"25-lər" layihəsində
Axar.az "25-lər" layihəsində tənqidçi Əsəd Cahangirlə
Anarın "Göz muncuğu" povesti barədə söhbətin II hissəsini təqdim
edir:
əvvəli burada
Həmid Herisçi ona görə Anarın əsərindən yazdı
ki...
– Maraqlıdır ki, Həmid Herisçi də "Göz muncuğu" haqda
yazdı. Sizcə, onu buna nə vadar etdi?
– Anarın povesti mistikanın insan həyatındakı gerçəkliyini
təsdiq edir. Həmid isə ədəbiyyatda mistisizmin tərəfdarıdır. Onun
son illər ANS telekanalında apardığı pirlərlə bağlı veriliş də
mistik xarakterli idi. Lakin o buna görə çoxsaylı tənqidlərə məruz
qalırdı. Bundan başqa, povestdə konspiroloji məqamlar da var. Yəni
Milli Təhlükəsizlik Orqanlarının nümayəndəsi tərəfindən Əhlimana
gizli göstəriş verilməsi və sair məsələlər. Həmid isə ən yeni
ədəbiyyatda konspirologiyanın zəruriliyini təsdiq edən yazıların
müəllifidir. Onun hətta "Konspirologiya" adlı kitabı da dərc
olunub. Ona görə Həmid bu əsərin meydana çıxmasını təmsil etdiyi
düşüncə xəttinin qələbəsi kimi qəbul etdi. O, bu povestdə özünü, öz
taleyini gördü və əslində, Anarla yanaşı həm də özü haqda yazdı.
Mən vaxtilə Həmidin Kamal Abdullanın "Yarımçıq əlyazma" romanını da
eyni maraqla qarşılamasının şahidi olmuşam. Çünki onda Həmid
postmodernizmi dəstəkləyirdi və Kamal Abdulla da postmodernist əsər
yazmışdı. Halbuki onun bir çox yaşıdları Kamal Abdullanın
postmodernist əsər yazmasını qısqanclıqla qarşılamışdılar.
– Biz daha çox Kamal Abdullanı mistikaya meyilli yazıçı
kimi tanıyırıq və bu barədə çox müzakirələr gedib.
– Kamal Abdulla haqda "Unutmağa kimsə yox"dan danışanda söz
açacağıq. Onun əsərləri ilə bağlı müzakirələrə gəlincə, bunların
mühüm bir qismi akademizm örtüyünə bürünmüş filoloji
spekulyasiyalardır. Bu fikri onun romanları haqda yazılan bir çox
məqalələrə də aid etmək olar. Onlar məsələni aydınlaşdırmaq əvəzinə
daha da qəlizləşdirirlər. "Yarımçıq əlyazma" romanı haqda Moskva
mətbuatında keçirilən müzakirə də, hansısa amerikan aliminin
məqaləsi də mahiyyətcə bizdəkilərdən fərqlənmir – adlı-sanlı,
rütbəli adamlar bir yerə yığışıb nələrsə danışır, kimsə nəsə yazır,
müxtəlif gözqamaşdıran filoloji terminlərdən bol-bol istifadə
olunur, amma sonucda aydın olmur ki, yazıçı nə yazıb və necə yazıb.
Bu yazıların bir çoxu mənə "Qulliverin səyahətləri"ndəki Laputilər
ölkəsi alimlərinin anlamsız fəaliyyətini xatırladır.
Allahı ilk dəfə görürük
– Bəs sizcə, Anar müəllimi mistikaya çəkən
nədir?
– "Mistikaya çəkən" deyəndə ki, mistika insanın
içində olur. Anarın mistikaya meyili də onun,
sadəcə, son əsəri ilə bağlı olmayıb, gənclik illərindən üzü bəri
yazdığı əksər əsərlərdə özünü büruzə verir – "Beşmərtəbəli evin
altıncı mərtəbəsi", "Macal", "Əlaqə". Bu fikri onun müstəqillik
dövründə yazdığı əsərlərə də aid etmək olar – "Otel otağı",
"Qırmızı limuzin", "Vahimə". "Beşmərtəbəli evin altıncı mərtəbəsi",
"Macal", yaxud "Otel otağı"nda mistika zərif, məxməri səviyyədədir
və daha çox əsərin finalında qəfil dalğa kimi baş qaldırır. Yerdə
qalanlar, xüsusən "Əlaqə"də isə mistika əvvəldən sonacan əsərin
bütün ruhuna sirayət edir və qatı səciyyə daşıyır.
– Bu əsərlərin mistisizmi nədədir ki?
– Bu əsərlərdə adi gözlə görünməyən, amma gerçəkliyə təsir
gücünə malik sirli qüvvə ilə əlaqə cəhdləri var. Altıncı mərtəbə,
yaxud otel otağı bu sirli qüvvənin rəmzi-simvolik ünvanıdır.
"Əlaqə" povestində bu ünvan artıq kosmosun özü ilə adekvatlaşır.
Özü də bu qüvvə antik Roma allahı Yanus kimi iki üzlüdür – onun
bəzən xeyir, bəzən isə şər üzü görünür. Xeyir üzü "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", yaxud "Əlaqə"də olduğu kimi insanı
yaşadır, şər üzü isə "Macal", "Qırmızı limuzin", yaxud "Vahimə"də
olduğu kimi onu ölümlə təhdid edir. "Göz muncuğu"nda bu iki üzlü
mistik qüvvə bir araya gəlir və birbaşa insanın daxilində qərar
tutur. Povestin qəhrəmanı Əhlimanın xeyir başlanğıcı Hörmüz və şər
başlanğıcı Əhriməni özündə birləşdirməsi buna işarədir.
– Belə çıxır ki, "Göz muncuğu"dakı mistisizm Anarın
yaradıcılıq yolunun yarım əsrlik daxili inkişaf məntiqindən
doğur.
– Amma bu məsələnin yalnız birinci – fərdi-daxili tərəfidir.
İkinci – xarici tərəfi də var.
– Necə yəni?
– Yetmiş illik sovet cəmiyyətindən müstəqilliyə keçidimiz,
sadəcə, siyasi, iqtisadi yox, mənəvi planda da oldu. Bu mənəvi
keçidin əsasında ateist-materialist sovet düşüncəsindən Allaha
qayıdış ideyası durur. Anarın "Göz muncuğu"ndakı mistikanın alt
yapısında da məhz Allah axtarıcılığı dayanır. Təsadüfi deyil ki,
ömrü boyu ilk dəfə olaraq, onun qəhrəmanları, sadəcə, insanlar yox,
həm də Hörmüz və Əhrimən kimi allahlar, əsas qəhrəmanı isə bütün
şər əməllərinə baxmayaraq, Əhlimandır, yəni əhli-imandır. Bizdə
indiyəcən Peyğəmbər, Əzrayıl, hətta İblis bədii əsər qəhrəmanı kimi
mövcud olub. Allahın bədii əsər qəhrəmanı statusunda zühurunu isə
məncə, ilk dəfə "Göz muncuğu"nda görürük.
Dünya müharibələri insanı Allaha
qaytardı
– Siz mənəvi keçidi niyə ancaq SSRİ çərçivəsində
götürürsünüz? Bununla da Anarı dünya ədəbi və tarixi prosesindən
təcrid etmirsinizmi?
– Yox, məncə, təcrid etmirəm. Çünki SSRİ dünya dövləti idi və
onun dağılması dünya əhəmiyyətli hadisə idi. Digər tərəfdən Allaha
qayıdış, sadəcə, SSRİ yox, son bir neçə əsrlik dünya tarixi ilə
təsdiqlənən cahanşümul fakt idi.
– Bəlkə, bu barədə açıqlama verəsiniz?
– Orta əsrlər Allah-insan münasibətləri üstündə qurulmuşdu. Yeni
dövrdən etibarən bu öz yerini təbiət-insan münasibətlərinə verdi.
XX əsrin ikinci yarısından sonra Allah ideyası yenidən gündəmə
gəldi. Çünki iki cahan savaşı insanda öz ağlına, məntiqinə şübhə
yaratdı və yenidən Allah ideyasına dönüş başladı. SSRİ-nin
dağılması ümumdünya tarixindəki bu hadisələrlə paralel meydana
çıxdı.
"Göz muncuğu" Anarın Cami-cəmidir
– Anar müəllimin əvvəlki əsərlərindən danışdınız. Sizcə,
hörmətli xalq yazıçımızın əvvəlki əsərləri ilə "Göz muncuğu"
arasında nə kimi intertekstual əlaqə var?
– Povestin "Dədə Qorqud" kinodastanı ilə əlaqəsindən bayaq
danışdıq. Bu povest Anarın beşmərtəbəli evinin altıncı mərtəbəsi,
yəni adi gözlə görünməyən mistik qatı, qırxıncı otağıdır. Bu əsərdə
Anar mistik qüvvə ilə "Əlaqə" povestində can atdığı, amma nail ola
bilmədiyi əlaqəsini qurmağa nail olub. Bu əsərdə Anarın qəhrəmanı
ölüm gətirən otel otağından çıxır və dirilməyə can atır. Bu əsərdə
"Qırmızı limuzin" hekayəsinin əsas qəhrəmanı – limuzin birbaşa
iştirak edir. "Ağ qoç, qara qoç" kimi bu əsər də ağ və qara qoçun,
yəni xeyir və şərin toqquşması üstündə qurulub. Bu əsərdə Anarın
indiyə qədər yazdığı əksər personajlar, məkanlar, situasiyalar,
təkcə yazdığı yox, oxuduğu ən vacib kitablar bir araya cəm olub.
Başqa sözlə desək, bu kitab Anarın hər şeyi özündə ehtiva edən
"Cami-cəm"idir.
– Sizcə, "Göz muncuğu"nun qəhrəmanı dirilir, yoxsa
xortdayır?
– Dirilmənin iki üzü var – cismani və ruhi. Əhlimanda bunun
ikisi də baş verir. O, cismən xortlayır, ruhən isə dirilir.
Xortlamaq özü də, əslində, dirilmədir, daha doğrusu, onun neqativ
üzüdür. İnsan ancaq cismən diriləndə bu, sadəcə, xortlamaq olur.
Dirilmədə ruh da iştirak edəndə isə proses xortlamaq səviyyəsindən
çıxır. Ona görə bu sualına da yazıçının birmənalı cavabı
yoxdur.
– Əgər heç bir sualın birmənalı cavabı yoxdursa, Anar
müəllim niyə əbədi suallarla əlləşib-vuruşur, özü də bilə-bilə ki,
cavab yoxdur.
– Kamünün "Taun"unu oxumusan?
– Əlbəttə…
– İndi mən sənə bir sual verim. Həkim Rio tauna tutulanları niyə
boş-boşuna müalicə edirdi? O ki xəstəliyə yoluxanları sağalda
bilməyəcəyini gözəl bilirdi.
– Ümid verirdi.
– Məncə, Rio onlara heç bir ümid vermirdi. Özünün də bu
vəziyyətdən çıxmağa heç bir ümidi yox idi.
– Onda bəs nə idi məsələ?
– O, sadəcə, öz üzərinə düşən həkimlik vəzifəsini yerinə
yetirirdi. Anar da, sadəcə, öz mənəvi həkimlik – yazıçılıq borcunu
yerinə yetirir. Məncə, onun dünyanın bütün suallarına mütləq mənada
cavab vermək iddiası yoxdur. Bir ekzistensialist kimi o, bəzi
suallara mütləq cavabdan imtina edir. Ekzistensialistə görə, bütün
sualların cavabı mövcudluğun özüdür. Mövcudluğun o üzündə isə
anlaşılmaz və idarəolunmaz təsadüfdən başqa heç nə yoxdur. Ona görə
yeganə çıxış yolu öz içinin həqiqətinə sığınmaqdır. Amma hər kəsin
daxili həqiqəti yalnız onun özünə məxsus olduğundan bunu
başqalarına isbatlamaq mümkünsüzdür. Kamüyə görə, insan nəinki
başqalarına, hətta özü-özünə belə yad və anlaşılmazdır.
Ruh əbədidir, insan ölməzdir, dirilmə
mütləqdir
– Siz, məncə, ekzistensialist deyilsiniz. Ona görə
suallara cavabınız var.
– Müqəddəs Kitabımızda bütün sualların cavabı var. Mən o
cavabları qəbul etmişəm. Amma bu, sadəcə, Kitabı oxumaqla baş
verməyib. Kitabın özünü qəbul etmək üçün birbaşa fərdi ruhi
təcrübənin olması olduqca zəruridir. Yəni ilahi bilgi sənə ilk öncə
birbaşa öz ruhundan açılmalıdır. Yoxsa inancında yəqinlik hasil
etməz və daimi şübhələr içində qalarsan. Şübhə isə insanı
həqiqətdən hər an sapdıracaq qorxulu düşməndir. Həqiqətə azacıq
şübhəsi olan adamı hətta Nitsşe belə öz sərsəmləmələri ilə çaşdıra
bilər. Ümumən, mütləq cavablar ancaq dində olur. Nə elm, nə
fəlsəfə, nə də ədəbiyyat heç bir suala mütləq cavab vermir. Özünü
çözümsüz suallarla yormamaq və mənəvi rahatlıq tapmaq üçün Kitabın
hökmlərini qeyd-şərtsiz, mütləq imperativ kimi qəbul etməkdən başqa
yol yoxdur. Kitabın ehkamlarına görə isə ruh əbədidir, insan
ölməzdir, dirilmə mütləqdir.
– Bəlkə, sizin dediyiniz kimi, ilahi bilgi kiməsə öz
ruhundan açılmadı, o nə etməlidir?
– Sən öz işini yerinə yetirməsən, sənə sadəcə qara tellərinə
görə maaş verməzlər, elə deyilmi?
– Elədir, amma bunun mətləbə nə dəxili var
ki?
– O dəxili var ki, Allah da bizə mənəvi maaşı – ilahi sirri
havayı yerə vermir. O, mərhəmətli olduğu qədər də ədalətlidir. Əgər
insan bu sirrə qovuşmağı bütün varlığı ilə, hava kimi, su kimi
arzulasa, ilahi həqiqət ona öz içindən açılır. Bunun üçün dünyada
olan hər şeyi, hətta özünü belə unutmalı, bütün ruhunla o sirrin
ardınca qoşmalısan. İlahi sirr pərdəsi yalnız bu yolda şiddətli
əzab çəkənlərin üzünə açılır. O dərəcədə şiddətli ki, ya o sirr
sənə açılmalı, ya ağlını itirməli, ya da ölməlisən. Yalnız bundan
sonra ilahi mərhəmət zahir olur, Allah səni cismən öldürmür, amma
mənən öldürüb yenidən dirildir. Nəticədə öz ruhundan doğulur, özünü
dərk edirsən. Anarın ölüb-dirilən qəhrəmanı kimi.
"Göz" sözü Gözəgörünməzin dildəki
işarəsidir
– Əzab demişkən, qəbir əzabı səhnəsi Azər Abdullanın
"Gül yağışı" hekayəsində də var. Necə düşünürsünüz, bu səhnənin
təsvirində kim daha çox başarılıdır – Anar müəllim, yoxsa Azər
Abdulla?
– Anarın povestində qəbirdə oyanma səhnəsi ən yaddaqalan
epizodlardan biridir. Azər Abdullanın "Gül yağışı" hekayəsində də
qəbir əzabı heyrətamiz dəqiqliklə təsvir olunub. Yadımdadır, bu
hekayəni oxuyub ondan soruşdum ki, siz bir dəfə ölüb dirilmisiniz?
Güldü, dedi yox, niyə soruşursan? Dedim, bəs, bu hekayəni necə
yazmısınız? Hər iki yazıçı bu məsələdə başarılıdır. Amma bu,
onlardan birinin digərindən təsirlənməsi demək deyil. Hamı insan
olduğu üçün analoji hissləri yaşaya və yaza bilər. Bu yaxınlarda
Azər Abdullanın su ilə bağlı böyük bir essesini oxudum. Anar öz
povestində bütün əsər boyu göz sözü ilə bağlı frazeoloji vahidləri
qeydə aldığı kimi, Azər Abdulla da su sözü ilə bağlı frazemlərə baş
vurur. Başqa sözlə desək, Anar əsərdə hər şeyi gözdən keçirir, Azər
Abdulla isə suya çəkir. Yəni onlar təkcə mövzu yox, dil baxımından
da analoji yol gedirlər.
– Sizcə, Anarın "göz" sözünə bu marağının arxasında nə
durur?
– Anar bununla hər şeyə yuxarıdan səssizcə göz gəzdirən
Gözəgörünməzə işarə edir. Bunun hesabına Allah əsərin mətnindən bir
nəsim kimi keçib gedir. Məncə, yazıçı bununla demək istəyir ki,
işlərimizə müdaxilə etməsə də, Allah hər şeyi görür. Beləliklə,
mətni əvvəldən sonacan gizlicə izləyən "göz" sözü Allahın dildəki
işarəsi, rəmzidir. Sartr da Sözə Allah kimi baxırdı. Yaxud İncildə
deyildiyi kimi, "Başlanğıcda Söz var idi, Söz Allahda idi və Söz
Allah idi". Anarın orijinallığı ondadır ki, o bu barədə danışmayıb,
buna dilin özü vasitəsilə işarə edib. Axı, doğrudan da, Allah özünü
bizə birbaşa göstərmir, bizimlə açıq yox, işarələr diliylə danışır.
Onu yalnız daxili gözlə görmək, daxili qulaqla eşitmək olar.
– Bu məntiqlə belə çıxır ki, Azər Abdulla da suya Allah
kimi baxır?
– Antik yunan naturfilosofu Fales inanırdı ki, hər şey öz
başlanğıcını sudan götürüb, yəni onun nəzərində su Allahdır.
İnanmıram ki, Azər Abdulla bu essesində özünün naturfəlsəfi
inancını ifadə edib. Məncə, bu, onda inancdan daha çox linqvopoetik
hadisədir.
Ardı var