Füzuli Lənkəranlı idi. Ali
təhsilli hüquqşünas, gömrük işçisi olmuşdu. Güclü yumor hissi
vardı. 25-ci "xata"nın uşaqları onunla söhbətdə maraqlı idi. Başına
gələn hadisələri elə maraqla danışardı ki, hamı ona diqqət
kəsilərdi. Ən çox paylaşdığı, yaxınlıq etdiyi dustaq yoldaşı isə
sumqayıtlı güləşçi Əsgər idi. Əsgər İdman Akademiyasını bitirmişdi,
dəfələrlə Azərbaycan çempionatında və beynəlxalq yarışlarda iştirak
etmişdi, mükafatlar almışdı.
"Nakolka"
Yaxın bir dostu ilə Cəlilabaddan narkotik maddə alıb Bakıya
qayıdarkən Biləsuvar ərazisində Yol polisləri tərəfindən
saxlanılıb, şübhəli bilinərək maşınları idarəyə aparılmışdı. Sonra
da həbs olunmuşdular. Dediyinə görə, narkotiki satan adam onların
tutulması üçün "nakolka" veribmiş.
Nə isə, biz bu dəfə Füzulinin hekayətini
dinləyəcəyik. Əsgər, sadəcə, epizod olaraq bu hekayətin nəqlində
"görünə" bilər...
Ev yaran hüquqşünas…
Füzuli ilə şahmat oyunundan sonra dostlaşa bildik. Şahmat, nərd,
dominoda peşəkar idi. Həmişə də "interesə" (marağa) oynayırdı. O,
hər şeyi özünəməxsus şəkildə yumorla təqdim etməyə üstünlük
verərdi. Heç vaxt gərginlik yaşamaz və çətin vəziyyətdən çıxmağı
bacaradı. Etdiyi cinayət də bizim kameradakı dustaqların törətdiyi
cinayətdən fərqli idi. O, bacanağının evini "aparmışdı". Qohumuna
külli miqdarda ziyan vurmuşdu. Təəssüflənmirdi: "Çox ola, mənə 8 il
iş verələr, bunun da artıq il yarımını oturmuşam, üçdə ikiylə
(verilmiş cəzanın üçdə iki hissəsini çəkib, cəza növünün
dəyişdirilməsi haqda məhkəmə hökum ilə) çıxacam. Bacanaqdan
götürdüklərim bəsimdir, ömrümün axırına qədər adam kimi yaşayaram".
Doğrusu, danışdıqlarının nə qədər ciddi, yaxud zarafat olduğu
bilinmirdi… Danışırdı və gülürdü. Dediklərinin nə qədərinin həqiqət
olduğunu isə təkcə özü bilirdi.
Onu da deyim ki, kifayət qədər məlumatlı və mütaliəli adam idi.
Hüquqşünas olması bir çox türmə işçilərinin də karına gəlirdi.
Ondan məsləhət alır, hətta ərizə də yazdırıdılar. Əringən deyildi.
Türmə qanunlarını da yaxşı bilirdi.
Bacanağın təzyiqi vardı, qanını aldım
- Bəs yaxşı, sən niyə görə bacanağının evini yağmaladın,
- bir neçə dəfə zarafatla soruşduğumda eyni cavab
vermişdi:
- Onun təzyiqi vardı, qanını almaq lazım idi ki, başı
ağrımasın.
Bir gün Füzuli Bayıl türməsinin tibb məntəqəsində işləyən
yekəqarın həkimindən 6 ədəd narkotik tərkibli həbi 50.000 manata
("beş şirvan") alıb, xoşhallandıqdan sonra mənə:
- Şair, istəyirsən bacanağımdan niyə oğurluq etməyimi sənə
danışım?
- Özün bil, danışmaya da bilərsən…
- Yox, sən onu çox istəyirsən, bilirəm, amma bir şərtim var,
razılaşsan danışaram,- dedi.
Şərtin nədən ibarət olduğunu öyrənmədən razılaşdım.
- Bax, şair, söz ağızdan çıxır ha, burcutdu yoxdur,- Füzuli
dedi.
Səhv etdiyimi anlasam da, razılığımı bir daha
bildirdim.
- Gərək bu həbdən sən də atasan,– deyib, həbin birini dilinin
üstünə qoydu. Bir qurtum suyla uddu. Bir söz demədən həbi aldım və
uddum. Doğrusu, bu həbin mənə heç bir mənfi təsir olmadı… Füzulinin
və Əsgərin kefi ala buludda idi. Əsgər sonda mızıldandı:
- Gərək, özümə saxlayadım.
Astara gömrüyü…
"Mən kasıb ailənin övladıyam. Bacım ərdə, anamın ürəyi mənim
yanımda, özü Lənkəranda, atam isə o biri dünyadadı. BDU-nin hüquq
fakültəsini bitirmişəm. Sonuncu kursda oxuyanda şəhərdə yaşayan
uzaq qohumla nişanlandıq. Ailə qurdum. Bacanağım çox imkanlı idi,
yerlimizdi. Elə o da qohumdu. Məni işə düzəltdi. Astara gömrüyündə
işləyirdim. Yaxşı pul qazanırdım. Yeni tikililərdən ev də götürdüm.
Bir az pul topladıqdan sonra əvvəlcə özümə, sonra isə yoldaşıma
maşın aldım. Həm də, xoşbəxt idik".
Narkomanlıq əclaflıqdır
Siqaret yandırır, Əsgər də hər üçümüzə çay süzmək üçün iranlı
dustağa işarə edir. Anında çay hazır olur. Əsgər:
- Fizi, canımızı çəkdin ki, danış da,- deyir.
Füzuli:
- Bu zibil narkotik məni elə Astarada, gömrükdə işləyəndə
yaxaladı. Şair, and olsun Allaha, insanlara, hansı ki, çəkmir,
içmir paxıllığım tutur. Sənə də ona görə o həbi verdim ki,
söhbətimiz alınsın. Mən xain adam deyiləm. Amma çoz şeyi itirdiyimi
yaxşı bilirəm. Nə isə narkotik kimi ikinci əclaf şey elə
narkomanlıqdır. Bunu başqa şeylə müqayisə etmək olmaz…
Şeytanla dostlaşmaq
"İrandan gətirilən "malları" tutub, sənədlədirmək əsas işimiz
idi sanki. Pul leş kimiydi… Arada müsadirə etdiyimiz "malın"
qırağından bir az qoparıb özümüzçün də saxlayırdıq. Yəni bunu hamı
etmirdi. Kimi şeytan yoldan çıxarırdısa. Mən də şeytanla tez
dostlaşdım. Əvvəlcə, adam vardı verirdim ona, satıdırırdım, sonra
özüm də dadına baxdım. Xoşuma gəlirdi. Aludə olmamışdım o qədər də…
Hər şey "kontrolda" idi. Özümü qoruya bilirdim. Elə adamlarla
qarşılaşırdıq, heç inanmaq olmurdu ki, bunlar bu işlərlə məşğul ola
bilər. Narkotik daşıyalar, "barıqa"lıq edələr. Məşədilər, hacılar
gördüm eee… Arvadlar, cavan qadınlar gördüm e… orasına-burasına
"torpedo" edib tiryək soxublar… İyrənirdim onlardan, amma onlar da
olmasa, dolana bilməzdik axı…"
Vətənpərvər rüşvətxor
Füzuli həmsöhbətini intizarda saxlamağı bacarırdı. Söhbətin
şirin yerində bir də görürdün dominonu tökdü stolun üstünə, oyunu
qızışdırdı. Bu dəfə də belə oldu. Oyundan sonra yenə də hekayətinə
başladı:
"Bu iranlılar var ha, bilirsən nə qədər tiryək daşıyırdı bəri
tərəfə! Biri vardı, adı Nəsiri idi. Baxdım ki, bunun posportunda
Ermənistanın möhürü var. Bir-neçə dəfə Ermənistana, ordan da
Qarabağa keçmişdi. Fars idi, türkcə danışa bilirdi. Dedim, baba, bu
nədir, ermənilərlə dostluq edirsiz? Qayıtdı ki, baba, mən
sürücüyəm, hara göndərirlər, ora da gedirəm. Ağdamdan, Zəngilandan
sökülmüş evlərin metallarını daşıdıqlarını dedi və gülə-gülə əlavə
etdi ki, gərək kişi kimi duruş gətirəydiz, vuruşaydız erməniynən,
qaçmayadız. Köpəyoğlu həzz alırdı elə bil, ermənilərin
torpaqlarımızı işğal etməsindən. O danışdıqca, inan, elə bil,
başıma daş vururdular. Qərar verdim ki, buna yerini göstərəm. Bir
qədər də söhbət edib, çəkdim kənara, dedim, baba, mənə bir qədər
tiryək lazımdı, təşkil edə bilərsən? "Yox",- dedi. Onu çox dilə
tutdum, and içdi ki, yoxumdur. Amma hiss edirdim yalan deyir, ürək
qızdırmır. Nə isə maşınından iki bükülü "qara tapdıq". Göndərdik
getdi fələyin qəminə… Belə vətənpərvərliyim də olub…"
Füzuli iranlını tutdurduğuna görə peşiman deyildi. "O, çox axmaq
adam idi. Boynuna almışdı ki, növbəti səfərdə tiryək gətirəcək. Həm
də gözümün içinə baxa-baxa bizi aşağılamışdı".
Qisas almağa söz verdim
O ki qaldı bacanağıma, o özünü son vaxtlar yaxşı aparmırdı.
Mənim yerimi Bakıya dəyişdirmək istəyirdi, ailə işlərimə müdaxilə
edirdi, özünü elə aparırdı ki, guya onun əlaltısıyam. Elə bil, məni
o əkib-doğuzdurmuşdu. Düzdü, işə düzəlməyimdə xidməti olmuşdu və
mən də onun xətrini istəyir, hörmətini saxlayırdım. Amma yekəbaşlıq
edirdi. Bir dəfə anamın üstünə qışqırıb deyib ki, oğlunu adam
eləmişəm, sözümə baxmır. Anama yazığım gəlirdi. "Baş qoşma",-
deyirdim. Evdə də soyuqluq yaranmışdı. Mənim Astarada olmağımı
istəmirdilər. Elə hey, deyirdilər ki, işini Bakıya dəyişdir. Mən də
deyirdim ki, burda qazanc var, 1-2 il də işləyim, sonra. Deyirdim
ki, əgər xəbərsiz mənim iş yerimi dəyişsəniz, ümumiyyətlə sistemdən
çıxacam. Nə isə, bu adam daha da quduzlaşmışdı. Axır ki, ailəm
dağılmasın deyə, razılaşdım. Amma özümə söz verdim ki, bundan
qisasımı alacağam. Bacanaqla aramı sazlamışdım. Olmuşdum onun
sevimlisi. Bu da körpə usagı kimi məni buyururdu hara gəldi.
İnsafən, yaxşılıqları çox dəymişdi. Amma yoldaşımı öyrədib mənə
qarşı qoymasını bağışlamırdım. Ona elə gəlirdi ki, mənim Astarada
saxladığım qadın var. Amma belə deyildi. Pul qazandıqca, narkotikə
meylim artdıqca Bakıya az-az gəlirdim.
İti boğub öldürdüm
Bir gün bizi qonaq çağırdı, yığışıb getdik. Arada imkan tapıb
bunun evinin açarlarını götürüb aşağa düşdüm, surətin çıxarıb,
qayıtdım geri. Bir-neçə aydan sonra bacanaq uşaqlarını da götürüb
Antalyaya istirahətə getdi. Başladım evi güdməyə. Hər gün evin
qulluqçusu günorta vaxtlarında yarımsaatlıq harasa gedirdi. Qalan
bütün gününü evdə keçirirdi. Axşamlar da orda qalırdı. Hər şeyi
hesablamışdım. Qadın binadan çıxan kimi, liftə minib yuxarı
qalxdım. Qapını açıb içəri keçdim. Balaca bir ev iti vardı. Qapını
açan kimi başladı hürməyə, üstümə cumur, səsini kəsmədən hürüdü.
Çox dilə tutdum, alınmadı… Əynimdən gödəkçəni çıxarıb itin üstünə
atdım və boğdum. Təxminən 5-6 dəqiqə vaxtım getmişdi. Evi
ələk-vələk etdim, yataq otağındakı xırda seyfi açarla açdım. Nə
vardı, selafon torbaya yığdım. Tələsik düşdüm aşağı.
Məni çubuş ələ verdi
Həyətə düşəndə üşüdüyümü hiss etdim. Gödəkçənin itin üstündə
qalmasının fərqinə indi vardım. Saata baxdım, çox vaxt keçmişdi.
Qalxıb kurtkamı göürməyə risk etmədim. Yerimdə mıxlanıb qalmışdım.
Xadimə arvad gəlib məni görə bilərdi. Xeyli dayandım orda - gedim,
getməyim? Bu müddətdə sərbəst yuxarı qalxıb düşə bilərdim. Bir
15-20 dəqiqədən sonra qulluqçu gəldi. Binaya keçəndən sonra oradan
uzaqlaşdım. Bilsəydim, bu bədbəxt bu qədər ləngiyəcək rahatca gedib
gödəkçəmi götürə bilərdim. Həm də it əgər özünü yaxşı aparsaydı,
onu boğmazdım və gödəkçəm də orada qalmazdı. Heç həbs də
olunmazdım. Çünki özümdən sonra iz qoymamışdım, əlcəklə işləmişdim.
həmin gün iş yerində də tədbirli olmuşdum. Elə etmişdim ki, hər kəs
məni iş yerində biləcəkdi. Rəhbərliyin gözünə görünmüşdüm, diqqət
çəkmişdim, mübahisə etmişdim, iş yoldaşlarımla zarafatlaşmışdım və
uzağı 1 saatlıq yox olmağım heç də nəzərə çarpmayacadı".
Mən odun yara bilərəm, ev yox
Füzulini Çin səfirliyinin qarşısında həbs ediblər. Törətdiyi
hadisədən sonra Əhmədlidə ev kirayələyir. İki ay burda qalır:
"Ancaq gecələr çıxırdım, ərzaq alıb qayıdırdım. Ölkədən getməyi
planlaşdırmışdım. Bir gün getdim Çin səfirliyinə, viza üçün
müraciət etdim. Dedilər, bir həftədən sonra gəlin. Bir həftədən
sonra getdim, elə səfirliyin qarşısında taksidən düşmüşdüm ki,
qulağımın dibinə elə vurdular, gic toyuq kimi dəydim yerə. Özümə
gələndə Nəsimi polisində idim, bacanağım da ağzı
köpüklənə-köpüklənə kabinetdə gəzirdi. Onu görən kimi, dedim, ay
bacanaq, nə yaxşı burdasan, qurtar məni bunların əlindən, yoxsa
məni öldürəcəklər. Bacanağım dedi ki, evimi yarmısan, dedim ay
bacanaq, mən odun yara bilərəm, kiminsə zəhrini yararam, amma ev
yara bilmərəm. İnan, dəli olmuşdu. Tüpürdü üzümə, "burnundan gəlsin
sənə verdiyim çörək",- dedi.
Özümü elə aparırdım ki, guya bacanağımdan incimişəm, mənə şər
atdıqlarına görə".
İnsafsız polislər
Bacanağım özünü dağıdırdı, deyirdi, götürdüklərini ver, səni
buraxdırım. Deyirəm ki, mənim heç nədən xəbərim yoxdur. Gödəkçəmi
gözümə soxurdu polis rəisi. Deyirdim, qonaq gələndə içmişəm, piyan
olmuşam qalıb onlarda. İtin boğulmuş halda şəklini göstərirdilər.
Dedim, insafsızlar, o boyda evdə ancaq mənim kurtkamı
götürüblər.
Bacanaq havalanmışdı. Polis rəisi seyfdən bir az da narkotik
maddə çıxarıb, onu da mənim adıma sənədləşdirdi. Polis rəisinə
dedim ki, sizin adamlarınız nainsafdır. Dedi, niyə? Soruşdum, məni
nəylə vurdular? Dedi kərpiclə. Mən də dedim ki, elə hörmətnən
yaxınlaşıb salam verib, qoluma girib apara bilməzdilər? Rəis başını
buladı… Beləliklə, iki maddə ilə başladım dustaq həyatına.
Bacanaq ağacların dibini bellədi
Bacanağım bir dəfə anamla gəldi görüşümə. Mehriban danışdı,
götürdüklərini qytar, iki ilə səni buraxdırım dedi. Harda
gizlətdiyimi soruşurdular. Hamı istəyir ki, qızılların, brilyantın
yerini deyəm. Axmağam? Onsuz da tuturlar da məni. Anama xəlvətcə
dedim ki, bağdakı ağaclardan muğayat ol, gör dibləri qazılmayıb ki.
Elə dedim ki, bacanaq bunu eşitsin. Fikir verdim, gördüm gözlərinə
işıq gəldi. Görüşdən çıxan kimi gedib Lənkərana. Həyətimizdə nə
qədər ağac var, dibini bellətdirib. Ağacların dibində bir şey
tapılmayanda isə bütün ağacları doğratdırıb. Anama deyib ki, sənin
bivec oğlun nağıldakı kimi mənə bütün ağacların diblərini bellədib.
Vəkilimlə danışmışam. Bacanağımı məhkəməyə verəcəm ki, həyətimizə
icazəsiz girib və yaşıllığa qıyıb".
Füzuli ləzzətlə gülür, "gəl şahmat oynayaq",- deyir.
Mən:
- Şərtim var, razı olsan, oynayarıq,-
deyirəm.
- Qızılların yerini deyim? Axmağam?!