Milli İstiqlal Muzeyinin dəyərli eksponatları arasında
Milli Qəhrəman Hikmət Nəzərlinin də şəxsi əşyaları var. Muzeyin
əməkdaşlarının dediklərinə görə, Xocalı şəhərinin müdafiəsi uğrunda
əvəzsiz xidmətləri olmuş Hikmətin taleyindən heç kimin məlumatı
yoxdu. Onu nə Ağdama gətirilən meyitlərin, nə də əsir
düşərgələrindəki girovların arasında görən olub. Anası Mənsurə
xanım oğlunun hələ də sağ olduğunu hesab edir. Deyir, hər qapı
döyüləndə, elə bilir, Hikmət qapıdan girəcək.
Hikmət Baba oğlu Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində
doğulub. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə gedib,
sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçüb.
1982-ci ildə Bakıya qayıdan Hikmət 1984-cü ildə hərbi xidmətə
çağırılıb. Gürcüstanda hərbi xidmətdə olub, 1986-cı ildə ordudan
tərxis edilib və DİN-nin Yanğından Mühafizə İdarəsinə işə qəbul
olunub. Azərbaycan Respublikası Prezidentinin 9
sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət
Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı
verilib.
Gələndə ayaqlarının altı cadar-cadar idi
"Gələn il mart ayında Hikmətin əlli yaşı olacaq. Çox istərdim
ki, onun adını daşıyan bir küçə, bir məktəb olsun".
Bunu Milli Qəhrəman Hikmət Nəzərlinin anası deyir. Onunla elə öz
evlərində görüşdüm. Mənsurə xanım əlildi, yeriyə bilmir. Deyir,
oğlundan sonra evə qapılmaqdan ayaqları tutulub. Xəstəliyinin adı
və müalicəsinin olub-olmadığı ilə bağlı soruşdum. Cavab verdi ki,
sümük xəstəliyidi. Əməliyyat olunması tövsiyə olunsa da, buna
razılıq vermir. Oğlundan xəbər gözləyir:
– Hələ 20 Yanvar hadisələrində onu evdə saxlaya bilmirdim. 19-u
yanvar gecəsi hər yerdən güllə səsləri gəlirdi, onu çətinliklə
tapıb evə sala bilmişdim. Yatdığım otaqda döşəmədən yer saldım ki,
getsə, xəbər tuta bilim. Səhər saat beş olardı, gördüm ki, qapı
sakitcə açıldı və kimsə özünü çölə saldı. Mən qapıya çatana kimi
Hikmət xeyli aralanmışdı, arxadan nə qədər çağırsam da, qayıtmadı.
Onu iki gün görmədim. Bilmirdim, sağdı, yoxsa başına bir iş gəlib.
Sonra mənə dedilər ki, Hikməti Şəhidlər Xiyabanında görüblər,
şəhidlərin dəfninə kömək edirmiş. İki gündən sonra evə gələndə
ayaqlarının altı cadar-cadar idi. Tez-tez döyüş təlimlərinə
gedirdi. Bir dəfə məndən hərbi biletini istədi, guya iş yerindən
tələb ediblər.
Atası Baba Nəzərli Müdafiə nazirinin müavini idi. Qarabağa silah
və ərzaq aparılmasına kömək edirdi. Dedi ki, tapşıraram əsgərləri
aparan avtobus gedəndə evimizin yanından keçər, düşüb Hikmətlə
görüşərsən. Avtobusun qapısında dayananda içəridə bir-birindən
gözəl, bir-birindən boylu-buxunlu cavanları gördüm, Hikməti
yolundan etməyə dilim gəlmədi. Əsgərlərdən biri dedi ki, ana,
narahat olma, biz qayıdacağıq. Ön cəbhəyə dövlət tərəfindən heç bir
dəstək yox idi. Hansısa döyüş əməliyyatını yerinə yetirəndə Hikmət
çaya düşmüşdü, qıcolma tutmuşdu deyə, onu evə gətirmişdilər. Çox
arıqlamışdı, əvvəlki cüssəli Hikmətdən əsər-əlamət qalmamışdı.
Onlar ilk dəfə cəbhəyə yollananda dekabrın sonları idi. Hikmətlə
birlikdə gedən otuz iki nəfər Ağdamda düşsə də, onlardan on iki
nəfər vəziyyəti, şəraiti görüb qaçmışdı, iyirmi bir nəfər isə
Xocalını müdafiə etməyə yollanmışdı...
Mənsurə xanım əlinin altındakı salfetlərdən birini götürüb
gözünün yaşını sildi. Birdən mənə elə gəldi ki, Mənsurə xanımın
danışmaqdan çox susmağa ehtiyacı var. Bəlkə də belə insanların
dərdini tərpətdiyimə görə məni heç vaxt bağışlamayacaq Yaradan.
Onun gözlərindən tökülən yaş deyildi, od parçasıydı. Düşdüyü yeri
yandırardı. Amma Mənsurə xanım onları düşməyə qoymurdu, salfet
əlində idi...
Bir rus generalını tutduqlarına görə
onları...
– Hikmət yanına gələn döyüşçü dostlarına tapşırdı ki, hərbi
formasını aparsınlar, gedə bilməyəcək. Dedi, ana, görürsən, mən
qalıram. Onun dostları ilə him-cimlə danışması gözümdən yayınmadı.
Avtobus yenə bizim həyətdən keçəcəkdi. Səhər qalxdı ki, döyüşçü
dostlarını yola salsın. Dedim, Hikmət, axı sənin vəziyyətin yaxşı
deyil, onları yola salmasan, səndən inciməzlər. Cavab verdi ki,
narahat olma, indi qayıdıram. Düşdü aşağı. Mən də pəncərədən
baxırdım. Avtobusda hərbi formasını geyindiyini görəndə başa düşdüm
ki, onu saxlamaq mümkün olmayacaq. Əlini yelləyib sağollaşdı, heç
əlimi də qaldırmadım, üzümü yana tutdum.
Sonra onunla ancaq telefonla əlaqə yarada bildik. Zəng elədi ki,
ata, kömək elə vertolyot göndərsinlər, şəhid olmuş döyüşçünü
göndərək ailəsinə. Atası dedi, ay oğul, lap pul da verirəm, heç kim
uçmur. Xocalı artıq blokadada idi. Ora nə ərzaq aparırdılar, nə
silah. Şəhidi elə oradaca dəfn eləmişdilər. Vəziyyət olduqca
qarışıq idi. Bir rus generalını tutduqlarına görə onları bərk
danlamışdılar. Aqil komandirləri idi, onlara edilən təzyiqlərə görə
bərk əsəbiləşibmiş. Deyibmiş ki, necə olur, düşməni əsir götürürük,
bizə xəbərdarlıq edirlər ki, onu azad etməsəniz, tribunala
gedəcəksiniz. Burada oyun oynayırıq?
Onunla sonuncu dəfə ayın 19-u danışmışdım. Telefonda dedim ki,
özün gördün axı vəziyyəti, yenidən niyə qayıtdın ora? Hikmət dedi
ki, ana, o camaat axı bizdən kömək gözləyir. Heç bir ərzaq gəlməyən
ərazidə əhali boğazından kəsib əsgərləri yedirdir ki, siz bizi
qoruyursunuz. Axı onların başqa ümid yeri yoxdu.
Adını unutduğum adam danışırdı ki, Hikməti görəndə yaralı idi.
Buna baxmayaraq, o, zirzəmilərdə gizlənmiş adamları şəhərdən
çıxardıb geri qayıtmışdı. Sakinlərin sözlərinə görə, o, daha dörd
nəfərlə postda olanda üstlərindən düşmən tankı keçib. Digər
döyüşçülər başı kəsilmiş, güllələnmiş şəkildə tapılsa da, o dörd
nəfərdən xəbər çıxmadı. Evimizə müxtəlif zənglər gəlirdi. Ofeliya
adlı qadın da zəng edirdi ki, Hikməti yaralı halda Ağdamda görüb.
Vertolyota minməli idi, amma yerini həmin qadına verib. Maraqlıdır,
Hikmət Ağdama necə gələ bilərdi? O qadın kim idi? Bizim evin
nömrəsini hardan almışdı? Sonra dedilər ki, guya Hikməti bir qrup
yaralı döyüşçü ilə birlikdə Gəncəyə göndəriblər. Yoldaşım Gəncəyə,
Bərdəyə, Mingəçevirə – hara dedilər, ora getdi, amma Hikməti tapa
bilmədi. Sağ qalan döyüşçü dostları danışırdı ki, Hikmət bir dəstə
erməni hərbçisini qaz kontorunda girov götürmüşdü. Onun avtomatını
isə bizə gətirmişdilər, döyüşçülər lazım olanda o silahı bizdən
götürüb cəbhəyə düşmən vurmağa gedirdilər. Sonra biz onu təhvil
verdik.
Avtomatları necə oğurladıqlarından
danışırdı
– Gedəndə silahını burada qoymuşdu?
– Yox, axı silah az idi. Özü minaatanla atırdı. Avtomatını isə
döyüşçü dostlarına vermişdi, onlar da silahı bizə gətirmişdilər.
Hikmət söz danışan deyildi, amma elə məqamlar var idi ki, özünü
saxlaya bilmirdi. Yatdıqları yerdən avtomatları necə
oğurladıqlarından danışırdı. Deyirdi, gecə işıqları söndürüb
özlərini yatmışlığa vururmuşlar, bəzən isə səhərə qədər oyaq
qalırmışlar ki, silah oğrularını tapa bilsinlər. Bu o dövr idi ki,
müdafiə olunmağa silah tapılmırdı. Amma kimlərsə satmaq üçün
avtomat oğurlayırdı. İfşa olunmuş oğrulara isə heç bir cəza
verilmədi. Buna görə də əsgərlər arasında ruh düşkünlüyü var
idi.
– Hikməti axtarmaq üçün yəqin ki, cəhdlər edirdiniz.
Getdiyiniz ünvanlarda ümid işığı var idimi?
– Yoldaşım özü bir kəşfiyyatçını Moskvaya göndərmişdi. Həmin
adam Hikmətlə birgə itkin düşmüş həmin üç nəfərin də şəklini özü
ilə götürmüşdü. Amma heç bir nəticə əldə etməmişdi. Xəbər gətirdi
ki, əsrlərin saxlandığı bütün həbsxanalara, zirzəmilərə baxsa da,
onların heç biri haqqında məlumat ala bilməyib. Görünür, Xocalı
sakinləri düz deyib, bəlkə də onların üstündən postda tank
keçib.
Bir ananın oğlu haqqında bu cür danışması çox dəhşətlidi,
ifadəolunmazdı. Bunları deyərkən səsindəki əzabı, içindən keçən
ağrını hiss etməmək mümkün deyildi. Hərçənd, hadisənin üstündən az
vaxt keçməyib.
– O bir sözümü iki eləməzdi. Belə atanın oğlu öz həyatını
yaşamalı idi. İki yerdə işləyirdi, həm qarajda mühəndis idi, həm də
taksi sürücüsü. Onu görən bir tanışımız deyib ki, atana deyəcəm bir
oğlu saxlaya bilmirsənmi, gedib taksi sürücüsü işləyir? Hikmət ona
cavab vermişdi ki, burda nə var, oğurluq ki eləmirəm! Olduqca
zəhmətkeş idi. Gəlib deməzdi ki, ata, mənə pul ver.
Tabut açılandan sonra aydın oldu ki...
Mənsurə xanım Hikmətin axtarışı ilə bağlı mövzuya yenidən
qayıtdı. Söhbət boyu ananın oğlunu tapacağı ilə bağlı ümidin
ölümsüzlüyündən içimə qəribə bir hiss doldu. Bilmirsən gözləməkdən
ayaqları tutulmuş ananın közərmiş ümidinin üfürüb yanmasına kömək
edəsən, yoxsa işarıb-işarıb sönsün deyə, nəfəsini içinə
çəkəsən.
- Hikmətin axtarışı ilə bağlı yenə də cəhdlər edirik. Bu
yaxınlarda Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları bizdən DNK analizi
üçün qan nümunəsi götürdü. Dedilər, kütləvi dəfnlər edilən
yerlərdən çıxarılan meyitlər yoxlanılacaq.
Onun dirisini də, ölüsünü də çox axtardıq. Bizə deyirdilər ki,
Hikmət tapılıb, tabut düzəltdirin. Yoldaşım hər dəfə gedib görürdü
ki, Hikmətin cənazəsi deyil. Yoldaşım Hikmət adı ilə on dörd nəfər
dəfn edib. Sonuncu dəfə yenə bir nəfərin tabutunu gətirdilər ki,
daha bunu açmayın, oğlunuzdu. Mən dəvə yunundan bir poliver
vermişdim Hikmətə, çox isti saxlayırdı. Hikmət deyirdi ki, ana, o
poliveri posta kim çıxsa, o geyinir. Poliver tabutdakı şəhidin
əynində idi deyə, adamlar onun Hikmət olduğuna inanmışdılar. Təbii
ki, tabut açılandan sonra aydın oldu ki, o da Hikmət deyil...
Evlərindən çıxanda gözləri yolda qalmış anaya hansı təsəllini
verəcəyim haqda düşündüm. Yadıma düşdü ki, xeyli Xocalı sakini ilə
görüşmüşəm. Bəlkə də Hikmətin harada olduğunun cavabı o səs
yazılarının arasındadı. Bəlkə də Xocalı camaatı ilə keçirilən bu
silsilə görüşlərin birində tapılacaq Hikmət. Hər şeyə inanan
deyiləm, amma elə bil, Mənsurə ananın közərən ümidi bir parça qopub
ürəyimə düşmüşdü. Ananın sözləri qulaqlarımdan getmədi yolboyu:
"Əvvəllər tez-tez yuxuma gələrdi. Bu günlərdə özümü çox pis hiss
edirdim, evdəkilərə heç nə demədim. Özümdən getmişdim deyəsən, onda
gördüm Hikmət yaxamdan bərk-bərk tutub silkələyir: "Ana, ana".
Özümə gəldim. Siması elə gözəl idi ki..."