Axar.az-ın "Rol yoldaşı"
layihəsinin budəfəki qonağı əməkdar artist Ənvər Həsənovdur. O, bir
çox filmdə, tamaşada tərəf-müqabili olduğu mərhum xalq artisti
Həsən Məmmədovla bağlı fikirlərini bölüşür:
Çox gözəl insan idi
"Həsən Məmmədov haqqında çox danışmaq olar.1965-ci ildə
kinostudiyada işə başlayandan Həsənlə dostlaşdım. Tale elə gətirdi
ki, biz onunla bir neçə filmə bir yerdə çəkildik, tərəf-müqabili
olduq.
Mən Həsən Məmmədovu dahi aktyorlardan sayıram. Aktyorluqla
yanaşı o, həm də çox gözəl insan idi. Onunla dostluq etmək özü
böyük xoşbəxtlik idi. Bizim onunla səfərlərimiz də çox olub.
Polşada, Çexoslovakiyada və s.ölkələrdə olmuşuq.
Ürəyim ağrıyır
Çox təəssüflər olsun ki, bu gün Həsən bizim aramızda yoxdur.
Onun çəkildiyi gözəl filmlər "Yeddi oğul istərəm", "Arxadan vurulan
zərbə" və s. bu gün də baxılır, sevilir. Mən hətta həmin filmlərə
baxanda ürəyim ağrıyır.
Cəlalın ölümündən sonra
Çəkiliş meydançasında gözlənilməz hadisələr olurdu. Həsənin
tərsliyi yox idi. Çox mülayim, gözəl bir insan idi. Həm də çox
həssas idi. "Yeddi oğul istərəm" filmində Cəlalın ölümündən sonra
Humayı döyür, deyir, təqsirkar sənsən. Həmin vaxt Rafiq Əzimov –
Şahsuvar gəlib atın başını tutanda at qəfildən tərpənmişdi, onun
başı dəymişdi, alnı cızılmışdı. Həsən müəllim ona görə elə bir
vəziyyətə düşmüşdü ki... Burda Həsənin heç bir təqsiri yox idi,
amma həssas adam idi deyə, belə şeylər ona pis təsir edirdi.
Həmin filmin çəkilişi vaxtı biz Qobustan rayonunda qalırdıq.
Cəlalın ölüm səhnəsini Qobustan qayalıqlarında çəkirdik. Mən ölüm
səhnəsində tək çəkilirdim. Ona görə o biri aktyorlar çəkiliş
meydançasına getməmişdi. Mən çəkilişdən qayıdanda Həsən özünü
üstümə necə atdısa, çox təsirləndim. Çox yorğun, əzgin, ölgün
gəlmişdim. Həsən başda olmaqla yoldaşlarım mənə çox mehriban
davranırdılar, qulluq göstərirdilər.
Məni lağa qoydular
"Yeddi oğul istərəm"i Buzovnada çəkəndə orda oteldə qalırdıq.
Ora filmə çəkiləcəyimiz geyimdə getmişdik, bütün silahlarımızı da
götürmüşdük ki, səhər tezdən, gün çıxmamışdan çəkilişə başlayaq,
sonra çıxaq gedək. Həmin oteldə də xarici pilotlar, stüardessalar
qalırdılar. Elçin Məmmədov (Mirpaşa) dedi ki, mən darıxıram,
gedirəm televizora baxmağa (televizoru foyeyə qoymuşdular).
Getməyindən heç beş dəqiq keçməmişdi ki, bir də gördük pərişan
halda qayıtdı. Soruşduq ki, nə olub? Dedi, ruslar oturub orda, mən
getdim, məni lağa qoydular. Həsən dedi ki, uşaqlar, durun mənlə
gəlin. Biz də çıxdıq onun arxasınca. Gördük ki, doğrudan da, foyedə
20-30 nəfər bizim millətdən olmayan adam var. Getdik ikimiz
birinin, ikimiz o birinin, birimiz birinin və s. yanında oturduq.
Beş dəqiqədən sonra zalda bir adam da qalmamışdı. Hamımız silahlı
idik deyə qorxmuşdular.
Dədə Qorquda erməni dedilər
Yaxşı aktyor olmaq üçün həm də yaxşı insan olmaq lazımdır. Bu
ikisi vəhdət təşkil etməsə, bəlkə də Həsənin kinoda yaratdığı
obrazlar o qədər gözəl alınmazdı, tamaşaçılar tərəfindən
sevilməzdi.
Çəkilişdən kənar bir hadisə də yadıma düşdü. Səhv etmirəmsə,
1975-ci il idi. Pirquluda "Dədə Qorqud"un çəkilişləri aparılırdı.
Çəkiliş qrupunun əsası getmişdi, biz Həsənlə axıra qalmışdıq. Mən
adi paltarda idim, assistent kimi çalışırdım. Həsən isə Dədə Qorqud
paltarında idi. Oturub maşın gözləyirdik ki, gəlib bizi aparsın.
Bir də gördük restorandan cavanlar çıxdı. Təəccüblə Həsənə baxıb
dedilər ki, bu nədi, ala, erməni keşişi burda neyləyir? Həsən durdu
ayağa, dedi, bura bax, bu saat pariki-zadı başımdan çıxarıb səninlə
başqa cür danışaram, yekəbaşın biri yekəbaş. Uşaqlar o saat
dillərini saldılar qarınlarına, səsindən tanıdılar ki, bu, Həsən
müəllimdir, üzr istəyib getdilər. Yəni belə çılğınlıqları da
olurdu, bəzən özündən çıxırdı. Gözəl günlər idi...
Allah rəhmət eləsin, çox böyük sənətkar idi. Mən onun bu gün
aramızda olmamasını Azərbaycan üçün böyük itki hesab edirəm".