Axar.az
Yuxarı

Putinlə bir ay əvvəl Kremldə görüşdüm... - İlham Rəhimov

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, “Şöhrət” ordenli professor İlham Rəhimovun Nyus24.az-a müsahibəsini təqdim edir:

- İlham müəllim, iyunun 2-də Rusiya Elmlər Akademiyasının akademiki seçilmisiniz. Öncə bu münasibətlə sizi təbrik edir, elmi yaradıcılığınızda uğurlar arzulayırıq. Rusiya Elmlər Akademiyasının akademiki olmaq necə bir hissdir?

- Öncə onu bildirim ki, Rusiya Elmlər Akademiyasının akademikliyinə namizədliyim tanınmış rusiyalı hüquqşünaslar tərəfindən irəli sürülüb. Bu proses çox mürəkkəbdir. Bir neçə mərhələ keçmək lazımdır. Əvvəla, seçkilər elan olunan zaman hansısa hüquq təşkilatı Rusiya Elmlər Akademiyasının Rəyasət Heyəti qarşısında təşəbbüs qaldırmalıdır. Xarici vətəndaş olan hüquqşünaslara sadəcə bir yer verilir. Bundan əvvəl Rusiya Elmlər Akademiyasının hüquq üzrə xarici akademiki fransız idi. O, artıq dünyasını dəyişib. Ona görə bu yer boş qalmışdı. Təkcə hüquq deyil, bir çox sahə üzrə seçkilər elan olunmuşdu: fəlsəfə, tarix, fizika və s. Rusiya Nazirlər Kabinetinin nəzdində böyük bir Qanunvericilik İnstitutu var. Rusiyanın bütün qanunvericlik layihələri ilə məşğuldur. Orada çox təcrübəli, nüfuzlu alimlər çalışır. Mən həmin institutun professoruyam, namizədliyim də onlar tərəfindən irəli sürülüb.

Daha sonra ikinci mərhələdə 30 akademik bir araya gəlir. Bu akademiklərin içərisində humanitar sahədə çalışanlar – hüquqşünaslar, filofoslar, sosioloqlar, tarixçilər var. Səsvermə prosesi gizli gedir. Birinci gizli səsvermədə 30 səs topladım. Yəni heç kim əleyhimə səs vermədi. İki gündən sonra daha 50 nəfərin iştirakı ilə iclas keçirildi. Bu 50 nəfərin içərisində əvvəlki 30 akademik və əlavə olaraq 20 nəfər Elmlər Akademiyasının müxbir üzvləri yer alırdı. Sonra daha geniş müzakirə başlayır. Yenidən gizli səsvermə olur. İkinci gizli səsvermədə 48 səs toplamışdım. Gizli səsvermə olduğu üçün kimlərin mənə səs vermədiyini bilmədim. Növbəti prosesdə Akademiyanın Ümumi yığıncağı keçirilir. Bu yığıncaqda Rusiya Elmlər Akademiyasının bütün akademikləri iştirak edir. Ümumi yığıncaqdakı gizli səsvermədə də çox böyük üstünlüklə səs topladım. Rəqəmi deməsələr də, nəticənin çox yaxşı olduğunu bildirdilər. Ən sonda Ümumi yığıncaqda səsvermələrin nəticələri təsdiq edildi.

Yəni prosesin şəffaflığını sizə izah etmək istəyirəm. Ümumiyyətlə, SSRİ dövründə hüquqşünaslara akademik olmaq üçün yer çox çətinliklə verilirdi. Sovet dövründə fizika, kimya, biologiya üzrə akademik seçilən şəxslər çox olub. Hər il bu sahələrə çox yer ayrılırdı. Ancaq hüquq sahəsi daim kənarda qalırdı. Yanılmıramsa, Azərbaycanda da eyni vəziyyətdir. Azərbaycanın Milli Elmlər Akademiyasında hüquqşünas akademik yoxdur. Bir müxbir üzv var. O da çox hörmət etdiyim insan Məsumə Məlikovadır. Hüquq sahəsində elmin ən yüksək zirvəsinə çıxmaq çox çətindir. Məsələn, SSRİ dövründə, Leninqradda oxuduğum zamanlarda bizim universitetin azərbaycanlı prorektoru var idi. O, həm də hüquq fakültəsində kafedra müdiri kimi çalışırdı. Dünya miqyasında tanınmış alim, hüquqşünas Cahangir Kərimovu nəzərdə tuturam. Cahangir müəllim daha sonra işləməyə Moskvaya getdi. Ancaq nəticə etibarilə o da SSRİ Elmlər Akademiyasının müxbir üzvü idi.

- Artıq iki ildir ki, müharibə başa çatıb. Tarixən müharibələrin bitməsi həmişə sülh müqavilələri ilə rəsmiləşdirilir. Bəs, Azərbayanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının yubanması nə ilə əlaqədardır? Hansı səbəbləri qeyd edə bilərsiniz?

- Ümumiyyətlə, sülh məsələsi asan proses deyil. Hər iki tərəfdən itkilər var, düşmənçilik mövcuddur. Lakin sonda Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi bağlanacaq. Sülh müqaviləsinin gecikməsi Sovet dövründən bizə miras qalan inzibati-sərhəd və Qarabağda yaşayan erməni əhalisinin gələcəyi ilə bağlıdır. Düşünürəm, bu məsələlər də öz həllini tapacaq. Ermənilər də sonda qəbul edəcəklər ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana mərhələli inteqrasiya edib, bizim vətəndaşlar kimi yaşamaqdan başqa yol onları gələcəkdə daha böyük problemlərlə üzləşdirə bilər. Sadəcə, səbr və siyasətimizi bundan sonra da düzgün müəyyən etməklə qarşıya qoyulan hədəflərə çata bilərik. Biz otuz il səbr edib, lakin hər gün çalışmaqla böyük qələbə qazanmış xalqıq.

- Hazırda dünyada ən çox müzakirə olunan məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsidir. Bir çoxları hesab edirlər ki, əslində Qərb Rusiya ilə müharibə aparır və Ukraynadan bir poliqon kimi istifadə edir. Siz bu barədə nə düşünürsüz? Ümumiyyətlə, bu munaqişənin gələcəyi, həlli barədə fikirləriniz necədir?

- Fevralın 24-dən əvvəl mətbuata müsahibəmdə qeyd etmişdim ki, hərbi əməliyyatlar başlasa, bu böyük faciəyə səbəb olacaq. Ümumiyyətlə, müharibə bütün hallarda faciədir. Bu gün isə ən çox bu faciəni yaşayan elə Ukrayna xalqıdır. Ukraynada yaşayan ukraynalılar və ruslardır.

Bu günə qədər də bu suala cavab verilmir ki, niyə 24 fevraldan əvvəl Ukrayna hökuməti özünün neytral statusunu saxlayacağını bildirmədi?! Müharibədən əvvəl başda ABŞ olmaqla, bir çox Qərb dövlətləri, həm də Ukrayna tərəfi bu ölkənin NATO üzvü olacağına dair ard-arda bəyanatlar verirdilər. Hərbi əməlyyatlar başlayandan sonra isə məlum oldu ki, NATO heç Ukraynanın bu bloka üzv olmasını istəmir. Ukrayna da artıq bundan sonra bəyanat verdi ki, bloklara qoşulmamaqla bağlı öhdəlik götürməyə hazırdı. Bundan əlavə, Ukrayna prezidentinin ölkəsinin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanat verməsinin səbəbi nə idi?! Ukraynanın on minlərlə ordunu nəzarətində olmayan Donbasla sərhəddə yığaraq “biz Donbasın qalan hissəsini və Krımı müharibə ilə geri qaytaracağıq” kimi bəyanatları münaqişənin həlli prosesinə necə müsbət təsir göstərə bilərdi?! Gördüyünüz kimi suallar çoxdu.

Münaqişənin həlli ilə bağlı sualınıza gəlincə isə dünyada bütün müharibələr sonda masada sülhlə bitir.

Ümumiyyətlə, sonda böyük dövlətlərin razılaşması qaçılmazdır. Bu gün Qərb Rusiya qarşıdurması nə qədər kəskin olsa da, sonda böyük güclər bu və ya digər formada razılığa gəlməyə məcburdurlar. Bu olmadığı təqdirdə nə regionda, nə də dünyada sülh və stabilliyin təmin olunması mümkün deyil. Səbəb isə nüvə silahına malik dövlətlərin bir-birini məğlub etməsi, sadəcə fiziki cəhətdən mümkün deyil.

- Siz eyni zamanda həm də iş adamı kimi də tanınırsınız. Sözsüz ki, dünyada gedən iqtisadi prosesləri də yaxından izləyirsiniz. Hazırda BMT, digər beynəlxalq qurumlar qlobal iqtisadi böhran, taxıl qıtlığı, aclıq təhlükəsi barədə xəbərdarlıq edirlər. Vəziyyət doğrudanmı bu dərəcədə kritikdir?

- Ukraynada müharibə həqiqətən də dünyada ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır. Dünyada bütün məhsullar kimi taxıl məhsullarının da qiyməti sürətlə bahalaşır. Xüsusən də, kasıb ölkələrin əhalisi bunu ciddi hiss edir və hələ hiss edəcək. Lakin hesab etmirəm ki, vəziyyət deyildiyi kimi də qlobal aclığa gətirib çıxarsın. Çünki dünyada bunun qarşısını almaq üçün hələ ki, imkanlar mövcuddur. Eyni zamanda, bu məsələdə Türkiyə prezidenti Ərdoğanın Rusiya və Ukrayna tərəfi ilə aktiv danışıqlarının da nəticə verəcəyinə inanıram və bu yüksək qiymətləndirilməlidir.

- Siz həm də bir iş adamı olaraq Rusiyaya tətbiq edilən sanksiyaların nəticləri ilə bağlı daha dolğun informasiyaya maliksiniz. Maraqlı proseslərdən biri odur ki, son aylarda rubl kəskin ucuzlaşandan sonra tezliklə öz əvvəlki qiymətinə qayıtdı və hətta daha da bahalaşdı... Sizcə, bu, müvəqqətidir, yoxsa?

- Bilirsiniz, məsələ ondadır ki, bu sanksiyanı tətbiq edənlər nəticənin nə olacağının bir o qədər də fərqində deyildilər. Rusiya hökuməti bu sanksiyalara hərtərəfli hazır idi. Yəni hansı addım atılsa, biz nə edəcəyik?

Təbii ki, sanksiyalar Rusiyaya da təsirsiz ötüşmür. Lakin hökumət yeni reallıqlara uyğun çevik addımlar atmaqla vəziyyəti stabil saxlamağı bacarır. Ümumi təhlillər isə onu göstərir ki, sanksiyalar Rusiyadan çox elə onu tətbiq edən ölkələrə mənfi təsir göstərir. Bu gün ABŞ və Aİ-yə üzv olan ölkələrdə son onillərin ən böyük inflyasiyası qeydə alınır. İnsanların real gəliri aşağı düşür, həyat səviyyələri ağırlaşır. Yəni müasir qloballaşan dünyada sanksiyaların təsiri birtərəfli ola bilməz.

Rusiyaya sanksiyaların təsirinin gələcək nəticəsi Rusiya iqtisadiyyatının yeni reallıqlardan irəli gələn şərtlərə nə qədər tez uyğunlaşmasından da asılı olacaq. Hələlik görünən odur ki, Rusiya hökuməti bu istiqamətdə ciddi çalışır.

Digər tərəfdən, Rusiyanın neft və qaz sektoruna sanksiyaların nəticəsi bu sanksiyaları tətbiq edən dövlətlər üçün daha ağır nəticələr yaradır. Hələ yaydır, qaza olan tələbat o qədər də böyük deyil. Bəs qış mövsümündə necə olacaq? Gəmi ilə ABŞ-dan maye qazı almaq alıcılar üçün nə qədər sərfəli ola bilər? Təbii qazın və neftin alternativ bazarlardan alınacağı təqdirdə belə maya dəyərini dəfələrlə qaldıracaq. İndi sual olur, kim bundan qazanır?!

Onlar həm də sanksiyalar tətbiq etməklə çalışırdılar ki, elə eləsinlər, rusların gəliri tamamilə olmasın. Gəlir olmayanda da ölkədə narazılıq əmələ gəlsin. İndi məlum olur ki, 100 gün ərzində təkcə neftdən ruslar 100 milyard pul qazandılar. Çünki sanksiyalar sərtləşdikcə neftin qiyməti qalxır, təlabat artır. Avropanın əvəzinə Hindistan və ya iqtisadiyyatları sürətlə inkişaf edən Vyetnam kimi dövlətlər Rusiyadan qat-qat artıq neft məhsulu alır.

Hazırda Rusiya ona sanksiya tətbiq edən ölkələrə əks iqtisadi cavab olaraq eksportunda xüsusi çəkisi olan təbii qazı xarici valyuta ilə deyil, rublla satır. Bundan başqa Türkiyə, Çin və başqa ölkələrlə ticarətlərini milli valyutalarda aparmalarına dair razılıqlar var. Eyni zamanda, Qərb bazarlarından valyuta ilə aldığı məhsulların həcmində azalma var ki, bu da rublun möhkəmlənməsinə şərait yaradır. Rublun bahalaşmasına baxmayaraq, Qərb bazarlarına çıxışın məhdudlaşması da öz növbəsində iqtisadiyyata neqativ təsir göstərir. Yəni proseslərin nəticəsi çoxşaxəlidir.

Rusiyaya tətbiq edilən sanksiyaların məqsədlərindən biri də onu dünyadan tam təcrid eləmək idi. Lakin göründüyü kimi bu da mümkün olmadı. Dünən Sankt- Peterburq şəhərində keçirilən iqtisadi foruma 80-dən artıq ölkənin nümayəndələri qatılmışdı.

Sanskiyalardan danışarkən rusların buna münasibətini xüsusi vurğulamaq lazımdır. Mən rus xalqını tələbəlik dövründən tanıyıram. Amerikalılar rusların psixologiyasını başa düşməyiblər. Onlar başa düşmürlər ki, bu kimi sanksiyalar və ya digər təzyiqlər nəticəsində ruslar, əksinə daha monolit olurlar, vətənpərvərlik hissləri daha da yüksəlir. Təbii ki, sohbət çoxluqdan gedir. Buna görə də, guya sanskiyalar nəticəsində hakimiyyətə qarşı narazılığın artacağı kimi plan quranlar yanlışlığa yol verdilər. Bu gün hətta Qərb təhlilçilərinin özləri etiraf edir ki, prezident Putinin reytinqi ən yüksək səviyyəyə qalxıb.

- Yeri gəlmişkən, sizin biznes ortağınız Qod Nisanova da bu yaxınlarda sanksiya tətbiq edildi...

- Qod Nisanova sanksiyanı yalnz ABŞ tətbiq edib. Avropa İtifaqı və digər heç bir dövlət ona qarşı sanksiya tətbiq eməyib. Amerikanın sanksiyasına gəlincə, bu o deməkdir ki, Qod Nisanov ora gedə bilməz. Qod axırıncı dəfə Amerikaya nə zaman gedib, heç yadıma gəlmir. Bizim bütün biznes fəaliyyətimiz Rusiya ilə bağlıdır. Nə onun, nə də mənim Qərb ölkələrində hər hansı əmlakımız var.

- Rusiya Prezidenti Vladimir Putinin ağır xəstəliyə tutulması ilə bağlı fikirlər səslənir. Sonuncu dəfə nə zaman görüşmüsünüz Putinlə?

- Məndən də bu barədə çox adam soruşur. Başa düşürəm, bu da informasiya müharibəsinin bir hissəsidir. Hardasa nəsə yazırlar, sonra bunu yayırlar. Bununla bağlı bildirirəm ki, təxminən bir ay bundan əvvəl Kremldə onunla görüşdüm, bir saat söhbət elədik. Səhhətində heç bir problem yoxdur. Həmişə gördüyüm kimi sağlam, gümrah fiziki formasındadır. Adətən, həmişə olduğu kimi çox yüksək əhvalda və özünəinamlı idi. Yəni reallıq budur.

- Görüşəndə Qarabağ mövzusunda danışırsınızmı?

- Bircə onu deyə bilərəm ki, səbr nümayiş etdirməklə və düzgün siyasətlə hər şey yaxşı olacaq.

Tarix
2022.06.18 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Maaşımız artacaq, amma yenə eyni pulu alacağıq - Novruzov

General söz verdi, amma Şuşada onunla görüşə bilmədi

Dünyanın bölünməsi yox, birləşməsi savaşı gedir - Deputat

Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video

Müharibə nə vaxt bitir, qalib kim olacaq? – Zirəddin

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Bu klinika ilk dəfə hicama tətbiq edir: faydası nədir? - Foto

Müqəddəs sayılan Valentin əslində kimdir? - Video

Putin heç vaxt SSRİ-ni bərpa etmək istədiyini deməyib - Rəhimov

Şuşanın bir addımlığında generalların məxfi müşavirəsi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla