"8-ci kilometr" qəsəbəsindəki maşın bazarında avtomobil
satışı ləğv edilsə də, bu bazar köhnə adını hələ də qoruyub
saxlayır. Burada müxtəlif çeşidli avtomobillərin ehtiyat
hissələrini tapmaq olar. Qiymətləri şəhərin mərkəzində və digər
yerlərdə olan avtomobil ehtiyat hissələri satan dükanlardakı
qiymətlərlə müqayisədə elə də böyük fərq nəzərə
çarpmır.
Sürücülərin bura üz tutmasına səbəb yaxınlıqda təmir işləri ilə
məşğul olan ustaların olmasıdır. Bir də kifayət qədər ucuz başa
gələn işlənmiş ehtiyat hissələrini də burda tapmaq mümkündür.
Təkərə düşmək...
Səhərin gözü açılmamış Babək prospektinin qurtaracağında özünün
"bazar həyatını" yaşayan məkana daxil oluram. "Təkər evi" yazılmış
satış mərkəzində maşını saxlamağıma bənd imiş kimi cavan bir oğlan
əllərini ovuşdura-ovuşdura dükandan çıxır. Çöhrəsində qəribə, ilıq
bir təbəssüm var. Əli ilə çöldə sıralanmış təkərləri göstərir və
xüsusi bir jestlə mənim maşından düşməyimi xahiş edir. Etiraz
yersizdir.
Təzə təkərlərin çeşidlərini sadalayır:
- Bizdə 45 manatdan 130 manata qədər təkərlər var. Çinin,
İndoneziyanın, Koreyanın, Yaponiyanın və "Kontinental"ın.
Bir qədər söhbət etdikdən sonra qiymətdə və keyfiyyətdə məni
qane edəcək təkərləri seçirəm. Qiymətləşirik. Cavan oğlanla
söhbətimizə qulaq asan sarışın orta yaşlı kişi gülərək mənə:
- Məndən təkər alıbsan, səni tanıyıram, yaxşı
oğlansan,-deyir.
- Haradan tanıyırsan? - Bu adamı ilk dəfə gördüyümə əminəm.
- Məndən təkər alıbsan da.
Doğurdan tanımadın? Arifəm də...
Qışın soyuq havasında onun bu yalanından sonra içimdə bir
istilik tərpəşir. Hə, elə burdan başlayım deyə, söhbətə girişirəm.
Adı Arif olan həmsöhbətimlə "Axar.az"ın oxucularını da maşın
bazarına dəvət edirəm.
- Amma mən səni birinci dəfədir görürəm.
- Doğurdan tanımadın? Arifəm də... Kəlbəcərli Arif. Yadına
gəlmir, hələ mənə kəlbəcərli dostların haqda da danışmışdın,- deyir
və üzünü bayaq mənimlə qiymətləşən oğlana tutur,– 10 manat mənə
görə qardaşa keçərsən.
- Baş üstə, dayı! - Cavan oğlan deyir, ardınca da üzünü mənə
tərəf çevirib gülümsəyərək əlavə edir: - Arif kişi mənim
dayımdır.
- Çox gözəl, deyirəm və təkərlərin balans edilməsini
"tanışlığımızdan" istifadə edib onların boynuna qoyuram.
- Eyb etməz,- deyir,- sənin kimi oğlana can qurban, – bunu da
Arif deyir.
Yüz faiz bilirəm ki, bu bir bazar hiyləsidir. Dirəniş göstərsəm,
məni hansısa müştərisi ilə səhv saldığını deyəcək. Amma yox,
deyəsən bu məni tanıyır axı? Nədən bildim? Bax, çay süzərək mənimlə
məhrəm söhbət etməsindən:
- Şamil kişini tanıyırdın da, hörmətli kişi idi. Bizə qohumluğu
çatır. Sən gəl çay iç,– daxıldan iki karamel götürüb, qarşıma
qoyur,- elə şeylər olur ki, adam mat qalır.
- Hansı Şamil kişi? - dəqiqləşdirirəm.
- Şamil Əsgərovu deyirəm, şair idi, oğlu zay çıxdı, atdı getdi
PKK-ya qoşuldu...
Şamil müəllimin qardaşının, qardaşı oğlunun adını çəkirəm.
Söhbəti dəyişir. Hiss edirəm ki, tanımır. Yalan danışdığı
qənaətimdə əminəm:
- Mən səndən təkər almamışam.
- Ola bilər, gələn dəfə gələndə yadına düşəcək ki, məndən təkər
alıbsan.
- Sən haradan bildin ki, mən rəhmətlik Şamil müəllimi, onun
oğlanlarını tanıyıram?
- Əşi, indi kimə kəlbəcərliyəm deyirsən, söhbətin axırı gəlib o
kişinin üstünə çıxır. Mən Kəlbəcərin Milli kəndindənəm. Şamil
müəllimgil isə Ağcakəndli idi. Müəllim adam idi, alim idi... Çayuvu
iç...
- Sən axı sualıma cavab vermədin...
- Danışaram...
Söhbətimiz uzun çəkir. Ta o vaxta qədər ki, Arif kişi yanında
işlətdiyi oğlunun, qardaşı oğlunun, bacısı oğlunun bir-bir
yaxınlaşıb, "müəllimin maşınında filan şey də dəyişsə yaxşıdır"
deməsinə, mənim cavabımı gözləmədən "dəyişin", deməsinə qədər.
"Deyəsən bu adam mənim cibimi tamam boşaldacaq",- fikirləşirəm.
Amma dinmirəm, çünki yuxarıda demişdim axı, bəzi əyər-əskiliklər də
düzəlməli idi...
1300, 400, 600... Dostlar sağ olsun
- Arif kişi, vergi ilə aranız necədir? Ödəyirsiz? Ya çöldən-çölə
yola salırsız?
- Bizlik deyil. Vergini bazar özü ödəyir. Biz icarə haqqı
ödəyirik ancaq. Bu yer üçün 1300 manat verirəm, anbara görə 400,
"balansirovka" edilən "boks" üçün 600 manat.
- Dolanışıq necədi?
- Dostlar sağ olsun, darda qoymurlar.
Kəlbəcəri yadıma sala bilmirəm
Bir qədər söhbət edib ayağa dururam. Təkərləri dəyişən gənclərin
yanına gedirəm. Mehriban uşaqlardı. İşlərinin öhdəsindən pis
gəlmirlər. Sorğu-suala tuturam, hazırcavabdırlar.
Vüqar adlı gənc:
- Mən Arif kişinin oğluyam. Burda böyümüşəm. Dədəm iki yaşım
olanda Kəlbəcəri düşmən əlində qoyub qaçan ordumuzun arxasınca
düşüb gəlib ki, yolu azmasın. Bizi də götürüb gəlib Gəncəyə, oradan
da Bakıya. Kəlbəcəri yadıma sala bilmirəm. Əsgərlikdə olmuşam,
Qubada xidmət etmişəm. Dədəm dostları ilə söhbət edəndə deyir ki,
gələcək nəsillər bunu belə qoymayacaq. Mən də dədəmə deyirəm ki,
düz deyirsən, sizin nəsil, sizdən qabaqkı nəsil, necə elədi
torpaqları verdi, məsuliyyəti qoydu gələcək nəslin boynuna, biz də
eləcə, bizdən sonrakı nəsli yükləyəcəyik. Ənənəyə sadiq qalmaq
lazımdı.
Dədəmin əli o hündürlüyə çatmır
- Vüqar, burda işləmək ürəyincədi?
- Harada biz yoxuq, orada yaxşıdı. İqtisadiyyatı bitirmişəm.
Test imtahanları verirəm iş üçün, keçə bilmirəm. Adamım yoxdu.
Mənim adamım dədəmdi. Dədəmki təkər satmaqdı. Onun da o hündürlüyə
əli çatmır. Elə bir şofer yoxdur ki, dədəm onun "dostu"
olmasın.
- Yaman mehriban danışırsız.
- Kobud olsam, ikinci dəfə gələrsiz bura? Yox. Kobud olsam, əti
acı olsam, demək, mən müştərimi qovuram da burdan,- gülümsəyərək
deyir. - Bax, bunu üzündən zəhrimar yağır. Allah üzümüzə baxıb ki,
subaydı. Yoxsa bu sir-sifət yiyəsinə qız verən adam intihar edərdi.
İndi gəl, yığış yasa get də... Özgə deyil, əmim oğludur.
Bütün Azərbaycan Bakıya yığışıb
Əyləcin nasazlığını aradan qaldıran ustaya yaxınlaşıram. Adı
Ramindi. Dolanışıqdan şikayəti yoxdur:
- Ailəliyəm,- deyir.- Yasamalda kirayədə qalıram. Rayonda iş
tapa bilmədim. Usta çox, maşın az. Bütün Azərbaycan Bakıya yığışıb.
Mən də yığışıb gəldim.
Çoxu da bir-birinə torba tikir
Peraşki satan qadın yaxınlaşır. Hərəyə üç peraşki qoyub
gedir.
Ramin:
- Yeyirsiz, sizin üçün də qoysun? – deyir.- Səhər tezdən belə
edir. Biz də günorta ona yemək sifariş veririk. Pullarını onda
veririk. Burda hamı bir-birini tanıyır və çoxu da bir-birinə torba
tikir, müştərisini əlindən alır. Bax bu təkər satanları görürsiz,
onlar yapışqan kimidir. İki kəlmə söhbət elə, kənarda qardaşın da
təkər satsa xeyri yoxdur, bunlardan alacaqsan...
İncimədin ki?..
İşlər tamam olur. Hesablaşmaq vaxtıdır. Arif kişiyə
yaxınlaşıram. Qiyməti hesablayır. Ödəyirəm.
- İncimədin ki..
- Yox.
Etiraf edim ki, təmir, quraşdırma və yeni ehtiyat hissələrinin
alınması üçün nəzərdə tutduğum məbləğdən aşağı ödədim. Düz deyir,
növbəti dəfə doğurdan da Arif kişidən təkər aldığımı deyəcəyəm. O,
əsil iş adamıdı...