"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Aydın Aqil oğlu Eyvazovdur. O, 1974-cü ildə Laçın
rayonunda anadan olub, orada boya-başa çatıb. Birinci Qarabağ
müharibəsi əlilidir. Evlidir, iki övladı var.
Aydın bəylə müsahibəmiz Əlillərin Bərpa Mərkəzində baş tutdu.
Düzü, onun ağrıdığını görüb müsahibə verməyəcəyini düşündüm, ancaq
bizim istəyimizi yerə salmadı və müsahibəmiz baş tutdu. Müsahibəyə
Aydın bəyin ayaqlarındakı qəlpə izlərinə baxaraq başlayıram:
- Aydın bəy, istərdim müharibəylə bağlı xatirələrinizi
danışasınız. Əvvəlcə deyin, necə oldu müharibəyə
getdiniz?
- Əvvəla, sizi salamlayıram, xoş gəlmisiniz. Bizi hər kəs
unutduğu bir vaxtda xatırlamağınız sevindiricidir. Mən orta məktəbi
bitirdikdən sonra Laçın rayonu işğal olundu, biz Bərdəyə qaçqın
düşdük. Orada tam yerləşdikdən sonra könüllü olaraq Bərdə
batalyonuna qoşuldum. Bizi ilk dəfə Ağdərə rayonunda gedən
döyüşlərə yolladılar. Böyük qardaşım orada döyüşdüyündən mənə
qızğın döyüşlərə girməyə imkan vermirdi. Onu da deyim ki, ermənilər
bizə hücum edəndə əlimizdə ancaq avtomat vardı. Düşünün, tankların
qabağında avtomatla nə etmək olar? Dəhşətli qırğınlar oldu,
batalyonumuz çoxlu itki verdi. Hərə bir tərəfə səpələndi. Sonra
bizi Füzuli rayonunun Bəhmənli kəndinə yolladılar. Orada dəhşətli
döyüşlər oldu. Gözümün qabağında bir əsgərimizi topla vurdular,
parçalarını tapıb yığa bilmədik. Ağcabədidən bir oğlan vardı, onu
da çox pis vurdular... Bunları danışmaq mənə çox çətindir.
- O cür dəhşətin içində yəqin ki, insanda bir qorxu
hissi olurdu...
- 18 yaşım vardı, etiraf edim ki, çox qorxurdum, axı hələ gənc
idim. Buna baxmayaraq, son damla qanıma qədər döyüşməli idim.
Müharibə dəhşətli bir şeydir. Füzuli rayonundan sonra Ağdam
rayonunda oldum, 1994-cü ildə ayaqlarımdan yaralandım, iki
ayağımdan PK ilə vurdular.
Onları Xocalı əsirlərilə dəyişməli idik
- Bəs batalyonda xanım döyüşçülərimiz də var
idimi?
- Hə, Gəncədən xanım döyüşçülər də vardı, kişi kimi
vuruşurdular. Çox yaxşı komandirlərimiz vardı, əsil qəhrəman
idilər. Biz ermənilərdən əsir götürmüşdük, amma komandirlərimiz
onlarla pis davranmağa imkan vermirdilər. Çünki onları Xocalı
əsirlərilə dəyişməli idik. Ağdamda da ağır döyüşlərim olub.
Yaralanana qədər hansı batalyon dağıldısa, bir başqasına qaçmışam.
Nə olursa-olsun vətən bizimdir! Yaralanandan sonra artıq yararsız
hala düşdüm, 1994-cü ildə tərxis olundum.
- İndi vəziyyətiniz necədir, dövlət sizə kömək
edirmi?
- Mən zülm içində yaşamışam, çox əziyyət çəkmişəm. Həkimlər
deyib ki, ayaqlarım çürüyür, elə indi də damarların işləmir.
Doğrusu, mən yaralarımın üstünə çox gec düşdüm. Dövlət tərəfindən
də... Cənab Prezidentimiz bizə maşın bağışlayıb. Prezident təqaüdü
və pensiya alıram.
Erməninin əlini sıxmaram
- Aydın bəy, müharibə haqda müxtəlif filmlər çəkilir.
Mənə maraqlıdır, bəs siz necə bir film çəkərdiniz?
- Çəkilən bəzi filmlər xoşuma gəlir. Rejissor olsam, müharibəni
olduğu kimi çəkərdim. Bilirsiniz, müharibəni yaşayan insan təbii
film çəkə bilər.
- Əgər elə bu gün torpaqlarımız işğaldan azad olunsa,
keçmiş bir erməni döyüşçüylə rastlaşsanız, onun əlini
sıxardınızmı?
- Əsla! 100 il keçsə belə, erməninin əlini sıxmaram. Çünki mən
gəncliyimi, ayaqlarımı onların işğalı nəticəsində itirmişəm.
Bugünkü Ermənistan Azərbaycan torpaqları üzərində qururlub.
Əslində, Ermənistan deyə bir yer yoxdur, olmayıb da. Onlar tarixən
Azərbaycanın düşməni olublar. Məncə, qan tökülərək alınan torpaq
sülh yoluyla verilməz. Biz gərək müharibə edib, öz torpaqlarımızı
alaq. 2016-ci il inşallah, bizə uğurlu olar.
Ermənilər çox qorxaqdırlar
- Sizcə, erməni əsgəri ilə bizim əsgərimizin fərqi
nədir?
- Bizim vaxtımızda əsgərimiz əliyalın, tank önündə vuruşurdu.
Ermənilər bütün texnikaları olmasına baxmayaraq, qorxaq idilər,
bizdən çəkinirdilər. Bugünkü gənclərimiz də erməni əsgərindən
şəxsiyyəti, mərdliyi ilə seçilir. Çünki bizim əsgərlərimiz öz
vətənin qoruyur, onlarsa işğalçıdırlar.
- Son olaraq, gənclərimizə nə deyərdiniz?
- Gənclərimizə də sözüm budur ki, vətəni təmənnasız sevsinlər.
Bu gün mənim ayaqlarım yer tutsa, vətənimi qorumağa hazıram.