Bu dəfə "Cəbhə xətti"ndə Nazilə Ramazan qızı
Yumayevadır. 1959-cu ildə Bakı şəhərində anadan olub, orta
təhsilini burada başa vurub. Gənc yaşlarından anasının çalışdığı
xəstəxanada kiçik tibb bacısı işləyib. Bir müddət sonra ailə həyatı
qurub, bir övladı var. Birinci Qarabağ müharibəsində tibb bacısı
kimi iştirak edib. Hazırda "Azərbaycan" nəşriyyatında
işləyir.
Onu mənə verdilər ki...
- Nazilə xanım, necə oldu döyüş bölgəsinə yollandınız?
İstərdim yadınızda qalan xatirələri bizimlə
bölüşəsiniz.
- Əvvəlcə, bizi yada saldığınız üçün sizə öz minnətdarlığımı
bildirirəm. Sanki bizi hər kəs unudub, biz heç yoxuq, olmamışıq!
Mənim bütün həyatım ağrı-acılarla keçib. Uşaqlığımdan çox zülmlər
görmüşəm. Hələ gənc yaşlarımda ailə həyatı qursam da, uğursuz
alınıb. Bu evlilikdən bir övladım dünyaya gəlib. Sonralar da anamla
xəstəxanada işləmişəm. Nəhayət, 1988-ci ildən bir vətəndaş kimi
Milli Azadlıq Hərakatına qoşulmuşam. Daha sonralar Topxana
meşəsinin alınmasına etiraz aksiyalarında, 20 Yanvar və Birinci
Qarabağ müharibəsi döyüşlərində tibb bacısı kimi iştirak
etmişəm.
İlk dəfə Qarabağa getməyim...
Bir gün evdə oturmuşdum, televizora baxırdım. Birdən
"Xəbərlər"də xalq şairi Xəlil Rza Ulutürkün oğlu Təbrizin şəhid
olma xəbərini verdilər və dedilər ki, o, təcili tibbi yardım
olmadığı üçün dünyasını dəyişib. Buna dözə bilmədim. Səhər Hərbi
komissarlığa gedib döyüşə yollanmaq istədiyimi dedim. Harada
olursa-olsun, xidmət etməyə razı idim. Beləliklə, anamın iş yerinə
halallaşmağa getdim və dedim ki, mən Qarabağa yollanıram. Oğlumu
internata qoyub, 1992-ci il fevral ayının 18-i Ağdam rayonundakı
döyüş bölgəsinə yollandım. Orada səyyar hospital vardı, kiçik tibb
bacısı olaraq xidmətə başladım. Bu arada onu da deyim ki, hələ
1986-cı ildə Kəlbəcərə dincəlməyə gedəndə hiss etmişdim ki,
ermənilər altdan-altdan işlərini görməyə başlayıblar. Bizim
avtobusumuzun qabağını kəsib, daşa basmışdılar... Müharibə dövrü
çox ağır idi. Bizim qəbul etdiyimiz yaralılar Xocalı faciəsinin
qurbanları idi.
- Yəqin, çox dəhşətli vəziyyətdə idilər...
- Hə, dəhşət idi... Birinin başı yox idi, birinin ayaqları,
qolları qopmuşdu. Mən ilk dəfə onda bildim ki, insanın hansısa
bədən üzvü bədənindən ayrılanda belə ağır olurmuş. Bir əsgərimizi
gətirmişdilər, ayağı dizindən qopmuşdu, demək olar, dərisindən
sallanırdı. Onu mənə verdilər ki, götür, morqa qoy, inanın, gücüm
çatmadı.
Günlərlə yatmağa vaxtımız olmurdu, qan içində idik. Hətta
xəstələrlə belə söhbət etməyə vaxtımız qalmırdı. Boş vaxtımızda
belə rəhmətə gedənləri, əməliyyat olunaraq kəsilən əl-ayaqları
morqa aparırdıq.
Bunu heç unutmaram...
- Bu xatirələr indiki həyatınızda sizə əziyyət
verirmi?
- Bunlar xatirə deyil e, dəhşətli səhnələr idi... Bunu yaşamayan
bilməz. Biz rəsmən manyaka dönmüşdük. Bir xəstəmiz vardı, bir gün
baxdım ki, hamının stolunun üstündə gül var, bunda yox. Həmin
əsgərin baldırı parçalanmışdı, əməliyyat olunmuşdu, ancaq hərəkət
edə bilmirdi. Gördüm ki, hərəkət etməsə, öləcək. Ona tənzifdən ip
hörüb verdim. Dedim ki, əlinlə bunu tut, ara-sıra hərəkət elə ki,
qanın dövr eləsin, laxtalanmasın. O, çox kövrəlmişdi buna. Amma
sizə deyim ki, əsgərlərimiz çox cəsur idilər, bəzən tam sağalmadan
belə döyüşə qayıdırdılar.
- Müharibə vaxtı xanımlar da böyük şücaət
göstəriblər...
- Hə, əlbəttə, həm döyüşçü, həm də tibb bacısı kimi qadınlar da
bu savaşda iştirak ediblər. Bir dəfə iki əsgər gəlib dedi ki, bizə
döyüş bölgəsinə həkim lazımdır. Bizdə Gültəkin adlı bir həkim var
idi, o, dərhal irəli çıxıb "mən gedirəm", - dedi. Ona dedilər ki,
yox, sən qadınsan, sən getmə. Gültəkin xanımla mübahisə etdilər,
Camalov dedi ki, onda tapançanı ver, yoxsa mən səni məhkəməyə
verəcəyəm.
- Həkimlər də silah daşıyırdılar?
- Hə, döyüş bölgəsində həkimlərə, tibb bacılarına da silah
vermişdilər. Güllə atmağı da öyrədirdilər. Rəhmətlik Gültəkin
tapançasını verib getdi. Çox çəkmədi ki, boğçanın içində Gültəkinin
tikələrini gətirdilər. Onu topla vurmuşdular, başı yox idi, biz onu
ancaq krassovkasından tanıya bildik. Gültəkin xanım gözəl insan
idi.
...Bir dəfə oğlumun yanına – Bakıya gəlirdim. Növbəyə
düzülmüşdük, məni də helikopter gözləyirdi deyə, tələsirdim.
Oradakılara dedim ki, kimsə mənə növbəsini versin, tələsirəm. Amma
vermədilər, başıma qışqırdılar. Ağlayaraq maaşımı almadan
helikopterə sarı getdim. Bir də gördüm ki, Gültəkin arxadan məni
çağırdı və öz maaşını mənə verdi. Bunu heç unutmaram.
Bu barədə artıq danışa bilmirəm
- Ailənizdən başqa kim Qarabağ müharibəsində iştirak
edib?
- Qardaşım... Mənim qardaşım da Qarabağ qazisidir... Bu barədə
artıq danışa bilmirəm...
- Nazilə xanım, nə vaxt tərxis olundunuz?
- 1996-ci ildə tərxis olunmuşam. Bakıya qayıtdıqdan sonra
yenidən nəşriyyatda işləməyə başladım. Hazırda dövlətdən ayda 45
manat təqaüd alıram. Gördüyünüz kimi, evim bərbad vəziyyətdədir.
Hökumət nümayəndələrindən xahiş edirəm ki, evimin təmir olunmasında
mənə yardım etsinlər.
- Gənclərimizə sözünüz nədir?
- Gənclərimizə sözüm budur ki, vətəni qarşılıqsız sevsinlər!