Əqlin və qəlbin hökmdarları – onlar həmişə tabelikdən
uzaq olublar, ələlxüsus da hakimiyyətə xidmətdən. Əks hallarla daha
çox rastlaşırıq. Onların cəsarətli sözləri bizə, sözəbaxan və bir
qədər də qorxaq vətəndaşlara şəxsiyyətdən elektorata çevrilməyimizə
imkan verməyib.
Bəs buradan belə bir nəticə çıxarmaq olarmı ki, ədibin missiyası
dövlət xidməti ilə qətiyyən bir araya sığmır?
Statistika isə belədir. Heç vaxt böyük kürsülərdə böyük şairlər
olmayıb (təbii ki, bu fikir son yüzillikllərə aiddir. Hökmdar
kürsüsündə oturmuş Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Mirzə Cahan
şah Həqiqi kimi Azərbaycan şairlərinin yaradıcılığı ədəbiyyat
xəzinəmizin ən nadir incilərindən sayılır – tərc.). Onların bədii
şəxsiyyəti hakim dairələrə xidmətdə sanki təzahür imkanlarını
itirir. Ancaq hər halda ədalət naminə bəzi maraqlı halların
adlarını çəkməyə dəyər.
Dövlət məmuru
Ən yeni tarixdə buna misal olacaq bariz gözəl nümunə kimi
Çexoslovakiyanın son, Çex Respublikasının isə ilk prezidenti
Vatslav Qaveldən başlamaq olar. Hələ ki, belə bir yüksəliş
sözügedən məqam üçün yeganə haldır. Ancaq yenə də ədalətli olaq.
Xalq Qavelin yaradıcılığına olan sevgisindən deyil, onun
demokratiya uğrundakı mübarizəsinə və uzun illər boyunca davam edən
dissident fəaliyyətinə böyük hörmətinə görə öz şairini hakimiyyətə
gətirdi.
"Ağıldan bəla" müəllifi Aleksandr Qriboyedov dövlətin
maraqlarını qoruyarkən İranda həlak olmuş diplomat idi. Məşhur rus
yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin də kifayət qədər yüksək
rütbəli dövlət məmuru idi. Bu iki insanı bir fakt birləşdirir.
Onların hər ikisi də azadfikirlilik və ədəbi ideyalarına görə
cəzalandırılaraq xidmətə göndəriliblər. Dueldə sekundant (duel
şahidi – tərc.) kimi iştirak edən Qriboyedovu Qafqaza sürgün
edirlər, oradan isə İrana göndərirlər. Şedrin isə məmur rütbəsində
olsa da, sürgün cəzasını tamamilə rəsmi surətdə Vyatkada çəkib.
Casuslar
Dövlət strukturlarına casus kimi xidmət göstərmiş yazıçıların
bütöv pleyedası çox maraqlıdır. Bir zamanlar bu xidmət heç də
şərəfli sayılmırdı, ancaq zaman keçdikcə müəmmalılıq haləsi
casuslğu kəşfiyyatçılıqla əvəzlədi, bu isə geniş ictimaiyyətin
nəzərində onların həyatını güclü romantik örtüyə bürüdü.
"Sevilya bərbəri" və "Fiqaronun toyu" əsərlərinin müəllifi P.-O.
De Bomarşe çox zirək, tədbirli və şübhəli insan idi. XV Lüdovikin
saatsazı olan müəllif onun "incə" tapşırıqlarını yerinə yetirməyə
başlayır. Nəhayət, onları İngiltərə əleyhinə işləmək istəyi və səyi
birləşdirir. Beləliklə də Bomarşe uzun illər boyunca İngiltərədəki
agentləri cəlb edərək Fransanın düşmənləri haqqında məlumat
toplamaqla məşğul olur. "Teatr" pyesi və "İnsani ehtirasların
ağırlığı" romanı ilə tanınan yazıçı Somerset Moem çox mahir ingilis
casusu idi. Belə ki, ədəbi əsərləri uzun illər onun bu fəaliyyətini
pərdələyib. Və nəhayət, indiyədək haqqındakı kitab və filmlərin
tiraj və kassa mədaxili baxımından rekord qıran Ceyms Bondun
müəllifi İen (Yan) Fleminq yeddi ildən artıq rəsmi şəkildə ingilis
kəşfiyyatına işləyib, sonra isə istefaya çıxaraq Yamaykada
məskunlaşıb. Agent 007-nin bütün qeyri-adi macəralarının zahirən
həqiqətə uyğun gəlməməsinə baxmayaraq, görünür, belə dünya şöhrəti
qazanmış əhvalatların əsasında olduqca gerçək hadisələr
dayanır.
Saray şairləri
Saray şairlərini də yada salmamaq olmaz. Bəlkə də bu, oxucular
üçün arxaik görünəcək, ancaq laureat-şairlər (Böyük Britaniyada
saray şairini məhz belə adlandırırlar) bu gün də mövcuddurlar.
Onları məşhur ədiblər sırasından müəyyən müddətə seçirdilər.
Əvvəllər də, indi də saray şairlərinin hökmdar əsabələri və sarayda
baş verən bütün mühüm hadisələri tərənnüm etmək kimi vəzifəsi var
idi. Əlbəttə, bunu dövlət xidməti adlandırmaq olmaz, ancaq hansısa
əsiredici asılılıq hər halda var.
Gördüyümüz kimi, hakimiyyətlə bağlı elə də çox şair və yazıçı
olmayıb. Ancaq siyasətdə və ya hakimiyyətdə olmamaq heç də vətəndaş
mövqeyindən məhrum olmaq demək deyil. Əksinə, məhz möhkəm inamın və
borc duyğusunun olması şair və yazarların "hakimlərin" əmri ilə
deyil, qəlbin hökmü ilə düşüncə və təfəkkürün hökmdarı olmasına
imkan verir.