Afaq Şıxlının xüsusi təqdimata ehtiyacı yoxdur. Moskvada
yaşayıb-yaradan şairlərimizdəndir. Bədii yaradıcılığı, ictimai
fəaliyyəti ilə bir növ, Azərbaycanın mədəniyyət üzrə
səfiridir.
Axar.az-ın "Soraq" layihəsinin budəfəki qonağı olan şairəmiz həm
də həkimdir. İlk sualım da elə onun həkimlik və şairlik fəaliyyəti
ilə bağlı oldu:
- Afaq xanım, ixtisasca həkimsiniz. Amma şair kimi daha
çox tanınırsınız. Bunun sirri nədir? Yaxşı həkim
deyilsiniz?
- Hələ bizdən çox-çox əvvəl, bu iki sahə – ədəbiyyatla həkimlik
arasında qan bağının olduğu görülüb. Tibb Universitetində müəllimim
olmuş professor Qəhrəmanov həmişə deyərdi ki, həkimin əlləri zərgər
əlləri kimi, ürəyi şair ürəyi kimi olmalıdır.
Bir çox həkimlər ədəbiyyatla aşina olublar, həm də necə, hansı
səviyyədə! İbn Sina, İbn Firnas, Fridrix Şiller, Qilyom Şevalye,
Anton Çexov, Nəriman Nərimanov, Abbas Səhhət, Paşa Qəlbinur...
Sualdan belə çıxır ki, ədəbiyyatla məşğul olduqlarına görə
çağdaşları gərək Nərimanova və ya Çexova pis həkim deyəydilər. Bu
iki sənətin bir vücudda qovuşması, mən deyərdim, bir tale
işidir!
Təbib insan orqanizmini sağaltdığı kimi, yazar da könülləri
sağaldır, yatmış buz duyğuları oyadır... Ədəbiyyat ürək yaralarına
məlhəm olur, vicdanı ağrılardan xilas edir.
O ki qaldı şair kimi tanınmağıma – sevindiricidir.
Ədəbiyyat mənim qara sevdamdır
- Birinci sualımda sözsüz ki, zarafat vardı, amma yenə
də olsun, ədəbi tədbirlər, görüşlər həkim olmağınızı
unutdururmu?
- Ara-sıra unutduğum zamanlar olur... Amma məndə günah yoxdur.
Ədəbiyyat övladlarımdan və vətənimdən başqa hər şeyi mənə unutdura
bilər... Buna haqqı da var. Çünki o, haradasa bütün elmlərin
anasıdır. Həyatın ən vacib ünsürlərindən biri olan sağlamlığı
insana qaytara bilmək böyük bir şərəfdir! Bunu anlayıram, lakin nə
edim, ədəbiyyat mənim qara sevdamdır! Bəzən özümə "mən niyə həkim
oldum", - deyə sual verirəm: əli qələm tutandan müxtəlif peyzajlar,
portretlər çəkməyə cəhd edən, uşaq yaşlarından şeir yazan, bir neçə
alətdə çalıb-oxuyan biri, yəni incəsənətə hərtərəfli bağlı olan
biri nədən həkim olmalıydı?.. Yəqin ki, bu istək insanları çox
sevdiyimdən, onlara hər cəhətdən qayğı göstərə bilmək niyyətimdən
irəli gəlmişdi. Gəncliyimdə Azərbaycandakı ən gənc iki həkimdən
biri mən idim: 20 yaşlı Ceyhun (adını səhv etmədimsə) və mən. O
zaman qəzetlər bizdən çox yazdılar. 21 yaşım olarkən artıq adıma
xəstələr gəlirdi. Amma demək ki, qismətin mənimlə bağlı
düşündükləri başqa imiş...
- Siz həm də Rusiya və Avrasiya Yazarlar birliklərinin
üzvüsünüz, bu, sizə Azərbaycan ədəbiyyatının təbliğində bir iş
görmək imkanı verirmi?
- Düzdür, müxtəlif birliklərin üzvü olmaq, gözəl əsərlərin
yazılması üçün vəsilə deyil və mən bunu hər zaman deyirəm. Deyim
ki, bütün vasitələrdən istifadə edərək bir çox qurumların üzvü
olmağa can atmaq – şairin özünəinamının az olduğuna dəlalət edir.
Adının yanında fəal qrup adlarının çəkilməsindən istifadə etmək
keyfiyyətsizlik nişanəsidir. Lakin əgər həqiqətən də ədəbiyyata
xidmət edən dəyərli təşkilatların üzvü olursansa, o zaman yalnız və
yalnız Vətəninə xidmət etməlisən. Vətənə əldə silah da xidmət etmək
olar, qələm də. Elə məqamlar var ki, qələm daha güclü və strateji
əhəmiyyətli silaha çevrilir. Qürbətdə yaşayan yazarların misalında
isə bu daha dolğun, daha düzgün olaraq öz əksini tapır. Biz
nümunəvi və açıqgözlü olmalıyıq, vətənimizi canımızdan və
mənfəətimizdən daha artıq sevməliyik, çünki yaşadığımız və
getdiyimiz yerlərdə Azərbaycan ziyalısı bizim simamızda
tanınır.
Dünyanın bir çox şəhərlərini gəzərkən ədəbi əlaqələr qurmaq,
müxtəlif millətdən olan ədəbiyyat adamları ilə söhbətlər aparmaq və
Azərbaycan xalqının təmsilçisi kimi vətəninin dərdlərindən
danışmaq, onun ağrılarını dünyaya çatdırmaq fürsətim olur. İnsanlar
siyasətçilərdən daha çox, söz adamlarına inanırlar, onların
dediklərini daha tez qavrayırlar.
Mən olduğum hər yerdə, danışdığım hər söhbətdə xalqımın
tərənnümçüsüyəm!
Ədəbi həyatımda dönüş nöqtəsi
- Moskvada bir çox azərbaycanlı yazar var. Aranızda
ədəbi əlaqələr mövcuddurmu?
- Moskva ədəbi mühitimiz zəngin və maraqlı bir mühitdir. Gözəl
şairlərimiz, publisistlərimiz, tərcüməçilərimiz,
ədəbiyyatsevərlərimiz var. Biz bir-birimizə mənəvi bağlarla
bağlıyıq.
Təbii ki, buradakı ədəbi mühit Azərbaycandakından daha kiçikdir,
sayca azıq. Lakin bu o demək deyil ki, az işlər görürük. Birgə,
müxtəlif səpgidə tədbirlər: poeziya günləri, yubileylər, bayram
şənlikləri, yeni kitabların təqdimat gecələrini keçiririk.
Gördüyümüz hər bir işlə, sanki qəlbimizdəki vətən həsrətini
kompensasiya edirik. Öz əsərlərimizi xarici dillərə çevirib
oxuculara çatdıra bildikcə, başqa millətdən olan yazarları ana
dilimizdə "danışdırdıqca" torpağımıza və xalqımıza daha yaxın
oluruq.
- Siz necə düşünürsünüz, Rusiya Yazarlar Birliyi SSRİ
Yazıçılar İttifaqının varisi rolunu oynaya bilirmi, yoxsa bu da
başqa bir ittifaqdır?
- Bu tamam başqa bir mövzudur. Sovetlər Birliyi dönəmi ilə
müasir dövrümüz bir olmadığı kimi, bu qurumlar da başqadır. Lakin
deməliyəm ki, Rusiyada çox dəyərli və istedadlı şairlər, yazıçılar
var. Onlarla tanışlıq mənim ədəbi həyatımda dönüş nöqtəsi hesab
oluna bilər.
- Bizim ədəbiyyatımız Rusiyada necə tanınır və
ümumiyyətlə, tanınırmı?
- Rusiya qüdrətli dövlətdir. Buradan hər yer güzgü kimi aydın
görünür. Azərbaycan ədəbiyyatının bizim dövrlərə qədər olan
korifeyləri və eləcə də, indiki dövrün maraqlı yazarları, türk
yazarları (təbii ki, rus dilinə tərcümə olunanlar) izlənir və
oxunur. Lakin ədəbiyyatımıza diqqəti çəkmək üçün tərcümə işinə
böyük diqqət və zaman ayırmaq, yeni əsərləri təqdim və təbliğ etmək
lazımdır.
Hər il dekabr ayının üçüncü həftəsində Azərbaycan və rus
şairləri birgə poeziya gecəsi keçirirlər. Bu gecənin ənənəvi
olaraq, hər il eyni zamanda keçirilməsi haqda AYB Moskva bölməsinin
toplantısında qərar verilmişdi. Olduqca mənalı və dəyərli olan belə
tədbirlər ədəbiyyat adamlarını daha da yaxınlaşdırır.
- Bu yaxınlarda Fikrət Qocanın Moskvada 80 illik
yubileyi keçirildi. Bildiyim qədər, siz və digər moskvalı yazarlar
o yubiley tədbirində iştirak etdiniz. Bu haqda danışa
bilərsinizmi?
- Tədbir Mərkəzi Ədiblər Evinin böyük zalında, Azərbaycandan
gələn görkəmli sənət adamlarının və Rusiyanın müxtəlif
şəhərlərindən bu yubileyə gəlmiş bir çox görkəmli ziyalıların,
ədəbiyyatçıların, ədəbiyyatsevərlərin iştirakı ilə keçirildi. Bu
onu göstərdi ki, Fikrət Qoca ismi Azərbaycan oxucusu üçün nə qədər
önəmlidirsə, onun sərhədlərindən uzaqlarda da bir o qədər
önəmlidir.
Erməni kökənli olduğunu bilsək də...
- Sizcə, ermənilər oraya niyə dəvət olunmamışdı və ya
dəvət olunmalı idilərmi?
- Qəribə sualdır. Ermənilərin oraya gəlişini gözləyənlər
vardımı? Bura Rusiya olsa da, xalq - Azərbaycan xalqıdır. Amma
ömrünü-gününü vətən sevgisinə kökləyib yaşayan bir insan olaraq
bunu deməyə haqqım çatır ki, milli ziddiyyətləri əks etdirən,
xalqımıza ləkə yaxan, yalan-palanı, tarixi olmazları əks etdirən
istər ədəbi, istərsə də başqa əsərlər istisna olmaq şərti ilə, əsil
ədəbiyyatda milli ayrı-seçkilik aparmaq – ulu xalqımızın təbiətinə
uyğun deyil. Götürək Eduard Əsədovu. Onun erməni kökənli olduğunu
bilsək də, sevgi şeirlərinə nifrət edə bilmərik. Ermənilər necə
hərəkət edərdilər, necə edirlər və edəcəklər – bu, onların öz
işləri, öz mənliklərinin hesabıdır. Biz isə tarixi və əsli-nəcabəti
bəlli olan Azərbaycan xalqıyıq!
- Heç qəribçilik yaşayırsınızmı? Niyə bu sualı verdim?
Mənim aləmimdə Moskva bizlər üçün qərib şəhər olmamalıdır. Uzun
müddət ikinci paytaxtımız hesab olunub. Siz moskvalılar necə, o
doğmalığın içində az da olsa, qürbət havasını hiss
edirsinizmi?
- Etiraf edim ki, bu sual məni ən xoş anımda belə bir uşaq kimi
kövrəldə bilər.
İcazənizlə, bu suala şeirimlə cavab verim:
Mən vətəndən dönəndə
Sərhəd bağlana, qalam!
Məndən ayrı qürbətin
Bağrı dağlana qala!
Mən vətəndən dönəndə
Vətən də həsrət çəkə!
Ağlayan sətirlərim
Önümə bir sədd çəkə!
Mən vətəndən dönəndə
Haray sala küləklər...
Əllər ayrı düşsə də,
Ayrılmaya ürəklər!
Doluxsuna, kövrələ
Üzü məndən dönən də...
Yollar qubar bağlaya
Mən Vətəndən dönəndə!..
...Burada bir qədər haşiyəyə çıxmaq istəyirəm. Bu yaxınlarda,
nostalji hislərimdən xəbərdar olan oğlum Nicat məni SSRİ muzeyinə
aparmışdı. Burada müxtəlif köhnə cihazlar, maketlər, o dövrün
geyimləri, hətta kitablar da vardı. Bunların demək olar ki,
hamısını insanlar lazımsız əşya kimi gətirib muzeyə təhvil
vermişdilər. Kitabların arasında gözüm Səməd Vurğunun seçilmiş
əsərlərinə sataşdı. Üç cild idi. Sanki onlar da mənim kimi
qəribsəmişdilər... Xahiş edib üçünü də götürdüm, evə gətirdim.
Tozlarını silib rəfə düzdüm. Heç nəyə gücüm çatmasa da, onları
tənhalıqdan xilas edə bildim.
- Qızınız da bədii yaradıcılıqla məşğul olur. Sizin
nəsildə yazarlar çoxdur. Rəhmətlik İsmayıl Şıxlı da əminiz
idi.
- Şıxlinskilər nəsli Azərbaycana Rus-Yapon müharibəsinin
qəhrəmanı, dahi artilleriyaçı, general-leytenant Əliağa Şıxlinski,
XVIII əsrin görkəmli şairi, M.P.Vaqifdən sonra ünlü qoşma ustası
kimi tanınan Kazım ağa Saleh (Şıxlinski), şair, alim və hərbçi
Mustafa Ağa Arif Şıxlinski, XX əsrin məşhur ziyalılarından biri -
Şərif bəy Şıxlinski, Azərbaycan ədəbiyyatının unudulmaz siması -
İsmayıl Şıxlı, Azərbaycan geologiyasının banilərindən biri,
Azərbaycanın baş geoloqu olmuş Arif Şıxlinski kimi tanınmış
şəxsiyyətlər bəxş edib.
İsmayıl Şıxlı isə genotip olaraq nəsli ənənəni – yazar olmağı
mənə verib. Damarlarımda neçə faiz bilmirəm, amma onun qanı axır.
Elə bir müdrik, dürüst, təvazökar, sözün hər mənasında, mükəmməl
insandan sonra zəif şəxsiyyət olmağa, sadəcə, ixtiyarım yoxdur.
Qızım Nilufərə gəlincə, mən poeziyanı nə qədər sevirəmsə,
Nilufər də nəsri bir o qədər sevir. O, özünü yazıçı və tərcüməçi
kimi hiss etdiyini söyləyir, baxmayaraq ki, gənc olsa da çox gözəl,
isti, səmimi şeirləri var. Bunu bir ana kimi yox, bir şair kimi
deyirəm. Məni tanıyanlar bilir ki, yersiz təriflər mənlik deyil.
Tərif bəzən gənc yazarları geri salan ən qorxulu səbəbə çevrilə
bilər. Bunu bir çoxları bilsə, yaxşı olar.
Nilufər tərcümə işini çox sevir və bunun öhdəsindən hələ ki,
bacarıqla gəlir. Şeir, hekayə, povestləri Azərbaycan dilindən rus
dilinə, rus dilindən Azərbaycan dilinə məharətlə çevirir. Dünyanın
bir çox ölkələrinin qəzet və jurnallarında dərc olunur. O, bu
yaxınlarda hörmətli Leyla Əliyevanın sədri olduğu Rusiyada
Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Rusiyada yaşayan
gənclər üçün "Mən Azərbaycan dilini necə bilirəm" mövzusunda Moskva
Dövlət Dilçilik Universitetində keçirilən "Azərbaycan dilindən
imla" müsabiqəsində birincilik qazandı. Əlbəttə ki, sevinirəm və
fəxr edirəm. Hər zaman gənclərə ana dilimizi sevməyə və dərindən
öyrənməyə çağıran bir gənc kimi bu, onun vətən qarşısında borcu
idi. Hazırda Nilufər Türkiyədə yayımlanan "Qarabağ hekayələri" adlı
hekayələr toplusunun rus dilinə tərcüməsi ilə məşğuldur. Kitabda
Elçin Əfəndiyev, Elçin Hüseynbəyli, Sabir Rüstəmxanlı, İmdat Avşar,
Qənirə Paşayeva, Eyvaz Zeynalov, Əkbər Qoşalı, Narıngül Nadirqızı,
Günel Anarqızı və bir çox başqa yazarların hekayələri yer alıb. Bu
kitabın rusdilli oxuculara təqdim olunması Rus ədəbi mühitində
Azərbaycan həqiqətlərinin təbliği kimi dəyərli bir rol oynaya
bilər.
Ədəbiyyatı ağ eyvanlı gözəl bir evə
bənzədirəm
- Afaq xanım, özünüzü ədəbiyyatımızın hansı mərtəbəsində
hiss edirsiniz?
- Ədəbiyyatı güllü-çiçəkli bir bağçanın həyətindəki pəncərələri
Günəşə açılan ağ eyvanlı gözəl bir evə bənzədirəm. Bu evin çoxsaylı
otaqları var... Kimisi kirayənişindir burada, kimisi sahibkar.
Kiçik, lakin işıqlı və səliqəli otaqlardan birinin sahibi olduğumu
düşünürəm.
- Gözləntiniz nədir? Bir yazar olaraq arzunuza
çatmısınızmı?
- Deyirlər, şeirə hopdurulan arzular çin olur, icazənizlə, mən
də arzularımı nəzmə çevirim:
İstəyirəm ağrıyanda başım üstdə anam olsun...
Ürəyimdə kiməsə də özüm qədər inam olsun...
İstəyirəm Günəş görüm göy üzündə səhərçağı,
Nəvəmin də gözlərini qamaşdırsın gün işığı...
İstəyirəm öz əlimin əməyindən usanmayım,
Əməyimin qazancına baxa-baxa utanmayım...
İstəyirəm torpağımda özüm gəzim - ağa kimi,
Darıxanda seyrə çıxım dərəsindən dağa kimi...
İstəyirəm "dəmir" qapı döysün "taxta" qapıları...
Qaranlıqda boğulanlar haqq səsini duysun, barı...
İstəyirəm o gün gələ - arzulara inam olsun!..
Qan yerinə haqq-ədalət, kin yerinə iman olsun!..