"Dadaş 15 metrlik məsafədə qırmızı işıq görür və
birisinin gizlənərək siqaret çəkdiyini anlayır. Dərhal mövqeyinə
geri dönərək bu barədə əsgər yoldaşlarını xəbərdar edir. Müəyyən
edilmiş mövqe iri çaplı silahlardan atəşə tutulur. Lakin qırmızı
işığın közərdiyi yerdən heç bir reaksiya olmur".
"Cəbhə xətti" layihəsinin budəfəki qonağı Dadaş Quliyev Astarada
anadan olub. Sovet ordusunda xidmət edən qəhrəmanımız 1993-cü ildə
Novruz bayramını qeyd etmək üçün Azərbaycana gəlib. Televiziyada
təkrar göstərilən Xocalı soyqırımının kadrları ona çox pis təsir
edib və Dadaş Vətəni müdafiə etmək üçün müharibəyə yollanıb.
Dost-tanışları ona getmə desələr də, bu fikrindən döndərə
bilməyiblər. Cəbhəyə yollanmaq üçün Bakıya, Biləcəriyə gəlib. Daha
sonra onu döyüşlərin getdiyi bölgəyə göndəriblər.
İlk dayanacağı Tərtərin Marquşvan kəndi olub. Qısa müddət
ərzində burada təlim gördükdən sonra döyüşmək üçün dağlara qalxıb.
Uzun müddət Sovet ordusunda xidmət etdiyi üçün qazandığı təcrübədən
istifadə etməyə çalışıb. Onun ilk addımı isə səngərlə bağlı olub.
Səngərlərin yöndəmsiz və yox səviyyəsində olması onu bəzi işlər
görməyə vadar edib.
Amma ilk günlərdə şansızlıq onu izləyib. Ermənilərin minaatandan
atdıqları mərmi yaxınlığına düşüb və Dadaş yaralanıb. Onun qulaq
pərdəsi yırtılıb. Bir müddət Tərtərdə müalicə aldıqdan sonra Bakıya
göndəriblər. Bura gətirilməsindən məmnun qalıb.
Müalicəsi bitdikdən sonra geri dönmək istəməyib və o öz
rayonları Astaraya qayıdıb. Bir müddət burda ticarətlə məşğul
olub.
Günlərin birində Heydər Əliyevin radio ilə müraciətini dinləyib.
Müraciətdə Vətənin namuslu oğulları döyüşə çağırılır və fərarilərin
bağışlanacağı elan edilirdi. Dadaşda ikinci dəfə döyüşmək həvəsi
oyanıb...
O, döyüşmək üçün Lənkəran Əliyevin komandirliyini etdiyi 703
saylı briqadaya göndərilir. Artıq əvvəlki dövrlərdən fərqli olaraq
səngərlər qazılmış, müdafiə sistemi qurulmuş vəziyyətdə olur. O,
briqadanın 2-ci batalyonunda xidmət edir.
Onun cəbhədə ikinci döyüşü isə dekabrın son günlərində baş
tutur. İlk hücumu qoşunlarımız edir və iki gün düşmən tərəfdə
gizlənməli olurlar. Əsgərlərimiz müəyyən uğurlar qazansalar da,
mövqelərinə geri dönürlər. Ermənilərin cavab hücumları isə daha
güclü olur. Ağdamın Güllücə kəndi istiqamətində güclü döyüşlər baş
tutur. 8 günlük döyüşdə əsgərlərimiz xeyli sayda ermənini məhv
edirlər.
Hücum edən tərəf olduqlarından ermənilər döyüşdə çoxlu itki
verirlər. Bu ərəfədə Dadaş maraqlı hadisə ilə üzləşir. O, təbii
ehtiyacını ödəmək üçün tutduğu mövqedən uzaqlaşmalı olur. 15
metrlik məsafədə qırmızı işıq görür və birisinin gizlənərək siqaret
çəkdiyini anlayır. Dərhal mövqeyinə geri dönərək bu barədə əsgər
yoldaşlarını xəbərdar edir. Müəyyən edilmiş mövqe iri çaplı
silahlardan atəşə tutulur. Lakin qırmızı işığın közərdiyi yerdən
heç bir reaksiya olmur. Sabahadək gözləməli olurlar. Günəş artıq
özünü göstərəndə gülləbarana tutulan yerdən pis qoxu gəlməyə
başlayır.
Elə bu anda 777 saylı briqada Güllücə istiqamətində düşmənə
qarşı hücuma keçir. Əsgərlərimiz səngərdən çıxma şansı əldə edirlər
və gülləbaran olan yerə baş çəkirlər. Həmin yerdə 25-ə yaxın məhv
edilmiş erməni döyüşçüsü tapırlar. Onların üzərini axtararkən
önəmli bir şeylə rastlaşırlar. Ölü əsgərlərin ayaqları və
qollarında "vosmikaneç" işarələrini görürlər və onların türmədən
döyüşmək üçün gətirildiklərini anlayırlar.
Bir neçə gün sonra ermənilər bir batalyonla hücuma keçir. Düşmən
tank və BMP-lərdən istifadə edir. Çay üzərində körpünü təhlükəsiz
keçmək üçün bölgədə mina axtarışına başlayırlar və bu an
ləngiyirlər. Dərhal əsgərlərimiz batalyon komandiri ilə əlaqə
saxlayaraq düşməni gördüklərini xəbər verirlər. Elə bu an Dadaş
mövqenin koordinatlarını öyrənmək üçün irəli hərəkət etməli olur və
ötürdüyü məlumat düşmənin məhvinə gətirir. Ağdam istiqamətindən
Qradlarla düşmən atəşə tutulur. Bütün texnika və minə yaxın canlı
qüvvə məhv edilir. Düşmən gecə ikən meyitləri daşımağa cəhd
göstərir və onları məftillə maşınlara bağlayaraq aparırlar.
Düşmənin atıb getdiyi texnikanı götürmək şansı yaranır. Lakin
iki briqada arasında olan anlaşılmazlıq texnikanı götürməyə imkan
vermir.
Komandiri onu yanına çağıraraq Ağdamın Qarapirim kəndini almağı
tapşırır. Hava dumanlı olduğundan göz-gözü görmür. Dadaşın dəstəsi
Papravənd çayına düşərək yolu azır. Özünü itirməyən Dadaş
ermənilərin arxasına keçdiklərini görür. Dərhal müdafiə mövqeyinə
keçərək, bu barədə komandirinə xəbər verir və bu istiqamətdə atəş
açmamalarını istəyir. Bir müddət sonra ermənilər onları görür və
bir saat boyunca atışma davam edir. Düşmən gülləsi onun burnunu
sıyırıb keçir və o yüngül yaralanır. Bir müddət sonra atışma
dayanır və ortaya sükut çökür.
Düşmən BMP ilə hücuma keçmək qərarına gəlir. Komandiri ilə əlaqə
saxlayan Dadaş silah-sursatlarının bitdiyini xəbər verir və onlar
geri çəkilmək məcburiyyətində qalırlar...
1994-cü ilin yanvarında Papravənd dağı istiqamətində
qoşunlarımız hücum edir. Qısa döyüşlər baş versə də, yüksəkliyi
tutmaq olmur. Bu istiqamətdə Dadaşa bütöv bölüyü irəli aparmaq əmri
verilir. Bundan əlavə, hücum zamanı üzərlərində zabitləri olmayan
777 saylı briqadadan 75 əsgər də onun tabeliyinə keçir. Zabitlər
kənara çəkilərək bu qədər məsuliyyəti yalnız onun üzərinə atırlar.
Dadaş qoşunlarla birgə erməni postlarına hücum edir. Faciə isə
burda baş verir.
Mina onun ayağı altında partlayır. Əsgərlər onu dağdan bölüyə
düşürdürlər və xəstəxanaya çatdırırlar. Dadaş sağ ayağını itirir. O
özünə gələndə 75 əsgərin hamısının şəhid olduğunu öyrənir.
Bu gün Dadaş Quliyev döyüşlərinin yarımçıq qaldığını deyir. Ona
yenidən şans verilərsə, əlil olsa belə, iri çaplı silahlardan atəş
açıb yardım edə biləcəyini söyləyir.
Bundan əlavə, o, müalicə xərclərini ödəmək üçün "Hərbi
qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna görə
nəzərdə tutulan sığorta məbləğinin ödənilməsini də istəyir...