Yuxarı

Bakı qəhrəmanının oğlu 74 il sonra Vətəndə - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Düz 74 il əvvəl uşaq yaddaşı ilə qaranlıq, qorxu və həyəcan dolu bir gecədə tərk etdiyi Vətəninə həyəcansız dönə bilməzdi. Uzun illərin həsrətini canına hopdurmuş uşaq yaddaşı və məhz həmin həyəcanın yaratmış olduğu gərginlik səbəbindən idi ki, Gəncə hava limanında qonağı məndən əvvəl təcili yardım briqadası qarşılayırdı. Solmuş bənizindən, titrəyən yorğun əllərindən yaşını təxmin etmişdim; 80 yaşın üzərində, həyatın bütün çiləsindən keçmiş, üzündəki nuru və yaxşılıqla dolu məsum təbəssümünü itirməmiş...

...Nuru Paşanın komandanlığı altında 1918-ci ildə Azərbaycanın xilasına gələn Qafqaz İslam Ordusunun könüllü əsgəri Hüseyn əfəndi də bəlkə eyni həyəcanla gəlmişdi bu torpaqlara... Hüseyn əfəndini 100 il əvvəl bu torpaqlara gətirən sevgi, qan qardaşının xilası, qardaşlıq bağları idisə, onun oğlu İhsan Özkösəlini bu torpaqlara həm də bir nisgil, həsrət və uşaq yaddaşının kodlaşdırdığı bir xatirə gətirirdi. Bütün gecəni yol getdiyimdən üz-gözümdəki yorğunluğu aldırmadan onu Ağdaş rayonunun Xosrov kəndinə götürməyimi xahiş yox, məhz tələb edirdi. Bu kəndin yolumuzun üzərində olmadığını, ora getməyin çox çətin olduğunu bildirsəm də, üzündəki məsum ifadəni heç pozmadan “yadımda balaca bir su arxı və çinar ağaclar qalıb...” deyirdi.

Proqramdan kənara çıxa bilməyəcəyimi, onun növbəti səfərində mütləq Xosrov kəndinə gedəcəyinə verdiyim zəmanət ilə işimi bitmiş sayırdım. Gülümsəyir, lakin gözlərinin içində nədən 74 il gözlədiyinin, bircə dəfə də bu torpaqlara gələ bilmədiyinin peşmanlığını gizlədə bilmirdi. Amma “protokol adamıydım” qaydalarımı poza bilməzdim, mənim işim hər kəslə duyğularını paylaşmaq yox, onları o duyğuları yaşaya biləcəkləri yerə götürmək idi. Və Gəncə İhsan Özkösəlinin atası Hüseyn əfəndinin ayaq basdığı torpaqlardan idi, bu duyğularla yalnızca baş-başa qalmaq onun haqqı idi. Lakin gördüyüm bir yuxu bütün qərarlarımı dəyişdirə bildi; yarım-yapalaq kimsəsiz kənd evi, susuz bağçası və qurumuş ağacları ilə. Bütün bu cansız mənzərə öz müsafirini gözləyirdi, həm də elə bu gün. Odur ki, səhər tezdən İhsan əminin gördüyüm ilk təbəssümlü üzünə ümid dolu ərkyana bir vəd verdim; “Amca, qiyamət belə qopsa, səni bu gün Xosrov kəndinə aparacam!”

Amma hələ də içimdə Xosrov kəndində kimsəsi olmayan, kimsənin tanımayacağı bu adamın nədən bu qədər ora getmək istədiyini anlaya bilməmişdim; ta ki tüklü çinarların kölgəsinə sərilmiş kiçik bir kəndə girincəyə qədər.

“Bax, bax çinarlar necə böyüyüb!” - bu İhsan əminin uşaq yaddaşının açılan kodları idi.

“İhsan əmi, parola söylə. Biz indi bu kənddə kimi axtarmalıyıq?”, - deyirəm.

“Bir Sütun əmi vardı!” - deyir, - “bizə uşaqlıqda ceviz verərdi”.

Uşaq yaddaşıydı, xeyirxahlığı, yaxşılığı yazmışdı yaddaşına. Və bu torpaqlar yaddaşında yaxşı adamları ilə qalmışdı. O yaddaş idi onu bura gətirən demək. Sütun əminin çoxdan, həm də lap çoxdan Allahın rəhmətinə getdiyini eşidəndə sanki bu cavabı almağa tam hazır idi; bu vaxta Sütun əmi qalmazdı ki...

“Bir də Bənövşə, Səkinə vardı” - deyir, - “Alma bağlarına qənim kəsilərdik!” Sakit və yorğun səs ağızdan çıxar-çıxmaz kimsə Səkinə nənəyə xəbər götürür. Həsrət bu olmalı bəlkə də; bu qədər uzun, bu qədər müəmmalı, nə az, nə çox - düz 75 il. Kimsə kimisə tanımaz, üzünü-gözünü unudar, amma unuda bilməz, eləcə ağlının, ürəyinin bir köşəsində dərində, lap dərində saxlayar.

- İhsan, sənmisin, İhsan?! - səs sanki quyunun dibindən gəlir, yorğun, solğun gözlərin dərinliklərindəki ümid yerində amma...

- Nədən xəbərsiz getdiniz? Sizi gör nə vaxtdır gözləyirik! - Səkinə nənənin titrəyən səsi hər kəsi için-için ağladır. Düz 75 ildir eyni həyətdən gecənin birində yoxa çıxmış uşaqlıq dostunu hələ də unutmamışdı Səkinə nənə, onu hələ də gözləyirdi...

Kiçik haşiyə. 1918-ci ilin mart ayında Azərbaycanda ermənilər kütləvi qırğınlar törədən zaman Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycana yardıma gəlir. Ordunun tərkibində könüllü olaraq Azərbaycana gələn Hüseyn əfəndi ermənilərlə savaşarkən ağır yaralanır və top mərmisi onun çənəsində böyük iz buraxır. Türk ordusu Azərbaycanı tərk edərkən Nuru Paşa Hüseyn əfəndinin savadlı adam olduğunu nəzərə alaraq, Azərbaycanda qalmasını xahiş edir. Bakıda təqib olunduğunu görən Hüseyn əfəndi Ağdaş rayonunun Xosrov kəndinə yerləşərək, burada evlənir. İki oğulu dünyaya gələn Hüseyn əfəndi mədrəsədə uşaqlara dərs verərək, ailəsini keçindirməyə çalışır. Lakin sovetlər bölgələrdə yerləşdikcə Hüseyn əfəndi də təqib olunmağa başlayır və həbs olunacağını bildiyi üçün bir gecə qəfildən ailəsini də götürərək, min bir əzabla Türkiyənin Qars vilayətinə köçür. Ailə Azərbaycanı tərk edərkən Hüseyn əfəndinin 9 və 6 yaşlı iki oğlu var idi. Azərbaycanı 6 yaşında tərk edən İhsan, doğulduğu Xosrov kəndinə yalnız 74 ildən sonra gələ bilir.

...İhsan əminin sonralar Azərbaycanda bir neçə dəfə qarşıladım. Azərbaycana üç dəfə gəldi. 85 yaşını başa vuran İhsan əmi doğulduğu bu torpaqlara bir gün Azərbaycan vətəndaşı olaraq gəlməyi xəyal edir. Və bir də atası Hüseyn əfəndinin bu torpaqlar üçün savaşdığının sübutu olaraq onun atasına qazilik rütbəsinin verilməsini istəyir. Məncə, o bizdən, bu torpaqlardan haqqı olanı istəyir, əslində. Bu haqqı həm də 1918-ci ildə Bakının, Azərbaycanın erməni-bolşevik daşnaklarından xilas olmasında əməyi olan minlərlə türk şəhidinə verməliyik. Onlar Azərbaycan yolunda şəhid və qazi olublar. Bu haqqı onlara tanımalıyıq. İhsan Özkösəli sadəcə bu torpaqlara bir qazinin övladı kimi ayaq basmaq istəyir. Çünki o gerçək bir qazinin övladıdır...

Aşağıda paylaşılan videoda bir insan taleyi, Azərbaycan və Türkiyə qardaşlığının, Qafqaz İslam Ordusunun bir əsgərinin acı taleyi, həsrəti, dərin duyğuları yansıyır. 2013-cü ildə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun dəvəti ilə və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Qaraqoyunlunun təşkilatçılığı ilə Azərbaycana 74 il sonra ayaq basan İhsan Özkösəlinin film kimi hekayəsini təkrar paylaşmaqda məqsədimiz onun bir xəbərdən narahat olmağıdır. Son günlər Araz Əlizadənin “Nuru Paşa və Qafqaz İslam Ordusunun Azərbaycana pul qarşılığında gəlməsi” fikri hər kəs kimi İhsan əminin da haqlı olaraq dərindən sarsıdıb. İnsan əminin həsrətini, duyğularını, kədərini bir daha sərgiləmək istədim. Araz Əlizadənin bu həsrət və duyğuları anlamayacağını bilsəm də...

Qeyd: Yazı 6 il əvvəl qələmə alınıb.

Tarix
2019.11.14 / 15:43
Müəllif
İlqar İlkin
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla