...Uşaq ruhlarının gözlərini
bağlayıb,
Mən gətirmişəm tikanlı məftillərin üstündə
atılıb-düşərək oynamağa,
Uşaqdılar,
Yəqin qorxublar özlərindən,
ən çirkin oyuncaqlarından vaz keçmədikləri
kimi
əl çəkmirdilər güllə deşmiş
yaxalarından:
"gəlin gedək oynamağa,
Sizə yaxanızda donub qalan qandan qırmızı donlar
geyinmiş gəlinciklər almışam, gətirəcəm,
Yuxumdakı eni-uzunu bilinməyən
Təndir çörəyini gətirməyə kömək edən
tapılsa..."
Seyidağa Mövsümlü 1954-cü
ildəndir. Ucar rayonunda doğulub. Bakı Dəmir Yol Texnikumunu
bitirib. Bir müddət sonra Azərbaycan Dövlət Teleradio Verilişləri
Komitəsində teleoperator assistenti kimi işləməyə başlayıb. 1980-ci
ildə Ümumittifaq Teleradio İnstitutunda daha bir ixtisasa
yiyələnərək televiziya işinin sirlərini öyrənib.
1988-ci ildən başlayan erməni təcavüzünün ən ağır, dəhşətli
məqamlarını videolentə köçürərək törədilmiş cinayətləri tarixin
yaddaşına həkk edib. Dəfələrlə Şuşa, Laçın, Zəngilan, Naxçıvan,
Xocalı və digər bölgələrimizdə olub.
Kamerasının obyektivini 20 Yanvar faciəsinin qanlı səhnələrinə
tuşlayan Seyidağa müəllim elə Xocalı faciəsini çəkəndə də həyatını
təhlükə altına atmışdı. Qarabağda qanlı döyüşlər başlayanda könüllü
olaraq cəbhəyə yollanmışdı.
26 fevral 1992-ci ildə Xocalı soyqırımını ilk hərbi operator
kimi lentin yaddaşına köçürən Seyidağa Mövsümlü ilə Milli İstiqlal
Muzeyində görüşəcəkdik.
Onların da bu cinayətdə əli var
- Söhbət ondan gedir ki, 20 Yanvar və Xocalı faciələri baş
verəndə Dövlət Televiziyasının rəhbərliyi kameraları gizlətmişdi.
Mən hələ də bilmirəm ki, vətənin faciəsinə niyə bu qədər biganə
idilər? Axı, o anları çəkib tarixə salmaq lazım idi. Mənə elə
gəlirdi ki, əgər kameraları gizlədirlərsə, deməli, onların da bu
cinayətdə əli var. O zamanlar 20 Yanvar hadisəsini çəkmək üçün
kameranı xalq artisti Zeynəb Xanlarovadan aldım. O faciəni
çəkənlərin hamısı kameraları kimlərdənsə götürmüşdü. Xocalı faciəsi
baş verəndə isə artıq Şuşada, Malıbəyli, Kərkicahanda, Cəmillidə
vuruşmuşdum. Şuşa işğal olunanda Kərkicahanda sağ ayağımdan ağır
yaralandım. Bir həftə Şuşa hospitalında yatandan sonra, 1991-ci
ilin dekabr ayının 25-26-da məni bir dəstə yaralı ilə birlikdə
Ağdama aparmaq üçün helikopter göndərdilər. Bu vaxt zəng elədilər
ki, Malıbəyli kəndi mühasirədədir, yaralıları təxliyə etmək
lazımdı. Helikopter Malıbəyliyə enən kimi yerli camaat bizə sarı
qaçdı. Avtomatı onların üstünə çəkdim ki, geri çəkilsinlər. Elan
elədik ki, yalnız yaralıları götürəcəyik. Bütün helikopter qan
içində idi. Ağdama gələndə dəstə komandirimiz Ələkbər bizi
qarşıladı, amma əsgərlərin vəziyyəti ağır olduğundan, Bakıya uçmağa
qərar verdik. O ərəfədə Ağdamda da döyüşlər getdiyindən,
yaralıların sağalması üçün şərait yox idi. Pilot biləndə ki, Bakıya
uçmaq lazımdı, əvvəl etiraz elədi, - "naviqasiya sistemim yoxdu", -
dedi. Dedim, maşın yolunun üstü ilə uçsaq, gedib düz Bakıya
çıxacağıq. Binə limanına çatanda pilota dedim, zəng eləsin ki,
iyirmi-otuz təcili yardım maşını göndərsinlər. Çünki döyüşçülər
gözümüzün qabağında can verirdilər, vətən uğrunda ölümə
atılmışdılar. Onları təcili xəstəxanalara çatdırmaq lazım idi.
Düşəndə gördük ki, təcili yardım maşınlarının sayı-hesabı bilinmir.
Binə və yaxın kəndlərin sakinləri yaralıların gəldiyini eşidib hava
limanına hücum çəkmişdilər. Adam əlindən tərpənə bilmirdik.
Seyidağa müəllimin səs tonu birdən dəyişdi. Bayaqdan bəri o
qədər soyuqqanlılıqla danışırdı ki, həyəcanlanacağı ağlıma da
gəlmirdi. Döyüşçülər belə kövrəlirmiş yəqin, səsinin ən titrək
yerini gizlətmək üçün, tez-tez udqunaraq...
Xocalının getməsi onların vecinə deyildi
- Helikopter dayanan kimi adamlar bizə sarı qaçdılar. Yaralıları
düşürtdükcə camaat yaralıları, öz balası kimi duz tək yalayırdı.
Azərbaycanlıların lazım olanda necə yumruq kimi birləşdiyini onda
gördüm. Hava limanından Bakıya əlliyə yaxın təcili yardım maşını
gedirdi. Sağ ayağım amputasiya olmaq üzrə idi. Bizi Travmatologiya
İnstitutuna gətirdilər. Həkimlərin, tibb bacılarının bizimlə necə
mehriban, istiqanlı davrandıqlarını heç vaxt unutmaram. Axın-axın
insanlar xəstəxanaya gəlirdi. Fevral ayının 12-də Müdafiə
Nazirliyində ilk hərbi reportyor kimi əmrim verildi. Xocalının
istər Əsgəran, istərsə də Şuşa tərəfindən yolları bağlı idi.
Oradakı rabitəçi qızların çoxunu tanıyırdım. İradə var idi,
Gülbahar var idi.
- Onlardan sağ qalanları var? Bəlkə, bir gün onlarla da
görüşdüm...
- Gülbahar sağdı. Onları axtaran yoxdu, qızım. Hamını şou
maraqlandırır. Xocalının getməsi o vaxtkı rəhbərliyin vecinə də
deyildi. Onlar yeyib-içir, Xocalı, Laçın, Şuşa, Ağdam isə can
verirdi. Bir ara istəyirdim, "Ruhum dağlar aşarsa" adlı sənədli
film çəkim. Mən o torpaqların dağlarını, düzlərini qarış-qarış
gəzmişəm. Tez-tez yuxuma da girirlər. Mənə elə gəlir ki, orada
dolaşan ruhlar bir gün Bakıya gələcək, əlimizdən tutub bizi
itirdiyimiz torpaqlara aparacaqlar. O vaxt Azərbaycan Dövlət
Televiziyası xəbər vermişdi ki, Xocalıda iki nəfər ölüb. Amma
Xocalıda yüzlərlə insan qətlə yetirilmişdi. Hamımız bilirik ki,
mətbuatda çıxan ilk xəbər, digər mətbu orqanların istinad yeri
olur. Sonra hansı xəbəri yazırsan yaz, faydası yoxdu. Azərbaycan
Televiziyasında ölümə gedən reportyora videokamera vermədilər. Mənə
dedilər ki, kamera yoxdur. Sonra yadıma düşdü ki, keçmiş millət
vəkili Etibar Məmmədovda kamera var. Muzeydə gördüyünüz həmin
kameradır. Ona müraciət edən kimi, sağ olsun, kameranı mənə verdi.
Mən ona minnətdaram ki, onun kamerasının hesabına o faciəni tarixə
sala bildim. Kameranı alan kimi, gəldim Müdafiə Nazirliyinə. Şair
Ramiz Duyğun nazirliyin mətbuat xidmətinin rəisi idi. Bizə M-1
tipli helikopter ayırdı. Beləliklə, biz Ağdama yola düşdük. Məni
orada yaxşı tanıyırdılar. Əvvəllər Ağdamda çox olmuşam. Ağdamlılar
deyirdilər ki, Seyidağa yaxşı günlərimizdə yanımızda olub, ağır
günlərimizdə də bizi tək qoymayıb. Kişilər olub ki, Turşsuda kabab
çəkib yeyiblər, müharibə olan kimi qaçıb gizləniblər. Çox şairlər,
yazıçılar, dramaturqlar gözə dəymədi. Onların səngərdə üzünü nə mən
görmədim, nə də başqa əsgər və zabitlər. Ağdamda dostum, Xalq
Cəbhəsinin sədri Allahverdi Bağırovun yanına gəldim. Gördüm
əsəbindən ağlayır, dedi: "Seyidağa, böyük qırğın olub!" Mən bu
hadisəni mütləq çəkməli idim. Vaxt gələcək, buna siyasi qiymət də
veriləcək. Bu çəkilişlər dünyanın hər yerində göstəriləcək. Onun
maşınına minib, Ağdamın Qarağacı qəbiristanlığına gəldik. Oradan o
yana Əsgəran idi. Ermənilərin oradakı hərbi dəstəsinə Vitalik
Bağdasaryan başçılıq edirdi. İndi Müdafiə Nazirliyində
general-mayordu. Orta təhsili də yoxdu. Qarabağda törətdiyi
vəhşiliyə görə Ermənistan rəhbərliyi onu yüksək qiymətləndirdi.
Allahverdi Vitalikdən soruşanda ki, bu vəhşiliyi siz eləmisiniz?
Vitalik hadisədə əli olmadığına and içdi. Dedi ki, bunu 366-cı rus
alayı edib. Amma bizim xüsusi təyinatlılar arxadan gəlib yaralıları
öldürüb. Allahverdi məni təqdim edərək dedi ki, Seyidağa hadisə
yerini çəkməyə getməlidir və oradan salamat qayıtmalıdır. Vitalik
Allahverdidən qorxurdu. Ona söz verdi ki, mənə bir şey olmayacaq.
"Villis" maşını ilə hadisə yerinə yollandıq...
Erməni avtomatı boynuma tuşlayıb deyirdi ki...
Şellidən Əsgərana keçəndə yüzlərlə meyit gördüm, qızım. Ağlamaq
vaxtı deyildi, arxamda düşmən dayanmışdı. Biri avtomatın lüləsini
boynumun arxasına tuşlayıb deyirdi ki, sizin hamınızı qıracağıq.
Siz türksünüz, ölməlisiniz. Mənə Allahdan səbir diləmək qalırdı ki,
hirsimi büruzə verməyim, tapşırığı sona qədər yerinə yetirə bilim.
Qarşıma bir uşaq meyiti çıxdı. Üzünün dərisini kəsmişdilər.
Soyuqdan donub qalmışdı. Hava da bərk soyuq idi. Bilmirdim cavan
qız-gəlini, ağbirçək qadınları, ahıl kişiləri çəkim, yoxsa son ana
qədər vuruşmuş əsgərləri. Kameranı söndürmürdüm. Axı, hər dəfə
yanıb sönəndə akkumulyator zəifləyirdi. İşlək vəziyyətdə qoymuşdum
ki, nə qədər gücü var çəksin. Ora bizim arxamızca başqa maşında
Ağdamın mərd oğulları da getmişdi. Onlar arxadan meyitləri
yığırdılar. Azərbaycanın Milli qəhrəmanı Əlif Hacıyevin də meyitini
oradan tapdıq. O, Xocalı hava limanının komendantı idi. Sağ qalan
qadınların üz-gözü kol-kosa ilişib cızılmışdı. Ağdam hospitalında
çoxunun ayaqları kəsildi. Onların bəziləri Şüvəlandakı, Pirşağıdakı
sanatoriyalarda məskunlaşıb.
Azyaşlı uşaqların başını erməni qəbrinin üstündə kəsdilər
Muzeyin əməkdaşları xocalıların Bakı ətrafında yerləşən
düşərgələrini bir-bir gəzdiyimi, hamısı ilə tək-tək görüşüb
söhbətləşdiyimi bilirdilər. Seyidağa müəllim danışdıqca, onlardan
eşitdiyim hadisələr kino lenti kimi gözümün önündə yenidən
canlanırdı.
- Allahverdi Bağırovun Vitaliklə razılaşmasına əsasən, sağ qalan
qadınların bir hissəsi azad olunmuşdu. İndi Naftalan
sanatoriyasında çalışan Məmməd həkim o vaxt Xocalı xəstəxanasında
işləyirdi. O danışırdı ki, faciə günü gizlənibmiş. Ermənilər
qadınları, qızları mühasirəyə almışdılar. Onların saçlarından tutub
sürüyür, avtomatın qundağı ilə başlarına vururdular. Üz-gözləri qan
içində idi. Məmməd həkim dözə bilməyib gizləndiyi yerdən çıxıb.
Əsir qadınlara qoşulub ki, onlara tibbi yardım göstərə bilsin.
Ermənilər bir ananın iki azyaşlı oğlunun başını həlak olmuş
döyüşçülərinin qəbri üstündə kəsmişdilər. Sonra Məmmədə deyiblər
ki, çıx, səni öldürməyə aparırıq. Bu vaxt Qızıl Xaç Cəmiyyətinin
nümayəndələri gəlib və onları alıb geri qaytarıb. Məmməd həkimin
kişi kimi etdiyi bu qəhrəmanlığın əvəzini Allah ödədi, onu xilas
elədi. Sonradan ümummilli liderimiz Heydər Əliyev onu "Şöhrət
ordeni" ilə təltif etdi.
Seyidağa müəllim danışdıqlarından qat-qat çox şey görmüşdü,
eşitmişdi, bilirdi. Vaxt da az idi və bu faciə bir müsahibəyə
sığacaq deyildi. Mənsə onun hər sözünə, hətta xocalılıların
dilindən eşitdiyim hadisələrə belə, sanki ilk dəfə dinləyirmişəm
kimi, kirimişcə qulaq vermişdim.
- Qızım, mən orda stresdən şəkər xəstəliyi tapdım. Qorxaq adam
deyiləm, məni tanıyanlar tanıyır. Amma kömək edə bilməmək hissi çox
ağırdı. Ağdama kömək etməyə bellə, kürəklə də olsa, heç olmasa, beş
milyon adam gəlməliydi, amma heç kim gəlmədi.
Bütün Ağdam ayaq üstə idi
Bu yerdə müdaxilə etməkdən özümü saxlaya bilmədim. Yadıma düşdü
ki, Xocalı sakinlərindən bəziləri hadisənin baş verməsində həm də
Ağdam döyüşçülərini qınayırdı. Deyəsən, döyüşçülər Xocalı
sakinlərini inandırmışdılar ki, onlara kömək göndəriləcək. Buna
görə də əhali Xocalını tərk etməmişdi. Bu ittihamın nə dərəcədə
həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirməli idim.
- Mən ancaq gözümlə gördüyümü fakt sayıram, - dedi Seyidağa
müəllim. - Bu sözü demək ayıb olar. Bütün Ağdam ayaq üstə idi.
Xocalıdan gələn axın-axın adamları Ağdam camaatı qəbul elədi.
Adamları yedirtmək üçün nə qədər mal, qoyun kəsildi. Dövlət
rəhbərliyindən heç kim yox idi, bir manat yardım gəlmirdi. Dövlət
komissiyası belə yaradılmamışdı. Bu, xalqın faciəsi idi. Kim
ağdamlıları bu məsələdə ittiham eləsə, cavab ver ki, mən elə kişini
danışdırmışam, o, səksən səkkizinci ildən dağlardadı... Şuşanı
görməmisən?
- Xeyr!
- Qubadlını, Zəngilanı?
- Yox! Bircə Ağdamda olmuşam.
- Ermənistanla sərhəd olan bütün rayonları qarış-qarış gəzmişəm.
Azərbaycan xalqı böyük bir faciə yaşayıb. Biz hələ müharibəni
bitirməmişik. Bəzən deyirlər ki, Birinci Qarabağ müharibəsi belə
gəldi, İkinci Qarabağ müharibəsi belə getdi. Birinci Qarabağ
müharibəsi nə vaxt bitdi ki, ikincisi başlasın? Mənimlə çox adam
üz-üzə gələ bilmir. Mənim çəkdiyim videoçarxlar faktdır. Mən sizə
də o videoları diskdə verəcəyəm. Özünüz görəcəksiniz ki, Ağdam
camaatı Xocalıdan gələnləri qollarında necə aparırdı.
Xocalı faciəsi planlaşdırılmışdı, amma biz...
Məsələyə aydınlıq gətirmək lazım idi. Axı söhbət Ağdam
camaatının kömək etməyindən getmirdi. Onlardan 7-dən 70-ə qədər
Xocalının bütün sağ qalmış əhalisi razı idi. Elə şəhid ruhları da.
Doğrudan da ağdamlıların əziyyəti, zəhməti misilsizdir.
- Adilin, Elmanın batalyonu sona qədər vuruşdu. Ermənilər Avropa
televiziyalarına xəbər yaymışdılar ki, biz Xocalı əhalisinə yol
vermişdik. Yol isə yox idi, yalan deyirdilər. Mən orada yol
görmədim. Ağdamda hərbi hissə yox idi, beş özünümüdafiə batalyonu
var idi. Ona görə də heç kim deyə bilməzdi ki, Ağdamdan bizə kömək
niyə gəlmədi! Xocalı faciəsi artıq planlaşdırılmışdı, amma biz
ondan, hamı kimi, son gün xəbər tutduq. Bizimkilərdə isə on nəfərə
bir qumbara, barmaqsayı silah var idi. Mən çox şey deyə bilərəm,
amma Allah var axı, gərək gördüyünü deyəsən.
İstiqlal Muzeyində qorunan bu kamera ilə Seyidağa müəllim
Zəngilanı, Qubadlını, Şuşanı çəkib. Bir məqama da aydınlıq
gətirməli idim: Xocalıdakı cəsədlərə bir neçə gün sonra işgəncələr
verilməsi ilə bağlı xəbərlər yayılmışdı. Hərə bir söz deyir.
Seyidağa müəllimdən başqa, ən doğrusunu kim bilə bilər ki?
- Bu yalandı, qızım. Mən hadisəni çəkən ilk reportyor kimi
deyirəm ki, artıq o işgəncələr cəsədlərə olunmuşdu. Kiminin
beyninin dərisi çıxarılmışdı, kimin qulağı, burnu kəsilmişdi.
Bunları polkun Suriyadan olan əslən erməni mənşəli hərbçiləri
eləmişdi.
Seyidağa müəllim deyəndə ki, mənə hadisələri araşdırmaq üçün
kitablar verəcək, yadıma düşdü ki, özünün xatirələrini
yazıb-yazmadığını soruşmaq lazımdır.
Allahverdi Bağırov mənə deyir ki...
- Kameranı qoyub özümü çəkirəm, yazmağa səbrim yoxdur. Gah özümü
nədəsə ittiham edirəm, gah kiməsə əsəbiləşib nəyə görəsə qınayıram.
Axı, kameradan savayı yanımda heç kim olmur. Hərdən Yusif,
Allahverdi, Ramiz yuxuma girir. Deyirlər, Seyid, niyə gəlib bizi
görmürsən? Onda ayılıram ki, qızım məni çağırır ki, ata, yastığın
bütün sudu. Yuxuda o qədər ağlayıram ki...
Axırda özümü saxlaya bilmirəm. Daha dişimi-dişimə sıxmaq da
köməyimə çatmırdı. Bu vaxt Seyidağa müəllim yanındakı stulun
üstündəki sellofan torbanı masanın üstünə qoyur. Onların içində
kökələr, qoğallar var idi. Mən tələsik sağollaşıb qapıdan çıxmaq
istəyəndə, Seyidağa müəllim oturduğu yerdən qalxıb qapının
qabağında dayandı. Ayağındakı qəlpələr bir həftə qabaq
çıxarılmışdı. Onun aldığı kökələri götürməmək üçün pəncərədən də
düşərdim. Amma onun yaralı ayağını çəkə-çəkə gəlib qapının
dəstəyini tutmasının qarşısında aciz idim. Allah-billahla bir
qoğal, bir kökə götürdüm. Başımı qaldırmadan sağollaşdım ki, yaş
gözümdən çıxmamış özümü qapıdan bayıra ata bilim.
Bu adamlar çörək qədər müqəddəs idilər. Biz onsuz da onların
qoruduğu torpağın çörəyini yeyirik. Axı, biz onların evinə əlimizdə
şəkərbura, paxlava dolu çanta ilə girməli idik. Muzeydən
redaksiyaya necə gəldiyimi bilmədim. "Bunları kimə verim, hara
qoyum?!", - deyə fikirləşdim. Yolumun üstündəki parkda, kölgəlikdə
oturan yaşlı qadının yanındakı uşaq mənə tərəf diyirlənən topunun
dalınca qaçırdı. Nənəsindən icazə alıb, kökələri ona uzatdım. Qoğal
bir dişləkdən sonra yem axtaran göyərçinlərə sarı diyirləndi.
Yəqin, dəniz tərəfdən idi, sərin meh əsdi. Bu ölkədə bu torpağı
qoruyan adamların çörəyini yeməyə körpələrlə quşlardan başqa heç
kimin haqqı yoxdur!
Aydın Yol