Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr
müavini Niyaməddin Orduxanlı Teleqraf.com-un "Brifinq" rubrikasının
qonağıdır. Parlament seçkiləri öncəsi vəziyyəti dəyərləndirən
Niyaməddin bəy təmsil olunduğu partiyanın potensial imkanlarından
danışıb.
BAXCP-nin platformasından söz açan N.Orduxanlı müxalifətin
durumunu şərh edib. Vaxtilə sərbəst güləşlə məşğul olan gənc
siyasətçi idmandan siyasətə keçid etməsinin səbəblərinə də aydınlıq
gətirib.
Nərgiz Ehlamqızı: Niyaməddin bəy, noyabrın 1-də
keçiriləcək parlament seçkilərinə Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyası (BAXCP) necə hazırlaşır? Seçkiyə neçə namizədlə
qatılacaqsınız? Namizədləriniz bəllidirmi?
- Partiyamız parlament seçkilərinə çox ciddi hazırlaşır. Artıq
BAXCP lideri Qüdrət Həsənquliyevin partiya qarşısında tövsiyə və
tapşırıqları var. Ona uyğun olaraq seçkiyə hazırlaşırıq. Faktiki 80
namizədimiz bəllidir. Bu şəxslərin hər biri Azərbaycan siyasətində
kifayət qədər tanınan insanlardır. Biz hazırda Mərkəzi Seçki
Komissiyasının seçki kampaniyasına rəsmi start verməsini
gözləyirik. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq Ali
Məclisin iclası keçiriləcək və dairələr üzrə namizədlərimiz
ictimaiyyətə açıqlanacaq.
N.Ehlamqızı: Ali Məclisin iclasının tarixi
məlumdur?
- Avqustun 30-da Ali Məclisin iclasını çağıracağıq. Ondan sonra
namizədlərimizi elan edəcəyik. Namizədlərimiz sırasında partiya
sədri, sədrin müavinləri, Rəyasət Heyətinin üzvləri, müşavirlər,
rayon şöbələrinin sədrləri var. Bizim partiyanın 60-a yaxın rayon
şöbəsi mövcuddur. BAXCP 10 minlərlə insanı əhatə edir. Hər rayonda
partiyamızın Ali Məclis, şöbə sədrləri, Mərkəzi Nəzarət-Təftiş
Komissiyasının üzvləri var. Bu qurumlardakı rəhbər şəxslərin də
namizədliyi irəli sürüləcək.
"YAP-la rəqabət apara biləcək müxalifət partiyası
yoxdur"
N.Ehlamqızı: Parlament seçkiləri ölkə həyatında çox
ciddi hadisədir. Amma nədənsə aktivlik bir o qədər hiss olunmur.
Fəallıq daha çox sosial şəbəkədə müşahidə edilir. Seçkiqabağı
situasiyanı necə qiymətləndirirsiniz?
- Doğrudan da, parlament seçkiləri ölkə həyatında çox önəmli
hadisədir. Doğrudur ki, tam passivlik var. Amma partiyalar
seçkilərə hazırlaşır, namizədlərini müəyyənləşdirir, eyni zamanda,
MSK da mütəmadi olaraq görüşlər keçirir. Hətta YAP regionlarda
görüşlərə başlayıb. Təbii ki, maliyyə resursları baxımından digər
partiyaların regionlarda bu cür görüşlər keçirmək imkanları yoxdur.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda YAP-la rəqabət apara
biləcək güclü müxalifət partiyası yoxdur. Bu azmış kimi müxalifətin
özü də dağınıqdır. Amma bütün bunlara baxmayaraq, ölkədə
çoxpartiyalı sistem və müxalifət var. Təbii ki, müxalifət yekcins
deyil və burada ümumiyyətlə iqtidarı tanımayan inkarçı müxalifət
də, hakimiyyətlə normal, sivil münasibətlər qurub, çoxpartiyalı
siyasi sistemin inkişafında maraqlı olan müxalifət də var. Hazırda
siyasi partiyalar sosial şəbəkəyə adaptasiya olublar, siyasətlərini
Facebook üzərində qurublar. Fikrimcə, aktivlik seçkiyə rəsmi start
veriləndən sonra daha qabarıq şəkildə gözə çarpacaq.
Aqil Lətifov: Bir çox partiyalar etiraf edir ki, gözləmə
mövqeyi Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin
siyahısı ilə bağlıdır. Bununla bağlı nə deyə bilərsiz?
- Hesab edirəm ki, YAP ölkənin ən güclü partiyasıdır və bu
seçkidə də ən favorit partiya olacaq. Onu da deyim ki, BAXCP-nin
rəqibi YAP olacaq. Onsuz da YAP həmişə öz siyahısını lazım olan
məqamda açıqlayıb. Amma bu, partiyalara əsas vermir ki, gözləmə
mövqeyini tutaraq YAP-ın siyahısını gözləsinlər. Hər bir partiyanın
öz siyasi kursu var. BAXCP uzun müddətdir ki, bu prosesə
hazırlaşır. Partiyanın platformasını üzvlərimizin müzakirəsinə
çıxardıq. Mətbuatda çap etdik. Platformamızı təqdim etdik və
üzvlərimizin müzakirəsinə çıxardıq. Partiyanın ali orqanı Rəyasət
Heyətində hansı mövqedən çıxış edəcəyimiz, xalqa təqdim etdiyimiz
fikir və ideyaları, liderimiz Qüdrət Həsənquliyevin cəmiyyətə
verdiyi mesajları kifayət qədər müzakirəyə çıxarmışıq. Sonuncu dəfə
bazar ertəsi İdarə Heyətində geniş müzakirə keçirdik, təxminən 4
saatdan artıq keçirdiyimiz iclasda platformamızın hər bəndi
ətrafında fikir mübadiləsi apardıq. Hər kəs öz təkliflərini irəli
sürdü, fikir toqquşmasını isə sədr səsverməyə çıxardı və İdarə
Heyətinin üzvləri arasında hansı tərəfin arqumenti güclü idisə, səs
çoxluğu ilə həmin təklif qəbul olundu. Bu gün müxalifət
partiyalarının və blokların acıqladığı namizədlərin siyahısına
baxırıq, elə partiya yoxdur ki, BAXCP-nin namizədilərinin sayı
qədər namizəd açıqlasın. Heç 125 dairənin 50 faizini əhatə
etmirlər. Biz daha çox namizədlə qatılmağa iddialıyıq.Və daha çox
yer qazanmaq uğrunda mübarizə aparacağıq.
N.Ehlamqızı: Hazırda BAXCP-dən parlamentdə yalnız
sədriniz təmsil olunur. Bəs bu il Milli Məclisdə neçə mandat
qazanmağa iddialısınız?
- Bütün imkanlarımızla çalışacağıq ki, bu dəfə BAXCP parlamentin
ana müxalifəti ola bilsin. Bayaq qeyd etdim, əsas mübarizəmiz
YAP-la olacaq. İddiamız daha böyükdür, daha çox yeri qazanmaq,
mandat əldə etmək istəyirik. Parlamentdə müxalifət fraksiyası
yaratmaq arzusundayıq. Cənubi Qafqaz ölkələrindən, çox təəssüf ki,
Azərbaycan parlamentində fraksiya yoxdur. Gürcüstan və Ermənistanda
müxalifət fraksiyası var. Qanuna görə, parlamentdə fraksiya
yaratmaq üçün ən azından 25 müxalif deputat təmsilçisi olmalıdır.
Müxalifət partiyasıyıq və imkanlarımız nəyə çatırsa, onu əldə
etməyə çalışacağıq.
Bəxtiyar Məmmədli: Niyə namizədlərin sayı 125 yox,
80-dir?
- Parlament seçkisi ağır seçkidir. Bu, bələdiyyə seçkiləri deyil
ki, yüzlərlə namizədimiz olsun. Son bələdiyyə seçkisində yüzlərlə
funksionerimiz bələdiyyə üzvü seçildi. Burada sırf peşəkar
siyasətçilər təmsil olunmalıdır. Partiya elitasında olan,
cəmiyyətdə kifayət qədər tanınan, ən azı namizədliyini verdiyi
dairədə tanınan insan olmalıdır. Hazırda gücümüz 80 namizədə çatır.
Amma belə niyyətimiz də var ki, partiya üzvü olmayan insanları
namizəd kimi dəstəkləyək.
B.Məmmədli: Belə müraciətlər varmı?
- Bəli, var. Biz həmin müraciətlərə İdarə Heyətində baxacağıq.
Ölkənin tanınmış adamları, media işçilərindən müraciət edənlər var,
sayları da çoxdur. Qərar qəbul etsək, onları da BAXCP müdafiə
edəcək. Seçdiyimiz 80 dairədən başqa dairələrdə namizədliyini irəli
sürən nüfuzlu və tanınmış şəxsləri dəstəkləyə də bilərik.
B.Məmmədli: Namizədlər içərisində gənclər və qadınlar
neçə faiz təşkil edir?
- Namizədlər içərisində xanımlar da, gənclər də üstünlük təşkil
edir. 28 yaşlı namizədimiz də var, mənim kimi 38 yaşlı, üçüncü dəfə
deputalığa namizəd olan da var. Bütün yaş kateqoriyalarında
namizədlərimiz olacaq.
A.Lətifov: Bəs özünüzün parlamentə düşmə şansınızı necə
qiymətləndirirsiniz?
- Mən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə
müaviniyəm. Seçkidə iştirak etmək siyasətçinin birbaşa vəzifə
borcudur. Təvazökarlıqdan uzaq olsa da, bu parlament seçkiləri
mənim indiyədək iştirak etdiyim yeddinci seçkidir. Son 20 il
ərzində bələdiyyə seçkilərinin hamısında iştirak edib qalib
gəlmişəm. 18 illik seçki təcrübəm var. Azərbaycanda ən gənc
bələdiyyə üzvlərdən biri olmuşam. O zaman da partiya mənsubiyyətim
var idi. Rəhmətlik Əbülfəz Elçibəyin təmsil olunduğu AXCP-dən
namizədliyim irəli sürülmüşdü. Parlament seçkilərində isə 2005 və
2010-cu ildə BAXCP-dən namizəd olmuşam. Bu dəfə də seçkiyə
qatılacağam, çox güman, 45 saylı Abşeron seçki dairəsindən
namizədliyimi irəli sürəcəyəm. Abşeron rayonunda kifayət qədər
tanınıram. Anadan olduğum və yaşadığım Mehdiabad qəsəbəsində 6 min
seçici var. Faktiki həmin ərazidən 4 dəfə bələdiyyə üzvü
seçilmişəm, 2 dəfə isə parlament seçkilərində məğlub olmuşam. Amma
namizədliyimin konkret olaraq hansı dairədən irəli sürüləcəyinə
partiyanın Ali Məclisi qərar verəcək. Bu yaxınlarda MSK-nın rəsmi
saytında 2010-cu ilin parlament seçkilərində məğlub olmuş
siyasətçilərin səsləri ilə tanış oldum. Müxalifət partiya
sədrlərindən Əli Kərimli, İsa Qəmbərin nə qədər səs topladığı ilə
maraqlandım. Bu sədrlərin hər ikisi məndən 1000 səs az toplayıb.
Əli Kərimlinin yekə-yekə danışmaığına baxmayın. Əli Kərimli uzun
illərdir siyasətdədir, çox iddialı danışır, 2 min 200 səs toplayıb.
Hətta müşahidə etdim ki, başqa dairədən deputat seçilən elə millət
vəkili var, məndən az səs yığıb. Mənsə dairəmdə ikinci yerə
çıxmışdım. Hər seçkidə çox böyük kampaniya aparıram. İstər
bələdiyyə seçkiləri olsun, istərsə də parlament. Siyasi təşkilatda
təmsil olunan şəxsin birbaşa vəzifə borcudur ki, seçkidə iştirak
etsin. Bu səfər də daha geniş seçki kampaniyası aparacağıq.
Qapı-qapı, məhlə-məhlə gəzəcəyik, hər kəsdən səs istəyəcəyik.
Arxamda BAXCP kimi böyük bir təşkilat durur ki, bu da mənə çox
böyük imkanlar yaradır. Artıq sosial şəbəkə imkanları da artıb.
Sosial şəbəkələrin imkanlarından da geniş yararlanacağıq.
Azərbaycanın bütövlüyünü görən, daim milli maraqlarımızdan çıxış
edən liderim - Qüdrət Həsənquliyev var, bu da mənə əlavə güc verir.
Bəzən yoldaşlar sual verir ki, 2 dəfə məğlub olmusunuz, yenə
namizədliyinizi irəli sürürsünüz? Əsaslandırıram ki, siyasətçinin
vəzifə borcudur ki, bütün eçkilərdə iştirak etsin. Siyasəti özümə
peşə seçmişəmsə, niyə də seçkidə iştirak etməyim. 10 ildən artıq
sərbəst güləşlə məşğul olmuşam. Elə olub ki, tatamidə 5-0 hesabla
irəlidə olduğum görüşün sonunda məğlub duruma düşmüşəm. Hərdən bunu
idmanla müqayisə edirəm, sona qədər mübarizə aparmaq lazımdır.
Bəzən olub ki, məğlub durumda ola-ola, döyüşün sonuna 20 saniyə
qalmış, mükəmməl fənd işlədib qalib gəlmişəm. Yəni siyasətçi də
sonadək mübarizə aparmalıdır. BAXCP-nin platforması cəmiyyətimizə
və dövlətimizə xeyir verəcək platformadır.
"Radikal siyasi düşərgənin potensialı
tükənib"
A.Lətifov: Özlərini ana müxalifət adlandıran bəzi
partiyalar var ki, boykot çağırışı edir. Bu çağırışlara
münasibətiniz necədir?
- Əli Kərimli hazırda saxta profillərlə Facebook-da özünü
"millət vəkili" seçir. Habelə radikal siyasi düşərgənin digər
təmsilçiləri Facebook-da özlərini deputat seçirlər. Radikal siyasi
düşərgənin potensialı tükənib. Özləri etiraf etməsə də, bu,
reallıqdır. Onlar 125 namizəd tapıb ortaya çıxara bilmirlər. Əli
Kərimli kimi namizəd irəli sürəcək? Matros Faiqi? Kim qalıb onun
yanında? Rəhmətlik Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXCP Rəyasət
Heyətinin 19 üzvü vardı. Novella Cəfəroğlu, Qulamhüseyn Əlibəyli,
Asim Mollazadə, Qüdrət Həsənquliyev, Bahəddin Həziyev, Arif Paşa və
digər 14 nəfərdən heç kəs Əli Kərimlinin yanında qalmadı. Hətta
"Yurd" təşkilatının üzvləri belə onu tərk edib. Əli Kərimlinin
ciddi sosial dayağı yoxdur. İmza toplanması üçün 125 dairə üçün
1200-dən artıq dəstəkçi lazımdır ki, bu prosesi apara bilsin.
Minlərlə insan bu prosesə cəlb olunmalıdır. Bu adam bələdiyyə
seçkilərində 100 nəfərin adını namizəd kimi irəli sürə bilmədi. O
bilir ki, bu vəziyyətdə məğlubiyyət qaçılmazdır. Onun verdiyi
bəyanatlar şantaj xarakterlidir. Beynəlxalq təşkilatların dəstəyi
ilə mandat əldə etmək istəyir. Fikirləşir ki, bu cür vasitə ilə,
ola bilsin, mandat qazana bildi.
N.Ehlamqızı: Facebook sosial şəbəkəsində adınıza
açdığınız səhifəni 300 min şəxs bəyənib. Bu qədər "like"ı necə yığa
bilmisiniz?
- Azərbaycanda Facebook fəaliyyətə başlayanda ilk 50
istifadəçidən biri mən olmuşam. 2006-cı ilin axırlarında çox adam
Facebook-un nə olduğunu bilmirdi. Kimə desəydin Facebook-a qoşul,
səndən soruşurdu ki, o, nə olan şeydir? Mənsə ilk gündən Facebook-u
dərindən öyrəndim və izlədim. O dövrdə düşünürdüm ki, bir zaman
gələcək bu sosial şəbəkə Azərbaycanda kütləvi hal alacaq və belə də
oldu. Bu gün faktiki Azərbaycanda 300 min nəfərin bəyəndiyi 3 qrup
var. Onlardan biri "Prezidentə dəstək", digəri "Ağ yol", üçüncüsü
isə "Niyaməddin Orduxanlı" qrupudur. Qrupun rəhbəri də özüməm.
Facebook-un öz qanunauyğunluqları var. Şəxsi profilimin
izləyiçilərinin sayı 50 minə yaxındır. Yeni qruplar yarananda hər
kəs bir-birinə dəstək olurdu. Sosial şəbəkələr çox önəmli
sektordur. Facebook-un sirləri var ki, onun vasitəsilə kütləvi
şəkildə bəyənmə olub və insanların könüllülüyü əsasında onları
qrupuma əlavə etmişəm. "Əli Kərimli "Azadlıq" qəzetində müxbirlik
edir, hətta saxta profillərlə özünün yaydığı statuslara rəylər
yazır"
İlhamə Əbülfət: Haker hücumundan necə
qorunursunuz?
- Bilirsiniz, Facebook-da Əli Kərimli və bəziləri mənə necə
nifrət edirlər? Radikal siyasi düşərgənin nümayəndələri saxta
profillərlə elə şeylər yazırlar ki, adam dəhşətə gəlir. Bir tənqidə
görə məni ölümlə də hədələyirlər. İnan, həmin təhdidləri görsəniz,
dəhşətə gələrsiniz. Diri-diri yandırılacağımı da saxta profillə
yazıb göndərirlər. Əli Kərimlinin dəstəsi bu məsələdə çox aktivdir.
Saxta profillər açıb adımdan yazışmalar edirlər. Əli Kərimli
bolşevikdir. Mənə patoloji nifrət edir. Özünə "demokrat" adını
qoyub. Ancaq adi bir tənqidə son dərəcə dözümsüzdür. Bu gün o,
siyasətlə məşğul olmur, qayıdıb keçmiş işinə. "Azadlıq" qəzetində
müxbirlik edir. "Akif" "Azad" və b. imzalarla, hətta saxta
profillərlə özünün yaydığı statuslara rəylər yazır. Bunu hər kəs
bilir. Azərbaycanda Facebook-a saxtakarlığı da Əli Kərimli gətirib.
Azərbaycan xalqı heç vaxt Əli Kərimliyə dəstək verməz. Onun
keçirdiyi mitinqə, onun rəhbərliyində olduğu Milli Şuraya baxın.
Ölkənin baş naziri olmuş Pənah Hüseyn açıq şəkildə bəyan etdi ki,
Milli Şura Rusiya layihəsidir. Rüstəm İbrahimbəyovun Rusiya
layihəsinin icraçısı olduğunu, hələ 2013-cü ildə ilk dəfə Qüdrət
Həsənquliyev demişdi. Bu adamlar adi tənqidə belə dözə bilmirlər.
Onların heç birindən dövlət adamı ola bilməz!
"Azərbaycan dövlətinin müstəqil yaşaması Heydər Əliyevin
xidmətidir"
Zahid Nurəliyev: Sizcə, Emin Millinin mərhum prezident
Əbülfəz Elçibəyi təhqir eləməsinə niyə AXCP tərəfindən hər hansı
reaksiya verilmədi?
- Əli Kərimli buna heç vaxt reaksiya verməz. O, ömrü boyu
Elçibəyi təhqir edən adam olub. Elçibəyi qəzetində aşağılamasının
canlı şahidiyəm. Kim onları Elçibəyin davamçısı hesab edir? Uzun
illərdir peşəkar siyasətlə məşğul olanlar bunu ironiya ilə
qarşılayırlar. Əbülfəz bəy dünyasını dəyişən günü Əli Kərimli
"Məkan" qəzetində onu təhqir etmişdi, bunu açıb deməyə utanıram.
Yalan deyirəmsə, Əli Kərimli çıxıb desin ki, belə hadisə olmayıb.
İnsanlığa yaraşmayan hərəkəti Əli Kərimli etdi. Elçibəyi devirmək
istəyən adam necə Emin Milliyə cavab verər? Emin Milli başından
böyük səhv edib. Bu xalq qarşısında Əbülfəz Elçibəyin xidmətləri
bəllidir. Əbülfəz bəy xalq və dövlət naminə geri çəkilməyi də
bacaran insan olub. Müxalifətdə qalıb necə müxalifətçi olmağı da
əxlaqı ilə sübut edib Əbülfəz Elçibəy. Elçibəy 1993-cü ildə
reallığı qəbul edib, bilib ki, Azərbaycanın möhkəm olmasında kim
rol oynaya, dövləti kim qoruya bilər. O da mərhum Heydər Əliyev
idi. Bu, bir tarixi faktdır. Mən Xalq Cəbhəsinin gənclər şöbəsinin
müdiri olmuşam, Əbülfəz bəy şəxsən mənə deyib ki, müstəqil
Azərbaycan dövləti əldən gedirdi, Rusiya qoşunları yenidən
Azərbaycana qayıda bilərdi, müstəqiliyimizi itirə bilərdik, o
zamankı Milli Məclisin bir çox üzvləri yenidən rus qoşunlarının
Azərbaycana qayıtması ilə bağlı müraciət hazırlamışdı və bunun
qarşısını mərhum Heydər Əliyev ala bilərdi və aldı da. Mərhum
Heydər Əliyev müstəqil Azərbaycanı qoruyan şəxs olub. XX əsrin
əvvələrində Azərbaycan Demokratik Cümhuriyyəti 23 ay yaşaya bildi.
Mən isə açıq şəkildə demək istəyirəm ki, mərhum Heydər Əliyevin
xidmətləri hesabına 24 ildir ki, Azərbaycan öz müstəqiliyini
qoruyub saxlaya bilib. Bu, tarixdir və bunu kimsə inkar edə bilməz.
İstər Əbülfəz Elçibəyin, istərsə də Heydər Əliyevin Azərbaycan
dövləti qarşısında və onun xalqı qarşısında çox böyük xidmətləri
var. Emin Milli ağzına gələni deyib, özünü qəhrəman kimi təqdim
edir. Bu adama ləqəb kimi Milli yox, Satqın adı vermək olar. Bu
insan milli azadlıq hərəkatının sədrinə, tarixi şəxsiyyətinə qarşı
bu cür həqarət yağdırırsa, onun milli kimliyinə şübhəm var.
Almaniyada oturub məhbus siyasilərlə bağlı birbaşa Azərbaycanın
əleyhinə çıxış edir.
Nərmin Muradova: Dediniz ki, sərbəst güləşlə məşğul
olmusunuz, nə əcəb idmanın ardınca getmədiniz?
- Peşəkar güləşlə məşğul olmuşam, nəticələrim də olub (gülür).
SSRİ dövründə müəyyən çəkilərdə uğurlar əldə etmişəm, Azərbaycan
çempionatında da nailiyyət qazanmışam. Hərdən medallarımın
fotolarını Facebook-da da paylaşıram. 3-cü sinfi bitirəndə sərbəst
güləşə yazılmışam, 12 il bu idmanla məşğul olmuşam. İdman mənə
kifayət qədər üstünlüklər qazandırıb. 38 ildə 1 dəfə də olsun,
siqaret çəkməmişəm, spirtli içki qəbul etməmişəm. 12 il ərzində
potensialım hara qədər imkan verirdisə, ora qədər gəldim. Ailəmiz
milli azadlıq hərəkatında çox fəal olub. 7 qardaşıq, sonbeşik
mənəm. Qardaşlarımın hər biri milli azadlıq hərəkatında fəallıq
göstəriblər. Onlar AXC-nin fəal üzvləri olublar. Qarabağ döyüşündə
5 qardaşım könüllü döyüşçü kimi iştirak edib. Ancaq mən idmana
gedə-gedə siyasətə marağım olub. 1993-cü ildə Azərbaycanda gənc
siyasi natiqlik məktəbi açılmışdı. 14-15 yaşlı gənclər orada təmsil
olunurdu. O məktəb də siyasətə gəlməyimdə rol oynadı. 2000-ci ildə
ali məktəbi bitirdikdən sonra bir illik hərbi xidmətə getmişəm. Və
qayıdan ili yenidən siyasi fəaliyyətimi davam etdirmişəm. Həmin il
liderim Qüdrət Həsənquliyev Xalq Cəbhəsinin birləşdirilməsi ideyası
ilə çıxış edib. Qüdrət bəyin dəvəti ilə ona ilk dəstək verənlərdən
biri olmuşam. 2001-ci ildə partiyanın birləşməsi prosesi başlayan
gündən Qüdrət bəy niyyətini mənə açıqladı. Bildirdi ki, Xalq
Cəbhəsini birləşdirib, təşkilatı yaşatmalıyıq, mən bu gün də fəxr
edirəm ki, Qüdrət bəy mənə belə bir təklif verib, onu dəyərləndirib
yanında olmuşam. Sevinirəm ki, Qüdrət bəy kimi liderim var. Nə
yaxşı ki, Qüdrət bəy Xalq Cəbhəsini birləşdirdi.
İ.Əbülfət: Siyasətdən kənar əyləncənizi necə təşkil
edirsiniz?
- Əlbəttə, hər gün siyasətlə məşğul olmuruq (gülür). 3 övladım
var, biri 6-cı, biri 4-cü sinfə qədəm qoyub. Kiçik qızım 1
yaşındadır. Ailəvi istirahətə gedirik, uşaqları tamaşalara
aparıram. Övladlarımın təhsili ilə xüsusilə maraqlanıram. Aysu 5
ildir əlaçıdır. Ailəmiz böyükdür. Qardaşım, bacımgilə də
gedirik.
N.Muradova: Hansı mahnıları dinləməyi
xoşlayırsınız?
- Muğam və saz mahnılarına qulaq asmağı xoşlayıram. Son vaxtlar
dövlət radiosuna qulaq asmağa üstünlük verirəm, bu radioya qulaq
asmağı hər kəsə məsləhət görürəm. İnanın, efirdə çox zövqverici
mahnılar səsləndirirlər, maraqlı verilişlər yayımlayırlar.
Aparıcıların nitqi, müzakirəyə çıxarılan mövzular, musiqilər
nostalji hisslər yaşadır.