"Məhbəs xatirələri"
layihəsində: Zaur
Zaur əslən lənkəranlı olsa da, Bakıda Alatava qəsəbəsində
doğulub böyümüşdü. Dediyinə görə, gözünü açıb ətrafda nəşəxor,
cibgir, qumarbaz, kriminal aləmə bağlı adamlar görmüşdü. Həm də
onların məhlələrində dərslərini yaxşı oxuyana pis baxırmışlar.
O da tay-tuşları arasında "yaxşılığa" tərəf fərqlənmək istəyib.
Ona görə də dərsdən yayınıb, pis vərdişlərə aludə olub. Əvvəlcə
siqaret çəkib ki, özünü böyüklər arasında "qərib hiss etməsin". Bir
müddətdən sonra nəşəyə keçib. İynəyə isə birmənalı olaraq "yox"
deyib.
İstəmirdim narkoman olam
Zaur hər dəfə ötənləri yada salanda belə deyərdi:
- Nəşəyə baxma, bu heç də narkomanlıq deyil. Heroin iyləmək,
tiryək atmaq, iynə vurmaq adamlıqdan çıxmaqdır. Mən istəmirdim
narkoman olam. Allaha şükür olmadım da.
Zaurla biz Bayılda, birinci korpusun 25-ci kamerasında tanış
olmuşduq. Mən ora gələndə o, artıq iki aydan çox idi ki, özünün
məhkumluq həyatını yaşayırdı. Açığı, "xatada" o, o qədər də
sevilmirdi. Dikbaş idi. Özünü oğru dünyasına hazır olan bir adam
kimi görürdü. Kamerada olan köhnə "koterjanlar" onun bu iddiasına
ikrahla yanaşırdılar. Onun həmyerlisi, köhnə gömrük işçisi olmuş
Füzuli deyirdi ki, Zaurun boynu qoltuqaltı görməyib. O, hələ bilmir
ki, bu dünyanın sakini olmaq üçün nə qədər yol keçməlidir.
Anan səni doğub əski üstünə qoyanda…
Elə Xanlar kişi də Zaura sözarası ağıllı olmağı tövsiyə
edirdi:
- A bala, anan yazıqdır. Səni doğub əski üstünə qoyanda, layla
çalanda, p…-büsürünü təmizləyəndə heç də arzulamamışdı ki, gedib
oğurluq edəsən, adam öldürəsən. Sən nə qədər gec deyil, cəzanı çək,
qayıt düz yola.
Belə anlarda Zaur əsəbləşərdi:
- Xanlar kişi, nə demək istəyirsən? Yəni Batyanın (Lotu
Bəxtiyar), Sabirabadlı Hikmətin, Masallı Mamedin, rəhmətlik olmuş
böyük qardaşların tutduqları yol düz yol deyildi?
Bala, səndən oğru omaz, oğurçu olar
Xanlar kişi onun bu cavabından udqunar, siqaret yandırıb aramla
deyərdi:
- Bala, səndən oğru omaz, oğurçu olar amma. Sən "uf" demədən
adanı baqaja qoyar, "prokladka" qurub, "pod atkoz" qoyarsan. Oğru
dünyası bunu sevmir. Olarınsa yolu düz yoldur. Sən düz yolda yeriyə
bilmirsən axı…
Məndən təxminən 10-12 yaş kiçik olan bu adamın tökmə bədəni,
güclü, əzələli qolları vardı. İsti havalar olduğu üçün o da
bəzilərimiz kimi çox vaxt canlıqda (mayka) oturardı. Boynundan
qara, möhkəm iplə xırda Quran asılmışdı. Bəzən kamerada
"ağsaqqallıq" etmək iddiası da hiss olunurdu. Və içəridən başqa
kamerada olan Bayılın "smotriyaşi"sinə - "Canavara" "malyovka"lar
göndərərdi. Bu da heç kəsə xoş gəlməzdi.
Onun həbs səbəbi isə heç kəsə xoş gəlmirdi. Zaur gənc bir qızın
boynundan qızıl zəncirini qırıb qaçarkən izlənilib həbs edilmişdi.
Nə qədər dikbaşlıq etsə də, həbsinin nəyə və nə üçün olması ona az
da olsa utanc gətirirdi. Mən bunu hiss etmişdim.
Buranın nə oğraş qanunları var
Zaurla mənim ilk tanışlığım inisidentsiz ötüşməmişdi. İlk günlər
o mənimlə söhbət edir, türmə qanunlarını danışır, məni bu qanunlara
hörmətlə yanaşmağa çağırırdı. Danışdıqlarının çoxu da çıxarılan
qərarlar, özünü yaxşı aparmayanlar üçün verilən qorxunc hökmlər
idi. Belə söhbətlərin birində özüm də bilmədən:
- Buranın nə oğraş qanunları var, - dedim.
Dedim və hiss etdim ki, səhvə yol verdim. Zaur sözümü ağzımdaca
tutdu:
- Sən nə danışırsan, oğru qanunları haqda belə sözlər
deyirsən?!. – deyib, yaxama əl atdı. Onun biləngindən tutub möhkəm
sıxdım:
- Əlini çək, sənin düşüncən bura qədərdir, mən oğru
qanunlarını deyil, buranın – türmənin qanun-qaydasını nəzərdə
tuturam, - deyib, onun biləngini daha möhkəm sıxdım.
Zaur tutduğunu buraxmaq istəmirdi. Sol əli ilə biləngindən
tutduğum əlimdən yapışdı. Əsəbi halda ona:
- Əlini yığışdır, yoxsa qolunu kəsib elə bir yerinə
soxaram ki, ömrü boyu başıaşağı gəzərsən...
O, hər kəsdə bir "çp", qüsur axtarır
Söhbətə kamera yoldaşlarımız da kurs oldu. Hər birimiz
"qardaşlıq xatası"nın tələbinə uyğun fikrimizi səsləndirdik.
"Bratva" bu qənaətə gəldi:
- Zaur Faiqin dediklərini səhv anlayıb. Yoxsa şairə nə düşüb ki,
ağrımayan başına yaş dəsmal bağlasın. Zaur söhbətdə diqqətli
olmayıb və o, hər kəsdə bir "çp", qüsur axtarır.
Zaur "prav" idi
Bu söhbət belə də gömüldü. Ancaq bir dəfə gəzinti zamanı Xanlar
kişi mənə yavaşca dedi:
- Şair, mən sizin söhbətə qulaq asırdım. Zaur "prav" idi. Sadəcə
o, kameranın sirlərini dağıtdığına görə onu dəstəkləmədik. Sən isə
fərqinə varmadan belə danışdın.
Mən Xanlar kişiyə də əvvəlki sözümü dedim:
- Yox, mən oğru qanunlarını nəzərdə
tutmamışdım.
Ehtiyatlı olmaq lazım idi. Cəmi 7-8 gün idi ki, burada idim. Heç
kəsi tanımırdım və heç kəsə də güvənə bilməzdim. Əslində, kamerada
hər gün idman edib, gəzinti zamanı trüklər etməyim də kamera
yoldaşlarıma özümün fiziki cəhətdən də hazırlıqlı olduğumu
göstərmək idi. Bunu isə elə edirdim ki, heç kəs başa düşməsin.
Müxtəlif oyunlar adı ilə, fiziki durumumun yerində olmasını
isbatlayırdım.
Baxmaram jurnalistsən…
Bir müddətdən sonra isə Zaurla dostlaşa bildik. Bir dəfə səhər
vaxtları kamerada "şmon" oldu. Qəfildən qapı açıldı. Türmənin rəis
müavini Ağəmməd, korpusun starşinası, Xeyrulla və bir neçə
nəzarətçi içəri daxil oldu. Hər kəs oyaq olsa da, Zaur "şponka"nın
(çarpayı) üst qatında yatırdı. Ağamməd onu sürüyüb yerə saldı və
təpikləməyə başladı. Çox pis söyüşlərlə söydü. Boynundan asılan
Quranı qırdı. Fərqinə varmadan yerə atdı və yenə də söydü. Zaur
müqavimət belə göstərə bilmədi. Özüm də bilmədən:
- Cənab podpolkovnik, yazıq öldü ki, -
dedim.
Ağamməd mənə tərəf dönüb:
- Baxmaram jurnalistsən, salaram karsa. Səndən, bunlardan
artıqdır bu …. oğlu? Yazdığı molyavkalardan xəbəriniz var? Burada
qara qanunlar yaratmaq istəyirsiz? – bu dəfə kameradakılara üzünü
tutdu. Sonra da nəzarətçilərə əmr verdi:
- Axtarın, görün nələri var.
Bizi isə gəzinti meydanına apardılar. Zaurun qanını sildim,
yaralarını bağlamaq üçün Makarın (Ağdamlı İlqar) əynindən çıxardığı
maykadan tənzif kimi istifadə etdik. O, zarısa da, özünü möhkəm
tuturdu. Bir saat sonra kameraya qayıdanda hər şey ortalıqda idi.
"Krıtı"da olanlar üçün topladığımız siqaretlər, ərzaqlar, alt
paltarları da ortalğa səpələnmişdi.
Ay bala, bu, hələ o qoltuqaltı deyil
Zaur həmin günün axşamı məni yuxudan oyatdı. Çay hazırlamışdı.
Bir qədər söhbət etdik. Mənə təşəkkür etdi:
- Görmürdüm, başımı tutmuşdum ki, təpik dəyməsin. Amma eşitdim
ki, sənə çımxırdı. Sən məni müdafiə etdin. Gərək yox idi. Səni
qaralayacaqlar.
Amma məni qaralamadılar. Zaurun isə bu hadisədən sonra axara
düşməsinin şahidi olduq. Xanlar kişi hərdən zarafata salıb
deyirdi:
- Ay bala, bu, hələ bizim dediyimiz qoltuqaltı deyil. Cavansan,
gözləyənin var…
Məktubu azad olsan, oxuma
Təxminən iki aydan sonra mən sonuncu dəfə məhkəməyə çıxdım.
Bununla da kamera yoldaşlarımdan ayrılacaqdım. Səhər kameradan
çıxanda Zaur mənə bir məktub Verdi:
- Bu məktubu azad olsan, oxuma, cır at. Yox, əgər iş versələr,
oxuyarsan, - dedi.
Həmin gün hakim hər kəsin gözlədiyinin əksi olaraq mənə
azadlıqdan məhrum olunma haqda hökm çıxartdı. Elə məktubu ordaca
oxudum. Zaur yazırdı ki, sən yaxşı kişisən, amma heç kəsə güvənmə.
Burda çox qalsaydın, sənə "proklatka" qurulacaqdı. Oxuyursansa,
demək, sən azadlıqda deyilsən. Ona görə yazdım ki, bu "qniloyları"
tanıyasan…