"Açıq dərs"
layihəsində:
Çexovun "İt gəzdirən xanım"ı
Anton Pavloviç Çexovun "Sahildə təzə sifətin, it
gəzdirən xanımın peyda olması barədə söhbət gəzirdi" cümləsi ilə
başlanan "İt gəzdirən xanım" hekayəsi sanki bəyaz qərənfil ətirli
sevgi kimi parlaq insani münasibətin yaranmasında kəsif peyin
qoxulu istixana mühitinin rolunu bədii ifadə vasitələri hesabına
həyata keçirir.
Anton Pavloviç Çexovla cənubdakı rastlaşmaları barədə:
"1901-ci ilin aprelində biz onun "vərəmlilərlə dolu qutuyabənzər
mehmanxanalarına", "tatar bələdçilərin sırtıqlığına", gəzəyən gəlmə
xanımların yaydığı "dözülməz ətriyyat qoxusuna" görə sevmədiyi
Yaltada yenidən görüşdük", - yazan akademik A.F.Koni əsərin
avtobioqrafikliyini səciyyələndirir. A.P.Çexovun yüz illiyi
ərəfəsində (1960) bu hekayə əsasında İosif Yefimoviç Xeyfitsin öz
ssenarisi üzrə lentə aldığı eyniadlı film, əsərin özü kimi daim
xiffət çəkən personajlar; yaşı qırxı haqlamış, filoloq təhsili olsa
da, bankda çalışan, hələ tələbə ikən imkanlı ailədən evlənmiş, on
iki yaşlı qızı, iki gimnazist oğlu olan, qadınlarla macəralarından,
yemək-içməkdən, klubda keçən yuxusuz gecələrdən vaxtsız qocalmış
Dmitri Dmitriç Qurovla (Aleksey Batalov) Peterburqda doğulsa da,
Saratovda ruslaşmış almanın, lakey məmur Didderitsin xanımı,
qisməti ilə barışmış, ailə sədaqətini qoruyan, günaha batmaqdan
qorxan fağır Anna Sergeyevna (İya Savvina) arasındakı sevginin
Rusiyaya hakim kəsilən süstlüyün təzyiqi ilə yaranmasını ekrana
gətirir. Sanki darıxdırıcı təbiətin təhriki ilə yaxınlaşan
personajları mənfi-müsbətə bölmədən, peyzajın, naturanın
gözəlliyinə-eybəcərliyinə uymadan, mürəkkəb mizanlardan, mövcud
montaj prinsiplərindən istifadə etmədən realist metodla əsərin əsas
fikrini aktyor oyunu hesabına çatdıran rejissor psixologizmin
imkanlarından bacarıqla istifadə edir.
***
Filmin çəkilişinə hazırlaşarkən zahirən qısa metraja uyğun
hekayənin roman miqyasını bilən İ.E.Xeyfitsin rejissor
ssenarisindəki "Qarınqulu zənginlərin və vərəmlilərin Yaltası",
"Xiffət çəkən sərnişinlərin sifəti", "Unudulmuş, şpitsin (dik
qulaqlı, qalın tüklü xırda itin) sahildə darıxması" cümlələri
əsərin üzüntülü mühitinin məğzini yaradır. Rejissor ssenarisində
"İt gəzdirən xanım"da gümrahlıq və ümid rüşeymi dərinlikdə
gizlənib. Müəllifin ələ saldığı, zəhləsi getdiyi effektli
"səhnəlilik", ümumi qəbul olunmuş, gözə girən süjet, zahiri
fəaliyyət də yoxdur. Bu kiçik hekayədə ənənəvi düyün və onun
açılışı, açıq sarı saçlı dostlar və kürən düşmənlər, böyük ifşalar
yaradan təsadüfi pusmalar da yoxdur. "Əvəzində bu lənətə gəlmiş
yuxulu, yarımölü iyrənc həyata hədsiz nifrət və sönməz alov hissi
vardır!" - yazan İ.E.Xeyfits dünyanı bütün bəlalardan xilas edəcək
sevgini əsərdə olduğu kimi, filmin aparıcı qüvvəsinə çevirir.
***
"İt üçün rol yazmaq gərəkdir. Mən təlimçi ilə danışdım. Şpitslər
ən ağıllı və əsəbi itlərdir. İnsanların özlərini necə aparmasına
həssas yanaşdıqlarından sahiblərinin həyəcanları onlara keçir.
Onlar qısqanırlar". Əsərdən göründüyü kimi, Anna Sergeyevna tez-tez
unutduğu şpitsi tək qoyur. İt onu Qurova qısqanır. Gülməlidir ki,
təlimçi Çexovun səhvini də tutub. "Hekayədə yazılıb ki, ac şpits
onun (A.S.-nın) arxasınca qaçır. Şpits isə həmişə qabaqda qaçır" -
qeydlərini yazan İ.E.Xeyfits gələcək filmin əsas partiturası
sayılan rejissor ssenarisinə necə peşəkar yanaşdığını göstərir.
Sahildəki daşa çırpılan boş butulka, ağ-qara keçilərdən sonra
qarşısındakı badəni dolduran darıxan adamın olduğu yeməkxanada
Qurovun haqqında söhbət gedən it gəzdirən xanımın sahildən
keçdiyini görməsi ölü mövsümün dirilməsinin mənzərəsini yaradır.
Sahilə tərəf uzanan dumanlı yamaca doğru yönələn fənərlər
arasındakı səkidə ümumi planda arxadan görünən, itinin ardınca
aramla gedən xanım məhrumiyyətin simvoluna çevrilir. Uzaqdakı
gəminin fiti ilə marş sədaları altında sahil yeməkxanasındakı ilk
görüşün vasitəsinə çevrilən bəyaz it ilkin ünsiyyətin açarına
çevrilir.
***
Nahardan sonra gəzintiyə çıxan, haraya üz tutub nədən
danışdıqlarını fərqinə varmayan təzə tanışların həlim, isti dənizin
yasəmən rənginə çalmasının, üzərində qızılı işıq zolağının
uzanmasının fərqinə varmaları sözün deyil, rəsmin, indiki halda
peyzajın birləşdirici rolunu yaşayır. Tanışlıqdan bir həftə sonra
ərinin gələcəyi gümanı ilə gəmini gözləyən Anna Sergeyevnanın artıq
daxili müvazinətinin laxladığını duyan Qurovun ovu Anna
Sergeyevnanı əldən verməyən vəhşi sıçrayışı dəqiq təfsilatlarla,
detallarla süstlənir. Gözlənilməz öpüşdən sonra boğanaq mehmanxana
otağının açar deşiyini həmən tapa bilməyən Anna Sergeyevnanı əldə
etdikdən sonra tələsmədən yediyi qarpızın tumlarını boşqaba tüpürən
Qurovun kinayəsi, müştəbehliyi, havasızlıqdan titrəməyən şamın
yanında, əyalətdəki yeknəsək həyatından, lakey ərindən bəhs edib
göz yaşları axıdan pərişan saçlı xanımının arxasındakı əzik yatağın
fonunda dəhlizdə uzanmış itin taleyi ilə barışmasının filmə əlavə
olunması bütövlüyü tamamlayır. Sahildə oturub səsini dinlədikləri
dənizə gözlərini zilləməklə onlari gözləyərkən namazını da qilan
faytonçunun fonunda başlarına keçirilən torbadakı arpanı yeyən
atların təsviri altında danışmağa söz axtaran şərəfli, nizamlı
həyatı pozulmuş xanımla özündən müştəbeh kişinin təsvir
münasibətinin davamını yaradır. Gözlərinin ağrıdığını bildirən
ərinin çağırışı ilə istirahətini yarımçıq qoyub gedən Anna
Sergeyevnanı yola salarkən tatar faytonçunun peyğəmbər siması ilə
faytonun damındakı əşyalar arasında itib batan bəyaz şpits özünü
günahkar sayan məsum qadınla ömürlük ayrılığın canlı şahidlərini
göstərir. Qatarla yola çıxan Anna Sergeyevnanın vağzal
meydançasında salıb itirdiyi əlcək tayını yerdən qaldırıb dəmir
məhəccərin iti uclu oxuna keçirən Qurov isə laqeydliyi obrazlı
səciyyələndirir.
***
Moskvaya qayıtdıqdan sonra isə Qurovun daxilində yaranan
təbəddülat filmdə təsviri boyalarla əksini tapır. Xizək qoşulmuş
zınqırovlu atların keçdiyi qarlı küçədəki yeməxanada əsərdəki kimi
Yalta sərgüzəştini "İt gəzdirən xanım"ın dumana çevrilməsini
danışan Qurovu yediyi nərə balığını tərifləyən həmsöhbətinin
sarsıtması, evindəki qonaqlıqda pianonun üstündəki şamın
alovlanması alovlanan pianonu çalarkən xəyalında yalnız Annanın
canlanması, filmdə isə işə gedərkən səkidəki bəyaz itin xaltasının
adamların ayaqları altında qalan qayışını - onu keçmişə bağlayan
xətti görməklə karetadan yerə atılması, lakeyin qucağındakı
şpitsini ona satmaq cəhdi sanki tüpürülən qarpız tumlarının
intiqamına çevrilir. Ailə həyatından təngə gələn Qurovun yeni il
şənliyini laqeydliklə seyr etməsi ilə Peterburq əvəzinə Saratova üz
tutması nəhayət ki, daxili təbəddülatlara son qoyur.
***
Əyalət şəhərinin süzgün mənzərəsini, miskin həyatını əsərdə əks
etdirən; darıxdırıcı mehmanxana otağında məktub yazmağa imkan
verməyən mürəkkəb qabının tozdan bozarmış başsız atlısı, qarlı
küçələr, damlar, evlərin taxta fasadları, navalçalardakı
sırsıralardan qopan damlaların səsi, boz səmanın gölməçələrdəki
əksinin gözə görünməsi Didderitsin hasarının mıxlarının belə nəzərə
çarpması, əvvəlcə səsi, sonra özü gələn itin qayışının qarının
əlində tarım çəkilməsi kimi detallarının və nəhayət, pəncərənin
açıqlığı ağlasığmaz olsa da, belə şaxtalı havada içəridən eşidilən
musiqi sevgililər arasındakı məsafəni yaxınlaşdırmaqla filmdə
soyuqdan donsa da gözləyən Qurovun daxili üsyanını verə bilir.
Nəhayət ki, tamaşa salonunda əri ilə yanaşı oturmuş Annanı durbinlə
tapan Qurovun sevinci, fasilədə imkan tapıb ehtiyatla sevgilisinə
yaxınlaşması hadisələrin düyününü açır. Boz əyalətdə keçən mənasız
ömrün təsirindən süstlüyü hiss olunan Anna Sergeyevnanın əsərdəki
kimi kütlənin arasından pillələrlə qapısı bağlı çardağa gedən
yoldakı balkona çıxmaqla rastlaşdığı Qurovla kənara çəkilməsi
keçmiş ünsiyyətin oyanmasına meydan verir. Aşağıda tosqun
bufetçinin pivə daşıtdırması ilə qapının açıq qalmasından sanki
Yaltadakı mehin içəriyə daxil olmasından xəfif üşütmə keçirməklə
daxili həyəcanını üzə çıxaran (bu gözəgörünməz prosesin
sezilməsində quruluşçu operatorlar Andrey Moskvinlə Dmitri
Mesxiyevin müstəsna yaradıcılığı hiss olunur) Anna Sergeyevnanın
əsə-əsə and içərək Moskvaya gələcəyinə söz verməsi epizodu uğurla
bitirir.
***
Artıq Anna Sergeyevnadan aldığı məktubdan sonra "Slavyan
bazarı"na, mehmanxanaya tələsərkən əriyən gölməçədə vurnuxan vəhşi
göyərçinləri görməsi Qurovun daxili çırpıntılarını səciyyələndirir.
Növbəti dəfə qızını dərsə ötürərək Annanın yanına tələsən Qurovun
daxili vəziyyətini Annanın pəncərədən pul atdığı küçə musiqiçisinin
səsləndirdiyi tütək davam etdirir. İnsani, doğma münasibətdə
açılmamış yatağın diqqət mərkəzinə gətirilməsi ilə seksin arxa
plana atılması güzgüdəki təsvirdə özünün qocaldığını görən Qurovun
etiraflarına Annanın müqaviməti digər ünsiyyət formalarının gücünü
göstərir. Doğmaları zorla ayıran saat dəfələrlə zəng vuraraq sosial
buxovların təzyiqi ilə evə getmək xəbərdarlığı yaratsa da, buradakı
cazibənin yerindən tərpənməyə qoymadığı sevgililərin pəncərənin
çölünə çıxan kameranın yaratdığı obrazlılıq hesabına qəfəsdəki quşa
çevrilmələri, qarlı gecədəki küçə fənərinin altında əyilmiş Qurovun
kölgəsi şərtiliyi önə çəkməklə finalsızlığı sonuclayır. "Pyes üçün
yeni sonluq tapan yeni era açmış olur.... mən sonluq tapmayınca
pyesi yazmağa başlamıram" , - yazan A.P.Çexovun bu müddəanı
melodramdan yüksəkdə durub romantizm cərəyanına sığmayıb,
psixologizmə can atan hekayəyə tətbiq etməməsi avtobioqrafik əsərdə
müəllifin tanrının işinə qarışmaması sayılmaqla, filmin də
dramaturji sonluğunun tapılmaması təəssüf doğursa da, sevginin
əbədiliyini təsdiqləyən "İt gəzdirən xanım" hekayəsinin ekran
variantı əsərlərini tamaşaya "sadə və bəsit qoymağa çağıran ədibin
tələbinə uyğun gəlməklə dünyanın bir çox kino sənətkarlarının da
diqqətini cəlb edib.
***
25 sentyabr 1969-cu il tarixli "Bakı" qəzetindəki "Dost xalqın
kino sənəti" məqaləsində Əlisəttar Atakişiyev Rac Kapurla görüşün
bir məqamını da xatırlayır. Dünyanı heyran qoyan rus ədəbiyyatı
nümunəsini ekranlaşdırmaqdan vaz keçən Rac Kapurun: ""İt gəzdirən
xanım"ı seçdim, bu zaman İosif Xeyfitsin gözəl filminə baxdım"
cümləsi yada kinonun bu parlaq sənət nümunəsinin necə
dəyərləndirildiyini vurğulayır. Boyu az qala iki metrə çatan Çexova
bənzəyən, təfəkkürcə ziyalı, daxilən zəngin, zahirən yaraşıqlı,
sənət sirlərinə yiyələnmiş, (sonralar azərbaycanlılardan ibarət
aktyor kursu hazırlamaqla bizə daha da doğmalaşmış) Aleksey
Batalovun Qurovu peşəkarın növbəti uğuru sayılsa da, əyalətdən
paytaxta gəlib jurnalistika fakültəsində təhsil alarkən Rolan
Bıkovun teatr studiyasında təsadüfən rol almaqla zərifliyi,
şəffaflığı ilə gələcək filmdəki tərəf müqabilinin diqqətini cəlb
etmiş (sonralar mərkəzi televiziyanın maarifçilik verilişlərində ən
yaxşı müəlliflərdən sayılmış) İya Savvinanın Anna Sergeyevnasının
XIII Beynəlxalq Kann kinofestivalında məxsusi mükafata layiq
görülməsi haqqın təntənəsi sayıldı.