Türkiyənin əfsanəvi müğənnisi Əhməd Qayanın həyat
yoldaşı Gülten Qayadan aldığı müsahibəni təqdim edir:
– Bu il Əhməd Qayanın mahnılarından ibarət "...Bir
eksiğiz" albomunu çıxardınız. Alboma göstərilən diqqət sizi qane
etdimi? Xalq bu gün də Əhməd Qaya sənətinə maraq
göstərirmi?
– Çıxardığımız albom son dərəcə cəsarətli və maraqlı bir layihə
oldu. Bu layihə sayəsində Əhməd Qaya şərqilərindəki zənginliyi və
yeni xırdalıqları kəşf etdik. Tamamilə fərqli janrlarda ifa edən
sənətçilərin də qatıldığı layihəylə son dərəcə gözlənilməz və
maraqlı bir iş reallaşdırdıq. Türkiyənin bir qədər qarışıq və ağır
günlərində işıq üzü görsə də, bu alboma göstərilən maraq olduqca
qənaətbəxş oldu. Yeni və daha bir gənc nəsli bu mahnılarla tanış
etdik.
Əhməd Qayanı sevənlər onun bizə əmanət etdiyi mahnıları heç vaxt
tək və sahibsiz qoymadılar. Onların əllərini həmişə çiynimizdə hiss
etdik və gücləndik. Bu, həqiqətən qürur duyduğum və hörmət etdiyim
bir vəfa, sevgidir. Elə bizi yaşadan da budur.
– Ərtoğrul
Özkökün göndərdiyi gül dəstəsini qaytarmışdınız. Bir vaxtlar ona
qarşı kampaniya aparan türk mətbuatı ilə indiki münasibətləriniz
necədir?
– Mən Türkiyə mediasının çox önəmli bir hissəsinin gücünü və
imkanlarını yanlış istiqamətə yönəltdiyini düşünürəm. Həm də bu
yanlış istiqamət, yanlış yönəlmə ölkənin zaman, enerji itirməsinə
səbəb olur, imicinə böyük zərbə vurur.
Onlar insan haqları və demokratiya qavramlarına, sivil dünyanın
demokratiya normalarına hörmətsiz yanaşıb, özlərini bir növ "qərar
verən" və "idarə edən" yerinə qoyub illərlə cəmiyyəti zəhərlədilər,
insanlar arasında nifrət toxumları səpdilər. İrqçiliyi qabardaraq
insanları bir-birinə düşmən etdilər. Bu torpaqlarda yaşayan
xalqları və onların mədəniyyətini heçə sayıb diskriminasiyaya yol
verdilər. Digər tərəfdən, mən "Türk mətbuatı" sözünə qarşıyam,
bunun əvəzinə "Türkiyə mətbuatı" deməyə üstünlük verirəm.
Əhməd Qayaya qarşı aparılan qara piar kampaniyasının üstündən 15
il keçib və mətbuatda başqalarına da qarşı bu cür iyrənc üsullara
əl atanlar hələ də var. Nə qədər ki, cəmiyyəti, insanları
bir-birinə qarşı qoyur, mətbuatla mənim münasibətlərim heç vaxt
yaxşı ola bilməz. Mən bu məsələyə yalnız Əhməd Qaya prizmasından
yanaşmıram. Kürdlərə, etnik azlıqlara, ələvilərə, qadınlara,
uşaqlara, fiziki qüsurlu şəxslərə, fərqli cinsi oriyentasiyadan
olan insanlara və digərlərinə qarşı istifadə olunan bu kobud
münasibət dəyişmədikcə, bir vətəndaş və insan olaraq hər birimiz bu
mətbuatı tənqid etməliyik.
– Çətin günlərində ona dəstək olan həmkarları var idimi?
Kimlərin adını çəkə bilərsiniz?
– Təəssüf ki, yox idi. Həmişə demişəm və deyəcəm də: dostları
onu tək qoymasaydı, bu, ona mənəvi güc və dəstək olardı. Sürgündə
olduğu günlərdə Türkiyədən, sadəcə, dəyərli ozanımız Aşıq Mahsuni
Şərif onu ziyarət etmişdi. O vaxtlar Avropada yaşayan Şivan
Pərvərlə də görüşürdülər.
Əlbəttə, xalqıyla, sevənləriylə tez-tez olmasa da, görüşür,
konsertlər verirdi, amma ən çox dostları tərəfindən yad edilməmək,
tək qalmaq ona çox pis təsir edirdi.
– Əhməd Qayanın siyasi baxışları Türkiyədə olduğu kimi,
Azərbaycanda da həmişə müzakirə mövzusu olub. Onun qadını olaraq bu
suala sizin cavab verməyinizi istərdik: Əhməd Qaya solçuydu, yoxsa
kürd millətçisi?
– Əhməd Qaya sosialist, müxalif insan idi, istənilən
milliyyətçiliyin də əleyhinə idi. Onun illərdir davam edən kürd
münaqişəsinə qarşı çıxmağını "millətçilik" adlandırmaq haqsızlıq
olar. Sözügedən müharibənin səbəblərinə bu dövrün və modern
dünyanın prizmasından baxanda da xüsusən müxalif sənətçinin hansı
mövqedə dayanmalı olduğu aydın görünür. Əhməd Qayanın kürd
olub-olmamağı da önəmli deyil. Heçə sayılan dilinə və mədəniyyətinə
sahib çıxmaq ayrı şeydir, millətçilik tamam ayrı şey. İnanın ki,
bu, kürd yox, başqa xalq da olsaydı, Əhməd Qayanın mövqeyi
dəyişməzdi. Sürgün illərində, 1999-cu ildə Parisdə keçirdiyi
mətbuat konfransında Əhməd Qaya belə demişdi: "Nə qədər ki, sağam,
ürəyim və beyinim dünyanın hər yerində əzab çəkən xalqların yanında
olacaq".
– Əhməd Qayanın "Popstar Türkiyə"dən yaxşı tanıdığımız
bacısı qızı Simgə Bağdadlı onun mahnılarına yeni bir nəfəs
vermişdi. İndi ekranlardan uzaq qalmağının səbəbi
nədir?
– Əhmədin ən böyük arzularından biri də öz mahnılarını qadın
sənətçinin ifasında və yeni tərzdə eşitmək idi. Mən də onun bu
istəyini reallaşdırdım. "SİMGƏ BAĞDADLI–ƏHMƏD QAYA ŞARKILARI" adlı
layihəmizdə Simgənin vokal imkanları sayəsində çox gözəl bir iş
alındı. Simgə xanım indi Almaniyada yaşayır və işlərini,
layihələrini orada davam etdirir.
– Qızınız Melis Qaya indi harada yaşayır, hansı işləri
görür? Atasının xatirəsini yaşatmaq üçün nələr edir?
– Melis universiteti İstanbulda bitirib. Parisdə magistr təhsili
alıb. İndi də elə Fransanın paytaxtında yaşayır. Öz işləriylə
yanaşı, atası üçün qurduğumuz musiqi şirkətindəki işlərdə də bizə
kömək edir.
– Əhməd Qaya üçün darıxanda ən çox hansı mahnısına qulaq
asırsınız?
– Ancaq bir mahnının adını çəkmək çətindir. O dəhşətli hissə
qapılanda saatlarla Əhməd Qayaya qulaq asıram. Bütün mahnılarında
özü var, keçmişimiz var, sevgimiz, əməyimiz, xatirələrimiz,
həyatımız, mübarizəmiz var.
– Əhməd Qayanın məzarının Türkiyəyə gətirilməsinə etiraz
etmişdiniz. "Əhməd Qaya hələlik sürgündə qalacaq" demişdiniz.
Fikriniz dəyişməyib ki?
– Fikrimdə heç bir dəyişiklik olmayıb. Tarix 1999-cu ildə bu
ölkədə aparılan çirkin piar kampaniyalarını, ədalətsiz hökmləri,
körüklənən irqçilik və səpilən nifrət toxumlarını, hədəfə çevrilən
bir sənətçini və ona qarşı edilən hər şeyi yaxşı xatırlayır. Öz ana
dilində mahnı oxuduğu üçün sürgünlə və ölümlə nəticələnən bir
həyat, insan taleyi var. Bunu necə dəyişdirmək olar? 50 il sonra
insanlar Türkiyənin yaxın və real tarixini məhz bu hadisələrdən
öyrənəcəklər.
Əhməd Qaya dünyəviliyi müdafiə edən bir sənətçi idi və "notların
milləti, dövləti yoxdur" deyirdi. Yəni ona qarşı edilən
haqsızlıqların bir də heç kimə qarşı edilməməsi və bu hadisələrdən
düzgün nəticə çıxarılması üçün Əhməd Qaya olduğu yerdə –sürgündə
qalacaq. Bizim üçün nə qədər çətin olsa da, istəyirəm ki, ən
azından tarixin bu səhifəsi açıq qalsın və mühakimə olunsun. Bir
daha əsla heç kimin özü olduğu üçün təzyiq görməməsini
istəyirəm.
– Həyat yoldaşınızdan sonra 2009-cu ildə qardaşınız
Yusuf Hayaloğlunu da itirdiniz. Hayaloğlunun şeirləri, Əhməd
Qayanın mahnıları olmadan yaşamaq nə qədər çətindir?
– Bu iki gözəl insan mənim həyatımın şeiri idilər. Yəni onlardan
sonra mənim şeirim bitdi, mahnılarım susdu. Qolum-qanadım qırıq
olsa da, yaşamağa çalışıram. Bilirəm, onlardan sonra həyatımda
yaranan bu böyük boşluq ölənə qədər davam edəcək.
Təəssüf ki, bununla – bu boşluqla yaşamağa alışmırsan, sadəcə,
yaşayırsan. Mən anayam və övladım üçün ayaq üstə olmalıyam.
1937.az