Yuxarı

Bakıda 4 velosipedi olan səfir: “Ön cəbhəyə” keçdim...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerverslə müsahibəni təqdim edir:

– Azərbaycan-Niderland münasibətlərini üç sözlə necə ifadə edərdiniz?

– İstifadə edəcəyim üç söz bunlardır: çoxşaxəli, qarşılıqlı anlaşma və dərinləşən.

– Niderlandın iqtisadi inkişafı, futbolu, siyasəti və Avropa Birliyinə üzvlüyü çoxlarına məlumdur. Ölkənizin əksər insanlara məlum olmayan beş xüsusiyyətini sadalaya bilərsinizmi?

– Məsələn, çox insan bilmir ki, Niderland xalqı çörəyi şirin şeylərlə yeyir. Bizim məşhur şokolad dənəciklərimiz var ki, onu çörəyin üzərinə əlavə edib yeyirik. Bu, Niderlandda ənənədir və adətən daha çox uşaqlar buna üstünlük verirlər.

İkinci məqam odur ki, milli aviaşirkətimiz KLM-in 100 yaşı var və o, dünyanın 100 il fasiləsiz fəaliyyət göstərən ən qədim hava yolu şirkətidir.

Bundan başqa, mənim doğulduğum Rotterdam şəhəri dünyanın ikinci, Avropanın isə ən böyük limanıdır.

Başqa bir maraqlı məqam odur ki, Niderlanddakı insanların sayından çox velosiped var: 17 milyon insan, 23 milyon velosiped. Məsələn, mənim dörd velosipedim var.

Velosiped və idmandan söz düşmüşkən, niderlandlıların Avropada idmanda ən fəal əhali olması da çox maraqlı faktdır. Beləliklə, bizim ölkəmizdə insanlar çox idman edir. Niderland əhalisinin yarıdan çoxu həftədə ən azı bir dəfə idmanla məşğul olur.

– Niderland həmişə turistlər üçün cəlbedici məkan olub. Azərbaycanlı turistlərin də bu ölkəyə marağı böyükdür, lakin viza proseduru çoxlarının tərəddüdünə səbəb olur. Niderland ilə Azərbaycan arasında vizanın sadələşdirilməsi ilə bağlı hansısa tədbirlərin görülməsi planlaşdırılırmı?

– Artıq bəzi tədbirlər görülüb və 5 il əvvəl AB ilə Azərbaycan arasında Viza asanlaşdırılması və Readmissiya Sazişi qüvvəyə minib. Bu müqavilə nəticəsində Azərbaycan əhalisinin Avropa Birliyi ölkələrinə viza alması daha da asan və ucuz başa gəlir. Hazırda AB ilə Azərbaycan rəsmiləri arasında viza məsələləri ilə bağlı dialoq davam edir. Əvvəlcə 2014-cü il Sazişi tam şəkildə yerinə yetirilməlidir, bunun üçün hələ bir müddət tələb olunur. Bundan sonra vizanın daha da asanlaşdırılması ilə bağlı danışıqlar aparıla bilər.

– Niderland ilə Azərbaycan arasındakı mövcud siyasi və iqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Diplomatik münasibətlərin 27 ili ərzində iki ölkə arasındakı ən böyük uğurlar hansılar olub?

– Əvvəlcə, Azərbaycanla Niderland arasındakı münasibətləri təsvir etmək üçün istifadə etdiyim üç sözə qayıtmalıyıq. Çünki onlardan məqsədyönlü şəkildə istifadə etmişdim.

Çoxşaxəli ona görə ki, bizim münasibətlərin müxtəlif aspektləri var. Bu, siyasi, iqtisadi, mədəni, insan hüquqları, beynəlxalq təhlükəsizlik məsələlərinə aiddir. Yəni çoxşaxəlidir. Bu da beynəlxalq diplomatiyanın bir çox aspektləri ilə çox sıx münasibətlərimizin olduğunu göstərir.

Qarşılıqlı anlaşma odur ki, həmişə eyni mövqedə olmasaq da, bir-birimizin mövqeyini başa düşürük və düşünürəm ki, yaxşı münasibətlərin olması üçün çox vacibdir.

Və əlbəttə ki, dərinləşən. 1991-ci ildən, Azərbaycan müstəqillik qazandıqdan sonra diplomatik əlaqələr qurduq. Düz 10 il öncə – 2009-cu ildə isə Bakıda səfirlik açdıq. Rəsmi Bakı ilə bir çox sahələrdə sıx əməkdaşlıq edirik. Əlbəttə ki, bir çox başqa xalqlar kimi Azərbaycanda açıq şəkildə görünən neft və qaz sahəsində də əməkdaşlığımız mövcuddur. Ancaq indi biz bunu daha da dərinləşdiririk. Biz AB-nin qurucu üzvü olduğumuz üçün AB ilə Azərbaycan arasındakı əlaqələrin dərinləşdirilməsi də xarici siyasətimizin tərkib hissəsidir. 20 il əvvəl ilk Tərəfdaşlıq Sazişinin imzalanmasını mühüm bir nailiyyət hesab edirik. Hazırda yeni AB Tərəfdaşlıq Sazişi üzərində danışıqlar aparırıq, ümid edirəm ki, tezliklə Niderlandla Azərbaycan arasında daha yaxşı münasibətlər üçün zəmin yaranacaq və yeni bir mərhələ başlayacaq.

– ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atdığı addımları izləyirsinizmi? Buna münasibətiniz necədir?

– Biz Minsk Qrupunu izləyirik, amma Minsk Qrupunun üzvlərindən biri deyilik. Əvvəla, Niderlandın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deməyim yeni bir şey deyil. Bu baxımdan Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəkləyirik. Düşünürük ki, son hadisələr, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın və iki ölkə xarici işlər nazirlərinin görüşləri olduqca müsbət dəyərləndirilməlidir. Hər iki xalqı sülhə hazırlamaq qərarını mühüm addım kimi dəyərləndirirəm. Gələcəkdə məhbusların azad edilməsi, jurnalistlərin hər iki ölkəni daha yaxından tanıması üçün mübadilə məsələsində razılıq əldə edilə bilər. Əlbəttə ki, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bu səylərin hamısını dəstəkləyirik.

– Bəzi jurnalistlər, ictimai xadimlər və siyasətçilər Dağlıq Qarabağa Azərbaycan tərəfinin icazəsi olmadan səfər edir. Bura Niderlanddan olan şəxslər də daxildir. Niderland hökuməti bu kimi halların qarşısını almaq üçün hər hansı bir tədbir görməyi planlaşdırırmı?

– Bəli, Niderland Xarici İşlər Nazirliyi vətəndaşlara dünya ölkələrinə səyahət tövsiyələri verir. Müəyyən ölkələrə səyahət edən vətəndaşların Xarici İşlər Nazirliyinin tövsiyələri ilə tanış ola biləcəyi bir veb-sayt var. Burada Azərbaycanla bağlı tövsiyəyə nəzər yetirsəniz, Dağlıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş Azərbaycan ərazilərinə səyahət qırmızı rənglə işarələnib, yəni bu ərazilərə səyahət etməyin! Beləliklə, Niderland xalqına deyirik ki, Dağlıq Qarabağa getməməlisiniz. Və bildiririk ki, əgər oradasınızsa və problem yaşasanız, Niderland hökuməti sizə heç cür kömək edə bilməyəcək, çünki orada Niderland səfirliyi yoxdur.

– Bildiyimə görə, Bakıda mədəni və sosial sahələrdə fəal rol oynayırsınız. Sizcə, Azərbaycanla Niderland arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi üçün hansı addımlar atılmalıdır?

– Mədəniyyətin vacib olduğunu düşünürəm, çünki mədəniyyət körpülər qurur. Ölkəmdəki bir çox insanın Azərbaycan haqqında geniş məlumatı yoxdur. Eyni zamanda, Azərbaycanda da bir çox insan Niderland haqqında az məlumatlıdır. Mədəniyyətimizi nümayiş etdirərək, ölkəmizdə nələr baş verdiyinin, təcrübəmizin, tariximizin, musiqimizin və sənətimizin, insanları bir-birinə daha da yaxınlaşdıracaq şeylərin Azərbaycanda daha yaxşı başa düşüləcəyinə ümid edirik.

“Bakı Caz” (Baku Jazz) festivalında iştirak etdik. Mədəni identikliyin qorunmasında mədəni irsin yaşadılması çox vacibdir. Düşünürəm ki, bu layihələrdən başqa, Haaqadakı səfirliyiniz də yeni mədəni layihələr təşkil edəcək, çünki əvvəllər Azərbaycan səfirliyi, məsələn, Azərbaycan klassik musiqisi ilə bağlı çoxsaylı mədəniyyət tədbirləri təşkil edirdi.

– Yaxın bir neçə ildə Azərbaycanın regiondakı rolunu necə görürsünüz?

– Azərbaycan bölgədəki sabitlik üçün çox vacibdir. Onun olduğu bölgə problemlərlə doludur. Odur ki, Cənub Qaz Dəhlizi ilə enerji təhlükəsizliyini təmin edən sabit bir Azərbaycan təkcə bölgədə deyil, Avropada da sabitlik üçün bir üstünlük ola bilər. Daha əvvəl də qeyd etdiyim kimi, bu sabitliyin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli nəticəsində artacağına ümid edirik. Biz Azərbaycanla sabitlik üçün mühüm rol oynayan antiekstremizm və antiterror kimi mövzularda da əməkdaşlıq edirik ki, bu da Azərbaycanın gələcəkdə bölgədə mühüm rol oynamasına gətirib çıxara bilər. Eyni zamanda, regionda İranla, bu ölkəyə ABŞ sanksiyaları ilə bağlı hadisələrin inkişafı və Azərbaycanın da bu məsələdə mövqeyi önəmlidir. Bir sözlə, inanıram ki, biz həm Cənubi Qafqazda, həm Avropada regional sabitliyin, iqtisadi inkişafın xeyrinə Azərbaycanla daha çox əməkdaşlıq edə bilərik.

– Azərbaycanda diplomatik missiyanız 2016-cı ildə başlayıb. Bu zaman ərzində Azərbaycanla bağlı ən yaddaqalan xatirəniz nə olub?

– Əslində, çoxdur, amma üçünü deyəcəyəm. Keçirdiyimiz maraqlı tədbirlərdən biri də bu ilin əvvəlində Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro) oldu. Bizim Azərbaycanla əlaqələrimizin mövcudluğunu təsdiqləyən iyirmidən çox Niderland şirkəti var. Hər şey çox uğurlu keçdi və Prezidentiniz bizim stendimizi ziyarət etdi. O, bizim şirkətlərimiz, texniki bilgilərimizlə maraqlandı və əməkdaşlığı müzakirə etdi.

İkincisi, ilin əvvəlində Niderland və gənc azərbaycanlı fotoqraflarla birlikdə İran sərhədinə yaxın Talış dağlarında yaşayan insanları lentə almaq üçün Azərbaycanın cənubuna getdim. Bu səfər məni çox təəccübləndirdi. Kənd yerlərində, daha sadə şəraitdə yaşayan insanlar həddən artıq mehriban və qonaqpərvər insanlardır. Fotoqraf olaraq yaşadıqları bu orijinal həyat tərzini lentə almaq istədiyimizi bilirdilər. Hər şeylərini – yataqlarını, yeməklərini, hekayələrini bizimlə bölüşdülər. Beləliklə, Azərbaycanın başqa bölgələrinə səfər etməyin faydasını gördüm. Bu çox gözəl və səmimi insanlar Niderland üçün vacib olan bir şeyin – mədəni müxtəlifliyin Azərbaycanda da olduğunu göstərdilər.

Üçüncüsü, qızlar üçün futbol layihəsi çərçivəsində bir fəaliyyət haqqında danışmaq istərdim. 10 oktyabr Beynəlxalq Qızlar Günü münasibətilə niderlandlı qadın futbolçuları master-klass və məşq etmək üçün buraya dəvət etdik. O tədbir çox səmimi keçdi. 7-17 yaş arası qızların iştirak etdiyi bu tədbirdə onların futbol oynamağa böyük həvəsi olduğunu gördük.

– Niderland səfirliyi və şəxsən siz AFFA ilə UNİSEF-in birgə layihəsi olan “Qızlar bacarır!”ın və qızların idmanda fəaliyyətinin təbliğatçısısınız. Niyə bu məsələ sizin üçün bu qədər vacibdir?

– Bu, olduqca vacibdir, çünki Niderlandın insan hüquqları ilə bağlı siyasəti bir çox məsələlərə - ifadə azadlığına, eyni zamanda qız və qadınların bərabər hüquqlarına da diqqət yetirir.

Mən UNİSEF-in rəhbəri ilə görüşdüm və gördüm ki, bu, həqiqətən maraqlı layihədir. Həm Azərbaycanda, həm də Niderlandda bu məsələyə həssaslıqla yanaşırlar. Biz həmişə bir-birimizdən nəsə öyrənə bilərik.

– Niderland millisinin azarkeşisiniz. Sizcə, gələcəkdə bu millinin parlayan ulduzu kim olacaq?

– Öncə dəqiqləşdirək, qadın millisi, yoxsa kişi? (gülür) Hazırda qadınlar komandası kişilərdən daha yaxşı nəticə göstərir. Ötən yay təəssüf ki, ABŞ yığmasına məğlub olduqdan sonra dünya ikincisi oldular. Kişilərdən ibarət millidə isə istedadlı oyunçu çoxdur. Niderland millisində professional futbolçu kimi çıxış edib çox gənc olan üç oyunçunun adını çəkmək istəyirəm. 20 yaşlı Matteys de Lixt “Ayaks”dan “Yuventus”a keçdi və o, artıq dünya səviyyəli ulduzdur. Əgər 20 yaşında bu qədər istedadlısansa, gələcəkdə özünü inkişaf etdirmək şansın yüksəkdir. 22 yaşlı Frenki de Yonq “Ayaks”dan “Barselona”ya qoşuldu və o da çox istedadlıdır. Doniell Malen də olduqca istedadlıdır. 20 yaşlı oyunçu Niderlandın PSV klubunda oynayır və milli komandaya yeni qoşulub. Onun da gələcəyi parlaq görünür.

– Çox istedadlı bir fotoqraf olduğunuzu bilirik. Necə oldu ki, diplomatiyanı seçdiniz?

– Düzü, etiraf etməliyəm ki, heç vaxt fotoqrafiyaya karyera kimi baxmamışam. Çünki möhtəşəm şəkillər çəksəniz də, bu sahədə zirvəyə yüksəlmək və yaxşı həyat sürmək çox çətindir. Bu tennis oynamaq kimi bir şeydir. Hamı az da olsa tennis oynaya bilir, amma hamı Cokoviç və ya Federer ola bilməz. Mən diplomatiyaya necə gəldim? Bu, olduqca sadədir. Mən hüquq üzrə təhsil aldım və bakalavr təhsilimdən sonra beynəlxalq hüquqa fokuslandım. Gənc ikən mən artıq Avropaya, Fransaya, Belçikaya və Norveçə səyahət etmişdim. Beynəlxalq əlaqələr məni çox maraqlandırırdı. Təhsilimi başa vurduqdan sonra beynəlxalq hüququn tədrisinə başladım. Ancaq iki ildən sonra başa düşdüm ki, bütün bunlar mənim üçün çox nəzəri idi. Beynəlxalq hüququn kitablardan öyrənilməsi yaxşıdır, amma beynəlxalq münasibətlərin praktikada necə olduğunu görmək istədim. Xaricdə fəaliyyət göstərən bir diplomat olaraq, beynəlxalq münasibətlərin təkcə beynəlxalq hüquqa deyil, həm də iqtisadi, mədəni əlaqələrə təsiri ilə rastlaşırsınız. Beləliklə, bütün bunlar məni “ön cəbhəyə” müraciət etməyə vadar etdi.

Tarix
2019.11.27 / 12:16
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla