Qara dənizdəki üç Rusiya taxıl terminalı avtomobil nəqliyyatı ilə gətirilən taxılın qəbulunu məhdudlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyanın Qara dənizdə yerləşən üç ən böyük taxıl ixrac terminalı avtomobil nəqliyyatı ilə daşınan taxılın qəbulunu məhdudlaşdırıb. Bu, Qara dənizdə gəmiçilik risklərinin artması və Azov dənizində tətbiq edilən məhdudiyyətlər səbəbindən daşımaların həcminin yüksəlməsi fonunda baş verib.
Mənbələrdən birinin sözlərinə görə, Novorossiyskdəki iki terminal dəmir yolu ilə gətirilən taxılı qəbul etməyə davam edir, lakin bu cür daşımalar yalnız Rusiyanın cənub regionlarından mümkündür. Həmin iki terminalda emal olunan taxılın təxminən üçdə biri avtomobil nəqliyyatı ilə gətirilir. ZTKT terminalı isə taxılı yalnız avtomobil nəqliyyatı ilə qəbul edir.
Bu terminallar vasitəsilə Rusiyanın əsas taxıl alıcıları olan Misir və Türkiyəyə ixrac həyata keçirilir.
Mənbələrin bildirdiyinə görə, Rusiya ixrac marşrutlarını daha da şaxələndirməyə çalışır və yaxın gələcəkdə ən təhlükəsiz alternativ marşrut kimi Baltik dənizi regionundakı limanlara üstünlük verilməsi planlaşdırılır.
Mənbələr əlavə ediblər ki, Xəzər dənizi marşrutu da alternativ variantlardan biridir. Lakin bu marşrut əsasən İrana tədarüklər üçün istifadə olunur və Yaxın Şərqdə davam edən müharibə, eləcə də son olaraq Ukraynanın gəmiyə hücumundan sonra burada da risklər artıb.