnatyevnanın otağında
axtarış aparılır. Sonradan aydın olduğu kimi, axtarış üçün
sanksiyanı Zakrevskayanın ingilis kəşfiyyyatı ilə əlbirliyindən
şübhələnən Petroqrad sovetinin sədri Zinovyev veribmiş. Qorki
əsəbiləşib özündən çıxmışdı. Yazıçı dərhal Moskvaya, Kremlə
yollanır və Lenin, Djerjinski və Trotskinin hüzurunda Zinovyevin
hərəkətinə kəskin etirazını bildirir. Proletar yazıçısına olan
dərin hörmət və ehtiram səbəbindən Mariyanı sakit buraxırlar.
Hebert Uells Petroqrada gələndə onu Qorkinin yanında
yerləşdirirlər, Zakrevskayanı isə Kremlin göstərişi ilə rəsmi
tərcuməçi təyin edirlər. Uells vətəninə qayıdanda Mariya xahiş edir
ki, onun artıq üç ildir ki, üzünü görmədiyi uşaqlarını axtarıb
tapsın. Uells tərcüməçisinin xahişini yerinə yetirir və Mariyaya
çatdırır ki, uşaqların hər işi qaydasındadır, ərinin qohumları
onların qayğısına qalır. Ancaq Mariya uşaqları ilə ayrılığa daha
tab gətirə bilmir və 1920-ci ildə qeyri-leqal şəkildə Estoniyaya
keçməyə cəhd edir. Lakin sərhədi keçərkən həbs olunur və Allah
bilir, Qorki işə qarışmasaydı, bu əhvalatın sonu necə qurtarardı.
Yazıçı dərhal Dzerjinskiyə teleqram vurur və Mariyanı nəinki azad
edirlər, hətta Estoniyaya getməsinə icazə də verirlər.
1921-ci ilin yanvarında Mariya Tallində qatardan düşür. Əlində
köhnə çamadan, əynində sürtülmüş kürk və əldən düşmüş ayaqqabıda
vağzalın pilləkanında dayandığı an iki nəfər ona yaxınlaşıb həbs
olunduğunu bildirir. Bu dəfə o, "qırmızı casus"luqda
günahlandırlırdı. Cəsarətli qadın bu dəfə də nəinki azad ola bilir,
həm də vizasının vaxtını uzatmağa nail olur.
Saxta nikah
Estoniyada qalma müddəti sona çatmaq üzrə idi, vizanın
uzadılmasına isə bel bağlamaq olmazdı, ancaq Mariyanın uşaqları ilə
ayrılığa da gücü qalmamışdı. Vəkili çıxış yolu göstərdi – saxta
nikah. Bir neçə gündən sonra vəkili onu baron Nikolay Budberqlə
tanış edir. Baron Estoniyadan getmək istəyirdi, bununçünsə
evlənməsi şərt idi. Alyans hər iki tərəf üçün də əlverişli idi:
Mariya eston vətəndaşlığı (eyni zamanda da, baronessa titulu),
Budberq isə Avropada məskunlaşmaq imkanı əldə edirdi.
Qorki bütün bu müddət ərzində Mariyanı yaddan çıxarmır, ona pul
göndərirdi. 1921-ci ilin payızında yazıçı Almaniyaya gedərkən
yolüstü onunla görüşə bilir. Aleksey Maksimoviç Xodaseviçə
ünvanladığı məktubda Zakrevski haqqında yazırdı: "O, daha da
sevimli olub, əvvəlki kimi hər şeylə maraqlanır. Heyrətamiz
insandır. Hansısa barona ərə getmək istəyir: biz hamımız etiraz
edirik – qoy baron özünə başqa adam tapsın. O – bizimdir!"
Zarafat öz yerində, ancaq vəziyyət Mariya İqnatyevnadan
qətiyyətli addım atmağı tələb edirdi və 1922-ci ilin yanvarında
nikah bağlanır. Ertəsi günü baron Budberq Almaniyaya, oradan isə
Cənubi Amerikaya yollanır və ər-arvad bir daha heç vaxt
görüşmürlər.
Qorki İtaliyada məskunlaşanda Zakrevskayanı köməkçi işləmək üçün
yanına çağırır. Aleksey Maksimoviç Zakrevskayaya tam etibar edirdi:
bütün bank əməliyyatlarında qəbzlərə yalnız üç nəfərin imza atmaq
hüququ var idi – Qorki özü, oğlu Maksim və Mariya İqnatyevna.
Yazıçının nəşr işləri ilə əlaqədar Mariya bütün Avropanı dolaşmalı
olur və hər üç aydan bir Estoniyaya gedib uşaqlarına baş çəkirdi.
Tez-tez səfərlərdə olarkən Qorki onsuz darıxır, səbirsizliklə
qayıtmasını gözləyirdi. Yazıçı 1925-ci ildə İtaliyada yazmağa
başladığı "Klim Samginin həyatı" romanını Zakrevskayaya həsr
etmişdi. Ondan başqa heç bir qadın Aleksey Maksimoviçin belə bir
ehtiramına layiq görülməmişdi.
1932-ci ildə Qorki vətənə qayıtmaq qərarına gəlir. Mariya
İqnatyevnanın isə qayıtmaq fikri yox idi və o, uşaqları ilə
birlikdə Londanda yerləşir. Ancaq onların münasibətləri kəsilmir –
Mariya yazıçının xarici nəşriyyatlarla əlaqədar işlərini aparır.
Sorrentodan Rusiyaya qayıdan Qorki arxivinin bir hissəsini
Zakrevskayanın mühafizəsində qoyur və bərk-bərk tapşırır ki, onu
heç kəsə verməsin. Sonralar Stalin şəxsən özü bu arxivlə maraqlanır
ki, bu da çox təbii idi: Qorkinin Lenin, Korolenko, mühacirətdə
yaşayan bir çox yazıçı və alimlərlə məktublaşmaları var idi.
18 qərənfil
1935-ci ildə Qorkinin birinci arvadı Yekaterina Pavlovna Peşkova
gözlənilmədən Zakrevskayanın qonağı olur. O, arxivin ardınca
gəlmişdi, ancaq Mariya İqnatyevna Aleksey Maksimoviçin xahişini bir
daha xatırlayaraq sənədləri vermir. Tezliklə Qorkinin məktubunu ona
çatdırırlar. Yazıçı ölümqabağı vidalaşmaq üçün Rusiyaya gəlməsini
və arxiv sənədlərini də özü ilə gətirməsini xahiş edirdi. Bir qərar
qəbul etmək lazım idi. Mariya məsləhət üçün o zaman Londonda
yaşayan Lokkarta müraciət edir.
Uzun illərin ayrılığından sonra baş tutan həmin görüş günü
Lokkart gündəliyinə yazmışdı: "Bu anlarda ona dünyanın bütün
qadınlarından daha artıq valeh olmuşdum. Onun ağlı, ruh yüksəkliyi
heyranedici idi". Lokkart Muraya izah edir ki, əgər arxivi
qaytarmasa onu güclə, həm də ehtimal ki, həyatı ilə bərabər
alacaqlar. Onun sözləri inandırıcı idi.
18 iyun 1936-cı ildə Qorki Mariya İqnatyevnanın qollarında vəfat
edir. Onun portreti ömrünün son gününədək yazıçının stolunun
üstündə idi. Zakrevskaya Stalinin xahişi ilə Moskvada ləngiyir –
onu yazıçının yazılarının araşdırılması üzrə komissiyanın tərkibinə
daxil etmişdilər. İşlər artıq sona çatanda və Mariya Londona yola
düşməyə hazırlaşanda Stalin gözlənilmədən əlində bir dəstə
qərənfillə Zakrevskayanın mənzilində peyda olur. Sonra Mariya
gülləri saymışdı: 18 dənə idi – Qorkinin ölüm tarixi...
Xeyli əvvəl, hələ 1927-ci ildə Mariya ilə Gerbertin dostluğu
möhkəmlənməyə başlamışdı: əvvəlcə, məktublaşmalar, 1931-ci ildən
sonra isə görüşlər. Tezliklə Mariya haqqında Uellsin yaxın sirdaşı
kimi bəhs etməyə başladılar. Bernard Şou bu barədə yazırdı: "Uells
əndişə içində və xəstədir – o, baronessa Budberqin cazibəsinə
düşüb".
Mariya Londonda Uellsin malikanəsinin iki addımlığında ev tutur,
həmişə onun yanında olacağını, ancaq heç vaxt ona ərə getməyəcəyini
bildirir. Uells yazırdı: "Hansı vəziyyətdə olursa-olsun, heç vaxt
soyuqqanlılığını itirmir. Şəkillər onun zahiri gözəlliyi, demək
olar ki, layiqincə əks etdirə bilmir. Heç bir qadın mənə belə təsir
etməyib. O öz maqnetizmi ilə adamı əsir edir".
Uellsin son gününədək (avqust 1946-cı il) Mariya onun yanında
olur, ancaq heç vaxt rəsmi nikaha razılıq vermir. Uells ona yaxşı
varidat qoyub gedir. Mariya ondan sonra 28 il yaşayır. Bütün
London, zadəgan cəmiyyəti bu xanımı tanıyır və hörmət edirdi.
"İntellektual rəhbər"
Lokkartın böyük uğur qazanmış "Britaniyalı agentin xatirələri"
kitabında Mariya Zakrevskaya-Benkendorf-Budberqə də bir neçə səhifə
həsr edilib. Sonra bu kitab əsasında "Вritaniya agenti" adlı film
çəkilir. Bu film bir vaxtlar tarixi sərgüzəşt janrının ən yaxşı
nümunəsi sayılırdı. Ancaq Mariya Lokkartın onların münasibətini
təsvir etməsini o qədər də bəyənməmişdi və aralarında soyuqluq
yaranmışdı. Bununla belə yenə hərdən görüşür, birlikdə rus
restoranlarına getməyi xoşlayırdılar – bu, onlara Rusiyada keçən
gənclik günlərini xatırladırdı.
İkinci dünya müharibəsindən sonra Mariya İqnatyevna bir neçə
dəfə Rusiyaya gəlir. 1974-cü ilin payızında hay-küydən uzaqlaşaraq
xatirələrini yazmaq niyyətilə Londondan İtaliyaya köçür. Ancaq
qısaqapanma nəticəsində baş verən qəfil yanğın üzündən onun bütün
arxiv sənədləri məhv olur. Bəlkə də kimsə bu sənədlərin məhv
edilməsində maraqlı idi?
Taleyin bu sonuncu zərbəsinə tab gətirə bilməyən Mariya
İqnatyevna həyata övladları – Tatyana və Pavelin yanında vida edir.
Həmin gün Londonun "Tayms" qəzeti "İntellektual rəhbər" başlıqlı
nekroloq dərc edir. Rus mühacir xanımı 40 il ingilis intellektual
həyatının diqqət mərkəzində olduğundan belə bir titula layiq
görülmüşdü.