Faiq Balabəyli "Axar.az"ın
"Gerçəkləşməyən arzular" lahiyəsini gerçəkləşdirir. Bu gün,
fevralın 23-də Faiq bəyin 50 illiyidir. Buna görə də bu həftə onun
özünün gercəkləşməyən arzularını öyrənmək istədik.
- Faiq bəy, saytda "Gerçəkləşməyən arzular" rubrikasını
həmişə siz aparırsınız. Ənənəni pozuruq, bu gün sizin
gerçəkləşməyən arzularınızı öyrənmək istədik. Başqalarının
gerçəkləşməyən arzularını öyrənən şəxsdən indi də biz öyrənək görək
hansı arzuları gerçəkləşməyib. Əlli il yaşadığınız ömrünüzü nəyə
xərcləmisiniz?
- Əlli il necə gəldi keçdi, doğrusu bilmədim, saymadım
illəri...
Yanlış addımlarım olub
- Yaşadığınız ömrü düşünəndə təəssüf hissi keçirirsiniz,
yoxsa qürur?
- Yox, təəssüflənməmişəm, nə etmişəmsə, düşünürəm ki, ağılla
etmişəm. Atama, anama, qardaşlarıma, qohum-əqrəbama baxıram və
düşünürəm ki, onlara bir xeyrim dəyibmi? Bir də ən çox onu
düşünürəm ki, bu ölkə üçün nələr etmişəm. Qohum-əqrəba, el-oba,
ailəyə diqqətli olmuşam, orda peşimançılığım yoxdur. Etdiyim
əməllərdən, atdığım addımlardan xəcalət çəkməmişəm. Yanlış
addımlarım olub, amma bu yanlışlıqlar heç kimə zərər verməyib.
- Yəni vicdanınız sakitdir ki, yanlışlıqlarınız kimsənin
həyatını qaraltmayıb?
- Yox, qaraltmayıb. Ancaq özümə təsir edib, bacardıqca da onları
aradan qaldırmışam.
Həbsdə də olunmuşam, döyülmüşəm
də...
- Bayaq dediniz ki, qohum-əqrəbaya yaxşı olmusunuz. Amma
məmləkət məsələsinə gələndə dediniz ki, nə etdik ki... Nə etmək
istəyirdiniz ki, edə bilmədiniz?
- Bir şerim var, yazmışdım ki, "bu yurd üçün biz nələr etdi
ki... Sevdik. Uğrunda ölümə getməyə hazır olduq. Bayraqların
qaldırdıq və heç nə edə bilmədik". Vətən və məmləkət üçün biz nə
edə bilmişiksə, azdır. Mənsə özlüyümdə əminliklə deyirəm ki, çox
şey edə bilərdim, edə bilməmişəm. Mən döyüşçü olmuşam, 20 Yanvar
hadisələri zamanı Xəzər dənizçilərinin rus ordusunun Azərbaycana
girməsinə etiraz olaraq yaradılan təşkilatın yaradıcılarından
biriyəm. Rus əsgərləri tərəfindən həbsdə də olunmuşam, döyülmüşəm
də, alnımın ortasına avtomatın lüləsini dirəyiblər. Sonra jurnalist
kimi Qarabağ döyüşlərində iştirak etmişəm. Bununla belə düşünürəm
ki, biz heç nə etməmişik.
Heç vaxt gücsüzlüyümdən dad
çəkmərəm
- O gücü özünüzdə hiss edirdiniz, amma reallaşdıra
bilmədiniz?
- 20 Yanvar hadisələri vaxtı yeddi nəfərdən ibarət kapitanlar
şurası yarada bildiksə, ölkə bütün susdurulduğu vaxtda biz rus
gəmiləri, hərbiçiləri ilə üz-üzə qala bildiksə, o zaman Azərbaycan
hakimiyyətində təmsil olunan Ali Sovetin sədri Elmira xanım bizi
qəbul edib "sizin qadanızı alaram, Azərbaycan sizinlə nəfəs alır"
sözlərini eşitdiksə, deməli, nələrsə edə bildik o zaman... 20
Yanvar günü ölkənin qürur günü idi. Mən fərdi olaraq heç vaxt
özümün gücsüzlüyümdən dad çəkmərəm, amma vətənimlə bağlı
gücsüzlüyümə bəzən ah çəkirəm.
Ruslar bizi aşağıladı
- Faiq bəy, özünü bilən insanın bir də özü ilə bağlı
fərdi arzuları olur. Belə başa düşdüm ki, ölkəmizlə bağlı
arzularınız tam olaraq gerçəkləşməyib.
- Yeri gəlmişkən, sizə bir hadisəni danışım. Mənim 86-cı ildə 22
yaşım var idi. Gəmidə işləyirdim, siravi işçi deyildim. 1986-cı
ildə biz Volqoqradski əyalətinin Tatyanovka kəndində lövbər
salmışdıq. Gəmi heyətinin 90 faizi ruslar idi. Mübahisə düşdü və
ruslar bizi aşağıladı. Bu hadisədən sonra mən də inada düşüb
gəminin bütün sənədlərini öz dilimizdə yazdım. Sonra bu, çox böyük
etiraza səbəb oldu.
Heydər Əliyevə məktub yazmışdılar
- İçinizdəki hansı inaddan, tələbatdan doğmuşdu bu
hərəkət?
- Heyətin sıravi üzvlərinin əksəriyyəti azərbaycanlılar idi və
onlara ikrah hissi, ironiya vardı. Bizim "doqquzbarmaq" dediyimiz
kapitan Kurkovla mübahisəmiz oldu. Mən də həmin an bu addımı
atmışdım. Mən bunu əsgərlikdə görmüşdüm, qonşu hərbi hissənin
uşaqlarını incitmişdilər, onlar da Heydər Əliyevə məktub
yazmışdılar. Həmin rotanın zabitlərini iki-üç gecənin içində
başqaları ilə əvəz etmişdilər. Orda Göyçaydan ali təhsilli bir
oğlan var idi, Moskvaya yazmışdı ki, burda irqçilik, millətçilik
var və s.
Özüm şer oxuyurdum, özüm də
alqışlayırdım
- İndi də gələk şair Faiq Balabəylinin arzularına...
Ümumiyyətlə, nə zaman başlamısınız şer yazmağa?
- Orta məktəbdə oxuyanda uşaqlarla sinifdə bir-birimizlə
yazışardıq və günlərin bir günündə ədəbiyyat müəllimiz Haqverdi
müəllim uşaqlara yazdığım həcvi gördü. Mənə dedi ki, səni şair
edəcəyəm və doğurdan da mənə xeyli bilik verdi.
- Sizdə o düşüncə vardı ki, şair olacaqsınız, ya
həvəskar kimi baxırdınız seirə?
- Səkkizinci sinifdə oxuyanda artıq əməlli-başlı şeirlər
yazırdım. Hər gecə gözümü yumurdum, xəyalən özüm şer oxuyurdum,
özüm də alqışlayırdım.
- Real olaraq o alqışları ala bildinizmi?
- Mən öz şair taleyimdən nigaran deyiləm. Yaxın dostum Vasif
Süleyman haqqımda yazıb ki, haqqını ala bilməyən şairdir. Mənə də
elə gəlir ki, düz deyir. Qruplaşmalarda ola bilmədim, oxucunu
aldatmaqdan getmir söhbət, oxucuya özünü tanıtmaqdan gedir.
Ədədbiyatın səs-küyündə, qara-qışqırığında ola bilmədim.
- Bəlkə demək istəyirsiniz ədəbiyyatın şou biznesində
iştirak edə bilmədiniz?
- Hə, elədir. Bu o zaman da vardı, bu gün də var. Bir qrup insan
ancaq bir-biri haqda xoş, naxoş sözlər yazmaqla özünü ədədbiyyata
sırıyır. Beləcə, oxucunun yaddaşına yazır ki, belə bir yazıcı, şair
var. Mən dəfələrlə sübut etmişəm ki, tanınaların çoxu təbliğat
maşınlarının işləməsinə görə tanınırlar.
- Ədəbiyyatda layiq olduğunuz yerdəsiniz?
-Yox...
- Şanssızlıqmı bu?
- Şans əslinə qalsa, mənim üçün heç vaxt itirilməyib. Həmişə
qarşıma gəlib. Özüm dəyərləndirə bilmədim.
- Heç peşmansınızmı bundan?
- Mən bir sahəni tutub arxasınca getmədim. Bir də yazıçı
dostlarım kimi ola bilmirəm...
Elə bilirdim, indi qapı açılacaq və evə
gedəcəyəm
- Onlar necədilər ki?
- Mən heç nəyə dırnaqarası baxa bilmirəm. Məsələn, axşam saat
7-8 də evdə olmalıyam, gecə saat ikiyə, üçə kimi hardasa otura
bilmirəm. Sizə bir şey danışım. Həbsdə olmuşam, bunu heç
gizlətmədən danışıram, çünki məni şərləyib həbs eləmişdilər. Bayıl
həbsxanasında səhər saat 9-dan 5-ə kimi rahat olurdum. Axşam saat
5-i keçəndən sonra evə getmək vaxtı çatanda gəlib otururdum
kameranın qapısının ağzında, orda balaca gözlük var ("kormoşka"
deyirlər) və üzümü ona söykəyirdim. Mənə elə gəlirdi ki, indi qapı
açılacaq və mən evə gedəcəyəm. Tez-tez rayona gedirəm, kəndimizə
dəyib qayıdıram və heç kəslə də görüşmürəm. Vallah, indi kimsə bunu
oxuyanda elə biləcək ki, yalandan şair obrazı yaradıram. Amma elə
deyil.
Arzularımın gerçəkləşən hissəsi ailəmlə
bağlıdır
- Sadə, bir ailənin başçısı olan Faiq Balabəylinin
arzuları necə, gerçəkləşibmi?
- Arzularımın gerçəkləşən hissəsi elə ailəmlə bağlıdır. Bilirəm
ki, pis ata deyiləm. Xanımım mənim çox əziyyətimi çəkib. Onu əvəz
edəcək ikinci xanım həyatımda ola bilməz. Çünki mənim kaprizlərimə,
əsəbimə dözmək məncə, çətindir. Uşaqlarıma çox diqqətliyəm və tez
əsəbiləşirəm. Mən işdə, bayırda olan problemləri heç vaxt ailəyə
daşımamışam. Oğlum şeir yazır, jurnalist kimi özünü bir neçə yerdə
sinamaq istədi və işlədi. Mən onun yaşında olanda keçmişdim o
yolları, amma o bir az gec keçir.
- Bəlkə ona görə gec keçir ki, siz onu lazım olandan
artıq qoruyursunuz?
- Düz deyirsiniz, mənim günahımdır. Məni kinolar, kitablar
aldatdı, dost oldum onunla, onu sinif, əsgər yoldaşı kimi qəbul
etdim və sərbəst buraxdım.
- Narahat atasınız eləmi?
- Çox... Sözsüz ki, narahatam. Uşaqlarımla, qardaşım balaları
ilə bağlı narahatçılıq keçirirəm, amma onu da deyim ki, mən oğluma
inanıram. Ata və ailə başçısı kimi çox xoşbəxt adamam.
İçimdə o qədər nisgilim var ki...
- Adətən belə müsahibələrdə sual verəndə hamı deyir ki,
mən xoşbəxt adamam. Xoşbəxtlik nədir sizin üçün?
- Mən həyat yoldaşı, ata kimi özümü xoşbəxt saya bilərəm.
Gənclik illərimdə belə bir şer yazmışdım: "Bəxtəvər deyirsən, bu
bəxtəvərlik, de hansı günümə yaraşır mənim". Ancaq bütün dostlarım
deyir ki, sən bəxtəvər adamsan. Sənin əlli yaşın var, gülürsən,
danışırsan, enerji var səndə, 22-23 yaşda uşaqlardan daha enerjili
işləyirsən. Amma xoşbəxtlik anlarla olur. Mən özümü ailəmə sərf
etməyi sevirəm. Balalarımın elə bir istəyi olmayıb ki, onları
həyata keçirməyim. Bu baxımdan onların gözündə mən yaxşı
valideynəm, yaxşı ailə başçısıyam. Əzab çəkib pul qazanmışam,
yuxusuz qalmışam ki, uşağımın gözü dağınıq olmasın. Amma içimdə o
qədər nisgilim var ki... Mənə sual versəydiniz ki, sənin nə
arzuların gerçəkləşməyib, deyərdim ki, arzularım heç
gerçəkləşməyib.
Daşa inan, göydəki quşa inan... İnsanlara
inanma...
- O gerçəkləşməyən arzular hansılardır axı?.. Deyirsiniz
ki, ata kimi, ər kimi arzularım gerçəkləşdi, bir tərəfdən də belə
deyirsiniz...
- Çox şey arzulayıram, məsələn, oğlum ürəyini oxuda bilsin... O
isə oxuda bilmir. Oğlum haqqında mənə deyirlər ki, sənin oğlun
yaxşı oğlandı, amma heyf ürəyi açıqdı. Təsəvvür edin, bunu mənə
onlarla adam deyib, dəhşətə gəlirəm ki, ürəyi təmizliyini, riyakar
olmamasını onun mənfisi kimi dilə gətirirlər. Mən istəmirəm heç
onun haqqında desinlər ki, hiyləgərdir, amma belə olmasını da
istəmirəm. O 7-ci sinifdə oxuyurdu məni həbs edəndə... O zaman
gecə-gündüz məndən ayrılmayan, yeyib-içən dostlar birdən-birə yoxa
çıxdı. Yanımda ancaq Vasif Süleyman, Natiq Muxtarlı, bir də sinif
yoldaşım var - Şəkür, şair Elçin İsgəndərzadə, o qaldı. Həbsdə
olanda onlardan xahiş etdim ki, ora kitab gətirsinilər ki,
həbsxananın kitabxanasını zənginləşdirək. Onda Turala bir şer
yazmışdım ki, yerdəki daşa inan, göydəki quşa inan, insanlara
inanma... Mən əslinə qalsa, insanları sevirəm, inamım böyükdür,
amma oğluma deyirdim ki, inanma.
Hər şey özünə qayıdır
- Heç Bakıdan gedib kənddə yaşamağı
düşündünüzmü?
- Kənddə torpaq sahəm var, keçən il 6 sot torpaq almışam. Fərdi
ev tikmək üçün, ancaq yoldaşım deyir ki, mən uşaqlarımdan ayrı qala
bilmərəm. Mən də onun arzusuna hörmətlə yanaşıram. Bilirsiniz, bu
həyatda hər şey adamın özünə qayıdır, hətta dediyin söz də əgər
haqdırsa, gerçəkləşir. Ona görə çalışıram ki, kimsənin ürəyinə
dəyməyim. Yadımdadır, məhkəmədə mənə Vaqif adlı prokuror beş il
istəyib, bu müddətin də üstündə israrala dayanıb məni azadlıqdan
məhrum etdirəndə anam da orda idi. Hökm oxundu. Anam sakitliklə
prokurora dedi ki, sən məni balamdan ayırdın, Allah səni də
balandan ayırsın. Təsəvvür edirsiniz, sonra öyrəndim ki, beş aydan
sonra həmin adamın oğlu ölüb. Mən istəmirəm kimsənin oğlu, uşağı
ölün, amma gərək elə yaşayasan ki, kimsənin qarğışına tuş
gəlməyəsən, ah almayasan.