1911-ci il yanvar ayının
31-də o vaxtlar Osmanlı imperiyasının, sonradan Bolqarıstan ərazisi
hesab olunan Strumitsa kəndində bir qız anadan oldu. Vaxtından iki
ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni
isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümid
etmirlər. Onda hələ heç kəs bilmirdi ki, məhz bu qızcığaz yer
kürəsinin Volf Messinq və Edqar Keysi kimi öndə olan mediumlarından
biri olacaq. Onun həyatını dünyanın yüzlərlə alimi araşdırıb, lakin
indiyədək heç kəs başa düşə bilmir ki, bu böyüklükdə qeyri-adi
istedad hardandı və o, hansı qüvvələrə xidmət edirdi... Söhbət
məşhur Vanqadan gedir.
Analitik.az bu möcüzə qadının həyatının bəzi gizli məqamlarını
təqdim edir:
Polis raportu: gözü çıxarılmış 12 yaşlı qız və
ya...
Taleyinə öncəgörməlik və qeyri-adi imkanlar yazılan Vanqa (tam
adı Vanqeliya Pandevin Surçenko) kasıb bolqar kəndli ailəsində
anadan olub. Anası öləndə onun cəmi 4 yaşı vardı. O zaman atası
Birinci Dünya müharibəsi cəbhələrində vuruşurduğundan, uşağa
qonşular baxmışdı. Müharibədən qayıtdıqdan sonra Vanqanın atası
ikinci dəfə evlənir. Körpə ikən anasız qalan, çətin həyat keçirən
qızcığaz, sanki öz gələcək taleyini də hiss edib: lap uşaq
çağlarından ən sevimli məşguliyyəti həkim və kor oyunu oynamaq
olub. O, gözlərini bağlayaraq, əşyaların yerini tapmağa çalışardı,
bəlkə bu, onun ilk öncəgörməsi idi? Onun haqqında çox yazılıb.
Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da,
onun şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da
xeyli maraqlı məqamlar mövcuddur. Polis raportu: gözü çıxarılmış 12
yaşlı qız və ya...
Vanqa necə kor oldu?
Bir çox mənbələrdə onun kor olması haqda demək olar ki, eyni
məlumat mövcuddur. Elə özü də jurnalistlərin necə kor olmusuz,
sualına dəfələrlə eyni hadisəni danışmaqla cavab verirdi. Belə
deyirlər ki, Vanqa rəfiqələriylə gəzişərkən, birdən göy üzünü iri
qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə
tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır.
Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə
bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə
xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə
dəhşətli ağrılar var..." Kəndlilər qızı daş-çınqılın, ağac
budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri
qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır.
Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi
olmur. Jurnalistlərin bu haqda suallarından bezən Vanqa: "O günü
xatırlamaq istəmirəm, çünki hər dəfə o dəhşətləri yaşamaq mənim
üçün çox çətindir" , deyirdi.
Uzun illər formlaşan bu fikri bolqar jurnalisti Svetaslava
Tadorkova təzələdi. O, 20-ci əsrin əvvəllərində hava proqnozu haqda
bütün arxiv materiallarlını araşdırmağa başlayıb. Onun sözlərinə
görə, həmin ərazi üzrə 1900-cu ildən başlayaraq, o hadisə baş verən
zamana qədər hava məlumat bürosundan verilən arayışda, heç bir
güclü qasırğa və fırtına tipli təbii hadisə baş verməmişdi.
Araşdırmalarını davam etdirən Svetaslava daha bir maraqlı faktı
pols raportlarının birində tapır: "1923-cü il, Makedoniya,
Strumitsa. Novosela kəndinin yerli əhalisi tərəfindən təqribən 12
yaşlı huşsuz vəziyyətdə bir qız tapılır. Xəstəxanada təsdiq edilib:
qız zorlanıb və bundan sonra gözləri çıxarılıb". Jurnalistin
sözlərinə görə, raportda təcavüzə məruz qalanın adı yoxdur: amma
təsadüflər bunsuz da çoxdur: 1923-cü il, Novosela və 12 yaşlı kor
olan qız ... Doğurdanmı Vanqa və eləcə də ətrafı bu faktı
ciddi-cəhdlə gizlədirdilər?..Və doğurdanmı həqiqət belə olub, demək
çox çətindir...
Nakam qalan ilk məhəbbət
1925-ci ildə Vanqanı Korlar Evinə göndərirlər. Korlar evində o,
üç il yaşayır. Burada qıza toxumaq, tikmək və korlar üçün əlifba
öyrədirlər, həmçinin burada o, pianoda çalmağı da öyrənir. Burada
Vanqa özünün ilk və yeganə məhəbbəti ilə qarşılaşır. O, varlı
ailədən olan kor bir oğlan ilə tanış olur və onların münasibətləri
o qədər güclü olur ki, hətta evlənməyə də qərar verirlər. Lakin
tale başqa cür yazılıbmış...Vanqanın ögey anası növbəti doğuş
zamanı ölür və çaşqın atası, böyük qızının köməyi olmadan keçinə
bilmir. Və yazıq qız, xoşbəxtlik arzularını tərk edərkən, ata evinə
qayıtmalı olur. Amma son illər bu faktın da əslində doğru olmadığı
və həqiqətin tamam başqa cür olması fikirləri səslənməkdədir. Bu
haqda bir qədər sonra danışılacaq. Hələliksə.... Sonrakı 10 il
Vanqa üçün ən çətin zaman olub. Bərk soyuqlayan Vanqa yorğan-döşəyə
düşür. Ətrafdakılardan heç kim onun sağalmasına artıq ümid etmirdi,
lakin birdən möcüzə baş verir və xəstə yataqdan qalxır. Bundan
sonra özündə qəribə bacarıq hiss edən qız, bunu bir müddət gizlətsə
də, bir gün özünü saxlaya bilmədi, qonşulara dedi ki, apreldə
müharibə başlayacaq. O zaman kim ona inandı? Amma 1941-ci il 6
apreldə alman qoşunları Yuqoslaviya sərhəddini keçir. Və elə bu
zaman kor Vanqanın öncəgörənliklə dediyi sözlər yada düşür.
Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq
keçirən insanlar onun yanına gəlirlər. Bundan sonra Vanqa dünyanı
dəyişəcək mühüm hadisələri on il qabaqcadan xəbər verəcək və
onların hamısı da baş verəcək. Şahidlərdən biri yazır: "Balaca
otaqda küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı
belə onun bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən
boşluq yağsa da, üzündən sanki nur tökülürdü".
Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə
cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn
hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öncəgörümlər
düz bir il davam edib və bu bir il ərzində Vanqa sutkada ancaq 2-3
saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına
gələnlər görücünün qarşısında dizi üstü oturmağa üstünlük
verirmişlər. O, demək olar ki, heç vaxt yanılmayıb, ömrünün son
illərindəki yanılmalarını nəzrə almasaq ...Maraqlıdır ki, Vanqa
ömrünə az qalmış, ölümə məhkum olan insanlarla danışmazdı. Yanına
sadəcə maraq üçün gələnlərə də heç nə deməzdi...
Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca,
yanına gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif
xəstəliklərlə bağlı da ona müraciət etməyə başlayırlar. Adamlar
onun barəsində artıq qorxu qarışıq hörmətlə danışırdılar. Ancaq
birmənalı şəkildə Vanqanın görücülüyünü şər qüvvələrlə
bağlayanlardan tutmuş, ilahi qüvvənin möcüzəsi hesab edənlərədək
hamı onun görücülüyünün nə qədər dəqiqliklə yerinə yetdiyinə heyran
qalırdılar. Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan
ibarət bir mif formalaşırdı.
Bolqar alimi Georgi Lozanov uzun illər ərzində Vanqanın
fəaliyyətini izləyib və onun gerçəkləşən 7000-dən çox öncəgörmə
faktlarını qeyd edib. O, belə qənaətə gəldi ki, Vanqanın
proqnozları təsadüflər sərhədlərindən çıxıb və çünki 80 faizi
təsdiqini tapıb.
"Onu lazım olan yerəcən ötürdüm"
1942-ci ildə Dmitri Quşerov adlı əsgər, qardaşının qatillərinin
kim olduğunu öyrənmək üçün Vanqanın yanına gəlir. Elə evinin
astanasındaca Vanqa Dmitriyə deyir: "Bilirəm, niyə gəlibsən.
İstəyirsən, qardaşının qatillərinin yerini deyim. Ola bilsin, bunu
sənə nə vaxtsa deyərəm, ancaq gərək
mənə söz verəsən ki, qisas almayacaqsan. Çünki indi lazım deyil.
Sən onların sonunu özün görəcəksən". Bu hadisədən bir müddət sonra
- aprelin 20-də Vanqa bacısına Dmitrinin onunla evlənmək üçün kəndə
gələcəyini bildirir. Həqiqətən, 1942-ci il may ayının 10-da Dmitri
onunla evlənir və gənc ailə Sofiyadan təxminən 200 kilometr
məsafədə yerləşən Petriç şəhərində məskən salır. Bir müddət sonra
Dmitri səfərbərliyə alınaraq, Yunanıstana aparılır. Vanqanın
səfərqabağı ərinə bircə məsləhəti olur: "Sudan özünü gözlə!"
Həqiqətən, bir neçə il sonra Dmitri də daxil olmaqla,
Yunanıstandan salamat dönən döyüşçülərin hamısı döyüşlər vaxtı
bataqlıq suyundan içdikləri üçün uzun illər yatalaq xəstəliyindən
əziyyət çəkirlər. Ömrünün son illərini içkiyə qurşanan Dmitri
1962-ci ildə qaraciyər serrozuna tutulur, elə bu xəstəliklə də
yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu xəstəlikdən
qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir. Xəstənin
başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə
dərin yuxuya gedir, bir də mərhumun dəfnindən sonra ayılıb deyir:
"Mən onu qalmalı olduğu yerə qədər ötürdüm". Həmin vaxtdan Vanqa
həyatının sonuna qədər dul qadınlara xas qara rəngli yaylıqla
gəzir...
Lənətlənmiş insan – hansı günahdan
danışırdı?
Ərinin ölümündən sonra Vanqa uzun müddət özünə gələ bilməyib.
Hətta bir daha görücülük etməyəcəyi bəyan edərək, monastra gedir,
qalan həyatını ibadətlə keçirmək istyib. O deyirmiş ki, mən
lənətlənmişəm. Amma heç bir monastr onu qəbul etmir...Sonra qeybdən
gələn səs ona Rupitdə ev tikib yaşamağı məsləhət görür: "Orda sənə
rahat olacaq". Bu nikahdan Vanqanın və Dmitrinin övladları olmur.
Deyilənlərə görə, o, sonsuz olub. Lakin yenə də bir qədər əvvəl
Rusiya telekanalları Vanqa haqqında sensasiyalı xəbər yayırlar:
onun hamıdan gizlətdiyi oğlu varmış. Uşağın atasısa, Korlar evində
evlənməyə qərar verdiyi Dmitri imiş...İddiaya görə, atasının onu
tələm-tələsik Korlar evindən çıxarmağının səbəbi də qızın hamilə
olması imiş...
Daha bir mif, daha bir sirr...
Lakin Vanqanın 40 yaşı olanda kasıb bir ailənin dünyaya gələcək
uşağını övladlığa götürmək istədiyini bildirir. Uşağa ərinin adını
qoyur: Dmitri. Dmitrinin ailəsi o qədər kasıb olur ki, övladlarının
Vanqa kimi məşhur bir qadının himayəsində yaşamasına hətta
sevinirlər. Gələcəkdə Dmitri Volçev uğurlu karyera quraraq,
prokuror vəzifəsində çalışıb. Az sonra Vanqa Vinetta adlı bir qızı
da övladlığa götürür. Bundan sonra Vanqa sakitləşir, daha heç bir
"lənətdən" danışmır, monastra getmək fikrindən tamam əl çəkir,
əvvəlki məşğuliyyətinə qayıdır. Övladlığa götürdüyü bu iki uşağa
bəslədiyi qayğı və məhəbbəti Vanqa günahlarını yumaq üçün bir
vasitə hesab edirdi - o, görücülüyün gühah olduğunu başa düşür və
həyatının bir neçə dönəmində bu peşəsindən əl çəkmək istəyib.
Görəsən Vanqa ölümünün sonunda bu övladların ona dönük çıxacağını
bilirdimi?.. Ölümündən sonra bütün yaxınları kimi onlar da Vanqanın
sərvəti uğrunda əsl mübarizəyə başlayacaqlar... Amma hələ
sağlığında onun dipomatlarla dolu olan pullarını yaxınları
oğurlayırdılar.
Cangüdəni ilə yaşanan məhəbbət
Yəqin çox az adam bilir ki, Vanqa İvan Blaqov adlı cangüdəni ilə
böyük bir məhəbbət yaşayıb. Bu gözəl görünüşə malik kişi evli olub,
dörd uşaq atası imiş. Deyirlər ki, Vanqa bu münasibətləri
gizlətməyə çalışsa da, əksinə Blaqov hislərini cilovlamağı
bacarmır. Tezliklə onların münasibətlərindən çoxları xəbər tutur.
Şahidlərin dediyinə görə, Vanqanı o zamankı kimi xoşbəxt heç vaxt
görməyiblər. O, əsl qadın xoşbəxtliyini tapmışdı. Şahidlərin
dediklərinə görə, İvan Blaqov ailəsindən boşanaraq, Vanqa ilə
evlnəcəyini gizlətmirdi. Lakin Vanqanın bu qadın xoşbəxtliyi uzun
sürmür. Blaqov bir gün sübh tezden Vanqanın evinin qarşısında özünü
asaraq intihar edir. Bu özünəqəsdin səbəbini heç kim bilmir.
Vanqanın həyatındakı daha bir mistik fakt...Sevgilisinin ölümündən
sonra yenidən sakitliyini itirən Vanqa günlərlə ağlayır , ərini
xatırlayır, yenə də hansısa lənətin onu təqib etdiyini deyir. Sonda
Vanqa kilsə tikdirmək qərarına gəlir. Və bununla da onu bürümüş
narahatlıq və bədbəxtlikdən yaxasını qurtaracağını düşünür.
Mənim sevdiyim adamlar tezliklə ölürlər
Ətrafında çoxlu insanların olmasına baxmayaraq, Vanqanın çox az
sayda dostu vardı. Ömrünün sonunadək xatırladığı dostu yalnız
Bolqariyanın rəhbəri Todar Jivkovun qızı Lüdmila Jivkova olub.
Özünün etirafına görə Lüdmila onun yeganə rəfiqəsi olub. Jivkov
ailəsinin himayəsindən sonra onu bütün dünyada tanıdılar. Onunla
tanışlıq Vanqaya geniş imkanlar verdi. O, dövlət qulluğuna işə
qəbul edildi, hətta 200 lev maaş da aldı. Bu, onun ömrünün 1967-ci
ildən sonrakı vaxtına təsadüf edir. Deyilənlərə görə, Vanqa gün
ərzində 120 nəfəri qəbul edirdi. Bolqar vətəndaşları üçün bu xidmət
100 lev (təxminən 2 dollar), xarici vətəndaşlar üçün 50 dollara
başa gəlirdi. Pullar dövlət büdcəsinə gedirmiş. Bolqar hökuməti bu
fürsətdən yaxşı istifadə edirdi. Vanqa "brendi" dövlət büdcəsinə
yaxşı gəlir gətirirdi. Onun yaşadığı yerə yaxın otellər tikilməyə
başlayır, turist firmaları Vanqanın evinə turlar təşkil edirdilər.
Bu dövrdə onun yanına yüksək çinli məmurlar gəlməyə başlayır. 80-ci
illərin sonunda o, dünyanın bir çox siyasətçilərindən də məşhur
insana çevrilir. O, təkcə insanların taleyindən deyil, həm də
xalqların və böyük dövlətlərin aqibətindən danışırdı.
Lüdmila Jivkovanın qəza keçirəcəyi xəbərini Vanqa hələ bir neçə
il əvvəl bilirdi. Bütün mümkün olan və olmayan təhlükəsizlik
tədbirlərinə baxmayaraq, taledən qaçmaq olmur: Lüdmila Jivkovanın
onu müşayət edən avtomobil karvanı ilə hava limanına gedərkən
qəzaya uğrayır. İki gün komada olan Lüdmila şəfaverici Vanqanın və
dünyanın ən görkəmli həkimlərinin köməyi ilə ayağa dura bilir.
Lakin taleyi aldatmaq olmur. İyul 1981-ci il Lyüdmila dünyasını
dəyişir. Ərinin həyatını xilas edə bilməyən şəfaverici və görücü
Vanqa ən yaxın rəfiqəsini də ölümün pəncəsindən ala bilmir.
Vanqanın və Bolqariyanın kədərini sözlə ifadə etmək mümkün deyildi.
Vanqa sonralar deyəcək: "Mənim sevdiyim adamlar tezliklə
ölürlər..."