ABŞ-ın nüfuzlu "Uol Strit Jurnal" qəzeti Türkiyədə baş
verən 15 iyul dövlət çevrilişinə cəhd ilə əlaqədar sensassion
məlumatla çıxış edib.
Axar.az xəbər verir ki, Milli İstihbarat Təşkilatının (MİT) bir
neçə ay öncə Gülənin izinə düşdüyünü deyən qəzet 40 min Gülən
camaatı üzvünün deşifrə olunduğunu bildirib:
"MİT-də bir qrup araşdırmaçı gülənçilər haqda kəşfiyyat
məlumatları toplamaq və Gülənin moizələrində istifadə etdiyi kəlmə
və jestlərdə gizli mesaj olub-olmadığını ayırd etmək üçün günlərlə
vaxt sərf edib. MİT tərəfindən izləndiyini bilən gülənçilər isə
daha gizli şəkildə fəaliyyət göstərməyə başladılar. Gülən
camaatının üzvü olan və casusluq işlərini daha yaxşı bilən
təcrübəli hərbi kəşfiyyatçılar buna yardım edib. Gülənin özü
telefon istifadəsini dayandırdı və təlimatlarını bir neçə yaxın
adamına şifahi şəkildə deyirdi.
Gizli proqramdan istifadə edirdilər
Türkiyə kəşfiyyatının yüksək səlahiyyətli nümayəndələrinin
sözlərinə görə, Gülən camaatı 2014-cü ildən etibarən "Baylok"
(ByLock) adlı gizli mesajlaşma proqramından istifadə etməyə
başlayıb. MİT bunu keçən qış tapıb və milyonlarla mesaj deşifrə
olunub.
Bunun sayəsində kəşfiyyat 40 min gülənçini təsbit edib.
Bunlardan 600-ü yüksək rütbəli hərbçi idi. Lakin bu mesajlarda
hərbi çevrilişdən söhbət belə getmirdi.
MİT gizli mesajları yaydı…
MİT qırdığı "Baylok" mesajlarını bu ilin yazında nazirliklərə
paylamağa başladı. Bununla da Gülən camaatı hadisədən xəbər tutdu
və mesajlaşmanı dayandırdı.
21 mart 2016-cı ildə Gülən bir moizə oxudu. Yutubda Gülənin
görüntülərini araşdıran MİT əməkdaşları bunun orduya bir mesaj
olduğu qənaətinə gəldi. Ancaq yenə də Gülənin hərəkətlərində
çevriliş əlamətləri yox idi…
600 xain hərbçi
Çevrilişə cəhddən 4 gün öncə MİT Gülən camaatı üzvü olan 600
nəfərin adını Baş Qərargaha göndərmişdi. Məqsəd hər ilin avqustunun
ilk həftəsində keçirilən Ali Hərbi Şurada bu hərbçilərin ordudan
uzaqlaşdırılması idi.
Qəzet ABŞ kəşfiyyat dairələrinin çevriliş hazırlığından xəbərsiz
olduğunu qeyd edib:
"ABŞ kəfiyyat təşkilatlarının MİT ilə ortaq çalışmaları həmişə
qarşılıqlı etibarsızlığa söykənib. Ayrıca ABŞ-ın Türkiyədəki
çalışmaları hərbçilərin yox, terrorçuların dinlənilməsinə
yönəlmişdi…".