Yuxarı

Farslaşma gedir, musiqimiz bayağılaşır – Güneyli xanəndə

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın istedadlı xanəndəsi Taban Məhəmmədxaninin Kult.az-a müsahibəsini təqdim edirik:

- Əvvəlcə, sizi daha yaxından tanıyaq.

- 1989-cu ildə Güney Azərbaycanın Xudafərin rayonunun Dirili kəndində anadan olmuşam. Orta məktəbi Dirilidə bitirib, Təbriz şəhərinin Azadə Universitetində mühasib ixtisası üzrə təhsil almışam. Hazırda Xudafərin rayonunda yaşayıram.

Atam musiqini və muğamı çox sevən biridir. Ona görə mən də musiqiyə bağlandım və oxumağa başladım. Əsgərlik bitən kimi Təbrizdə musiqi sinfinə daxil oldum və Nasir Ətapurdan (Arif Babayevin tələbəsi olub) muğam dərsi aldım. Ardınca Təbrizin orkestrinə, “Dalğa” qrupuna dəvət aldım.

- Azərbaycanda müsabiqələrdə iştirak etmisiniz?

- Yox, bu il qatılmaq istəyirdim, atam rəhmətə getdiyi üçün iştirak edə bilmədim. İranda, Təbrizdə keçirilən birinci və ikinci muğam festivalında ikinci yeri tutmuşam.

- Güney Azərbaycanda musiqinin durumu ürəyinizcədirmi?

- Güney Azərbaycanda musiqinin durumu heç də qənaətbəxş deyil. Ona görə ki, bayağı mahnılar ciddi musiqilərin yerini tutub. Dövlət tərəfindən də incəsənətə heç bir dəstək yoxdur.

- Bayağı mahnıların məşhurlaşmasının səbəbi nədir?

- Çünki zövqlər korlanıb. Quzeydə ruslaşma getdiyi kimi, burda da farslaşma gedir.

- Nəyə əsasən düşünürsünüz ki, Quzeydə ruslaşma gedir?

- Mahnılarda və ünsiyyət zamanı ümumi danışıqlarda ruslaşma özünü göstərir. Bəlkə də yeni nəsil bunu modernlik hesab edir. Biz fars rejimi altında assimilyasiya olmaq üzrəyik. Öz dilimizdə yazıb-oxuya da bilmirik. Və buradakı yeni nəsil fars ədəbiyyatına, mədəniyyətinə meyillənir. Quzeydə isə durum fərqlidir. Yeni nəsil bir partlayış axtarır ki, Rusiyaya yaxınlaşsın. Amma yenə də bizim vəziyyətimiz sizinlə bərabər deyil, müqayisə edilə bilməz. Burda hökumət tərəfindən heç bir qayğı görmürük.

- Az öncə dediniz ki, zövqlər korlanıb, insanlar bayağılığa meyil göstərir. Sizcə, bayağılaşma problemi Quzeydə də varmı?

- Bəli, var, amma Güneydə daha çoxdur. Bir halda ki millət öz dilində danışa bilmir, sizcə, musiqisinə yaxınlaşa bilərmi?!

- Hansı musiqiləri bayağı hesab edirsiniz?

- O musiqiləri bayağı hesab edirəm ki, sözləri heç bir məna daşımır və yanlış oxunur. Həmçinin, kompüter gücü ilə mahnı ifa edilir. Hansı ki, o mahnını canlı oxumağa gücləri çatmır.

- Bu bayağılaşmanın qarşısını necə almaq olar?

- Güneydə öz ana dilimizi öyrənməklə buna nail olmaq mümkündür. Burda hər yerindən duran Azərbaycanın fəxri olub. Baxırsan ki, heç Azərbaycan dilindən xəbəri belə yoxdur.

- Azərbaycanlı müğənni və ya xanəndələrdən orada ən çox kim dinlənilir?

- Muğam sahəsində Arif Babayev, Səxavət Məmmədov, Yaqub Məmmədov, Sara xanım, Rübabə, Alim Qasımov, Ağaxan Abdullayev və s. Pop müğənnilərindən isə daha çox Talıb Taleh, Brilyant Dadaşova, Niyaməddin Musayev, Eyyub Yaqubov... Ümumiyyətlə, quzeyli müğənniləri burada daha yaxşı tanıyırlar.

Tarix
2019.07.01 / 14:06
Müəllif
Aytac Araz
Digər xəbərlər

İmkan vardı ki, Qarabağda yaşayan ermənilər... – Mirzoyan

Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum oldu

Mirzoyandan anklavlarla bağlı açıqlama: Razılaşmalar…

Prezident Əli Əkbər Əhmədianı qəbul etdi

Prezident Maqdalena Qrononu qəbul etdi

Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir?

ABŞ Bakını dəstəkləyəcək, təcili qərar... - Surenyants

Ermənistan vasitəsilə Azərbaycandan Azərbaycana əlaqə...

Tehrandan Bakıya qarşı şok gediş: Sərhədimizdə, görün, nə qurdu...

İki maddə üzrə təkliflər verdik, Azərbaycan razılaşsa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla