İş adamı Emin Ağalarov
həyatının əsas marağını musiqidə görür və artıq bir neçə ildir ki,
Moskvanın ən nüfuzlu məkanlarında çıxış edir. Amma o, hər bazar
şəxsi təyyarəsinə minərək Bakıya, Xəzər dənizinin sahilində atası
ilə əkiz oğlanları Əli və Mikayıl üçün tikdirdiyi saraya uçur ki,
oğlanlarını görsün.
Rusiya mətbuatı "7days" portalı maraqlı, işgüzar
müğənni-bəstəkardan müsahibə alıb. Tabloid.az həmin müsahibəni
təqdim edir:
- Emin, Siz demək olar ki, bütün vaxtınızı Moskvada
keçirirsiniz. Amma möhtəşəm sarayı Bakıda, Xəzər dənizinin
sahilində tikdirmisiniz....
- Bəli, mən hər həftəsonu Sizin dediyiniz kimi, sarayıma uçuram
ki, 2 günümü oğlanlarım Əli və Mikayılla keçirdim. Əvvəllər onlar
mənim həyat yoldaşım ilə Londonda yaşayırdı, amma bu ildən məktəbə
getdikləri üçün doğma şəhərim – Bakıya köçüblər. Yeri gəlmişkən,
bizim ev bir bina deyil, bu 2 evdir, güzgü kimi təkrar tikilmiş iki
tikili. Mən biləndə ki, Leyla əkiz dünyaya gətirəcək atamla bu
layihəni fikirləşdik. Zamanla evlərdən biri Əliyə, digəri isə
Mikayıla məxsus olacaq. Evlərin sahəsi çox böyükdür. Çünki, mən
istəyirəm ki, oğlanlarım böyüyüb ailə qurduqda böyük ailələri
olsun.
-Evin ölçülərinə baxmayaraq, dəbdəbəli, təmtəraqlı
deyil, burada genişlik və işıq daha çoxdur.
- Biz bu məqama xüsusi diqqət ayırmışıq. Plana əsasən, hər
otağın 2, idealda isə dənizə açılan 3 tərəfi olmalı idi. Bəzi
otaqların divarları isə sadəcə şüşədən ibarətdir ki, özünü
sahildəki kimi hiss edəsən. Evin tikintisində otaqlara daha çox
təbii işığın düşməsi və genişlik nəzərə alınıb. Evin layihəsi
üzərində yapon arxitektor işləyib. Evdə ən sevdiyim məkan məhz uşaq
otağıdır. Bakıya gələrkən bütün boş vaxtımı bu otaqda keçirirəm.
Uşaqlarımla cizgi filmi izləyirəm, dəmiryol oyuncaqları ilə
oynayıram.
- Emin, hər şeyi nəzərə alaraq demək olar ki, Siz ideal
atasınız!
- Sadəcə mən əminəm ki, uşaqlar Allahın bəxş etdiyi hədiyyədir.
Mən hər zaman uşaq istəmişəm, özü də gənc yaşlarımdan, hətta, 18
yaşımdan. Biləndə ki, uşağım olacaq, özü də bir yox, iki oğlum
birdən olacaq sevincdən atılıb-düşərək qışqırmışam. And olsun!
Həkim isə mənə gülərək "Sakitləş" söylədi. Xatırlayıram, övladlarım
dünyaya gələndə onları əlimdən kənara qoya bilmirdim. Düzdür, indi
mən hər gün onlarla bir yerdə ola bilmirəm, amma Bakıya gəldikdə
çalışıram bunu kompensasiya edim. Telefonumu söndürürəm və
soruşuram: "Biz buğun nə edəcəyik?" Əmri artıq onlar verir:
"Əvvəlcə konstruktor, sonra isə futbol".
- Deyəsən, Sizin oğlanlarınızın ürəyi istəyən hər şeyi
var. Sizin də uşaqlığınız belə nağıllar aləmindəki kimi
keçib?
- Yox, çox sadə keçib. Uşaqlığımın ilk illərini köhnə Bakının
dar küçələrində, qala divarlarında keçirmişəm. İndi İçərişəhər mənə
kiçik görünür, o vaxt isə hər dalanında bir macəra var idi.
Evimizin yanında ulu nənəm İra yaşayırdı. Onun evinin divarında
gitara asılardı. O, köhnə rus mahnılarını gitarada çalıb oxuyardı.
Mənim 5 yaşım olanda isə biz Moskvaya, Çertanova köçdük. O vaxtlar
şıq evlərimiz olmasa da, evimizdə hər şey olub. Atam
videokasetlərin üzünün köçürülməsi ilə məşğul olurdu. Sovetlər
Birliyində filmlər ilk onun əlinə keçirdi.
"Xaç atası 2" filmi ilə bağlı maraqlı bir hadisə də olmuşdu.
Filmin müddəti 3 saat 12 dəqiqə idi, kasetlər isə 3 saatlıq idi.
Buna görə də filmin hansısa dialoqunu qısaltmaq və ya hansısa
hissəni kəsmək lazım idi. Üstündən illər keçdikdən sonra Robert De
Niro yeni "Stoun" adlı filminin premyerası üçün Moskvaya gəlir.
Filmin nümayışı bizim ticarət mərkəzlərinin birində baş tutdu. Biz
üçümüz – Robert De Niro, atam və mən VİP otaqda əyləşmişik. Film
başlayır və atam deyir: "Bilirsən, əgər kimsə 25 il əvvəl mənə
desəydi ki, sən De Niro ilə birlikdə film izləyəcəksən, mən ona
cavab verərdim ki, sən sadəcə dəli olmusan!"
- Həyatınızda elə bir dönəm olub ki, Siz ona çətinliklə
inanırsınız?
- 17 yaşımda mən dostlarımla ilk dəfə hansısa kiçik bir kafedə
səhnəyə çıxdım. Əgər o vaxt mənə desəydilər ki, illər sonra mən
çoxminlik tamaşaçını bir araya yığacağam, mən sadəcə gülərdim. Yeri
gəlmişkən, 10 və 11 dekabrda mən "Krokus Siti Holl"da konsert
verəcəyəm ki, ora tam olaraq 14 min tamaşaçı tutur. İndiyədək buna
inanmaq mənə çətindir. Ümumiyyətlə, səhnə - mənim
adrenalinimdir.
- Musiqi ilə nə vaxtdan maraqlanmağa
başladınız?
- Uşaqlıqdan. Müslüm Maqomayev atamın dostlarından biri idi.
Uşaq olarkən mən onun qonağı olurdum. Yeniyetməlik yaşlarımda o,
royal arxasına əyləşərək məni çağırırdı. İfa edərək soruşardı:
"Sənin tonallığındır? Başla oxumağa!" Mən də yanaqlarım qızararaq
oxuyardım. Mən Müslüm Maqomayevin qarşısında ağzımı açmağa
utanardım. Amma biz təklikdə qalanda məni əmin edirdi ki, mənə
oxumaq lazımdır: "Sən oxumalısan. Onsuz da sən bunsuz yaşaya
bilməyəcəksən". O, haqlı imiş. 10 yaşım olanda isə anam mənə Elvis
Preslinin kasetini hədiyyə etdi. "Kral" məni özünə cəlb etdi. Mən
başladım onun konsert kasetlərini əldə etməyə, onun haqda kitab və
tarixləri araşdırmağa. Onun şəxsiyyəti məni valeh etdi. Hətta 14
yaşımda zahirən ona bənzəmək üçün bakenbordlarımı uzatmağa
başladım. Amma bu məndə gülünc göründüyümdən nəticə olaraq onları
tamamilə qırxdım.
- Məlumdur ki, 13 yaşında valideynləriniz Sizi təhsil
üçün xaricə yollayıb..
- Bəli, çünki, o vaxt təhlükəli dövr idi, 90-cı illərin əvvəli.
Atamın artıq uğurlu biznesə başlamışdır. Bu haqda artıq quldurlar
xəbər tutmuşdu və hətta mənim məktəbimə belə gəlirdilər. Bu pis
sonluqla nəticələnə bilərdi. Mən isə məni qoruyan cangüdənlərdən
rahatlıqla qaçmaq yolunu öyrənmişdim. Onlar isə atama
şikayətlənirdilər. Və ancaq bu, çıxış yolu var idi. İsveçrədə olan
qapalı məktəb. Deməliyəm ki, bu əsl gestapo idi. Pis davranışa görə
səni 3 saat dərs oxumaq üçün otağa qoyurdular. Bu "studiya
cəriməsi" adlanırdı. Ancaq tualetə çixa bilərdin. 21:45-də yatmaq
vaxtı idi. Gecə yarı işıq fənəri ilə yoxlayırdılar. Əgər gözün
açıqdırsa – cəza alırdın. Sübh yeməyi, nahar ya da şam yeməyinə 1
saniyə gecikirdinsə sənə yemək vermirdilər. Səliqəsiz gəzindinsə,
dərsə 3 saat alman dili lüğətini yazmalı idin. Lakin mən sistemdə
boşluq tapmağı bacardım. Yaşıdlarımla kart və nərd oynamağa
başladım. Bakıdan olduğum üçün onları udurdum. Bu yolla da cib
xərcliyi qazanmağı bacardım. Hətta bəzən elə olurdu ki, sinif
yoldaşlarıma pul verirdim ki, ev tapşırıqlarını mənim yerimə
etsinlər.
- Deməli, sahibkarlar belə yaranır!
- Bəli. (Gülür) Bu bizdə irsidir. Atam özü uşaqlıqda xuliqan
olub, məktəbə getmirdi, pulla məktəb tualetində diafilmlər
göstərirdi. Bundan başqa, siqaret satıb. Nənəm Moskvada Tibb
İnstitutunda dissertasiyasını müdafiə etmək üçün Rusiyaya gedəndə
atamı da özü ilə aparıb. O vaxt isə atam anasından xahiş edib ki,
uşaq dükanından onun üçün ən böyük oyuncaq maşını alsın. Tapın
görüm o maşın onun nəyinə lazım idi? Yox, oynamağa almamışdı. O,
maşını tullayaraq qutusunun içinə siqaret doldurmuşdu. Beləcə
anamın da xəbəri olmadan Bakıya kontrabanda gətirib. Sonra isə atam
məktəbdə ədədlə siqaret satırdı.
- İsveçrədən sonra Siz Amerikaya yollandınız. Orada pul
qazanmağı özünüz öyrəndiniz?
- Amerikada Elvis Preslidən ilhamlanaraq mən ilk albomumu
bəstələdim. Mənim 17 yaşım var idi. Qrupumda peşəkarlar yox idi.
Mən o vaxt qrupumla kafelərdə oxumağa başlamışdim. Rəqabət güclü
idi. Çox yaxşı ifaçılar var idi. Anladım ki, burada yüksək
nailiyyət edə bilməyəcəyəm və bu işi atdım keçdim biznesə.
Xatırlayıram ki, internet üzərindən satışı həyata keçirməyə
başladım. Bu, mənə valideynlərdən asılı olmamaq üçün maliyyə imkanı
yaratdı. Atamdan pul istəməsəydim verməzdi. İstəmək isə ayıb idi.
Öz qazancımla sevincimi yaşayırdım.
- Yenidən Moskvaya dönmək istəmirdiniz?
- Heç çalışmırdım buna. Məktəbi bitirib evə bir müddətlik gəldim
ki, doğmalarımı görüm. Atam isə mənə anidən bir xahişlə müraciət
etdi: "Qulaq as, mənim bir neçə geyim dükanım var. Sən bəlkə bir
cəhd edəsən onlarla nə isə etməyə? Əgər alınmasa bir aydan sonra
bağlayarıq". Mən razılaşdım. Sabahı gün mən cins şalvar və
futbolkada ofisə gəlirəm və atam məni kabinetinə aparır. Orda isə
50-ə yaxın ciddi geyimdə iş adamları oturub və deyir: "Tanış olun,
bu sizin yeni kommersiya direktorunuzdur". Bu çox ağır addım idi.
Mən istəmirdim birdən-birə məsuliyyəti bir işi mənim üzərimə
qoysunlar. Atam isə xasiyyətimə bələd idi. Bilirdi ki, artıq geri
çəkilməyəcəyəm. Bax beləcə də mən Moskvada qaldım. Özümə 3 min 200
dollara "Jiquli" aldım. İstəyirdim ki, öz maşımın olsun, atamın
yox. Uşaqlıqdan bu avtomobilin arzusunda idim. 7-ci modeli çox
sevirdim, onu "Mersedes"ə bənzədirdim. Sonradan gördüm ki, biznes
məndə alınır və artıq gəlir gətirməyə başlayıb.
- Bu dönəmdə Siz heç musiqinı
xatırlamırdınız?
- İşlərin çoxluğu müəyyən müddətlik musiqini ört-basdır etdi. Bu
dönəmin başa çatmasına isə tıxacda qalmağım rəvac verdi.
Yaxınlıqdakı musiqi dükanına girib özümə sintezator aldım. O andan
mənim yeni cədvəlim formalaşmağa başladı: "Hər gün işdən evə gələn
kimi pizzamı qızdırıb yeyib və sintezatorda çalmağı öyrənirdim. Bir
müddət sonra isə mahnılar bəstələməyə başladım və beləcə albomum
yarandı. İlk böyük olmayan konsertimə dostlarım və mətbuat
nümayəndələri gəldilər, cəmi 200 nəfər. Xatırlayıram,
jurnalistlərin ilk düşüncələri belə idi "Zənginin oğlu əylənir".
Amma "Still" mahnısı öz tamaşaçı toplamağı bacardım. Hətta hərdən
mahnımı kiminsə telefon zəngində eşidirdim və fikirləşirdim ki,
əla!". Bu mənə irəli getməyə güc verdi.
İndi musiqi mənim həyatımın əsas əyləncə, marağıdır. Amma
əlbəttə ki, ilk yerdə hər zaman uşaqlarım olacaq: hər həftə
səbirsizliklə gözləyirəm ki, nə vaxt günəşli, dəniz mənzərəli
sarayımızda onlarla görüşəcəyəm.