Türkiyə ilə Misir arasındakı diplomatik gərginlik yeni
fazaya keçib. Sisi rejimi rəsmi Ankara ilə bütün əlaqələri kəsməyi,
türk mallarını boykot etməyi planlaşdırır.
Axar.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Dünya İqtisadi Forumundakı tənqidi çıxışı, Misir
hökumətinə yönəlik sərt fikirlər səsləndirməsi qarşı tərəfin xoşuna
gəlməyib. Misir Xarici İşlər Nazirliyi öz növbəsində Ərdoğanın
çıxışına etiraz edib.
İsrail mətbuatı isə iki ölkə arasında münasibətlərdə yaranan
gərginliyə toxunaraq yazıb ki, Misir Müsəlman Qardaşlarına verilən
dəstəyə görə Türkiyə mallarını boykot etməyə hazırlaşır. Artıq
Misir rəsmiləri türk mallarının boykotunu və diplomatik əlaqələri
kəsməyi tələb edir. Qəzza müharibəsi ərəfəsində Misirin HƏMASA
dəstək verməməsinə cavab olaraq Ərdoğanın Müsəlman Qardaşları
rəhbərliyinə jest etməsi Qahirə-Ankara münasibətlərini
pisləşdirib.
Qeyd edək ki, Ərdoğan Qətəri tərk etməyə məcbur qalan Müsəlman
Qardaşları liderlərinə Türkiyənin onlar üçün açıq qapı olduğu
mesajını verib. Bu da Sisi hakimiyyətini qıcıqlandırıb.