10
saylı Cəzaçəkmə Müəssisəsi Dərnəgül şossesinin üstündə, Poladəritmə
Zavodu ilə üz-üzə yerləşir. Vaxtı ilə bura İslah Əmək Müəssisəsi
olub. Daxili İşlər Nazirliyinin tabeçiliyində idi. Sonralar –
1993-cü ildən, DİN-in tabeliyindən çıxarılaraq Ədliyyə nazirliyinə
verildikdən sonra - bütün cəza "evləri" kimi, buranın da adı
dəyişdirilərək Çəzaçəkmə Müəssisəsi oldu (biz "məhbəs" adıyla
qısaldaq).
İndi
məhbəslərdə əvvəlki kimi istehsalat sahələri yoxdur. Əsasnamədə isə
islah olunmanın 6 vasitəsi nəzərdə tutulur ki, burda da məhkumların
əməyə cəlb olunması, peşə hazırlığı və peşə təhsili əsas yerlərdən
birini tutur. İstehsalat sahələri ləğv edildikdən sonra isə
məhbəslərin ərazisi demək olar ki, yarıya qədər azalıb. "Əldən
alınan" ərazilərdə müxtəlif kommersiya obyektləri tikilib. Son
vaxtlar Dərnəgül şossesinin genişləndirilməsi ucbatından 10 saylı
məhbəs yol boyu hasarın içərisinə tərəf "sıxışdırılıb".
Ad
dəyişmələrə baxmayaraq, dustaq həmişə dustaq, cəza evi isə həmişə
cəza evi kimi qalacaq. Məhrumiyyət, qadağa, möhkəm nizam-intizam və
vaxtı ilə adına İslah Əmək Müəssisəsi deyilsə də, islah olunmamaq
qorxusu.
Həbsxananı daşa basmaq
2007-ci ilin iyul ayının
11-də 10 saylı məhbəsi tərk etdim. Köhnə "koterjanlar", elə
həbsxana işçiləri də mənə tövsiyə etdilər ki, içəridə heç nəyimi
saxlamayım. Hədiyyə etmədiyim əşyaları, geyim və yataq dəstlərini
özümlə bayıra çıxarım. Belə bir qayda varmış: arxası qapıya doğru
əyilib, yerdən kiçik bir daş götürməli, başımın üstündən arxaya,
həbsxana qapılarına tərəf atmalıymışam ki, yolum bir də buralara
düşməsin, nəyinsə arxasınca gözüm qalmasın.
Deyilənlərə
əməl etmişdim. Qeyd və şeir dəftərlərim, dustaq-sənətkarlara
hazırlatdırdığım hədiyyəlik əşyalar (təsbeh, qəlyan, sandıqçalar,
nərd və s.) istisna olmaqla. Qalan nəyim vardısa, "bedalaqa"
(kasıb) dustaqlara hədiyyə etmişdim. Sadəcə ağır dəmir qapılar
bir-bir arxamca bağlandıqdan sonra azadlığa ilk addımımdaca
dostlarım məni "hopp" edib qucaqlarına almış, ayağımı yerdən üzüb
düz maşına qədər beləcə aparmışdılar. Mən arxamda qalan məhbəsi
"daşa basa" bilməmişdim. İndi bu gün yolum bu müəssisəyə düşəndə
ilk olaraq bunu düşündüm.
Məşhur
yazıçının qohumu
Müəsisədə
əvvələr ümumi rejimli, cəmiyyət üçün o qədər də təhlükəli olmayan
dustaqlar cəza çəkərdi. İndi isə buranın sakinləri ağır cəzalı
məhkumlardı. Əvvəllər bir dustaqla ay ərzində 4 görüşə icazə
verilərdisə, indi 2 dəfəyə qədər azaldılıb.
Görüşə
gələnlərin qeydiyyatı üçün ayrılmış ərazi də təzəlikcə hündür
çəpərə alınıb. Qeydiyyat otağında tanış sifəti - Lətif kişini
görəcəyimi zənn eləyirdim, yanılıbmışam. Azadlığa çıxandan sonra
burda yatan münasib dustaqlara baş çəkmişdim, ərzaq göndərmişdim,
Lətif kişi ilə də elə onda tanış olmuşduq. Buranın vaxtı ilə
"sakini" olduğumu dedikdən sonara şəxsiyyət vəsiqəmə
baxmışdı:
- Hə, o
sənsən, sənin yanına deputatalar gəlirdi, yazıçılar
gəlirdi...
Bir
manatımı almışdı və dostlaşmışdıq. Məşhur bir yazıçının qohumu idi
Lətif kişi. Amma indi onu Rasim adlı gənc leytenant əvəz eləyir.
İstirahət günü olmadığı üçün qələbəlik deyildi. Hər kəsi, hər şeyi
müşahidə etmək də asan idi. Lap yaxına gəldim, divara çiyin verərək
leytenantın səliqəli xəttinə, hər bir nüansı diqqətlə nəzərdən
keçirməsinə fikir verdim. Ənənəvi olaraq buraxılış vərəqələri
doldurulur, dustağın və görüşə gələnlərin adları, gətirilən
sovqatlarının çeşidi, miqdarı qeyd olunur, vərəqə imza atdırılır və
göndərilir "içəri".
Növbəmə
hələ bir neçə adam qalıb.
Bir
çimdik həşişə görə adam tutarlar?
Başı
yaylıqla bərk bağlanmış bir xanım diqqətimi çəkir. Əlindəki
sənədlərə xəlvəti nəzər salıram. İran İslam Respublikasının
pasportu var əlində. Onun növbəsidir. Əlavə də iki qadın şəxsiyyət
vəsiqəsini təqdim edir leytenanta. Yanlarında 5-6 yaşlı qıvrım,
uzun saçlı, yaşıl gözlü qız usagı var. Bu qız bayrama hazırlaşmış
kimidir. Sanki indicə əyləncəli bir məkana daxil olacağı anın
sevincini yaşadır üzündə... O qədər xoşbəxt görünür ki! Bu xoş,
sevinc dolu çöhrə ətrafa çilənir, həbsxananın qaramatından,
zəhmindən əsər-əlamət qalmır. Söhbətə tuturam.
-
Atamın yanına gəlmişəm, atamı görəcəm indi, - deyir və bilirəm ki,
uşaq da İran vətəndaşıdır.
Adını
soruşuram. Məryəmmiş:
-
Həzrəti Məryəmin adını veriblər mənə, qardaşımın adı isə Mehdidir.
Atam İmam Sahib-əz-Zamanın adını qoyub.
Qadınlar
söhbətimizə qoşulur. Başı yaylıqlı xanım da gəlir. Adı Negin,
soyadı Şah Nazariandır.
- Ərim
burdadır. Üç aydan bir gəlirəm. İran Astarasındanam, ərimin adı
Məhəmməddir. Həşişnən tutulub. 80 qram olub maşınında, canı
ağrıyırmış, həkimin kağızı var, unudub, götürməyib. Uzun yol
gedib-gəlir, yuxu tutmasın, bədəninin ağrılarını götürsün deyə,
hərdən bir çimdik qəbul edərdi. Bizdə belələrini tutmurlar,
hökumətimiz onları müalicə edər, həkim məsləhəti ilə, üstündə
tutulsa da heç nə deməzlər. Burdan da razıyıq. Rəisin, adına biz
Seyid deyərik (10 saylı CÇM-in rəisi ədliyyə polkovnik-leytenantı
Mirsaleh Seyidov), yanında da olmuşuq. Qanacaqlı adamdır.
Yeməyindən, yatmağından nigaran deyilik. İstərdik evə tez gəlsin. 4
ildir burdadır. Hələ 4 ili də innən sonraya qalıb. Yaxşı olardı ki,
onu İrana göndərəydilər. Orda da zindan var, cəzasını orda çəkərdi.
Orda adamı tez buraxırlar bayıra, bayramlarda, mövlud günlərində
"amnistiya" deyirsiz ha, ondan olur bizlərdə.
- İran
Səfirliyinin sizlərə hər-hansı bir köməyi dəyirmi?
- Olmaz
ki, dəyməsin. Səfirliyimiz burda yatan dustağımızın hamısına
bayramlarda sovqat göndərər, onlarla maraqlanar, amma niyə İrana
göndərməzlər, bunu bimərik ki!
Görüşmək
üçün pulu burda verirlər
Qeydiyyat
otağına gircək mənə yaxınlaşır:
-
Görüşə gəlmişəm, pulu burda verməliyəm?
- Yox,
burda pul verilmir, görüş pulsuzdu, sənədlərinizi ora verin,
yazacaqlar.
- Mənə
dedilər ki, görüşəndə pul verməlisən.
Goranboydan
gəlib. İlk dəfədir ki, həbsxana qapısını döyür, görüşünə gəldiyi
adam dələduzluğa görə həbs olunub. Artıq 4 ildir ki, cəzasını
çəkir.
Adını soruşuram. Demir.
Ərimə
görə gəldim bura, uşaqlarla tək qalmışam
Gənc
qadın iki azyaşlı qızla içəri daxil olur. Məsum, dərdli bir
görünüşü var. Söhbətə çəkirəm. Məlum olur ki, Masallı rayonun Digah
kəndindəndir. Adı Leyladır.
- Həyat
yoldaşım Məmmədov Kamal burdadır. Ona "peredaça"
gətirmişəm.
-Nəyə
görə həbs olunub?
- Dava
etdiyinə görə.
-Çoxdan
tutulub?
- Hələ
bir ili tamam olmayıb. Dörd il "iş" kəsilib.
Hiss
edirəm ki, dərdlərini paylaşmağa ehtiyac duyur. Problemləri ilə
maraqlanıram.
-
Çətindir.Yanına gedib-gəlmək olmur. Ona görə də rayondan bura
köçdüm. Dedim bir qədər yaxında olum. Bununla təskinlik tapıram. Üç
qızımız var. Dərzi işləyirəm. Xırdalanda kirayə tutduğum ev həm də
iş yerimdir. Balalarımı saxlayıram, ayda iki dəfə yoldaşımın yanına
gəlirəm. Uşaqlardan ikisi dərsə getməlidir. Balacamızı baxça yaşı
çatıb. Nə məktəb, nə də baxça alınır. Adamı boynubükük görəndə heç
salamını da almırlar. Yoldaşım da istəyir ki, uşaqlar oxusun.
Rayonda İş tapmaq olmur, qohum-qardaş da öz hayındadır. Kasıbçılıq
hamını xəcalətli edib…
"Avropaya"
qədər gedəcəm, dinc oturmayacam"
Azər
Qədirov Zərdab rayonundandır. Onun həbsxana qapısında siqareti
siqaretə calamasına səbəb qardaşı Zaurdur.
-Apelyasiya
məhkəməsi "fıs" çıxdı. Hökmü qüvvədə saxladı. Qardaşıma 4 il
veriblər. Maşınından 12 qram heroin tapılıb. Üzünə peşəkar
şahidləri durğuzdular. Hamı da bilir ki, bu, belə deyil.
Zaur
hərbiçi imiş, 11 il Milli Orduda xidmət edib.
-
Tovuzda emənilərlə təmas xəttində yerləşən hərbi hissənin giziri
idi. Həbsi isə sifarişlilidir. Dörd oğulu var. İndiyə qədər heç
siqaret də çəkməyib… Amma narkotiklə həbs olundu. Boş şeydi, sadəcə
o, çox şeyi bilirdi və bildiklərinə də bir neçə dəfə etiraz
etmişdi. Onu başqa cür tuta bilmədilər.
Ümüdümüz
Ali Məhkəməyədir. Avropa Məhkəməsinə qədər gedəcəm, dinc
oturmayacam.
Hakim
dedi, nəyin var, get gətir
"Gədəbəyin
gözəl Şınıxındanam!" Oğlu Vüqarın görüşünə gələn Pakizə Kərimova
özünü belə təqdim etdi.
-
Oğluma 7 il "iş" kəsdilər. Yana-yana, göynəyə-göynəyə qaldım. Hələ
də tüstülənirəm. Qardaş, belə işmi olar, belə nainsaflıqmı olar?..
Üç ili bu noyabrda tamam olacaq. Yoldaşı hamilə idi o tutlanda.
İndi uşağının üç yaşı var, heç balasının üzünü də görməyib yazıq
balam. Ev tikmişdi, yarımçıq qaldı. Sumqayıtda olurduq.
Tutilmağının
səəbini soruşuruq.
-
Qudurmuşun biri var, ciyəri yanmış əslən qubadlıdandır. Erməni
köpəyoğlu elə bil balama qənim kəsilmək üçün onu qovub ordan. Həmin
o gədə gəlinimə söz atıb. Gəlinim də yoldaşına deyib. Balam da
gedib ki, adə, bu nə oğraşlıqdır? Sən necə baxarsan sənin arvadına
sataşsalar? O da qayıdıb söyüb ki, mənim arvadıma söz deyəni
belə-belə eləyərəm. Pis söyüb. Dava düşüb. Onun əlində bıçaq
varmış, oğlum bıçağı alıb, yortub onun özünə. Burda nə var ki! Elə
hər namusu olan belə edərdi də. Guya oğluma iş verən hakimin
arvadına sataşsaydılar, gedib o adamla çay içər, şəkil çəkdirərdi?
O da onu vurardı da.
500
manatın faizi
Yaylığının
ucu ilə alnının tərini silir:
- 7 il
çoxdur. Sumqayıtda Apellyasiya Məhkəməsinin hakimi var - Lətifə
xanım. Dedi, sənin oğluna çox iş veriblər, düzüb-qoşarıq, salarıq
işini aşağa. Get, nəyin var, gətir! 500 manat faizlə pul tapdım
gətirdim. Baxdı, dedi ki, məni dolamısan, buna nə etmək olar? Sən
demə, ili min manat imiş. 4000 verə bilsəydim, uşağın cəzası 3 ilə
qədər enəcəkdi. İnan, hələ də o 500 manatın faizini verirəm,
toplayıb qaytara bilməmişəm.
Xudafizləşirəm.
Bir vaxt daşa basmağı unutduğum həbsxana qapısının qarşısında
kədər, ümüdsiz, yorğun, nigaran simalı insanları qoyub geri
dönürəm.
Bir
vaxtlar mənim yanıma gələn doğmalarım gəlir gözlərimin
qarşısına…