Səməd Vurğun adına Rus Dram Teatrı yeni qastroldan
qayıdıb. Teatr Litvadakı Rus Dram Teatrında Nizami Gəncəvinin
"Yeddi gözəl" əsərinin dünya premyerasında iştirak
edib.
Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin
səfərdən sonra Axar.az-a verdiyi müsahibəni təqdim edirik:
Onların əksəri ilə şəxsən ünsiyyətdə
olmuşam
- Səməd Vurğun adına Rus Dram Teatrının yeni teatr ili,
daha dəqiq desək, 95-ci teatr mövsümü çox maraqlı başladı.
Oktyabrda Tiflisdə Rus Teatrlarının Beynəlxalq Konqresində iştirak
etdiniz. Sonra teatrın kollektivi Sankt-Peterburqa qastrola getdi.
Amma bu səfərlər arasında daha bir hadisə oldu: Siz Litvadakı Rus
Dram Teatrında Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinin dünya
premyerasında iştirak etdiniz. Bu qədər təəssürat hissindən
yüklənməmisiniz ki?
- Xeyr, yüklənmə ola bilməz. Əksinə, hiss edirəm ki, ümumi teatr
prosesində hansısa yeni dövr başlayıb və bu dövr özündə həm çoxlu
yeni məlumatlar daşıyır, həm də həyatımıza yeniliklər gətirir.
- Teatr xadimlərinin Tiflisdə Qriboyedov adına Rus Dram
Teatrının 170 illiyinə həsr olunmuş Beynəlxalq Konqresi sizin
həyatınıza xüsusi nə gətirə bilərdi?
- Mən, sadəcə, forum haqda təəssüratlarımı söyləyəcəyəm. Ondan
başlayım ki, ora yalnız keçmiş Sovet İttifaqının rus teatrlarının
nümayəndələri gəlməmişdilər. Türkmənistan, Ukrayna, Tacikistan,
Qazaxıstan, Litva, Estoniya, Ermənistan, Rusiya, Moldova, Belorus
kimi dövlətlərlə yanaşı, forumda Avstriya, Danimarka, ABŞ, İsrail,
Bolqarıstan, Finlandiya və s. ölkələr iştirak edirdi. Açığı, bu,
məni təəccübləndirdi. Onların əksəri ilə şəxsən ünsiyyətdə olmuşam,
həmçinin çıxış edənlərin məruzələri əsasında gəldiyim qənaəti
sizlərlə bölüşürəm. Etiraf edim ki, bu nəticə məni sevindirdi.
Mübaliğəsiz deyirəm ki, Azərbaycanda dövlətimizin rus teatrına
münasibəti çox yaxşıdır. Ölkəmizdə teatrın inkişafını
istiqamətləndirən 10 illik dövlət proqramı var ki, biz də bu
proqramdan istifadə edirik. Bizim teatrda ildə 300 tamaşa
göstərilir. Bu, onu göstərir ki, tamaşaçı bizim teatra gəlir.
Halbuki digər ölkələrin rusdilli teatrları bu cür nailiyyətlərlə
öyünə bilməz. Onlardan bəzilərinin bir ildə oynadığı tamaşanı biz
bir ayda oynayırıq. Bizim ölkəmizdə mədəniyyət və incəsənət
xadimlərinə Prezident təqaüdləri verilir, bu, başqa ölkələrdə
yoxdur. Ölkəmizdə rejissor tamaşanın müəllifi sayılır və onun
hüquqları qanunla qorunur. Və deyə bilərəm ki, bu, malik
olduqlarımızın tam siyahısı deyil.
Tamaşaların ikisi də anşlaqla keçdi
- Deməli, siz orada bir çox görkəmli xadimlərlə
qeyri-formal şəraitdə ünsiyyətdə olmusunuz?
- Bəli, bir çoxları ilə. Məsələn, Oleq Basilaşvili, Yonas
Vaytkus, Anton Proxorov və başqaları...
- Basilaşvili və Vaytkus bizim oxuculara tanışdır. Bəs,
Proxorov kimdir?
- O, Rusiya Federasiyasının Mədəniyyət və Turizm Nazirliyinin
nəzdindəki Xaricdəki Rus Teatrlarına Dəstək Federal Mərkəzinin baş
direktorudur. Məhz bu mərkəz bizi noyabrın 8-dən 14-dək
Sankt-Peterburqa qastrol səfərinə dəvət etmişdi.
- Qastrol səfəri barədə daha ətraflı məlumat
verərdiniz...
- Sankt-Peterburqa A.Şarovskinin "Fedra" və "Maskarad"
tamaşasını aparmışdıq. Vasilevski adasındakı teatrda oynadığımız
tamaşaların ikisi də anşlaqla keçdi. Deyəsən, piterlilər hətta
bakılıların belə görmədiyi parlaq aktyor oyununa tamaşa etdilər. Öz
səhnəsində bizi mehribanlıqla qəbul edən teatra, tamaşaçılara,
əlbəttə ki, bu səfərin təşkilinə görə sözügedən mərkəzə
minnətdarıq. Bundan başqa, bu səfərdə bizi dəstəkləyən, milli teatr
mədəniyyətinin bir hissəsi kimi bizə diqqət göstərən Azərbaycanın
Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamova minnətdarıq. İnanın
ki, belə səfərlər çox vacibdir. Dövlət nümayəndələrinin belə
tədbirlərdə iştirakı həm də onun şəxsi vətəndaş mövqeyini göstərir.
Bundan başqa, bizim tələbə aktyorlar Ermitajda, Teatr muzeyində,
Rus Təsviri İncəsənət muzeyində, digər rus teatrların tamaşalarında
oldular. Bu da çox vacib məqamdır. Çünki aktyorlar öz biliklərini
artırmalıdırlar, yaradıcılıqlarını əsl sənət təəssüratları ilə
zənginləşdirməlidirlər. Xüsusilə nəzərə alsaq ki, şəhər özü də
sənət əsəridir.
Bu, dünya tarixində görünməmiş hadisədir
- Basilaşvili qarşıdakı səfərə necə
hazırlaşır?
- O, Bakıda görüşümüzü səbirsizliklə gözləyir, çünki dekabrda
Peterburq Akademik Dram Teatrı Bakıya gələcək. Dekabrın 20-21-də
bizim teatrın bayram günlərində (teatrın 95 yaşı olur) o öz
partnyoru Alisa Freydlix ilə birlikdə bakılılar üçün "Dyaduşkin
son" tamaşasını oynayacaqdır. Ümid edirəm ki, biz bu tamaşanın
nümayişini təşkil etməklə tamaşaçılara xoş ovqat bəxş etmiş
olacağıq. O cümlədən, Rusiyanın məşhur teatrlarının Bakıya dəvət
edilməsi ilə bağlı bizə yazılı müraciət edən cənab Ələsgərova demək
istəyirəm ki, biletlər artıq kassada satılır.
- Vilnüsdə, Litva Rus Teatrında maraqlı nə baş
verdi?
- 2012-ci ildə bizim teatrda Nizaminin "Yeddi gözəl" poeması
əsasında tamaşa qoyan Yonas Litva Rus Dram Teatrında bu tamaşaya
yeni quruluş verib. Bu, dünya dram teatrları tarixində görünməmiş
hadisədir. Nəzərinizə çatdırım ki, Nizaminin əsərləri heç vaxt dram
teatrlarında səhnələşdirilməyib. Çünki o, pyes yazmayıb. Bu "Yeddi
gözəl" tamaşası bizim quruluşa bənzəmirdi. O, əsəri özü yenidən
səhnələşdirib və yeni quruluş verib. Nizaminin Avropa Birliyi
ölkələrinin birinin dram teatrının səhnəsində oynanılması məni çox
məmnun etdi. Onu da deyim ki, tamaşa Litvada uğur qazanmaqdadır.
Çünki tamaşaçıların Nizaminin yaradıcılığına, sənətinə böyük marağı
var, bunu litvalı rejissor edib. Ola bilər ki, bizim Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, Yonasın yaradıcı marağı, onların və
bizim aktyorların sayəsində Nizami dram teatrlarının
yaradıcılığında haqlı yerini tutacaq.
Mənim aktyorlarımdan yaxşısı yoxdur
- Kimin tamaşası daha yaxşıdır?
- Hamı bu haqda danışır, düşünür, fikir mübadiləsi aparır. Amma
ümumiyyətlə, belə danışmaq olmaz. Əgər Yonas Vaytkus bu tamaşanı
bizim quruluşda qoysaydı, biz bu barədə fikir söyləyə bilərdik.
Lakin o, səhnə estetikası, quruluş qrupu və aktyorlarla iş
baxımından tamamilə fərqli tamaşa qoyub. Bunlar tamamilə iki
müxtəlif səhnə əsəridir.
- Onda sualı fərqli qoyaq: hansı teatrın aktyorları daha
yaxşı oynayır?
- Bizimkilər və litvalılar yaxşı işləyirlər. Sadəcə, bu,
Nizaminin fikir və hisslərinin müxtəlif üslubda təcəssümüdür. Ancaq
açıq deyim ki, mənim üçün mənim aktyorlarımdan yaxşısı yoxdur və
ola da bilməz!
- Müsahibələrinizin birində demişdiniz ki, "Nizami"
davamı olan beynəlxalq layihədir. Nəyin davamı olacaq? Artıq hər
iki teatrda əsər tamaşaya qoyulub.
- Əvvəla, söhbət nazirliyin təklif etdiyi mübadilə səfərlərindən
gedirdi. İkincisi, səhnə qrupu da beynəlxalqdır. Bizim ölkəmizdən
bu qrupda Tahir Eynullayev yer alıb. O, Litvaya tamaşada plastik
səhnə quruluşunu həyata keçirmək üçün yollanıb. Və demək lazımdır
ki, o, çox professional səviyyədə öz işini görüb.