Bu xanımda daima bir kübarlıq müşahidə etmişəm. Adama elə gəlir
ki, bu xanım dünyanın ağ rəngə boyanmış, xoşbəxt çalarlarla
əhatələnmiş küncünün sakinidir. Şeirlərində qəribə bir musiqi var,
heç bir nota sığmayan zəriflik və sadəliklə yoğrulan musiqi...
Xoşbəxt görünür, xoş aurası var. İlk baxışdan arzularının hamısının
gerçəkləşdiyi hiss olunur.
Görəsən bu, doğrudanmı belədir? Onu "Axar.az"ın "Gerçəkləşməyən
arzular" lahiyəsində sorğu-suala, söhbətə çəkdim. Fb–də gerçəkləşən
bu söhbətin müsahibə olduğunu ona sezdirmək istəmədim. Özü hiss
edənə qədər köhnə tanışlar kimi danışıb, hal-əhval tutdum.
Təb gözlənilməz qonaq kimidi
- Salam, doğma şairim, bəstəçim, necəsiz?
- Yaxşıyam. Sən necəsən, əziz dost...
- Mən o vaxt pis oluram ki, ruhumu qidalandıran nəsə tapa
bilmirəm. Sizə "sağ ol" düşür, arada şeirlərinizi oxuyuram, yaxşı
oluram. Yaradıcılığınız nə yerdədir?
- Musiqi istirahət, şeir fəqan edir. Elə mən də sənin kimiyəm.
Ruhun qidası olmayanda xəstəhal oluram.
- Demək kefiniz, ruhunuz xoş olanda pianonun arxasına, qüssə,
qayğı gələndə yazı masasının arxasına keçirsiz?
- Yox, ruhumun xoş olmasının musiqiyə, şeirə aidiyyatı yoxdu.
Nədənsə son vaxtlar poeziyanın "əlindəyəm"...
- Bəs yaradıcılıqla nə vaxt məşğul olursuz?
- Nə vaxt yaxalansam... Bunun vaxtı, saatı yoxdu. Gecə də olur,
səhər də olur, axşam da…
- Bəs bu yaxanı "ələ vermək" günün ən çox hansı vaxtlarına
təsadüf edir?
- Onu dəqiq deyə bilməyəcəyəm. Mahnıları adətən axşamlar
yazdırıram. Amma şeir hər vaxt olur, onun zamanı yoxdur. Təb
gözlənilməz qonaq kimidi, qonağasa qapım hər zaman açıqdı.
Altıncı hissin diqtələrindən hüceyrələrim dəyir
bir-birinə...
- Qonaqpərvərsiz?
- Adam baxımından deyə bilmərəm, amma təb baxımından hə...
Musiqi ilə şeir dostlarımdı. Onlarla darıxmıram. Son vaxtlar nə
qonaq gedirəm, nə də qonaq qəbul edirəm, təkliyə çəkilmişəm.
- Demək, bizim hörmətli Xanımımızın qəlbinin qapısı təbin üzünə
açıqdır, o istədiyi vaxt buyura bilər. Amma adamların qonaq
gəlməsini isə imkanı olsa seçimlə edər…
- Təbii ki, qonaq seçimlə olur. Çünki o qədər həssasam ki, pis
impulslardan, neqativ auradan tez yaralanıram. Özümə gəlməyim də
uzun çəkir. Havadan nəm çəkənəm.
- Xanım, deyin, bu an altıncı hissiniz oyaqdır? Oyaqdırsa, sizə
nə diqtə edir?
- Altıncı hissin yatan vaxtı var ki... Yatsaydı, dincələrdim...
Yuxuda da o hiss məndə oyaq qalır. Altıncı hissin diqtələrindən
hüceyrələrim dəyir bir-birinə... Faiq, sən deyəsən müsahibə alırsan
məndən, hə?
Bilsəydim ki, arzularım məni bu vəziyyətə
salacaq
- Hə altıncı hissiniz oyaqdır, hiss olundu. Bu bir lahiyədir.
"Gerçəkləşməyən arzular". Çalışıram, müsahibim bilməsin, ondan
xəbərsiz söhbətə tuturam. İndi yenə qayıdaq suallara… Hansı
arzularınız vardı?
- Nə arzu edirdimsə, o arzularıma çatmışam. Arzu edirdim ki,
yazıçı olum, şair oldum. Arzu edirdim ki, musiqiçi olum, bəstəkar
oldum. Arzu edirdim ki, oğlum-qızım olsun. Oldu. Arzu edirdim ki,
valideynlərimin başını uca edim, etdim… Amma bilsəydim ki,
arzularım məni bu vəziyyətə salacaq, bəzilərini heç arzu
etməzdim.
- Yazıçı qızı olmağınız yazıçı olmaq arzularınıza əsas verirdi,
yoxsa yazıcı olmaq öz istəyiniz idi?
- Əslində nəslin, kökün üstündə duran ağac möhkəm olur. Amma
atam (yazıçı İsmayıl Qarayev. Red.) yazıçılığıımı, ədəbiyyata
marağımı daha da dərinləşdirib. Düzdür, atam ədəbi mühitdə olmağımı
heç istəmirdi və hər vəchlə buna mane olurdu. Təəssüfmü deyim,
yaxşımı, bilmirəm, amma atamın istəyi alınmadı, onun istəyinin
əksinə getdim.
- Demək sizin yazar olmaq arzunuz gerçəkləşdi?
- Bəli…
Dünyanı dərk edən vaxt valideyin itkisi
faciədir
- Atanızın arzusunun əleyhinə getməniz narahat etmir ki,
sizi?
- Yox, amma onun bu istəyinin səbəbini anlayıram. Bu qəliz
mühitin çətinliklərini gördüyündən, mənim dözüm gətirə
bilməyəcəyimi düşündüyündən idi bu istəyi... O bilsəydi ki, mən bu
qədər inadkar, güclü olacağam, qolumdan tutardı, məni tək qoymazdı
bu yollarda… Təəssüf ki, bu uğurlarımı görmədi. Amma ilk imzamdan
xəbəri oldu. Onun adını yaşatdığımı bildi və getdi.
- Atanızın sizlərdən uzaq olduğu vaxtlar oldu. Yaddaşınızda necə
qalıb?
- Ağrılı, kədərli, nisgilli və həsrətli illər... Çiynimdə əlini,
arxamda özünü hiss etmədiyim dövr. Boynubükük qızcığaz... Bilirsən,
Faiq, adam körpə vaxtı valideynini itirəndə yetimliyn nə demək
olduğunu tam dərk etmir. Amma dünyanı dərk edən vaxt valideyin
itkisi faciəyə çevrilir.
Məni hamı sevsəydi, özümdən şübhələnərdim
- Xanım, qıraqdan əlçatmaz görünürsüz. Ətraf sizi daima istəyinə
çatan, arzuları gerçəkləşən birisi kimi tanıyır. İtkiləriniz də
olub, bu göynərtini siz hiss edirsiz. Sizinlə söhbətimizin sonunda
nisgilə, həsrətə rəvac verdik.
- Mən indi də atamın, anamın övladı olmaq istərdim.
- Övladlarınıza valideyinlərinizin sizə olan sevgisi qədər sevgi
verə bilmisizmi?
- Qədərini müqayisə edə bilmərəm. Nə qədərdisə, sonuna qədər
sevgimi vermişəm. Ümumiyyətlə, mən maksimalistəm, hər barədə. Ya
hər şey, ya heç nə... Ortabablıqda yoxam! Dostlarımla da
münasibətdə beləyəm. Övladlarım mənim bir parçamdı və yəqin ki,
sevginin ən gözəl payını onlara bəxş etmişəm. Onlar necə hiss edir,
deyə bilmərəm. Özlərindən soruşmaq lazımdı.
- Xanım, sizi daha çox sevirlər, yoxsa üzünüzə gülüb ardınızca
danışırlar? Sözsüz, sənət aləmindəkilərdən bəhs edirəm…
- Məni hamı sevsəydi, özümdən şübhəli olardım.
- Yormadım ki, sizi?
- Əhvalımın suala cavab verə bilmək vaxtına düşdün... Desəydin
ki, müsahibə almaq istəyirsən, çətin ki, cavab verərdim...
- Deyəsən, mənim də altıncı hissim var... Həmişə ovqatınızın xoş
vaxtına təsadüf edirəm…
- Sürprizləri sevirəm. Əhvalımın xoş vaxtı deməzdim, sən adamı
söhbətə çəkə bilirsən, bu da bir istedaddır. Danışmaq istəməyəni
danışdıra bildin.